Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə132/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   128   129   130   131   132   133   134   135   ...   194
  
Kişi   geyimləri  
Azərbaycanlıların XIX əsr kişi libasına daxil olan geyim növlərinin  əksəriyyəti  əvvəlki 
dövrlərin  ənənəvi geyim tiplərinin davamı olub biçim üsulu və tikiş texnikasına görə 
Ümumqafqaz və Ümumşərq səciyyəsi daşıyırdı. Qafqaz xalqları arasında tarixən yaranmış 
mədəni-iqtisadi əlaqələr maddi mədəniyyətin başqa sahələrində olduğu kimi, xalq geyimlərində 
də qarşılıqlı  təmasa və bunun nəticəsi olaraq, bir sıra ümumi oxşar cəhətlərin yaranması ilə 
nəticələnmişdir. Bununla belə, bu xalqların hər birinin ənənəvi geyimi özünə  məxsus spesifik 
milli və məhəlli xüsusiyyətlərdən də məhrum deyildi. Geyim sahəsində bəzi fərqli cəhətlər, hətta 
ayrı-ayrı etnik qruplar və geniş areala malik etnoqrafik bölgələr arasında də  nəzərə çarpırdı. 
Azərbaycan kişi geyim dəstində lokal fərqlər biçim üsulu və tikiş texnikasında deyil, daha çox 
geyim terminlərində özünü büruzə verirdi. 
Əyin  geyimləri. Azərbaycanın bir çox bölgələrində kişi  alt paltarı «dəyişək», yaxud 
«adnalıq» adlanırdı. Keçmişdə, adətən, həftədə bir dəfə çimib alt paltarını dəyişdirirdilər. Bu çox 
vaxt «adına» gününə təsadüf etdiyindən alt dəyişəyi bu cür adlanırdı. 
Ənənəvi kişi alt paltarı əksər hallarda ucuz pambıq parçalardan ( ağ, bez, şilə, qədək, çit və 
s.) tikilən «can köynəyi» və «dizlik»dən ibarət olmuşdur. Bu geyim növləri müxtəlif adlarla (alt 
köynəyi, ağ köynək, can köynəyi,  ət köynəyi,  şalvaraltı, kişi tumanı, dizlik, ağ tuman  və s.) 
Azərbaycanın, demək olar ki, bütün bölgələrində geniş yayılmışdır. 
XIX  əsrin birinci rübünə  qədər Azərbaycanın hər yerində alt paltarı culfa dəzgahında 
toxunmuş pambıq parçalardan tikilirdi. Lakin XIX əsrin ortalarından etibarən Rusiya və 
Avropadan gətirilmə ucuz fabrik məhsulları  tədricən yerli pambıq parça istehsalını 
məhdudlaşdırmışdır. XIX əsrin ikinci yarısında Mərkəzi Rusiyada, xüsusilə Moskvada toxuculuq 
sənayesinin gur inkişafı Azərbaycanın kustar parça toxuculuğunu, o cümlədən pambıq parça 
istehsalını  tənəzzülə  uğratmışdır. Digər tərəfdən XIX əsrin sonu və XX əsrin  əvvəllərindən 
etibarən ölkədə pambıq parçaya olan zəruri tələbat nəticəsində Azərbaycanda yerli toxuculuq 
sənayesi inkişaf etməyə başlamışdır. Bu, bir tərəfdən ucuz fabrik məhsullarının  əhalinin 
məişətinə geniş surətdə daxil olmasına səbəb olmuşsa, digər tərəfdən də  ənənəvi geyim 


 
 
