Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Diqqətin paylanması bir sıra sənət sahələrində çox vacibdir (məsələn. sürücünün, təyyarəçinin, drijorun fəaliyyəti və s.). bu sahədə lazımi vərdiş qazanmış adamlarda diqqətin paylanması müvəffəqiyyətlə baş verir. Lakin diqqət həmişə müxtəlif işlər arasında paylana bilməz. Məsələn, eyni zamanda əzbər şeir deməklə yanaşı kağız üzərində mürəkkəb riyazi məsələ həll etmək çətindir. Bu halda bir fəaliyyət növü digərini ləngidir. Diqqətin paylanması icra olunan işlərin bir-biri ilə nə dərəcədə sıx əlaqədə olmasından da asılıdır. Əgər görülən işlər eyni bir fəaliyyətin tərkibinə daxil olub bir sistem əmələ gətirirsə, diqqətin paylanması asanlaşır, əks halda isə çətinləşir.
Diqqətin paylanması yaşdan da asılıdır. Uşaqlar yaşlılara nisbətən diqqəti paylamaqda daha çox çətinlik çəkirlər. Bu, uşaqların mənimsədikləri işlərin azlığından, həmçinin bir-biri ilə hələ sistem əmələ gətirə bilməməsindən irəli gəlir. Çünki icra olunan işlərin biri yaxçşı mənimsənildikdə, yəni o sahədə müəyyən vərdişlər olduqda, diqqəti digər iş üzərinə yönəltmək, onu iki iş arasında paylamaq asan olur. Bəzi tələbələrin mühazirələri dinləyib qeyd etməyi bacarmamaları diqqəti paylaya bilməmələri ilə əlaqədardır.
Dostları ilə paylaş: |