89.XX əsrin əvvəlində Şimali Azərbaycanda fəhlə və kəndli hərəkatı.
1905-ci il dekabr Moskva silahlı üsyanının məğlubiyyətindən sonra Rusiyada fəhlə çıxışlarının getdikcə zəifləməsinə baxmayaraq 1905 — 1907-ci illərdə Azərbaycanda fəhlə tətilləri və kəndli çıxışları davam edirdi. 1906-cı ildə lıərbçilərin, məktəblilərin çıxışları baş vermişdi. Nuxa, Qazax, Cavanşir, Quba, Göyçay qəzalarında və Zaqatala dairəsində kəndlilərin qaçaqçılıq hərəkatı fəallaşmışdı. Təkcə Nuxa qəzasında 10 qaçaq dəstəsi fəaliyyət göstərirdi. 1907-ci ilin yanvarında Bakıda 7000-dən çox sənaye fəhləsini əhatə edən 32 tətil baş vermişdi. 1907-ci ilin ikinci yarısında 91 tətil keçirilmişdi. 1907-ci il noyabrın 22-də keçirilən birgünlük siyasi tətildə 50 min adam iştirak etmişdi.
Qatı müstəmləkəçilik siyasəti yürüdən Çar hökuməti fəhlə və kəndli çıxışlarının qarşısını almaq üçün 1905 — 1907-ci illərdə Azərbaycanda milli qırğın — erməni-müsəlman qırğını təşkil etmişdi. Ermənilərin «Böyük Ermənistan» xülyasını coşduraraq azərbaycanlılara qarşı soyqırımı təşkil edilmişdi. 1905-ci il fevralın 6 — 9-da Bakıda, may-iyun aylarında İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagin (indiki Füzuli), Zəngəzur qəzalarında azərbaycanlıların kütləvi qırğınları törədilmişdi. 1905-ci ilin sentyabrında Qazax şəhəri ermənilər tərəfindən yandırılmışdı, 1905-ci il noyabrın 15 — 18-də Gəncədə, 20 — 24-də Tiflisdə azərbaycanlılar qırğına məruz qalmışdılar. Bu qırğınlar zamanı görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi bu hadisələri «Qanlı illər» əsərində sənədlər əsasında genişliyi ilə məlumatlandırmışdı.
Azərbaycan tarixinin XX əsrin əvvəlləri dövrü siyasi partiya və təşkilatların meydana gəlməsi ilə də səciyyələnir. Bu da Azərbaycan cəmiyyətində də siyasi fəallaşmanın yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanda ilk siyasi təşkilat hələ XIX əsrin 90-cı illərində meydana gəlmiş ilk sosial-demokrat dərnəklərin birləşdirilməsi əsasında 1901-ci ildə yaradılan RSDFP-nin Bakı Komitəsi olmuşdu. O, Azərbaycanın milli adət-ənənələrindən xəbəri olmayan, kənardan gəlmiş və əsasən rus dilli adamlar tərəfindən yaradılmışdı. Həmin təşkilatda da başlıca olaraq rus dilli fəhlələr birləşmişdi. Ona görə də onun təsiri Bakıdan kənara çox yayıla bilməmişdi.
Azərbaycanda ilk milli partiya M.Ə.Rəsulzadənin hələ 17 yaşında ikən yaratdığı «Müsəlman gənclik təşkilatı» olmuşdu. Bir az sonra o, «Müsəlman demokratik «Müsavat» Cəmiyyəti» adı ilə gizli fəaliyyət göstərmişdi. Bu təşkilatın bir qolu da Güney Azərbaycanda yaradılmışdı. 1904-cü ilin oktyabrında bir qrup müsəlman sosialistləri: M.Mövsümov, M.Ə.Rəsulzadə, M.H.Hacınski və b. tərəfindən həmin cəmiyyətin əsasında müsəlman sosial-demokrat təşkilatı — «Hümmət» yaradılmışdı. O. «E1 bir olsa, dağı oynadar yerindən» devizi ilə eyni adlı qəzet nəşr etdirmişdi. Sonralar bu təşkilata N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfendiyev de daxil olmuşdu.
«Hümmət»in yerlərdə şöbələri də yaradılmışdı, O cümlədən Tiflisdə də menşevik istiqamətli «Hümmət» təşkilatı yaradılmışdı. Əvvəllər təşkilata A.Yüzbaşov, Ə.Bayramov, Ə.H.Qarayev, M.Mirheydərzadə və b. daxil idi. Sonralar ona İ.Əbilov, Ə.Şeyxülislamov, S.Ağamalı oğlu da daxil olmuşdu. Onun əsas lideri S.Ağamalı oğlu olmuşdu.