Elmin informasiya təminatı: Elmi-texniki fəaliyyət sferasının vacib elmi informasiyalarla vaxtında təmin edilməsi, elmi-tədqiqat işlərinin keyfiyyətinə və sürətinə, dünyada yaradılmış analoqları barədə operativ məlumatların əldə edilməsinə, başqa sözlə elmi-texniki işlərlə məşğul olanların səmərəli fəaliyyətinə təsir göstərən amillərdəndir. Kadrların dünyada və ölkə daxilində aparılan elmi-tədqiqat işləri və yaradılan elmi-texniki yeniliklər haqqında çevik informasiya ilə təmin olunması, dövlətin elmi-texniki siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Hazırda, dünya miqyasında informasiya texnologiyası sahəsində gedən sürətli inkişaf prosesi, elmi-texniki informasiyaların yayılmasına, mübadiləsinə, qorunmasına və işlənilməsinə geniş imkanlar açmışdır. Xüsusilə, 1983-cü ildə yaranan qlobal internet kompüter şəbəkəsi yeni informasiya texnologiyası mərhələsinin əsasını qoydu. Yeni yaranan informasiya-telekommunikasiya qovşaqları («İnternet»- informasiya qovşağı) dünyada baş verən elmi-texniki yeniliklər haqqında çevik informasiyaların əldə edilməsində, elmi-tədqiqat, layihə konstruktor texnoloji işləmələrin keyfiyyətinin və sürətinin artırılmasında və onların, təkrarlanmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Hazırda, dünya ölkələrində elmi-texniki fəaliyyətin məhsulu olan elmi-texniki biliklər və bu sahədə olan yeniliklər iqtisadi resurs kateqoriyasına daxil edilmişdir.
Müstəqilliyin ilk illərində respublikanın əksər elmi-tədqiqat təşkilatlarında, bir tərəfdən informasiya-telekommunikasiya vasi-tələrinin imkanlarından lazımi səviyyədə istifadə olunmaması, digər tərəfdən də yeni elmi-texniki kitabların, jurnalların və s. alınması sahəsində yaranmış maliyyə çətinlikləri elmi işçilərin informasiya təminatının yaxşılaşdırılmasına imkan vermirdi. Bütün bunlar institut kitabxanalarında, eyni zamanda tədqiqat-çıların özündə informasiya böhranının yaranmasına səbəb olurdu.
Son illərdə isə ölkədə informasiya texnologiyalarının sürətli inkişafı, elmi tədqiqat müəssislərinin internet şəbəkəsinə qoşulması, əhali arasında internet istifadəçilərinin sayının artması, elmi tədqiqat işi ilə məşğul olanların dünya kitabxanalarının çıxış imkanlarının genişlənməsi və s. elmin informasiya bazasının genişlənməsinə, elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinə müsbət təsir göstərmişdir.