-Əgər Allahın olsaydı, heç sən də onnan üz döndərməzdin!
Hirsini içində boğmağa nə qədər çalışsa da, artist ucadan və amansızcasına belə dedi. Və bu sözləri Camala deməyinin peşmançılığından, ya nədənsə Saday öz içində bir qəribə boşluq, bir - əvvəli-axırı bilinməyən havasızlıq - və eni-uzunu görünməyən xarabazarlıq hiss elədi. Dediyi sözün yaratdığı bir anlıq sükutda Saday Mopassan Mirələmovun gözlərində şübhəli-kinayəli soyuq təbəssüm gördü, onun həmişə qırmızıya çalan tərtəmiz, tox sifətinin birdən bozarmağının şahidi oldu. Ancaq, sən işə bax ki, Sadayın o amansız sözləri Camalın halına bir zərrə də təsir eləmədi.
-Düz deyirsən, ağıllı söz deyirsən, - dedi. – Erməni Allahın tanıyandı.
Və Camalın bu sözləri Sadaya yaman tanış gəldi. Özü də təkcə söz kimi yox, bir dopdoğma səs kimi, bir itmiş işıq kimi tanış gəldi. Bu sözləri bundan əvvəl haçan, harda və kimdən eşitdiyini yadına salmaq üçün Saday Sadıqlı həmişə ürəyində gəzdirdiyi bir dünya Əylisi bir xudmani ev kimi görmək, bir xırda ağac kimi dibindən silkələmək, bir ovuc su kimi ovcuna doldurub içmək istədi. Ancaq olmadı. Alınmadı. Bu sözləri ilk dəfə kimdən eşitdiyini Saday Sadıqlı heç cür yadına sala bilmədi... Amma, kim bilir, o sözləri ilk dəfə Saday bəlkə elə o Əylisin özününcə dilindən eşitmişdi: axı o Əylisin dağlarının hər qayası, yollarının hər qarışı, kilsələrinin hər daşı, kəhrizlərinin, çeşmələrinin hər damcı suyu da bilirdi və həmişə bilmişdi ki:
Dostları ilə paylaş: |