-Bəs o Babaş bundan qabaqkının adamı deyildi?
Fikri-zikri Camalın yanında olan Saday Sadıqlı sadəlövhcəsinə soruşdu. Direktor artistin qabağındakı dolu qədəhi göstərib:
-Vur getsin, – dedi, - can dərmanıdı. Əla çayım da var, dəmləyərik. – Durub elektrik samovarına su töküb şnuru toka taxdı. – Əşşi, qoy görək, sən Allah! Bundan qabaqkının özü adamıydı ki, hələ bir adamı-zadı da olaydı. O olan yerdə kim cürət eləyib deyə bilərdi ki, mən də adamam, bir kişinin oğluyam, ya bir arvadın əriyəm. Bir balaca adamlığı olanı da hərlədib-fırladıb axırda adamlıqdan çıxardırdı. Yanına yığdığı adamların hamısın tüləmiş cücəyə döndərmişdi! İndi necə demək olar ki, onların hansı onun adamıydı, hansı onun adamı deyildi.
Saday Sadıqlı Mopoşun vur-tut 10 il əvvəl elə bu otaqdaca köhnə rəhbərin qabağında hansı əndazədə, hansı sifətdə oturduğunu gözünün qabağına gətirib, bir yağlı söyüş söyməkdən özünü zorla saxlaya bildi. Konyakı bir qurtum içib qədəhi yerə qoydu.
-Ay allahsız, ay imansız! – dedi. – Sən indi bu sözləri mənə deyirsən?
Artistin hirslənməyindən özünü itirən Mopassan yazıqlaşıb, ölüvay görkəm aldı:
-Mən yetim indi bu sözləri sənə də deməsəm, gedim, kimə deyim? Düz deyirəm də, nəyi düz demirəm? Əgər bu adamlar həqiqətən onun adamları olsaydı heç olmasa bir-ikisi indi də gedib salam verərdi ona. Deyirlər, qapısın açan yoxdu. Oturub, təkliyinnən ulayır yalquzaq kimi.
-Ulayar da, sən olsan, ulamazsan? – Artist oturduğu yerdən qalxıb, otaqda gəzinə-gəzinə dedi. – Onun, üzünə tüpürdüyü adamlar - hələ heç üzlərinin tüpürcəyi qurumamış - indi təzə gələnin dal-qabağın yalamaq üçün növbəyə düzülüb.
Mopassan pərtliyini gizlədə bilməsə də, özünü ələ alıb, deməyə söz tapa bildi:
-Elədi. Tamam düz deyirsən. Biz də onlardanıq: mən də, indicə telefonda danışdığın Babaş Ziyadov da. Ancaq bu da, a qardaş, ondan qalıb da bizə. Yaltaqlığı, gözümüz baxa-baxa, hamının gündəlik həyat tərzinə çevirmişdi... İndi təzə gələn 2 ildə bunun qabağln necə alsın? – Utandığından, ya nədənsə Mopoşun sifətində qızartı əmələ gəldi. – Amma düzələcək, görərsən, hər şey yavaş-yavaş yoluna düşəcək. – Axırıncı sözləri Mopoş açıq-aşkar əlacsızlıqdan dedi.
Saday Sadıqlı getdikcə daha artıq yorulduğunu və yorulduqca daha çox əsəbiləşməkdə olduğunu hiss eləyirdi. Ancaq nə qədər qəribə olsa da, bu halının ötüb-keçməyini də qətiyyən istəmirdi. Əksinə, indi artistin - çılğın uşaq kimi - var səsilə qışqırıb-bağırmağı, nəyisə qırıb-tökməyi, vurub-dağıtmağı gəlirdi.
-Düzələcək, hökmən düzələcək! – Hirsindən, az qala, ağlamaq həddinə çatmış Saday Sadıqlı qəhərli səslə dedi. – Dediyin o yalquzaq kimi ulayan bir gün gəlib, hər şeyi yoluna qoyacaq. Bu millətin həqiqi sifətin bir də göstərəcək özünə. Çünki özü burda olmasa da, əkdiyi toxumlar artıq cücərib. O meydanda qan-qan deyən kal gədələr Rəhbər üçün əvvəl bağlı olan qapıları indi bala-bala açırlar. Hələ ki məşq gedir. Sonra tamaşasın da, inşallah, görəcəyik.
