Qrammatik xüsusiyyətlər
-li-ti şəkilçisi - sifət düzəldən şəkilçi: Krapaşti - türkcə qara və baş sözlərindən,-ti (-li) şəkilçisindən ibarətdir; Şahsevən türk tayfa birləşməsinin bir qolu udu-lu (uti-li); Kalankatuk-lu;
-an şəkilçisi alb/alp tipli sözlərə artırılaraq kəmiyyət və mənsubiyyət bildirmişdir; Şabaran yaşayış məntəqəsinin adında -an şəkilçisi; Hunan sözü - ‘hunlar‘ mə’nasında; Sisak-an - ‘si sakları’, kap-an, çop-an tayfa adlar və s.;
-çı - adlardan isim düzəldən şəkilçi: Kuyərçi etnoniminin quqar türk tayfa adı və -çi şəkilçisindən ibarət olması;
-aq - isim düzəldən şəkilçi; tayfa adlarının düzəlməsində məhsuldar olmuşdur: peçen-eq (bacan-aq), sir-ak, şam-ak, kay(ı)m-ak, kat-ak və s. Kon-aq Albaniyada süvari ordunun komandanının adı;
-uq - isimdüzəldən şəkilçi; Kalan-katuklu sözündə katu - ‘qatı’ sözü və -q şəkilçisi;
-ay şəkilçisi - türk dillərində ad düzəldən şəkilçi: As-ay və Es-ay şəxs adları;
-cik - kiçiltmə bildirən şəkilçi: Xncik (Xın-cik);
-aqan - fe’llərdən ad düzəldən şəkilçi: Vaç-aqan;
-ar - fe’llərdən ad düzəldən şəkilçi: Çap-ar (poçt yeri və məktub aparan);
Sintaktik yolla söz yaradıcılığı: kul-oba, kuy-ər, kara-bay (başqa sözlə, qara-bağ), kanq-ar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər’igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəlməsi - bolqar, suvar, xəzər sözlərində olduğu kimi; kas - tayfa adı və ar ‘igid’, ‘döyüşçü’ sözü;
Əlavəli mürəkkəb adlar: Ərbak, Əmbak sözlərində bak - ‘bəy’ sözü; Pyorok şəxs adının (V əsr Alban ruhanisinin adı) börü ‘canavar’, ‘ qurd’ və uk ‘oğul’, ‘varis’ sözlərindən ibarət olması;
Dur (durmaq), qur (qurmaq) sözləri ikinci komponent olmaqla yaranan mürəkkəb sözlər: utidors sözünün uti-dur forması və dur hissəsi ilə bayandur, çavundur, hundur və s. etnonimlərin yaranması; Uti-qur sözü ilə türk tayfa adlarının (uyqur, sarıqur, kuturqur, yazqur, salqur və s.) yaranması.
ATROPATENA. ATROPATENALILARIN DİLİ HAQQINDA
Etnik tərkib və dil məsələləri
İskəndərin ölümündən sonra (e.ə. 323) Atropatena dövləti Cənubi Azərbaycan ərazisində öz müstəqilliyini tam tə’min edə bilmişdi. Bu dövlətin tərkibində manna, maday, kaspi, müq, kadusi, matien və s. qədim türk tayfaları üstünlük təşkil edirdi. İrandillilər də mövcud idi. Midiyanın Cənubi Azərbaycan ərazisini əhatə edən və mənbələrdə «Kiçik Midiya» adlanan hissəsi əhalinin etnik tərkibinə görə Böyük Midiyanın qalan hissəsinin əhalisindən fərqlənirdi. Bu, keçən minilliklər ərzində Azərbaycan ərazisində gedən etnik proseslərin təbii nəticəsi idi. E.ə. IV əsrdən başlayaraq ölkə daha çox Atropatena adlanırdı. Polibi də (8; 16), Strabon da (8; 26) qədim madayların varisləri olan əhalini bütövlükdə «atropatenlər»(daha dəqiqi «atropatçılar») adlandırırdı.
Atropatena dövlətinin nə vaxt yaranması ilə əlaqədar ziddiyyətli fikirlər vardır. Polibi (e.ə.205-123) Atropatena çarlığını Əhəmənilər dövrünə aid edir: «Bu çarlıq (Artabazanın padşahlıq etdiyi Atropatena çarlığı - Q.K.) hələ farsların dövründən qalmışdı, çünki onu İskəndərin dövründə də görmüşdülər». (8;16) Tarixçilər isə bu dövləti İskəndər dövründə yaşamış Atropatın adı ilə əlaqələndirirlər. (32; 399) Strabon da ölkəni və onun adını Atropatın adı ilə bağlamışdır.
E.ə. VIII-VII əsrlərə aid mixi yazılarda Andarpatkanu/Andarpatkan məskən adına təsadüf olunur. Həmin yaşayış məskəni Manna ilə Mada arasında, Qızıl-Üzən çayının cənub-qərb başlanğıc axarında yerləşirmiş. (2; 133) Bə’zi tədqiqatçılar Cənubi Azərbaycan ərazisində yaranmış Atropatena dövlətinin adını bu sözlə əlaqələndirirlər. Bu fikir müəyyən mülahizələrlə əsaslı və ağlabatan görünür. Aydın hiss olunur ki, bu dövlət Atropatın vaxtından çox-çox əvvəl təşəkkül tapıb. İskəndərin şərqə hərəkəti ilə əlaqədar xatırlanması elə həmin əsrdə yaranması demək deyildir.
Azə
rbaycan xalqının, Azərbaycan dilinin tarixi şöhrəti üç min il əvvəldən bu xalqın dilinin əzbəri olan və müxtəlif fonetik dəyişmələrlə inkişaf edib Azərbaycan şəklinə düşən Azərbaycan sözü ilə bağlıdır.
Azərbaycan sözü antik mənbələrdə Atropatena, Aturpatakan, Suriya-Bizans mənbələrində Adorbiqan/Adarbiqan, ərəb mənbələrində və şifahi nitqdə Adirbican /Azirbican, Adərbaycan/Azərbaycan şəkillərində işlənmişdir; Y.Yusifov erkən tələffüz formasını aşağıdakı kimi bərpa etməyin mümkün olduğunu yazmışdır: Adirpatyan/Adarpatyan, Adirpatqan/ Adərpatqan, Adirbayqan /Adərbayqan,Adirbican/Azirbican/ Adərbaycan/ Azərbaycan. (2; 131) Son formalaşmada (Adərbaycan/Azərbaycan) birinci heca ilə ikinci arasında «d» səsindən son məqamda «z» səsinə keçilməsi ümumən mümkündür, lakin fikrimizcə, sözü Ə.Dəmirçizadə düzgün təsəvvür etmişdir. Professorun qeydləri göstərir ki, ikinci səs saf «d» səsi deyil, qovuşuq «dz» səsi olmuşdur: «Qədim fars mənbələrində: Adzarabadakan; qədim ərəb və yeni fars mənbələrində Adzərbaykan, Adzərbaycan». (12; 10) Tədricən «z» səsinin üstünlük qazanması ilə Azərbaycan sözünün təşəkkülü baş vermişdir. M.Kaşğari də «Divan»a əlavə etdiyi xəritədə Adzerabadkan yazmışdır. (12, 11)
Azərbaycan sözünün mənşəyi barədə müxtəlif fikirlər mövcuddur. Q.Qeybullayev Azərbaycan sözünün Atropatın adı ilə bağlı olduğunu iddia edənlərin fikrinə şərik olduğunu bildirmişdir. (6; 210) M.İsmayıl da bir sıra mülahizələri nəzərdən keçirərək Atropat adının üzərində dayanmışdır.(5; 3) Başqalarının da bu cür fikirləri vardır. Bizim fikrimizcə, Azərbaycan sözü öz əsasını Andarpatkanu/Andarpatkan məskən adından almışdır. Lakin, təbii ki, Andarpatkanu/Andarpatkan sözü Azərbaycan şəklinə düşənə qədər uzun yol keçmişdir. Bizdən əvvəl də bu sözü Azərbaycan adının praforması sayanlar olmuşdur. (2; 133) Bu fikrin qəti əleyhdarları da vardır. İ.Əliyev Azərbaycan sözünü Andarpatkanu/Andarpatkan adı ilə əlaqələndirməyin qəti əleyhinə olduğunu qeyd etmişdir: «A z ə r b a y c a n adı «Antarpatianu» adından heç cür yarana bilməz». O da bu adı sərkərdə Atropatın adı ilə bağlamış və iranmənşəli olduğunu xüsusi qeyd etmişdir. (43; 40) Lakin başqaları Antarpatianu sözünü əsas götürmüş və bu sözlə onun Azərbaycan sözünə nisbətən yaxın forması olan Atarpatakan sözü arasındakı fərqi də qeyd etmişlər: Belə ki, sözün Andir/Andar hissələri Atro/Atur hissələrindən fərqlənir. Y.Yusifov Andir/Andar sözünü əsas götürməklə, bu sözdəki ilk «n» samitini təsadüfi saymış, adır sözünün müasir türk coğrafi terminologiyasında ‘təpəli yer’, ‘dağlı məskən’, ‘dağ qolu’, ‘qollara ayrılan dağ silsiləsi’, ‘erroziyalı təpələr’ və s. mə’nalarında işləndiyini göstərmiş, sözün pati hissəsinin türkcə pat/bat ‘batmaq’ fe’lindən, -anu/an hissəsinin məkan bildirən və ya cəm şəkilçisi kimi işlənən şəkilçidən ibarət olduğunu qeyd etmişdir; müəllifin fikrincə, pati hissəsindəki -i saiti yiyəlik şəkilçisi kimi söz birləşməsi yaratmışdır, -söz bütövlükdə ‘dağ silsiləsi düzəni’, ‘dağ altı yer’ mə’nalarını ifadə edir. (2; 133-134)
Azərbaycan sözünün mənşəyi alimlərimizi həmişə maraqlandırmışdır. A.Bakıxanov bu sözü Babəkin adı ilə bağlamış, Azərbaycan sözünün ‘Babəkin odu’ mə’nasında Azər-Babəkan sözündən yarandığını, ərəblərin bu sözü Azərbaycan şəklinə saldıqlarını güman etmişdir.(33; 46) Şair Xəlil Rza Ulutürk də bir növ bu mə’nanı qəbul etmişdir:
Babəklər yetirən Azərbaycanın
Başqa bir adı da -Azər-Babəkan!
A.R.Zifeldt də Azərbaycan sözünün mənşəyi ilə maraqlanmış və yazmışdır: »Azərbaycan» sözünə, daha doğrusu, onun birinci yarısı olan Ad+er/At+(e)r hissəsinə nəzər salaraq, biz onu vaxtilə iki müxtəlif qəbiləvi söz kökündən düzəldilmiş «kişilər xalqı», yaxud «adamlar adamı», yaxud da sadəcə «adamlar-adamlar» şəklində qovuşmuş bir söz kimi təfsir edə bilərik». (34;125)
Ə.Dəmirçizadə Midiya tarixini yaxşı bildiyindən Azərbaycan sözünün tərkib elementlərini dövrün dini münasibətlərinə müvafiq mə’nalandırmışdır: «...yeni din (atəşpərəstlik - Q.K.) meydana çıxdığı zaman mağlar yenə öz hakim mövqelərini mühafizə etmək üçün yeni dini qəbul edərək, bu dinin əsil varisləri kimi özlərini tanıtmağa müvəffəq olmuşlar. Bu zaman mağlar hakim qəbiləlikdən çıxaraq hakim təbəqə halına düşmüşlər. Buna görə də nəinki Haxamaniş, Parfiyan sülalələri dövründə, hətta Sasanilər dövründə də əhalinin birinci təbəqəsini təşkil edən ruhanilər məhz mağlardan olurdu. Ruhani təbəqəsi isə «Avesta»da ‘atarvan’, yaxud ‘atharvan’ adlanırdı. Maraqlı budur ki, ruhanilər eyni zamanda «mu:bad» da adlanırdılar ki, bu da İran tarixçilərindən Həsən Pirniyanın qeyd etdiyi kimi, ‘Muğubat - muğpat’ ifadəsindən «muğlar başçısı» mə’nasını vermək üçün düzəldilmiş bir mürəkkəb sözdür. ‘Atarvan’ və ‘mu:bad’ sözlərində isə ‘Azərbaycan’ sözünün əsas ünsürləri olan ‘a-tar-bad’ sözlərinin izi görünməkdədir. Bu tərkibdəki ‘atar’ ünsürü akad. N.Y.Marrın göstərdiyi kimi, iki hissədən ibarətdir: a-tar». (12; 15) Bu məqamda Ə.Dəmirçizadə böyük dilçi həssaslığı ilə sözün ilk hissəsinə aid bizim də gəldiyimiz bir qənaəti təsdiq edən fikir söyləyir: «Birinci hissəni təşkil edən ‘a’ ünsürünü akad. N.Y.Marr ön şəkilçi (prefiks) sayır; lakin bir sıra dəlillərə əsaslanaraq demək olar ki, ‘a’ ünsürü ‘allah’ və ya daha qədim dünyada «totem» mə’nasına işlənən sözün qalıq əlamətidir. Bu qədim söz isə ‘an’ olmuşdur.(12; 16) Professor təqribən Adirpatyan/ Adarpatyan formalarını əsas götürür, ona görə də ‘a’dan sonra ‘n’ samitinin düşmüş olduğunu güman edir. Həqiqətdə isə bu səs Andirpatianu məskən adında vardır.
Atropat adı hökmdara məxsus dini rütbə olmuşdur. Lüğəvi mə’nası İran dillərində ‘od saxlayan’, yaxud ‘odla saxlanılan’ deməkdir. Bizim fikrimizcə, Azərbaycan sözü Andirpatianu vilayət və məskən adından yaranmış, lakin Azərbaycan ən’ənəvi olaraq atropat yurdu olduğu üçün Atropat adı oxşar leksik vahid kimi, Andarpatianu sözündən Azərbaycan sözünün yaranması prosesinin fəallaşmasına, daha geniş yayılmasına, intensiv işlənərək bütövlükdə ölkənin adına çevrilməsinə səbəb olmuşdur. Y.Yusifov da buna yaxın fikir söyləmişdir: «Türk mənşəli ölkə adı hələ I minilliyin əvvəlində farsdilli ən’ənəyə uyğun yozum əsasında Midiya canişini Atropatın adı ilə bağlanmış və bu da Strabonun mə’lumatına düşmüşdür. Bu yozum erkən orta əsr qaynaqlarına da yol açmışdı.» (2; 134) E.ə.III-II əsrlərdə yaşamış Polibinin Atropatena çarlığının hələ farsların vaxtından, yə’ni Əhəmənilər dövründən qaldığını göstərən qeydi də Azərbaycan sözünün satrap Atropatın adı ilə bağlı olmadığını təsdiq edir.
Tarixçilər Atropatena adının eramızın I əsrindən Azərbaycan şəklində formalaşma istiqamətində fəal inkişaf yolu keçdiyini göstərirlər; söz dz qovuşuq səsi ilə Adzirbican və tədricən «z» səsinin üstünlüyü ilə Azərbaycan şəklinə düşmüşdür.
Biz bütün qeyd edilənləri nəzərdən keçirərək bu qənaətə gəlirik ki, Andirpatianu ölkə adı tərkib e’tibarilə bir neçə sözün birləşməsindən yaranmışdır. Sözün sonundakı «u» yad elementdir; pat - ‘ölkə’ deməkdir və o dövrdə şərqdə geniş yayılmış, o cümlədən türkcədə də işlənən matu sözüdür; -an isə cəm şəkilçisidir. Antar hissəsi iki sözdən ibarətdir: An - göy allahının adıdır, tar - ‘tanrı’ sözüdür. Söz bütövlükdə ‘An allahının ölkəsi’ mə’nasındadır. Sözün kökündə An sözünün durması (göründüyü kimi, Ə.Dəmirçizadə də bunu hiss və təsdiq etmişdir) bizi çox gümana salır - şumerlərlə Azərbaycan türklərinin bir kökdən olduğunu göstərir; bu isə ölkəmizin ərazisində yaşayan əsas əhalinin dilinin şumer dili ilə kök birliyi deməkdir.
Sonralar - IX əsrdə qeydə alınmış Azərbad yaşayış məntəqəsi adı da eyni yolla yaranmışdır. Bu sözdə də bad hissəsi ‘ölkə’, ‘yer’ mə’nasındadır; Azər sözü isə antar sözünün fonetik dəyişikliyə uğramış formasıdır və ümumən qeyd edə bilərik ki, bu fonetik variantın formalaşmasında ərəb tələffüzünün rolu çox olmuşdur.
