Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Ancaq Camal, doğrudan da, gəlmişdi



Yüklə 192,11 Kb.
səhifə44/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   40   41   42   43   44   45   46   47   ...   71
Ancaq Camal, doğrudan da, gəlmişdi.

Ağıllı, ağayana bir görkəmdə Mopassan Mirələmovun isti və rahat kabinetində əyləşmişdi: əynində təzə, ucuz kostyum, başında bahalı buxara papaq. Camalın dağ havasından qaralmış tunc rəngli sifəti və iri, qonur gözləri həvəsdən və həyəcandan par-par parıldayırdı.

Saday Nüvariş Qarabağlını kabinetdə görmədi. Fikirləşdi ki, Nüvariş ya məşqdədir, ya da haradasa televizorda-zadda çəkilişdədir. (Şahqacar Ərməğanovun qorxusundan gündə bir neçə vəzifəli adamın kabinetinin qapısı ağzında boş yerə vaxt itirən Nüvarişin “tapança sərgüzəştlərindən” Sadayın xəbəri yox idi.)

Mirələmov yaşına yaraşmayan bir cəldliklə yerindən sıçrayıb, Saday Sadıqlının üstünə cumdu, artisti kabinetin qapısı ağzındaca qucaqlayıb, bərk-bərk bağrına basdı. Hətta Sadayla görüşməkdən hədsiz dərəcədə mütəəssir olduğnu da nəmli gözlərinin köməyilə lazımi səviyyədə nümayiş etdirə bildi.

Camal ağzını uşaq ədası ilə qabağa uzadıb, Sadayla öpüşməyə hazırlaşırdı. Saday dostunun başını papaqlıca qucaqlayıb döşünə sıxdı. Onlar bir müddət səssiz-səmirsiz baxışdılar. Və bu azca vaxt Camalın ürəyində nəyisə ölçüb-biçməyi, yumşalıb-kövrəlməyi və birdən-birə hıçqırıb için-için ağlamağı üçün tamamilə kifayət elədi.

-Yaman ilişmişəm, qardaş! – dedi. – Gəlmişəm, dadıma çatasan. Uşağımı tutub, zindana salıblar. Rayonda açmamış qapı qoymamışam. Sözümü eşidən yoxdu. Durub gəlmişəm bura ki, bəlkə, burda bu işə əncam çəkən tapıla.

-Uşağını niyə tutublar? – Camalın o təhər ağlamağından heç xoşu gəlməyən artist bir qədər hirsli-hirsli soruşdu. Camal Sadayın sualına cavab vermədi. Cibindən çıxartdığı iri, ağ dəsmalla üz-gözünün yaşını tələsmədən silib təmizlədi və toxdayıb tam rahatlanandan sonra bu dəfə ayrı səslə, ahəstə və astadan danışmağa başladı:

