Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
BAHAR 

Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini 
bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda 
gördü. Buralar Bahara tamam yad və vahiməli görünürdü. Dayanıb baxmaqdan 
da, qayıtmaqdan da qorxurdu. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb 
yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi: 
– Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana 
gələrsən... Razısanmı? 
Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə “mehriban” 
adama rast gəldiyini güman edib razı oldu: 
– Nə deyirəm! 
– Qalarsanmı? 
– Qalaram! 
Tüfəngli, Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı: 
– Atama çatdır bunu, deynən görsün yararmı? 
Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. 
Arabaçı bir təhər adamları aralayıb Məşədi Abbası şağırdı: 
– Məşədi əmi, bu gədəni İsfəndiyar göndərib... 
Məşədi: 
– Gözləsin! – dedi. 
II 
Arabaçı, Baharı qoyub getdi. Bahar anasından ayrılmış ürkək bir quzu kimi 
divara qısılıb durmuşdu. Məşədini gözləyirdi. O, intizar və xoflu gözlərini 
adamlardan ayırmırdı. Şəhərin basırıq, gurultulu küçələri ona qəribə gəlirdi. 
Ömründə görmədiyi və eşitmədiyi şeyləri görürdü. Həm də qardaşının burada 


215 
olduğunu bilirdi. Mərdanı görmək ümidi ilə tələsirdi.
Bahar günortayadək gözlədi, çox acmışdı. Məşədinin oğlu da ona xərclik 
verməmişdi. Dizində taqət yox idi. Lakin çöməlib oturmağa qorxurdu. “Məşədi 
oturduğunu görər, “tənbəl” deyib qapısında saxlamaz”. 
Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı 
kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu. Əllərinə baxdı... 
Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaqxanadan 
şəhərə daşınan ət daşqalarının üstündə oturub gələrdi. Ona bir brezent döşlük də 
vermişdilər. Ətləri daşıyıb daşqaya doldurardılar. Bahar, qolu çirməkli, daşqanın 
boynunda oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə, 
yanında yatdığı daşqa atına qulluq edərdi. 
III 
Ət daşımaq üçün xüsusi daşqa saxlamaq qəssablara xeyir eləmirdi. Hamısı 
yığışıb bir daşqaçı tutdular, daşqaçı səhər çay vaxtına qədər sallaqxanada əldən 
çıxan əti daşıyıb dükanlara verməyi boynuna alırdı. Məşədi Abbas da şərikli 
daşqaçıya haqq verməyi münasib bildi. Baharı azad eləmək istədi. Lakin 
“üzüyola, başıaşağı və işgörən” uşaq olduğuna görə onu buraxa bilmirdi. Saxlayıb 
dükanda əlaltı kimi işlədirdi. Məşədinin bütün xırda dükan və ev işini Bahar 
görürdü. Məşədi axşama qalan və köhnələn içalatı səbətə doldurub Bahara 
verərdi. Çiynindən tutub itələrdi: 
– Bunları sat! Satmamış qayıtma! Hamısını satsan, sənə bir abbası fındıq 
pulu verəcəyəm. 
Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya, küçə qapılarını gəzib 
həzin və saf uşaq səsi ilə çağırardı: 
– Ciyər alan, ay ciyər alan!... 
Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, 
ayaz kəsirdi.
Bahar isə köhnə çarıqla, yalınqat, qədək paltarla qəssab dükanının qapısında 
əsim-əsim əsirdi. Dişi-dişini kəsirdi.
Məşədi Baharı qapıdan qovmuşdu...
IV 
Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. Beş addım 
gəzəndən sonra daldey bir həyət tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq 
başında dayanırdı. Ona görə də qayıdanda xozeyini onu döyürdü. Bahar buna da 
dözürdü; çünki gedəsi yeri yox idi. Yetimlik, qış və ehtiyac onu zəncirləyib 
saxlamışdı. Nə qardaşından xəbər verən, nə anasına xəbər aparan var idi. Yazı, 
havaların qızmasını gözləyirdi. Gün altında, kənd yollarında yerimək, yalın 
ayaqları ilə isti tprpağı ayaqlayıb kəndə, evə doğru getmək həsrəti şirin bir xəyal 
kimi uşağın zehnində dönüb dolaşır, gün-gündən böyüyürdü. O, həyətə girəndə, 
anasını sudan qayıdan görəndə böyüklərə məxsus bir qayda ilə salam verəcək, 
qucaqlayacaqdı... 


