GİRİŞ
Azərbaycan Respublikasında ilk dəfə olaraq tərtib edilmiş bu dərslikdə
ölkədaxili və beynəlxalq
yük daşıma modelləri ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir.
Burada ölkədaxili və beynəlxalq nəqliyyat hüququna, onun subinstitutlarına anlayış verilir, ayrı-ayrı
nəqliyyat növləri üzrə ölkədaxili və beynəlxalq daşımaların hüquqi tənzimlənməsinin xüsusiyyətləri
şərh edilir. Müasir beynəlxalq nəqliyyat daşımaları sahəsində ən yeni normativ-hüquqi sənədlər və
çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu dərslik Azərbaycan
beynəlxalq nəqliyyat hüquq
elmində mövcud olan boşluqların doldurulmasına xidmət edir. Dərslikdən peşə məktəb tələbələri,
nəqliyyat sahəsində çalışan mütəxəssislər və praktiki işçilər istifadə edə bilərlər.
Hörmətli tələbələr, siz daşıma modelləri üzrə modulu öyrənib bitirdikdə daşıma
modellərinin
növlərini, əsas anlayışları və terminləri, yük daşımada istifadə olunan nəqliyyat növlərini, daşıma
prosesinin
prinsiplərini, daşıma prosesində iştirak edən tərəfləri və onların hüquqi məsuliyyətlərini,
müxtəlif daşıma növlərini, təhlükəsizlik və ətraf mühitin qorunması qaydalarını öyrənəcəksiniz.
Hamımıza
məlumdur ki, yük daşıma müxtəlin növ nəqliyyat vasitələri ilə həyata keçirilir: dəmir
yolu, dəniz yolu,
hava yolu, avtomobil yolu və boru kəməri vasitəsi ilə. Bu dərslikdə yuxarıda adları
qeyd olunan, nəqliyyat növlərinə dair daşımanın xüsusiyyətləri və daşımanın təşkili qaydaları ətraflı
izah olunmuşdur. Deməli, təhsilini yüksək səviyyədə başa vuran hər bir tələbə bir-birindən maraqlı
olan nəqliyyat növü üzrə daşıma sahəsində çalışa biləcək.
Siz dəmir yolu daşıma modelini öyrənərkən onun xüsusiyyətlərini, dəmir yolu daşıma modelinin
üstünlüklərini və çatışmazlıqlarını, digər daşıma modellərindən fərqini, daşımanın təşkilini,
planlaşdırma qaydalarını,
hüquqi tənzimləmələri, dəmir yolu nəqliyyatında istifadə olunan vaqon
növlərini, vaqonların nömrələnməsi qaydalarını, yükün növünə görə vaqonların seçılmə üsullarını,
yükləmə və boşaltmanın təşkilini bilib istehsalatda tətbiq edə biləcəksiniz.
Dəniz yolu daşıma modeli də özünə məxsus maraqlı model sayılır və bir çox mütəxəssislərin
diqqətini cəb edir. Gələcəkdə bu sahə üzrə çalışmaq istəyənlər təqdim olunan
bu dərslikdən istifadə
edərək, dəniz yolu daşıma modelinin xüsusiyyətlərini, üstünlüklərini və çatışmazlıqlarını, daşımada
istifadə olunan konteyner növlərini, təhlükəsizlik qaydalarını, məhsulun gəmiyə
yükləyib-boşaltma
qaydalarını mükəmməl öyrənə biləcək.
Daşıma modellərinin içərisində ən maraqlı və əmək haqqı yüksək olan daşıma modeli hava yolu
daşıma modelidir. Sizə təqdim olunan bu dəslikdə hava yolu daşımanın xüsusiyyətləri,
baynəlxalq
daşımalar, hüquqi çərçivələr, karqo daşımanın təşkili, təhlükəsizlik qaydaları, sənədləşmə və
tərəflərin məsuliyyəti, yükləmə-boşaltma qaydaları, hava yolu yük daşımasının təşkili, daşınmasına
icazə verilən yüklərin növləri və s. ətraflı açıqlanmışdır.
5