143
formalarının biçim üsulunda müəyyən dəyişiklik yaranmasına gətirib çıxarmışdır. Belə ki, 
əldətoxuma parçalar ensiz olduğundan kişi  can köynəyi, adətən, «qatlama» biçim üsulu ilə 
hazırlanırdı. Bu halda onun yanlarına  əlavə «qoltuqaltı» calaq vermək lazım gəlirdi. Fabrik 
parçaları nisbətən enli olduğundan bu sayaq calağa ehtiyac qalmadığından və köynək çox vaxt 
«kəsmə» biçim üsulu ilə hazırlanmağa başlamışdır. Fabrik məhsulu olan enli pambıq parçalar 
əhalinin məişətinə daxil olmasına baxmayaraq, Azərbaycanın bir sıra bölgələrində «qatlama» 
biçim üsulu son zamanlara qədər əməli əhəmiyyətini itirməmişdir. 
Ənənəvi kişi alt köynəyi  gövdə, qol  və  qoltuqaltı  olmaqla üç hissədən ibarət biçilib 
tikilirdi. Bunun üçün əvvəlcə köynəyin gövdəsi biçilib onun ön tayında boyun və yaxa yarığı 
açılırdı, sonra qolları və qoltuqaltı ona calaq edilirdi. 
Köynəyin gövdəsi hər kəsin boyuna müvafiq ölçülüb biçilirdi. Bir qayda olaraq, alt 
köynəyinin  ətəyi dizliyin nifəsinin altına salındığından buna müvayfiq surətdə onun gövdəsi 
nisbətən uzun biçilirdi. Köynəyin gövdəsini biçmək üçün parçanı iki qatlayıb onun tən 
ortasından  boğaz  və  yaxa yarığı  açılırdı. Bu sayaqla alt köynəyinin gövdəsi çiyində tikişsiz 
qalırdı.  
Azərbaycanın əksər etnoqrafik bölgələrində «düzyaxa» köynək növü geniş yayılmışdı. Bu 
forma hazırda yenə də dəbdədir. Lakin keçmişdə bundan əlavə, «yanyaxa» köynək formasına da 
təsadüf olunurdu. 
Çox vaxt köynəyin boyun və yaxa yarığının ətrafına həmin parçanın özündən ensiz köbə 
tikilirdi. Bəzən isə alt köynəyinin boynuna dik dayanan ensiz boyunluq tikilirdi. Alt köynəyinin 
yaxası ilgək-düymə, yaxud qaytan ilə bağlanırdı. 
Alt köynəyinin qol yeri düz  və  oyma  olmaqla iki formada biçilirdi. Qoca dərzilərin 
söylədiyinə görə, qol yerinin oyma variantı, xüsusilə Avropa modasında tikilmiş hazır paltarlar 
əhalinin məişətinə daxil olandan sonra dəb düşmüşdür. 
Köynəyin qolu gövdəyə «düz» bitişdirildikdə qolun altı ya açıq qalır, ya da «qoltuqaltı»nın 
üçbucaq formalı başına calanırdı. Bəzən isə alt köynəyinin qoltuğuna xişdək qoyulurdu. Bununla 
da qolların sərbəst hərəkəti təmin edilirdi. 
Alt köynəyinin qolları düzbucaqlı, yaxud trapez formada olmaqla, iki cür biçilib tikilirdi. 
Düzbucaqlı formada biçilmiş qolun biləyi, bir qayda olaraq, açıq qalırdı. Trapez formada 
biçilmiş  və uca doğru getdikcə daralan qolların isə biləyinə çox vaxt «məcə» adlanan bilərzik 
tikilirdi. Köynəyin qollarının biləyi açıq qaldıqda, ya onun özünün ucu biləyin altına qatlanır, ya 
da biləyin kənarına «biləkağzı» adlanan əlavə köbə tikilirdi.  
Sərbəst hərəkət etmək üçün bəzi etnoqrafik bölgələrdə alt köynəyinin  ətəyinin hər iki 
yanında «peş» adlanan 10-15 sm ölçüdə yarıq düzəldilirdi. Sökülməmək üçün peşin kənarlarını 
ya özünün altına qatlayır, ya da onun ətrafına ensiz köbə tutulurdu. 
Keçmişdə alt paltarını, adətən, hər bir ailədə qadınlar özləri biçib tikirdilər. Məhz bu 
səbəbdən də ana və  nənələr qız uşaqlarına körpə yaşlarından zərif tikiş növlərini öyrədirdilər. 
Keçmişdə qızlar bütün istedad və bacarıqlarını tikmə, hörmə, toxuma və s. kimi xüsusi məharət 
tələb edən ev işlərində təzahür etdirirdilər. 
Mexaniki tikiş maşınının əhalinin məişətinə gec daxil olması faktı da bu işdə mühüm rol 
oynamışdır.
70
 