Direktorun sifətində şübhə və inamsızlıqla dolu soyuq təbəssüm vardı:
-Ə, yox e, nə danışırsan! – dedi. – O meydandakıların yarıdan çoxu təzənin adamlarıdı.
-Yarıdan azı da, demək, köhnənin adamlarıdı. Yaxşı da, vaxt gələr, görərik. O adam burda hakimiyyət başına bir də gəlməsə, mən adımı dəyşib, ya Mopoş, ya da Babaş qoyacağam.
Artistin bu qədər inamla danışmağı Mopassan Mirələmovu xeyli şübhələndirmişdi.
-Köhnənin o meydanda 5-10 adamı var, - dedi. – Hamısın da hamı tanıyır.
-Qurtar, sən Allahın, Mopoş! Elə məsələ də burasındadır ki, orda heç kəs heç kəsi tanımır. Sənin təzə gələnini də yıxacaqlar bu gün-sabah. O köhnə qurd gəlib öz yerində əyləşəcək. Bu millətin taleyinə Allah yazılmayıb, Rəhbər yazılıb. Allahı olmayan millətin başının üstündə bir Rəhbər mütləq olmalıdır. İndi hər yerindən duran erməniyə hədyan deyir. Ancaq hələ bir adamın ağlına gəlmir ki, erməninin bizdən üz döndərməyinin səbəbi də o köhnə və riyakar siyasətdən törəyib.
Artistin bu sayaq odlu-alovlu sözlərini elə əvvəllər də çox eşitmiş Mopassan Mirələmov onun indi dediklərindən, həqiqətən, təsirlənmişdi. Artist sözünü qurtarandan sonra da bir müddət ağzıaçıla qalmış direktor bu dəfə Saday Sadıqlıya tamam başqa məzmunda səmimi və təsirli söz demək istəsə də, öyrəşdiyi bəlağətli köhnə üslub buna imkan vermədi.
-Qardaş, dahisən, - dedi, - and olsun Allaha! Əla monoloq dedin. Elə bildim, Hamletin monoloqun böyük artist Saday Sadıqlının dilindən bir də eşitdim: “Olum, ya ölüm, budur məsələ!” Ancaq, əzizim, canım-gözüm, bəs mən nə deyirəm ki? Elə mən də sən deyəni deyirəm də.
-Xeyir, sən deyirsən ki, gəlin, bu təzədən də bir təzə Rəhbər düzəldək. O da bekarlayanda gəlsin, burda düşük-düşük məzələnsin bizinən. Bizə dərs versin, yol göstərsin. Çünki o adamın boş yerini sən də görürsən. Bunu şüurunla dərk eləyə bilməsən də, o boşluğa nəsə dürtmək üçün ürəyin sino gedir. Bu saat bütün millət gözünü o boş yerə zilləyib, ürəyində iblisanə bir nigaranlıqla Rəhbərin xəlvətcə həsrətin çəkir. Elə onun gücü də bundadı. O özündən sonra elə bir boş yer qoyub gedib ki, o boş yeri yalnız onun özü doldura bilər.
Özünü çoxdan bəri susmağa məhkum eləyən Saday Sadıqlı danışıb ürəyini boşaltmaqdan get-gedə daha çox həzz alırdı, məmnunluq, rahatlıq duyurdu. Artist stola yaxınlaşıb, konyak şüşəsini götürdü. Bu dəfə, qədəhlərə əlləri əsə-əsə, özü konyak süzdü. Və elə o konyakı içən kimi beyninin bir yerində bayaqdan gəzdirdiyi naməlum narahatlığın məlum səbəbi artistin qəflətən yadına düşdü.
-Bayaqdan soruşmaq istəyirəm, yadımdan çıxır. Deyirdin, Babaş Ziyadov məqalə yazıb. O Babaş nə yazıb ki, o məqalədə? Olmaya Rəhbəri ifşa eləyib? – Artist aşkar kinayə ilə soruşdu.