Bura qədərki qeyd və mülahizələrdə bir sıra tədqiqatçıların atropatenalıları iranmənşəli hesab etdiklərini dəfələrlə xatırlatmışıq. Guya «kaspi», «zaqr-elam», «hurri» və s. dillərində danışan mannalılar iranmənşəli midiyalılar tərəfindən assimilyasiya edilmiş, XI-XII əsrlərdən isə türkləşmişlər. Bu fikirlərin məntiqsiz olduğunu dəfələrlə qeyd etmişik. Xüsusi adların təhlili və bir sıra tədqiqatçıların araşdırmaları göstərdi ki, atropatenalılar mannalıların, madayların varisləridir, iranlılaşmaya mə’ruz qalmamış, iranmənşəli olmamışlar, qeyd edilən dövr ərzində (e.ə.IV - e.Vəsrləri) gələn yeni türk tayfaları ilə güclənmiş, türk mənşəli xalq kimi formalaşma prosesi keçirmişlər:
Atropatena dövlətinin adının satrap Atropatın adı ilə uyğunluq əsasında daha sür’ətlə inkişaf yolu keçdiyinə inanmaq olar. Tarixi izlər göstərir ki, Atropat özü iranmənşəli olmamışdır. Strabon göstərir ki, Atropat midiyalı idi. Digər tərəfdən, Atropatın ata-babaları haqqında qalan mə’lumat da bu ailənin iranmənşəli olmadığını təsdiq edir. Ərəb alimi İbn əl Fəqihə görə, Adarbadın (Atropatın) atasının adı İran, babasının adı Asvad imiş. Bir fikrə görə, burada İran sözü təhrifdir, sözün əsli Eran, yaxud Arandır. Orta fars dilinə aid bir mənbədə (28; 17) deyilir ki, Atropatenanın paytaxtını Eran Quşnasp tikmişdir. Bu fakt Atropatın atasının adının İran deyil, Eran, Ərən, Erən olduğunu təsdiq edir. Erən/Ərən sözü isə türkmənşəlidir. Atropatenanın paytaxtının Gəncək şəhəri olduğu da mə’lumdur. İ.Əliyev bu sözü də iranmənşəli saymışdır: «Güman ki, artıq Atropatın dövründə ölkənin paytaxtı Qanzaka idi (Qanzaka, qədim İran, daha dəqiqi midiya dilində qanza «ləl-cəvahirat», »xəzinə»)...»(43;60) Fars dilindəki mənbədə deyilir: «Adurbadaqan tərəfdə Qənzək şəhərini turanlı Əfrasiab tikmişdir».(28; 119) X əsr ərəb coğrafiyaşünası Əl Müqəddəsi Atropatın atasının adını Bəyvarasif, babasının adını Əsvad yazmışdır. Bəyvarasif adı Əfrasiyab sözünün təhrif şəkli hesab edilir. Beləliklə, ölkənin paytaxtı Qənzək (Gəncə), Atropatın ata-babasının adlarının turanlı-türkmənşəli olması Atropat xalqının türkdilli olduğunu bir daha təsdiq edir. Gəncə toponiminin saklarla bağlı izahı da (gəncək tayfa adı) həqiqəti üzə çıxarmağa kömək edir.
Yuxarıda gördük ki, İ.Əliyevin əsas qənaəti bundan ibarətdir ki, Cənubi Azərbaycan ərazisində (Atropatenada) müxtəlif etnoslar birləşərək Mada-Atropatena xalqının təşəkkülünə səbəb olmuşdur və bu xalqın dili şimal-qərbi İran dillərindən olub, talış və Avesta dillərinə yaxın imiş. Burada həqiqət təsvir edilən dövrdə Atropatena ərazisində xalqın və ümumxalq dilinin təşəkkül tapmaqda olmasıdır və başqa tarixçilərin də təsdiq etdiyi kimi, bu dövrdə Azərbaycan (Atropatena - Adzərbaycan) xalqı və onun vahid dili təşəkkül tapmaqda idi. Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilkin feodalizm dövründə - eramızın III-V əsrlərində başa çatmışdır. Lakin bu prosesdə İ.Əliyevin qeyd etdiyi «yerli etnosların öz milli simalarını itirməsi və iranlaşması» prosesi heç bir elmi-tarixi faktla sübut olunmur. İ.Əliyev heç bir fakta əsaslanmadan, heç bir etimoloji təhlil aparmadan bütün Atropatena tayfaları haqqında «güman ki» və ya «şübhəsiz» «irandillidir» deyir.(43; 5-42) Uzaq keçmişdən aborigen əhali kimi yaşamaqda davam edən türk etnoslarının heç birində iranlaşma baş verməmiş, əksinə, e.ə.VIII-VII əsrlərdə skif, sak, massaget, kimmer-türk tayfalarının gəlişi ilə türklər Azərbaycan ərazilərində daim üstünlük qazanmışlar. Y.Yusifov Atropatena ərazisində qeyd edilən tayfaların türk və ya İran mənşəli olması barədə fikirləri və həmin dillərə məxsus izləri nəzərdən keçirərək yazmışdır: «...Azərbaycanda türk etnoslarının iranlaşması baş verməmiş, bir sıra hallarda ünsiyyət nəticəsində qarşılıqlı leksik mənimsəmələr şəraitində türk etnosları öz dilini saxlamış və Azərbaycan türk dilinin yetkinləşməsi prosesi baş vermişdir». (2; 133) Akademik tarixin müəllifi ona görə yerli etnosları zorla iranlılaşdırmağa çalışır ki, eramızın birinci minilliyinin sonunda gələn səlcuq-oğuzların tə’siri ilə «iranlaşmış» əhalini birdən-birə yenidən türkləşdirə bilsin. Lakin tarix göstərir ki, türklərin qədim etnosları güclü olmuş və yeni gələnlər onları daha da gücləndirmişdir. Səlcuqlar gələnə qədər artıq ümumxalq Azərbaycan türk dili və bu əsasda ədəbi dil təşəkkül tapmışdı, xalq minillik inkişaf yolunda idi, yazılı ədəbi dilin təşəkkülü başa çatmaqda idi və bəlkə də xeyli əvvəllərdən başa çatmışdı. Ona görə «bəlkə də» deyirik ki, qaynaqlar alban dilində orijinal və tərcümə kitablarının olduğunu qeyd etsə də, belə mənbələr hələlik əldə edilməmişdir.
Hələ miladdan əvvəl I minilliyin başlanğıcında ölkəmizin ərazisində qədimdən mövcud olan türk tayfaları VIII-VII əsrlərdə gələn kimmerlər, skiflər, saklar və başqa yeni türk tayfaları ilə güclənir, minilliyin sonlarına yaxın Şimali Qafqaz tərəfdən və Xəzərin cənubu ilə gələn hun, kanqar, peçeneq, qıpçaq, bolqar, savar, oran, çolı tayfaları ölkəmizin ərazisində türkləri, türk dilini üstün mövqeyə qaldırır. Eramızın əvvəllərində suvarlar, bolqarlar, qıpçaqlar və oğuzların yeni axını başlayır. Bunlar türklərin siyasi meydanda rolunu daha da artırır, Qafqazda və Yaxın Şərqdə türk dilinin yayılma arealını genişləndirir.
Atropatenanın ərazisi cənubda «Böyük Midiya» əraziləri, şərqdə Xəzər dənizi və onun sahilində yaşayan tayfalarla, qərbdə Zaqroş dağları, şimal-qərbdə Armeniya, şimalda Araz çayı ilə sərhədlənirdi. Araz çayından şimalda yerləşən bə’zi torpaqlar da Atropatena ərazisinə aid idi.(2; 131) Atropatena ərazisində birləşərək bir xalq kimi təşəkkül tapmaqda olan tayfalar müxtəlif idi. E.ə.V əsrin müəllifi Miletli Hekatey ilk növbədə Araz çayı sahilində mük tayfasının adını çəkir. Bə’zi tarixçilər mükləri mağlarla qarışdırmamağı məsləhət görürlər. Biz onların mənşə e’tibarilə bir kökdən olduğuna şübhə etmirik. Müklərin və mağların türkdilli olduğunu əvvəldə qeyd etmişik.
Herodot Atropatena ərazisində kaspi, matien, mük, mard, mar, Ktesi (e.ə.V əsr) kadusi, Polibi (e.ə II əsr) elimey, anariak, kadusi, matian, Strabon kaspi, kadusi, matian, mard, amard, anariak tayfalarının adını çəkmişdir.
Bu tayfalardan daha geniş ərazidə yerləşəni kaspilər idi. İlk dəfə Herodot tərəfindən adı çəkilən kaspilərin müxtəlif ərazilərdə - Dərbənd zonasında, Mil düzündə, Kürlə Arazın qovuşduğu sahədən Xəzərədək olan cənub ərazilərdə və nəhayət, Midiyanın şərqində yaşadıqları müəyyən edilmişdir. İ.M. Dyakonov kaspilərlə kassitləri qohum hesab etməkdə tam haqlı idi, lakin onları elam və ya qafqazdilli etnos saymaq türk varlığını unutdurmaq məqsədi daşıyır. Kaspilər manna, mada və albanlardan sonra dördüncü böyük Azərbaycan türk tayfası sayılır. Q.Qeybullayev «Kuti və lullubilər nəzərə alınmazsa, kaspilər Azərbaycan ərazisində kaslardan, mannalardan, madaylardan və şimalda albanlardan sonra dördüncü böyük türk mənşəli etnosdur» sözlərini qeyd edərək əhalisi türk-azərbaycanlılardan ibarət olan Qəzvin şəhərinin adının da kaspi etnonimi ilə bağlı olduğunu və ədəbiyyatda buna işarələr edildiyini söyləmişdir. (29; 43)
Həqiqətən, Qəzvin sözündə k-q, s-z, p-b-v keçidi aydın görünməkdədir. Bu cür səs keçidləri dilimiz üçün tam səciyyəvidir. Məsələn, Van gölünün qədim adı Bia (su, göl mə’nasında) ilə Van sözü b-v keçidi ilə eyni sözlər sayılır. Zahirən elə görünə bilər ki, məsələn, Fərat çayının adı ərəb mənşəlidir. Şumerlər bu çayın adını Buratu, akkadlar Purattu şəklində tələffüz etmişlər. B-P-F keçidi ilə bu sözlər eyni sözlərdir. Sözü türk mənşəli abra (xeyir verən) sözü ilə (Abratay/Apratay-Arpaçay) əlaqələndirmişlər. (29; 34) Bunlar hamısı türk etimologiyası ilə müəyyənləşir və türklərin qədim dövrlərdən bu yerlərin sakinləri olduğunu göstərir.