-Özüm öz axmaqlığımın zülmünü çəkirəm, dərdin mənə gəlsin, a Saday. Elə bil, ağlımı Allah almışdı: o tünbətün qəssab Məmmədağanın nəvəsini evimə gəlin gətirdim. Gözüm baxa-baxa qanımı it qanına caladım, Sarı. İndi bir zülmə düşmüşəm ki, Allah heç kəsə göstərməsin. Nə məni adam yerinə qoyur, nə qayınanasının bir kəlmə sözün eşidir. Ağzından çıxan da elə söyüşdü, qarğışdı, vay-şivəndi. Bizi bütün kənddə rüsvay eləyib. O gün də günün günorta çağı, götürüb dəhrəni, özü öz əliynən çəkib başına: sən adamda hikkəyə bax!.. Burdan da dədəsi Cingöz Şabanın fitvasıynan gedib özün dürtüb şəhərin balinsəsinə ki, bəs, ay haray, ərim məni öldürürdü, qaçıb, əlindən qurtarmışam!.. Şərləyib, tutdurub uşağı. İndi mən yazıq 20 gündən çoxdu ki, qapılarda yesir olmuşam. Rayonda kimin yanına getmişəm, hamısı ağzın büzüb. Əlacım kəsildi, durdum, gəldim bura. Umudum sənədi, Saday. Bir yol tap, bu zülümdən qurtar məni. Necə olsa, adlı-sanlı adamsan. Sənin sözünü eşidən olar. – Camal sözünü deyib, məzlum, mehriban gözlərini Sadayın üzünə zilləyib durdu. Sadayın Camala yazığı gəldi.Elə özünə də, Əylisə də, hətta Cingöz Şabanın o dəli, davakar qızına da artistin birdən-birə yaman yazığı gəldi... Əylisin ilin bu vədəsindəki boz sifəti, boz dağları... Soyuqdan nəfəsini içinə çəkib, üşüyə-üşüyə yazın gəlməyini gözləyən damı-daşı, evi-eşiyi. Daş kilsə. Daş kilsənin altındakı daş ovdandan indi, soyuq arxlar boyunca, başına axıb gedən o su... Bir də - Cingöz Şabanın gülləsindən yaralanmış bir körpəcə tülkü balasının bir daş divarın üstünə əbədi həkk olunmuş alqırmızı qanı... Və Əylisin boz və yazıq sifətinə baxa-baxa artist o sarımtıl-çəhrayı işığın barəsində bu Camaldan bir vaxt nəsə soruşmaq istədiyinə görə indi birdən-birə ürəkdolusu xəcalət çəkdi.

-Baxarıq. Bir şey fikirləşərik. – Artist inamsız-ümidsiz səslə, bir növ, öz-özünə dedivə sonra azca ucadan əlavə elədi: - Hələ bir danış görək, Əylisdə nə var, nə yox.

-Əylisdi də. Elə gördüyün həmin Əylisdi. – Camal olduqca könülsüz cavab verdi.

-Mən Əylisdə, gör, nə vaxtdan olmamışam.

-Orda lap yüz il olmasan da, Əylis elə həmin Əylisdi. – Camal belə deyib, yazıq-yazıq Mopassanın üzünə gülümsədi. Və yəqin ki, Əylisin barəsində Sadaya, heç olmasa bir-iki söz deməyə borclu olduğunu fikirləşib, könülsüz davam elədi: - Bu il yazqabağı Mirəli kişi rəhmətə getdi bəlkə eşitmiş olarsan. Bu günlərdə Anıx da qırağın qatdadı. Kaftarda hikkəyə bax ki, öləndə də erməniliyin yerə qoymamışdı. Yanına gələn arvad-uşağın bir-bir hamısına demişdi ki, mən dinimi-zadımı dəyişməmişəm, öz Allahımdan da heç vaxt üz döndərməmişəm. Yəni mən sizi indiyəcən, ayıb olmasın, o yerimə dolamışam... Erməninin əclaflığın görürsən də! – Bu dəfə Camal üz-gözünü gülməli bir şəkildə turşudub, yenə altdan-altdan Mopassan Mirələmova nəzər yetirdi. Sonra ehtiyatla Sadaya baxıb, nədənsə, bir qəribə çaşqınlıq içində başını aşağı saldı.

-Erməniyə hədyan demək indi Əylisdə də dəb düşüb? – Saday Sadıqlı zorla eşidiləcək boğuq səslə dedi. Əylisin müsəlman arvadlarının əhatəsində can verən sonuncu Əylis ermənisi Anikonu, ölüm yatağında, təsəvvürünə gətirməyə çalışdı. Ancaq artistin gözünün qabağına ölüm səhnəsi gəlmədi. Anikonun - Əylisdə misli-bərabəri olmayan - güllü-çiçəkli eyvanı, o eyvana qalxan saldöşəli pilləkənlərin həmişəki gözoxşayan təmizliyi, səliqə-sahmanı gəldi. Anikonun Vang kilsəsinin həyətində əkib-becərib, ilboyu nazını çəkdiyi rəngbərəng gül-çiçəyin sarılı, ağlı, qırmızılı işığından dünya Sadayın nəzərində bir azca işıqlandı. Camalın buxara papağına zəndlə baxa-baxa Saday Haykanuşun bir vaxt onun başından çıxartdığı bit basmış, kirli kepkanı xatırladı:


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin