Maya YUSİFOVA
NİZAMİ GƏNCƏVİ İRSİ VƏ FOLKLOR
Folklor yazılı ədəbiyyatın yaranması və inkişafı üçün əvəzsiz mənbələrdən biridir. “Bütün dünya ölkələri şairlərinin ən yaxşı əsərləri xalqın yaradıcılıq xəzinəsindən götürülmüşdür”. Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan bu günümüzə qədər şifahi xalq ədəbiyyatı ilə bağlı inkişaf etmişdir. Xaqani, Nəsimi, Nizami, Xətai, Füzuli, Məsihi, Vaqif kimi görkəmli ədəbiyyat xadimlərinin əsərlərində bu bağlılığı aydın müşahidə etmək olar.
Azərbaycan ədəbiyyat tarixində folklor və yazılı ədəbiyyatın bir-birindən istifadəsi, qida alması qarşılıqlı olmuşdur. Belə ki, folklor yazılı ədəbiyyatın əsas mənbəyi olduğu və inkişafı boyu ədəbiyyata təsir etdiyi kimi, ədəbiyyatında öz növbəsində şifahi yaradıcılığa təsiri aydın görünür. Bu təsir dildə, formada, ifadə vasitələrində, bir sıra ideya və motivlərdə özünü göstərmişdir. Xalqa bağlı olan sənətkarlar onun yaradıcılığına biganə qalmamış, folkloru hər cəhətdən faydalı bir qaynaq hesab etmişlər.
Tarixi həqiqət və ədəbi – tarixi faktlar göstərir ki, yazılı ədəbiyyat meydana gəldikdən sonra şifahi xalq ədəbiyyatı aradan çıxmamış, yazılı ədəbiyyatla yanaşı yaşamış, inkişaf edib zənginləşmişdir. Maddi və mənəvi sərvətləri yaradan xalqın bilavasitə universal poetik sənəti kimi folklor yaşamış, forma və janr müxtəlifliyi saxlamaqla yeni motivli əsərlər hesabına zənginləşmişdir.
Folklor-şifahi xalq ədəbiyyatı cəmiyyətin intibah dövründə yaranmış klassik, irsi tarixi bir missiyanın daşıyıcısıdır : Bədii yaradıcılığın bütün sahələri üçün qaynaq olmaq !
Türk dünyasının qüdrətli sənətkarı Ç.Aytmatov özünün zəngin yaradıcılığında qədim türk mifologiyası və folklorundan istifadə etmiş və bunu bədii-psixoloji cəhətdən belə əsaslandırmışdır. “Folklor, mifologiya yazıçı üçün təfəkkür metodu, real gerçəkliyi öyrənmə və yozum vasitəsidir”.
Beləliklə, çoxəsirlik milli və dünya ədəbiyyatı materialları göstərir ki, folklordan istifadə, “sənətkarlığın əsas əlaməti”dir. Bu klassik və müasir ədəbiyyat üçün tipoloji məziyyətdir.
Milli-xəlqi forması, bədii-estetik, fiziki-fəlsəfi dəyəri ilə seçilən fars dilli yazılı ədəbiyyatımızın ədəbi məktəb yaratmış görkəmli nümayəndəsi Nizami Gəncəvi olmuşdur. Nizami Gəncəvi irsinin ən böyük poetik-fəlsəfi dəyərlərindən biri şairin yaradıcılığının folklorla bağlılığıdır.
Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertels yazır: “Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuşdur”. Nizami xalq hikmətinin, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.
Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M. H. Təhmasib yazır: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə “alqoritmik məzmun” kəsb etmişdir!
1. Sənətkar xalq ədəbiyyatından istifadə etmişdir.
2. Xalq ruhuna dərindən bələd olan sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
3. Nizaminin həyatı ilə əlaqədar hadisələr əsasında yaranmış yeni folklor nümunələri yaxud el variantı kimi yaranmış əsərlər.
Nizami əsərlərində müxtəlif folklor nümunələrində, o cümlədən əsatir və əfsanələrədən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etmiş və sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. Nizami ilk böyük əsəri olan “Sirlər xəzinəsində” xalq əfsanə və nağıllarından istifadə etmişdir. Bunlardan “Süleyman və Əkinçi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nümunələri göstərmək olar.
Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə ərazisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrəti, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin humanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oyanışı və əməlindən peşmançılıq çəkdiyi verilir.
“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “əsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.
Ümumiyyətlə, Nizami əsərləri öz rişələri və kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və zəhər əfsanəsi” xalq arasında başqa şəkildə danışılır, xalq arasında bu “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konflikt eynidir: iki alimdən biri yaşamalı digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.
Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun”dan ustalıqla bəhrələnmiş və Xəmsəsinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız şairin ərəb mənbələrindən aldığını iddia edənlər, əlbəttə, yanılırlar. Çünki tarixi mənbələrdən aldığımız məlumata əsasən bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı Axsitanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil, bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olmuş, Azərbaycan əhalisi arasında sevilərək yayılmışdır. Hətta belə bir atalar sözünün xalq arasında yayılması da bu faktları sübut edir: “Məcnun kimi dərs oxuyan vəlleylidə qalar”.
Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” muğamının guşələrindən birinin “Leyli və Məcnun” adlanması yuxarda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnmişdir.
Nizaminin “Leyli və Məcnun” poemasında “İt və cavan” rəvayəti ilə şahın zülmkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi verilir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.
“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdirmək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, ”Göyərçin əfsanələri” – “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qırmızıdır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla faydalanmışdır. Məsələn, onun “Sirlər xəzinəsində” verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyyatındakı “Pendir ağzında bir qara qarğa” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qızılquş”, “Meyvəsatanla tülkü”, “Ovçu, it və tülkünün dastanı” təmsilin ən yaxşı nümunələridir. Bundan sonra humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və Şirin” əsərinin müqəddiməsində deyilir:
Məlum hekayədir bu “Xosrov Şirin”
Ancaq dastan yoxdur bu qədər şirin,
Ruha xoş gəlsədə bu gözəl dastan
Pərdədə qalmışdı bu gəlin çoxdan
“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl zfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu”. (M.Rəfili)
Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dövrün bütün hadisələri ilə səsləşdirilmişdir. Bütün bunlar xalq bədii təfəkkürünün inkşafına əhəmiyyətli təsir göstərmişdir.
N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilində tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı nümunələrindən istifadə etməklə bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər yaratmışdır: “Ot kökü üstündə bitər”, ”Pişik balasını istədəiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu qoyun ayağından asarlar, keçini keçi”, “Özgəyə quyu qazan özü düşər” və. s.
Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalanmış, həm də onun inkşafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq variantları da buna aydın sübutdur.
Epos yaradıcılığın son mərhələsində qədim epos və dastanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəmsə”si tükənməz bir xəzinə,qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğam aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Güləndam” və başqaları bunun ən yaxşı numunələridir. Bunlardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” və “Məmməd və Güləndam” isə Nizaminin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır.
Bundan başqa Aşıq ədəbiyyatımızda neçə-neçə cahannamə, ustadnamə, bayatılar və digər ölməz nümunələr dahi Nizaminin “Xəmsə”si ilə bağlı şəkildə yaranmışdır.
Nizami haqqında hekayə, dram və roman yazılmışdır. Bu bədii əsərlərdə dahi şairin parlaq istedadı, mənəviyyatı, xalqına, torpağına bağlılığı, humanizimi obrazlı şəkildə göstərmişdir. Nizami irsi ümumxalq malı olmuş, onun adı və əsərləri ədəbiyyatımızın ən əsrarəngiz obrazına çevrilmişdir. Nizami və folklor əlaqəsini zaman baxımından izah etsək, belə deyə bilərik ki, Nizami xalq yaradıcılığından yalnız özünün yaşayıb yaratdığı dövrdə istifadə etmiş , bəhrələnmişdir. Lakin Nizami irsi, onun qüdrətli yaradıcılığı neçə əsrdir ki, Azərbaycan ədəbiyyatı və folkloruna öz əhəmiyyətli təsirini göstərir və bundan sonrada göstərəcəkdir. Elə buna görə də Nizami sənətkarlığı ədəbiyyat və folklor üfüqlərində parlayan poetik günəşə çevrilmişdir.
Dostları ilə paylaş: |