Qeyd edilən matien/matian tayfasını bir sıra tarixçilər hurri mənşəli saymışlar. Lakin bu etnonimin türk xalqları arasında tayfa adı kimi işlənməsi onun türkdilli olduğunu söyləməyə əsas verir. Özbəklərdə mitan, qaraqalpaqlarda müyten tayfa adı matien ilə eyni köklüdür. Matienlərin sonralar gəldiyi müşahidə olunmur. Bu, əslində, təbii faktordur, çünki ilk miqrasiya qərbdən - Ön Asiyadan şərqə olmuşdur və bütün gedənlərin geri miqrasiyası vacib deyildi, olmaya bilərdi. Ona görə də güman etmək olar ki, matienlərin bir hissəsi vaxtilə Ön Asiyadan şərqə getmiş, lakin onlar Ön Asiyadakı əcdadlarının yanına qayıtmamış və ya başqa adlarla qayıtmışlar.
Atropatena ərazisində yaşayan kadusi (orta əsrlərdə kateş) tayfası haqqında da müxtəlif fikirlər vardır - həm türkdilli, həm də irandilli olduğunu qeyd etmişlər. Bizim gümanımıza görə, kadusilər uzaq keçmişdə kaslardan ayrılmış türkdilli tayfadır. Bunu sözlərin kökü də (KA-s - KA-dusi - KA-teş) təsdiq edir.
Mard və amard tayfaları, adətən, əlaqəli izah olunur. Bu tayfaların adları İran dillərində asan başa düşülür: mard/mərd - ‘kişi’, ‘cəsur’, ‘igid’, amard isə ‘namərd’ mə’nasını verir. Y.Yusifov bu adların həmin tayfaların etnik mənsubiyyətindən deyil, xarakterindən irəli gəldiyini, mərd və namərd sözlərinin iranmənşəli olsa da, çox qədimdən aborigen Atropatena əhalisinin dilində işləndiyini qeyd edərək onların irandilli olduğunu söyləyənlərin fikirlərinə şübhə etdiyini bildirmişdir.(2; 132-133)
Anariak tayfa adı isə ariak tayfa adı ilə müqayisəli öyrənilir. Anariak sözü ‘namərd’, ‘qorxaq’ mə’nasında izah edilir. Ariak isə qədim türkcə arı ‘təmiz’ və -ak şəkilçisindən ibarətdir. Bu əsasda götürdükdə anariak adına sadəcə olaraq fars an önlüyü əlavə edilmişdir (bu halda anariak - ‘təmiz olmayan’, ‘nəcib olmayan’ mə’nasını verir). Deməli, hər iki tayfa türkdilli olmuşdur. Bunu Orta Asiyadakı bir sıra türk tayfalarının ariak adı ilə tanınması və ya müasir kumıkların ariak adlandırılması da təsdiq edir.(2; 133)
Araşdırmalar əsasında Xəzərin cənub-qərb sahillərində alban tayfa bölüklərinin də yaşadığını müəyyən etmişlər. Bu ərazi Atropatenaya daxil idi. Cənubi Azərbaycanda əhalisi türklərdən ibarət olan Alvan və Alvanaq yaşayış məntəqələri də bu fikri təsdiq edir. (6; 220)
Qarqarların geniş yayılmış türk tayfalarından olduğu mə’lumdur. Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər-Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar-Qarqar kəndlərinin olması göstərir ki, qarqar tayfasının yayılma arealı Atropatena ərazisini də müəyyən dərəcə əhatə etmişdir.(6; 220)
Atropatena ərazisində türkdilli şiraklar da yaşamışlar. V əsr müəllifi Feofilakt Simokattanın Atropatena ərazisində Siraqan yaşayış məntəqəsini qeyd etməsi də bunu təsdiq edir. Hazırda Cənubi Azərbaycanda q>c keçidi ilə Şirac-Xeyl, Şiracməhəllə kəndləri vardır. S>ç keçidi ilə Çirak, Çiraq-Abdal, Çeraktəpə, Çeraqlu, Çeraqil (‘çeraq el’ mə’nasında), Sirak, Şirakdeh kəndləri də sirakların yadigarıdır.(6; 220-221)