-Yox, orda rəhbər söhbəti yoxdu deyəsən. Ancaq yerlin ermənilərə bərk sataşıb. – Mopassan zorla gülümsəməyə çalışdı. – Qoy görüm, axı məndə olmalıydı o qəzet. – Durub, bir topa qəzetin arasından o qəzeti asanca tapıb gətirdi.
“Kommunist” qəzetinin bütöv bir səhifəsini tutan böyük məqaləydi. Məqalənin adı səhifənin ortasında iri hərflərlə yığılmışdı:
“ERMƏNİ XİSLƏTİ”
Müəllifin imzası məqalənin axırındaydı: “BABAXAN ZİYADXANLI”.
Yazının içində orda-burda qara şriftlə seçilən “nankor”, “xəbis”, “qəvi düşmən” sözlərini Saday Sadıqlı eynəksiz də oxuya bildi. Qəzeti kənara qoymaq istəyəndə birdən “İSTAZIN” sözü diqqətini çəkdi və eynəyini gözünə taxıb, məqaləni oxumağa başladı.
Sarsaqlamağın bu dərəcədə primitiv formasını artist bundan əvvəl bir-iki xəstə romançının populist cızma-qarasında görmüşdü və Babaşın öz məqaləsində həmin müəlliflərin yazdıqlarından bol-bol bəhrələnməyi açıq-aşkar göz qabağındaydı.
Babaş Ziyadovun iddiasına görə, “İstazın” sözünün ilkin mənası “usta ozan” olmuşdu və bu torpağın qədim sakinlərinin izini tarixdən silmək məqsədilə ermənilər bu sözü qəsdən təhrif edib, öz dillərinə uyğunlaşdırmışdılar...
Həmin o “usta ozanlar” eramızdan hələ 3 min il əvəl Əylisdən – “dağ yerindən” Dəclə-Fərat çayları vadisindəki “şum yerə”, yəni düz yerə köçüb, orada yaratdıqları dövlətin adını da öz dillərində “şum yer” qoymuş və beləliklə də, orada indi “ŞUMER” adı daşıyan qədim sivilizasiyanı yaratmışdılar.
Babaxan Ziyadxanlının məqaləsində “Əylis” sözü - oturaq yer mənasında -“Əyləc” sözündən törəmişdi. Burada, yəni Əylisdə “erməni” deyilən xalq heç vaxt yaşamamışdı və Əylisdəki bütün kilsə və qəbiristanlıqlar əvvəl “Odər” dilində Elvanod – gurod adlandırılan və sonralar “alban” adı ilə tanınan qədim türklərin tarixi torpaqlarıydı. Məqalə müəllifinin qəti qənaətinə görə, “nankor qonşularımız” tarix boyu Azərbaycan ərazisindəki yer adlarını saxtalaşdırıb, öz adlarına çıxmaqla məşğul olmuşdular. Məsələn, “Odərməni” Girdman, “Gursu”nu Qoris, “Gurbağ”ı Qarabağ, “Elvəndi” İrəvan adlandırıb, özlərinin tarixi torpağı kimi qələmə vermişdilər. Odərcə adı “Qapuağız” (yəni qapı ağzı, darvaza qapısı) olan, sonra ruslaşdırılıb “Qafqaz” adlandırılan ərazi də bütövlükdə “ərmənlərin” – igid türk ərlərinin qədim məskəniydi, ancaq “tarixən qanımıza susayan bədxah qonşularımız” bu “ərmənlər” sözünü özlərinə ad götürüb, Qafqazda “ermənilər” adında qondarma millət yaratmışdılar. “Herakl” sözünün “Koroğlu” sözündən, “İsus” sözünün “Eysar” sözündən yarandığını israrla iddia edən Bomba Babaş axırda cuşa gəlib, hətta Otello adının da öz ilkin mənasında “ODELLİ” olduğunu və Şekspirin bu məsələdə “bağışlanmaz yanlışlığa” yol verdiyini - ağayana və alimanə bir şəkildə - “sübuta yetirirdi”... Və özünün bir səhifəlik məqaləsini Babaş şair Qulaməli Qasımovun çoxdan dillər əzbəri olan misraları ilə bitirirdi:
“Azərbaycan qandan əziz, candan əziz bir nemətdir,
Dostları ilə paylaş: |