216 

Bu gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. 
Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri 
çağırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar 
arasında yox oldu... 
Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu: 
– Dünən yumurtadan çıxan cücənin mən yekəlikdə kişiyə kələk gəlməyinə 
bir baxın! 
Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı: 
– Neyləmisən, – dedi, – bir manatın yerini de! Nəyə verib yemisən, düzünü 
de! 
Uşağın dil-dodağı tutuldu, altdan yuxarı baxan qara məsum gözləri böyüdü. 
And-aman elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi: 
– Get, bir manatı gətir, sonra gəl! 
Məşədi qapını qəzəblə onun üzünə elə çırpdı, deyərdin bu qapı bir də 
açılmayacaq. Bahar kağız kimi ağardı. Xözeyninə tərəf baxdı. Məşədi Abbas bu 
baxışlara və göz yaşlarına cavab olaraq içəridən dilləndi: 
– Buralara ayaq bassan meyitini qoyaram! 
VI 
Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə 
dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi. 
Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb 
arasından baxdı. Sanki ağasından, heç olmasa qonşuların birindən mərhəmət 
diləyirdi. Məşədinin məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi: 
“Gör pulu gətirdi?”. Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu: 
– Manatı gətirdin? 
Bahar yalvardı: 
– Məşədi ağa, qardaşım gələndə alıb verərəm... 
İsfəndiyar qapının arasında dayanıb gah atasına, gah yalvaran uşağa baxırdı. 
Onun yazığı gəlirdi. Atasından xahiş eləmək istəyirdi. Qəssab irəli keçib qapını 
basdı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən buz döşəməyə 
düşəndə başından bir vedrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən 
özünü itirdi, bilmədi nə etsin. Küçədə iki addım yeridi. Ayağının yerə yapışdığını 
görüb yüyürdü, ayaqları gəlmədi. Bel sütununun əyildiyini, kürəklərinə iynə 
sancıldığını zənn edirdi. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın 
dəhlizinə saldı.
VII 
Dəhliz də soyuq idi. Ancaq içəri qapı açıldıqda isti hava buğ kimi dəhlizə 
vururdu. Bahar özünə təskinlik verdi, əlində bağlama yuyunmağa gələnlərə 
qarışıb içəri girdi. Hamamda camaat qaynaşırdı. Bahar hamam qulluqçularının 
gözünə görünməmək üçün adam çox olan tərəfdə bir az dayandı. Küncdə samovar 
qoyub çay satan kişinin yanında boş bir səki gördü. Fürsət tapıb pişik kimi 