Atropatena ərazisində aran tayfasının da izləri qalmışdır. Cənubi Azərbaycanda Arançı, Orançaq, Oranar (oran/aran etnonimi və ər sözü), Aran, Aranlı kəndləri vardır. (6; 221)
Cənubi Azərbaycan ərazisində vaxtilə (XIII əsr) Yaqut Həməvinin qeyd etdiyi Unar (hun və ər sözləri), Xuniabad, Xunan kənd adları bu ərazidə hunların olduğuna sübutdur. Tundar, Şişə, Şişəvan kənd adları dondarlarla, Qerus, Xeris, Xurzan, Xerusan, Xersabad kənd adları gorus (xurs, xorus) tayfa adları ilə bağlıdır. Albaniyanın şimal-şərqində yaşayan çol tayfasının bir qismi cənubda da yaşamışdır. Təbəri sasani şahlarının çol tayfasını Cənubi Azərbaycana köçürdüyünü yazmışdır. Cənubdakı Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar-Qara Sufi, Qullar Məhəmməd Hüseynkənd kənd adları qapan, qarabağ, göyərçi və qul tayfalarının cənubda da yaşamış olduğunu göstərir. Xəzər tayfası öz izlərini cənubdakı Xazarian, Xəzərkəndi, Xəzərkəran, Xəzərabad, Xəzər-Böyük, Xəzər-Çoban, Xəzərşax kənd adlarında saxlamışdır. Q.Qeybullayev bu faktları ümumiləşdirərək yazır: «Beləliklə, erkən orta əsrlərdə Şimalda - Albaniya ərazisində yaşamış alban, aran, qarqar, sirak, sadak, hun, savar, çul, peçeneq, xəzər və b. türk tayfalarının müəyyən hissəsi cənubda da yaşayırdı. VII əsr ərəb müəllifinin «Azərbaycan qədimdən türklər ölkəsidir» sözü də bununla əlaqədardır». (6;222) Eyni türkdilli tayfaların şimalda və cənubda yaşaması cənublu-şimallı Azərbaycanda ümumxalq dilinin təşəkkülü, tayfa dillərinin ümumxalq dili şəklində inteqrasiyası baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Atropatena ərazisində tatlar, yəhudilər, gürganlar, parslar, kürdlər və b. irandilli tayfalar da yaşayırdılar. Onlar Azərbaycan milli mədəniyyətinin təşəkkül və inkişafında müəyyən rol oynamışlar. Onların bir qismi sasanilərin vaxtında şimala köçürülmüşdür.
Azərbaycan ərazisində çox mürəkkəb etnik proses getmiş, yerli türk tayfaları ilə gəlmə türk tayfalarının konsolidasiyası xeyli müddət davam etmişdir. Eramızın V əsrində artıq Azərbaycan dilində ümumiləşmə başa çatmışdı. Bütün bunlar «irandilli atropatenlərin, qafqazdilli albanların XI-XII əsrlərdə səlcuqların tə’siri ilə türkləşməsi ideyası»nın tam yanlış olduğunu üzə çıxarır: «Yuxarıda deyilənlərdən görünür ki, artıq e.ə.I minilliyin əvvəllərindən Azərbaycan ərazisində yerli türkmənşəli etnoslar - mannalar, madaylar, kaslar, kaspilər, albanlar məskun idilər. Bununla da xalqımızın təşəkkülündə iştirak etmiş etnik komponentlərin etnik mənsubiyyətləri müəyyən edilmiş oldu və azərbaycanlıların orta əsrlərdə iranlılardan və dağıstanlılardan dönmə olması haqqındakı konsepsiyanın puçluğu üzə çıxdı».(6; 222)
Dostları ilə paylaş: |