Dünyanı, nə ki var,basıb-basmarlamış qatı bir duman.
Ancaq dünya yalnız dumandan ibarət ola bilməzdi. O dumanın altında mütləq nəsə vardı. Və o dumanın altındakı dünya bir azdan hökmən görünəcəkdi. Bunu Saday Sadıqlı bilirdi və öz huşsuz dünyasında - huşunu itirəndən bəri - yalnız bunu gözləyirdi.
Sonra o duman yavaş-yavaş çəkilib getdi. Ancaq artist özünün harda olduğunu yenə anlaya bilmədi. Birdən artist özünü hardasa bir soyuq daş səkinin üstündə oturan gördü. Və ona elə gəldi ki, Əylisdə çayın qırağından üzüyuxarı “Vurağırd” kilsəsinə gedən daşdöşəli küçənin tən ortasındadır.Ancaq oradan nə kilsə görünürdü, nə də o kilsənin arxasındakı uca dağ görünürdü və özünün harada olduğunu artist - şübhə və qorxu içində - təzədən anlamağa çalışırdı: əgər bu, doğrudan da, Əylisdəki o daşdöşəli “Vurağırd” küçəsiydisə, onda bəs o kilsə və o dağ axı niyə, görəsən, öz yerində deyildi?..
Sonra artist bir şirin ümidlə inandı ki, o dağ da, o kilsə də həmişəki yerindədir. O dağdan, o kilsədən və o daşdöşəli Vurağırd yolundan çoxdan uzaqlaşdığına və artıq Eçmiədzinə çatmaqda olduğuna artist, bir Allah bilir ki, necə sevindi. Və artistin ruhuna yağ kimi yayılan bu yeni ovqat onun cərrahiyyə otağından palataya köçürülməyi ilə eyni vaxtda baş verdi. Çünki başına gələnləri ağlı ilə dərk eləyə bilməsə də, özünün hansısa bir hissi orqanı ilə Saday Sadıqlı yerinin dəyişildiyini duya bilmişdi.
Dostları ilə paylaş: |