Təfsilə toxumaq üçün əriş düzümünü əmələ gətirən sapların rəng çaları hər dəfə müəyyən
saydan sonra növbəli sürətdə al-dəyişik edilirdi. Bunun sayəsində parça toxunduqca onun
üzərində uzun zolaqlar əmələ gəlirdi. Parçanın zolaqlarını köndələn şəkildə salmaq lazım
gəldikdə isə əriş düzümü eyni rəngdə sabit saxlanılır, onların arasından keçirilən müxtəlif rəngli
arğac sapları müəyyən saydan sonra dəyişdirilirdi.
Pambıq parçada bəzək zolaqlarının enli və ya dar salınması, yaxud bir-birini əvəzləməsi
əriş düzümündə, yaxud arğac keçirmələrində eyni rəngli sapların miqdarını dəyişdirmək yolu ilə
tənzimlənirdi.
Təfsilənin bəzək zolaqları bəzən müxtəlif rəngli arğac saplarını eyni qaydada əvəzləmə
yolu ilə əmələ gətirilirdi. Təfsilənin bu çeşidi «miləmil» adlanırdı.
Keçmiş məişətdə milə-mil təfsilə ən çox yorğan, döşək, mütəkkə, nimdər üçün mitil və ya
üzlük məqsədi ilə işlənirdi. Bəzən onu qadın geyim tiplərində astar çəkmək məqsədi ilə istifadə
edirdilər.
Miləmil toxunuşlu təfsilə Orta Asiya xalqları arasında «süzəni» adı ilə geniş yayılmışdı.
Həm də təfsilədən fərqli olaraq, süzəni təkcə pambıqdan deyil, ipəkdən də toxunulurdu.