217 
səssizcə səkiyə çıxdı, səki isti və rahat idi. 
Bahar gəlib-gedənə baxır, çay verməyə məşğul olan yumru, araqçınlı 
kişidən gizlənmək üçün daha da kiçilmək istəyirdi. Xeyli vaxt belə keçindi. Lakin 
onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi: 
– Ədə, ehey, həmşəri! Düş, nə soxulmusan bura? Çıx! 
Hamamçının səsinə hamı Bahara baxdı. O, başıaşağı qapıya tərəf yeridi, 
məhkum qılınca baxan kimi, eşiyin, qış gecəsinin ayazına baxdı. Sonra geri 
döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi, duruxdu, mərhəmət 
uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini 
gördükdə sevinib içəri sürüşdü, küncə qısıldı. 
Bığı xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında 
görüb acıqlandı: 
– Adə, sən nə üzlüsən! Bir şey çırpışdırmamış itilib getmək istəmirsən? 
Bahar yalvardı: 
– Yerim yoxdur, əmi, soyuqdan ölürəm. Mən oğru deyiləm!
“Əmi” geri qayıdıb hamamçını səslədi: 
– Kəblə Qurban, hərif burada dayanıb ha!
Kəblə Qurban başmaqlarını yeyin-yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə 
Bahar yalvardı: 
– Vallah, yerim yoxdur. Soyuqdan ölürəm, qoy burada durum, əmi, sən 
Həzrət Abbas! 
Kəblə Qurban Baharı itələyib çölə saldı: 
– Rədd ol burdan, Həzrət Abbas qənimin olsun! 
Səkinin istisində canı yumşalan Bahar, qışın kəsərli soyuğuna düşəndə elə 
bil ürəyinə xəncər sancıldı, içindən ufuldadı. Özünü itirdi. 
Külək qalxmış, boran bağlamış, hava lap qaranlıqlaşmışdı. Bahar bir də 
qayıdıb, hamama girmək, ağlamaq, donan barmaqlarını göstərib yalvarmaq 
istəyirdi. Yadına düşdü ki, “özgələrə yalvarmaqdansa, öz xozeyininə yalvar, 
bəlkə ürəyi yumşaldı, bəlkə buraxdı, bəlkə...”. 
Bərk çovğun idi. Qar səpir, boğanaq burulurdu. Uşaq yüyürdü. O, küləyin 
qar içinə atdığı bir yarpaq kimi qaralırdı. Dükanların çoxdan bağlandığını 
görəndə inana bilmədi. Kürəyini küləyə verib borandan gözlərini lap geniş açdı. 
Dükan qapılarına diqqətlə baxdı. Bir dənə də açıq dükan yox idi. 
Bahar başını qaldırıb göyə baxdı, tamam qaranlıq qovuşduğunu, qış 
gecəsinin qorxu kimi hər yanı, işıq gələn hər yeri basdığını görəndə vücuduna 
ilan kimi soyuq və müdhiş bir vahimə yeridi, ürəyi bala quş kimi döyündü, başı 
gicəlləndi. Addımlarını atdı, harasa tələsmək istədi. Yeridi, yeridi, qəssabxanadan 
uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu ilə 
tutulurdu. Uşağa elə gəlirdi ki, ayaqlarını qandallamışlar, topuqlarının hər 
birindən ağır daşlar asılıb. 
VIII 
Son ümidlə özünü xozeyinin qapısına saldı. Qorxa-qorxa döydü. Səs-səmir 
yox idi. Donan barmaqları ilə qapının dəmirini bir də tərpətdi. Həyətdə qarı 


218 
ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı. 
Qapı açılanda azıb yorulmuş pişik balası kimi cəld içəri girmək istədi. Xanım 
mitili – Baharın köhnə yorğanını eşiyə atdı: 
– İtil, hansı cəhənnəmə gedirsən, get! 
Bahar inana bilmədi: 
– Gecənin bu vaxtında, boranda hara gedim. Ay xanım, qurban olum, 
mənim yerim yoxdur. Xanım, sən bilirsən ki... 
Xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin oğrudan, 
quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq 
küçədə qar içinə bata-bata uşaq bazara sarı yönəldi. O, tufana düşən yarpaq kimi 
əsirdi... 
Sanki Baharı iynəli yorğana bürüyürdülər. Elə bir yorğana ki, tikan kimi 
əzablı, hamam kimi isti. 
Deyəsən bu yorğan deyil, bu ki, sudur, mən suyun içindəyəm. Bəs məni 
sıxıb kiçildən kimidir, hanı mənim ayaqlarım. Dizlərimə tikanmı batırırlar, mən 
bu çöldə nə gəzirəm. 
Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi... Qol yerindən 
quru bir ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərinə də, 
başına da və dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən, 
nə üçün edildiyini anlamadı... Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar. 
Anasını xəyalına gətirdi. 
– Ana, ay ana!... 
Cavab gəlmədi. Hər şey susurdu... 
IX 
Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasına 
idi. Xozeyinlər xəz paltolar, Xorasan kürkləri, dəri papaqlar, yun corab və qaloş 
geyinərək səhər çayından sonrakı ilk papiroslarını tüstülədə-tüstülədə isti 
evlərinin qapılarından nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli 
məşədi çapacağını itiləyərək erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan, 
qapısında qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu...
Konka yolunun qarını kürüyənlər bir uşaq meyiti tapdılar. Donmuş, taxtaya 
dönmüşdü. Buzlamış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə 
örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab 
olurdu. Yiyəsiz bir uşaq olduğu, ilin bu vaxtında əynindəki qədək paltardan bəlli 
idi. Ona görə yiyəsini axtarmadılar, qəriblər qəbiristanına apardılar...

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin