Sual: Tərbiyənin ruha və cana hopması münasibdirmi?
Cavab: Bəli, münasibdir. Uşaq bu yolla “ağı qaradan” seçməyə başlayır və ictimai qayda-qanunlara yiyələnir. Bizim “vicdan” adlandırdığımız dəyər artıq formalaşmış “ağı qaradan” seçmə xüsusiyyətidir. Vicdan insan vücudunun müqəddəslik simvoludur. Vicdan incidildiyi vaxt insan günah hiss edir. Günahı hiss etmək çox mühüm keyfiyyətdir. İnsanı bir sıra ləyaqətsiz işlərdən çəkindirən çox vaxt vicdan olur. Vicdanlı insan üçün günah olduqca ağrılı bir hissdir. Uşaqlıq dövründə vicdan güclənib formalaşmazsa, bu insan böyüdüyü vaxt etdiyi əməllərin başqalarına zərərli olub-olmadığına fərq qoymayacaq. Yə`ni vicdansız insanı pozduğu hüquqlar qətiyyən narahat etmir. O yalnız cəzadan qorxur. Belələrinin cəmiyyətdə qəbul olunmaması normal haldır.
Sual: Tərbiyə mövzusunda bir misal çəkin.
Cavab: Mən hələ bir yaşı olmamış körpə haqqında danışacağam. Təsəvvür edin ki, iməkləyə-iməkləyə evdə “ova” çıxmış körpə elekrik rozeti tapır. O əvvəlcə bu “ikigözlü ilan başını” maraqla nəzərdən keçirir. Əlini rozetə uzadarkən siz səsinizi qaldıraraq e`tiraz edirsiniz. Keçirdiyiniz narahatçılıqdan təbii olaraq üzünüzdə acıqlı ifadə görünür. Demək, siz öz reaksiyalarınızla uşağa “olar-olmazı” anlada bilirsiniz.
Amma sizin bu reaksiyanız hələ işin başlanğıcıdır. Çox ehtimal ki, körpə növbəti dəfə əlini rozetə uzadacaqdır. Aydındır ki, siz yenə də mənfi reaksiya göstərəcəksiniz. Yox o öz təcrübələrini dayandırmaq fikrində deyil. Əgər əvvəl sağ əlini uzadırsa bu dəfə sizə baxa-baxa sol əlini uzadacaq. O, nəzəriyyəçi alim kimi sizin reaksiyalarınızı öyrənir. Onu tənha qoymayın. O, qonşu otağa sivişib öz rozet təcrübəsini qonşu otaqda davam etdirə bilər. Əgər bütün cəhdlər zamanı sizin mənfi reaksiyanızla qarşılaşsa, əmin olacaq ki, bu predmetə toxunmaq olmaz. Təəssüf ki, əksər valideynlər uşağın davamlı sınaq aparacağını anlamırlar. Məsələn, birinci dəfə əlini rozetə uzadan uşaq valideyn çölə çıxdıqdan sonra yenidən işini davam etdirəcək. O elə bilir ki, rozetə valideynin yanında dəymək olmaz. Demək, siz sınaqlar başa çatanadək körpəni tərk etməməlisiniz. Siz o qədər səbirli olmalısınız ki, körpə son qərara gələ bilsin. İnanın ki, o öz təcrübələrinin sonuna çatdıqdan sonra mə`nalı şəkildə gülümsəyir. Çünki başa düşüb ki, valideyni narahat edən səbəb nə imiş.
Uşaq bu sayaq biliklərə çox maraqlıdır. O vaxtaşırı sınaqları təkrarlayır ki, valideynin fikrinin dəyişib dəyişmədiyini anlasın. O sizin qəlbinizi sındırmaq fikrində deyil. Uşaq başqalarında mənfi emosiya yaradacaq hərəkətlərdən çəkinir. Çünki o sevilmək istəyir. O gördüyü müsbət işin əvəzində hədiyyə almaqdan ləzzət duyur.
Sual: Tərbiyənin xüsusi vaxtı varmı?
Cavab: Xeyr, tərbiyə üçün xüsusi vaxt qeyd olunmur. Tərbiyə tə`yin olunmuş qanunların icrasını tələb etməkdir. Çalışmalısınız ki, bu qanunlar dəyişməz olsun. Əgər tə`yin etdiyiniz qanunlarda tez-tez dəyişiklik aparsanız, uşaq bu qanunları ciddi qəbul etməyəcək. Ağaca çıxan şəxs budağın üstündə durub, digər bir budaqdan əli ilə tutmalıdır. Əgər bu iki şərtdən birinə əməl olunmasa, yıxılmaq təhlükəsi var. Eləcə də, yıxılan yuxarı yox, aşağı yıxılır. Körpəni bu sayaq məsələlərlə qanunların icrasına həvəsləndirmək lazımdır.
Tərbiyə zamanı elə üsullardan istifadə etmək lazımdır ki, tərbiyə prosesi oyun kimi maraqlı olsun. Mə`lumdur ki, oyunun davamı üçün qanunlara əməl etmək lazımdır. Elə ki, uşaq qanuna itaətsizlik göstərir, oyun dərhal dayanır. Körpələr qanunauyğun oyunları xoşlayırlar. Bu onu göstərir ki, onlar qanunları sevirlər. Uşaq üçün nəzərdə tutulmuş qayda-qanunların başqa faydaları da var. Uşaqlar bu üsulla öz hərəkətləri ilə ətrafdakılar arasındakı əlaqəni proqnozlaşdırmağı öyrənirlər. Əgər körpə qarşıda nə baş verəcəyini tə`yin etməyi bacarırsa, qorxu və həyəcandan uzaq olur. Çünki qorxu və iztirab qəfil hadisələrdən yaranır.
Sual: Əgər uşağa qarşı tələblərimdə güzəştə getsəm, nəticə nə olar?
Cavab: Əgər tələblərinizdə israrlı olmasanız, uşaq tərəddüd və iztiraba düçar olar. Uyğun iztirab gələcək fəaliyyətlərdə özünü göstərəcək və daha artıq zəhmət tələb edəcək.
Güzəştə vərdiş etmiş körpə üçün sizin reaksiyanız gözlənilməz olur və uşaq özünü müdafiəsiz hiss edir. Uşağın müalicəsi üçün müraciət edən bə`zi valideynlər övladlarına lazımınca diqqət göstərmirlər. Uşaqlarla aparılan söhbətlərdən mə`lum olur ki, bu uşaqlar öz valideynlərinin diqqətsizliyindən əziyyət çəkiblər. Bu uşaqlar valideynin diqqətini cəlb etmək üçün hər işə əl atırlar. Onlar elə güman edirlər ki, valideyn onlara diqqətsiz olduğundan heç əsəbləşmir də.
Tələblərinizdə israrlı olmasanız körpənin tərbiyəsində problemlər yaranacaq. Çünki o daim öz azadlığının sərhədlərini müəyyənləşdirmək istəyir. Elə düşünməyin ki, o sizi əsəbləşdirmək istəyir. Onun bütün hərəkətləri valideynin diqqətini qazanmaq üçündür. Valideynin gücünə və sevgisinə əmin olan körpə rahatlıq tapır. Onun rahatlıq tapması üçün isə tələblərinizdə israrlı olmaqdan başqa yol yoxdur.
Bə`zi problemlər israrlı olmamaqdan yox, tələblərinizin dəyişkənliyindən yaranır. Bə`zi valideynlər öz körpəsinə başqalarının icad etdiyi qanunlarla yanaşır. Yeni dayə, baba və nənənin tərbiyəsi tətbiq olunmuş qanunlarda dəyişikliyə səbəb ola bilər. Ən əsası körpənizin tərbiyəsində təsadüfi adamların tövsiyələrinə qulaq asmayın.
Uşaq məntiqi qayda-qanunlarla tərbiyə olunmalıdır. Əgər qanunlar körpəyə zülm edəcək dərəcədə məntiqsizdirsə, siz bu qanunlar üzərində israrlı ola bilməyəcəksiniz. Bu uyğunsuzluğu dərk etmək çətin deyil. Hövsələdən çıxaraq uşağa ağır qanunlar tətbiq etməyiniz həmin məntiqsizlikdən doğur. Məsələn, e`lan edirsiniz ki, “əgər yeməyini sonadək yeməsən otaqdan çıxmayacaqsan”. Belə bir qərarın icrası sizin özünüz üçün iztirablıdır. Çünki siz bu qərarınızla əslində uşağı həbs edirsiniz. Amma dediyinizdən dönsəniz qeyri-ciddi görünəcəksiniz. Demək, siz öz məntiqsiz qərarınızla özünüzü pis vəziyyətə salırsınız. Qarşınızda iki yol var: ya zülm etməli, ya da bacarıqsız tərbiyəçi olduğunuzla razılaşmalısınız.