O bir qədəh fransız konyakından sonra Mopassan Mirələmovun da qırışığı açılmışdı.
Sifəti durulmuş, gözləri işıqlanmışdı. Və o təzə pyesin söhbətini başlamağa bayaqdan bərk tələsən “Mopoş dayday” indi mətləbə keçməyə daha tələsmirdi. Ola bilər ki, artisti bişirib yola gətirmək üçün əvvəlcə (planlı şəkildə) onun kefini açmaq istəyirdi. Ola bilər ki, xasiyyətinə yaxşı bələd olduğu Saday Sadıqlıdan eşidə biləcəyi “yox” cavabından qorxduğuna görə vaxtı qəsdən uzadırdı. Hətta ola da bilər ki, teatra Mərkəzi Komitənin xəttilə gələn o pyesin bədii kamilliyinə direktorun özü də tam arxayın deyildi və indi artistlə yaxın ünsiyyətdə ikən pyesi əvvəlki şövqlə tərifləmək ona artıq dərəcədə çətin gəlirdi.
Mopassan Mirələmov qədəhlərə bir də konyak süzdü. Qədəhindəki konyakı qurtum-qurtum içib, qəribə bir xoş təbəssümlə, üzdolusu, gözdolusu gülümsədi.
-Mən də Allah adamıyam, sənətkar, gördün də, nələr oldu! – Mopassan kefli adam kimi coşqun həvəslə dedi. – Mənim hər işimi Allah düzəldir. O çoban kənddən gəlməsəydi, mən səni hələ bundan sonra da bir ay evdən çıxara bilməyəcəkdim. Elə o Ziyadov da xalis Allahın işiydi. Eşitdin? Kişinin adın çəkən kimi 3-4 tamaşanın haqq-hesabın özü öz diliynən öhdəsinə götürdü. Fikir verdin, mən ondan kömək-zad istəmirdim. Baxarsan, yaxşı kömək eləyəcək bizə. Bu saat onun qılıncının dalı da kəsir, qabağı da. Bunlar kişiynən hələ komsomoldan dost olublar.
Dostları ilə paylaş: |