186
Bağlı qapıları açdıq bu əllə,
Hikməti dərində, gücü dərində.
Barıt ləkələri duyulur hələ
Döyüş illərinin yara yerində.
Məramı, məqsədi, əməyi təzə,
Həyatı güldürər, dünyanı bəzər.
Yer olmaq istəsə - Kürreyi-ərzə,
Nur olmaq istəsə- Günəşə bənzər.
Bir şair ömrünün qırışıqları
Neçə yeni nəğmə, yeni əsərdir.
Bir fəhlə əlinin kiçik qabarı
Neçə geniş küçə, böyük şəhərdir.
Bu əllə alışıb ocağım, közüm,
Onsuz günüm, ayım, ilim üşüyər.
Sinədə ürəyim, dodaqda sözüm,
Ağızdan xəbərsiz dilim üşüyər.
Yaratmaq arzusu, yazmaq əməli,
Fikrimi, hissimi çulğayıb yenə.
Sığarmı?
Sığmazmı?
Bir fəhlə əli
Bir şair ömrünün nəğmələrinə.
H.Arif
Dostları ilə paylaş: