Və ona birdən-birə elə gəldi ki, Əylis heç vaxt olmayıb...
Nə o Babaş, nə o Camal, nə o Lüsik... Nə o kilsə, nə də o kilsənin günbəzindəki - Allahın gözünün işığına bənzəyən - sarımtıl-çəhrayı işıq olub. İçinin gözyaşı tamı verən qəhərini uda-uda düşündü ki, bəlkə Allah da yalandır, uydurmadır. Allah yoxdur və heç vaxt olmayıb. Və bu qəribə duyğudan artist özünün də gözləmədiyi bir xoş rahatlıq, bir qəribə yüngüllük hiss elədi... Babaşın məqaləsi barədə Mopassan Mirələmova hər hansı bir söz deməyin mənasız və faydasız olduğunu düşündü. Elə-belə nəsə bir söz demək xatirinə:
-Bizim o Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? – dedi. – Əylisdə onun bir babası bisavad molla, o biri babası düşük çayçı idi.
Bayaqdan kresloda mürgüləyə-mürgüləyə artistin qəzet oxumağına səbrlə tab gətirən Mopassan, Sadayın səsini eşidən kimi, deyəsən, yuxunu canından çıxarmaq üçün dik qalxdı.
-Nə deyim? Yəqin ki, məsləhət belə olub. Lazım biliblər ki, Babaş müəllimin imzası qəzetdə elə yazılsın.
-Bunu kim lazım bilib?
-Yuxarıdan da. Yəqin, orda oturanlar belə məsləhət görüb.
-O yuxarıda oturanlar bəyəm müharibə qızışdırır? Əgər Ziyadov onların adamıdırsa, niyə bu məqalədə qonşu qırğınına fitva verir?
Özünün də sanballı dövlət adamı və siyasi zəka sahibi olduğunu artistin qarşısında nümayiş etdirmək üçün bu yerdə direktorun əlinə elə bil bir münasib fürsət düşdü.
-Səndəki bu sadəlövhlük məni öldürəcək, vallah! – dedi. – O cəbhəçi itoynadanlar “Qarabağ, Qarabağ” deyə-deyə, görmürsən, nə oyunlardan çıxır? Ancaq o Qarabağ onların heç vecinə də deyil. Məqsədləri bu hökuməti yıxıb, özlərinin hökumətini qurmaqdı. Bizim bu qara camaat da bu saat yalnız ermənini söyənin sözün eşidir. Belə olanda bəs neynəsin hökumət? Bunlar da məcburdu ki, erməni kartından öz məqsədləri üçün istifadə eləsinlər. Camaata bir yolunan çatdırsınlar ki, o erməni bizim də düşmənimizdi. Yəni siz də gəlin, bizə qoşulun. Gedib, mitinqlərdə bizi yıxmaq istəyənlərə əl çalmayın. Bu, siyasətdi, sənətkar. Siyasətin yüz cür sifəti var. – Mopassan öz ağlı ilə öyündüyünü gizlətmədən fəxr ilə artistin üzünə gülümsədi.
-Bəli, çox böyük siyasətdi. Maşallah, göz dəyməsin! Millətin baxtı gətirib demək: əksikliyin, alçaqlığın meydanı xeyli genişlənib. Bundan sonra kim nə qədər əclaflıq eləyir-eləsin, bunun günahkarı axırda erməni olacaq. – Artist ayağa durub, yaxından, lap yaxından birbaşa direktorun gözlərinin içinə baxdı. – İndi gəl, belə danışaq, Mopoş, əgər o pyesdə də mətləb budursa, məni bəribaşdan üzürlü bil. Yaşımın bu vaxtında mən durub tamaşaçı qarşısında belə sərsəm siyasəti təbliğ eləyə bilmərəm. Mən o səhnəyə bundan sonra heç çıxmasam da olar. Ancaq özün də bilirsən ki, bu iş mənlik iş deyil.
Əgər Mopassan Mirələmov uğuruna böyük ümidlər bəslədiyi yeni tamaşanın baş rolunda hər hansı bir başqa aktyor görə bilsəydi, bəlkə heç pyes müəllifinin xahişinə və yuxarıların istəyinə də məhəl qoymazdı və tərsliyi istedadından qalmayan bu vasvası artistlə elə bu yerdəcə haqq-hesabı birdəfəlik çürüdərdi. (Bu teatrda onun bir sözünü iki eləməyə kimin nə haqqı vardı). Ancaq elə məsələ də burasındaydı ki, bu rolda direktorun özü də yalnız Saday Sadıqlını görürdü. Üstəlik, son zamanlar hədsiz dərəcədə bədbinləşib, büsbütün özünə qapılmış artisti yenidən səhnəyə qaytarmaq niyyətində də direktor kifayət qədər səmimiydi.
-Qəribə söz deyirsən, - dedi. – Mənim harama yaraşır ki, belə şeydə sənə kələk gəlim. Sənə kələk gəlmək mümkündü ki? – Stolunun siyirməsindəki qovluğu çıxarıb, artistin qabağına qoydu. – Pyes budu:
“Cəhənnəmə cənnət dedik”
Elə adından da bilinir ki, bu əsərdə söhbət nədən gedir. Bunları bir vaxt sən bizə deyirdin, biz qanmırdıq, qana bilmirdik. İndi bir gənc müəllif götürüb bu barədə əsər yazıb. Yaxşı da yazıb, vallah, özün oxuyub görəcəksən. – Direktor sözünə ara verib, azca fikirləşdi. – Sən boyda sənətkara indiyəcən “xalq artisti” adı verilməyib. Nəyə görə? Ona görə ki, həmişə sözün düzün demisən. O mənfur Rəhbərin qabağında da heç vaxt özünü sındırmamısan. İndi, min şükür Allaha, vəziyyət dəyişir yavaş-yavaş. Təzə səni yaxşı tanıyır. Bilir ki, Rəhbərə ləbbeh deməyən 4-5 ziyalının birisən. Tamaşamızın birinci premyerası olan kimi çoxdan layiq olduğun adı alacaqsan. Bu da danışılıb. 100 faiz həll olunub. Yaşını da çox şişirtmə, hələ 50 yaşına 3 ay qalır. Qardaşın 3 aydan sonra, gör, sənə necə yubiley keçirəcək.
Dostları ilə paylaş: |