Köynəyin ayrı-ayrı hissələri bir-birinə müxtəlif növ əl tikişi ilə calanırdı. Bir qayda olaraq, 
köynəyin hissələri  əvvəlcə astar üzdən köklənir, sonra «qıyıq» tikiş
71
  ilə bir-birinə  sırınıb 
birləşdirilirdi. Əl tikişinin bu növü möhkəm olmaqla yanaşı, həm də tez və asan icra olunurdu. 
Calaqların kənarları sökülməmək üçün çox vaxt «aşırma» tikişlə bir-birinə bənd edilirdi. Bəzən 
isə calaqlardan birinin kənarı azca artıq götürülərək digər hissənin üzərinə qatlanıb «basdırma» 
tikişlə basdırılırdı. Bəzən də köynəyin ətəyinin və biləyinin kənarları «tək bəxyə» adlanan sadə 
tikiş növü ilə bəxyələnirdi. Bəzəkli düşmək üçün çox vaxt yaxa köbəsinin üzəri «iynədalı» və ya 
«su tikişi» adlanan «qoşabəxyə», yaxud «doldurma bəxyə»
72
 ilə tikilirdi. Keçmişdə, xüsusilə 
nişanlı oğlanlar üçün «bəy köynəyi» bu qayda ilə tikilib bəzədilirdi. 
Kişi alt paltarı  ş  ilə tamamlanırdı. Biçim üsulu və tikiş texnikası  cəhətdən dizlik nifəli 
şalvar ilə tipoloji oxşarlıq təşkil edirdi. Bunların hər ikisi baş tərəfdən yarıqsız olub əlavə nifə ilə 


 
 
144
tamamlanırdı. Onların beldə saxlanma tərzi də eyni olmuşdur. Onların hər ikisi nifəyə keçirilmiş 
tumanbağı  (belbağı,  şalabənd, xoncar) vasitəsilə beldən bağlanırdı. Dizlik yalnız parça 
materialının növünə və rənginə görə şalvardan fərqlənirdi. 
 Dizlik, adətən, hər kəsin imkanından asılı olaraq ağ, bez, bəzən çit, sətin, şilə, qədək və s. 
kimi pambıq parça növlərindən tikilirdi. Onun balaqlarının arası «paça»  yerinə  qədər müstəqil 
tikildikdən sonra baş hissədə bir-birinə bitişdirilirdi. 
Dizliyin balaqları trapez formada olub aşağı getdikcə  nazilirdi.  Bu  səbəbdən də onun 
balaqlarının ayağında iç tərəfdən 10-15 sm ölçüdə «yarıq» qoyulurdu. Əməli məqsəd daşıyan 
həmin yarıqlar həm dizliyin geyinib-soyunmasını asanlaşdırır, həm də soyuq havanın bədənə 
daxil olmasına mane olurdu. Bu məqsədlə yarıqların hər iki qulağına qaytan tikir və  həmin 
qaytanlar vasitəsilə onu baldıra kip bağlayırdılar. 
Dizliyin paçasına, bir qayda olaraq, əlavə  miyança  qoyulurdu. Bəzi bölgələrdə buna 
«kəlööz», «ağ», yaxud «narvan» da deyilirdi. 
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində miyançanın müxtəlif formalarına təsadüf 
olunur. Bunların arasında kvadrat və romb şəkilli miyança növü çoxluq təşkil edirdi. Bəzi 
etnoqrafik bölgələrdə miyança nifəyə çatacaq qədər böyük ölçüdə biçilirdi. Bu halda miyançanı 
iki qatlayıb trapez formasında biçirdilər.  
Dizliyin «boy yeri» adlanan baş hissəsi yarıqsız (bütöv) tikildiyindən onu hər iki tərəfinə 
geyə bilirdilər. Bu hal dizliyin istifadə müddətinin uzanmasına imkan verirdi. 
Dizliyi beldə saxlamaq üçün onun başına 10-15 sm enində ayrıca nifə tikilirdi. Onun həm 
qabaq, həm də arxa tərəfində xüsusi «bağ yeri» qoyulurdu. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin