MÜRƏKKƏB CÜMLƏ
Tabesiz mürəkkəb cümlələr
«Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb cümlənin struktur modelləri müasir ədəbi dilimizdə mövcud olan mürəkkəb cümlə modellərinin özülündə durur. Bu cəhət həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrə aiddir.
Xalq danışıq dilinə əsaslandığından sonrakı dövrlərdə meydana çıxan, ərəb və fars dillərinin tə’siri ilə artıb-çoxalan bağlayıcılar dastanların dilində özünə hələ o qədər də yer edə bilməmişdir. Ona görə də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bağlanmış, az hallarda nə - nə, dəxi və əmma bağlayıcılarından istifadə edilmişdir; məs.: Anun kibinin, xanım, bəbəkləri bitməsün, ocağına buncılayın övrət gəlməsün. (33) Oğlı-qızı olmıyanı allah-təala qarğayıbdır, biz dəxi qarğarız. (34) Əmma bizim bir bəgimiz oğlı vardır, bu üç nəsnəyi ana ərməğan aparsavuz gərək idi. (53) Nə oğlan yenər, nə buğa yenər. (36) Oğul, baban sağdır, əmma söyləməyə qorxudum, kafərə varasan, kəndözini urasan, halak olasan. (119)
Müasir ədəbi dilimizdə tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müəyyən edilmiş mə’na əlaqələri «Dədə Qorqud»un dilində də eyni qrammatik semantikaya malik olmuşdur.
Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu qrupu sadalama üsulu ilə qurulmuşdur. Tərkib hissələrdə müxtəlif iş və hadisələr qeyd olunmuş, həmin iş və hadisələrin ya eyni zamanda, yaxud da müəyyən ardıcıllıqla icra edildiyi (və ya edilmədiyi) ifadə olunmuşdur. Ona görə də birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrin eynizamanlı və ardıcılzamanlı birləşdirmə kimi iki növü dastanların dilində də özünü göstərir.
1.Eynizamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növünə dastanların dilində daha çox rast gəlmək olur. Tərkib hissələrdə sadalanan hadisələr eyni zaman ölçüsü ilə hüdudlanmış olur, vahid zaman ərzində baş verir. Zaman ölçüsü konkret də ola bilir, son dərəcə ümumi də; məs.: Ölən adam dirilməz, çıxan can gerü gəlməz. (31) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) ...oğlı olan evərimiş, qızı olan köçürmiş. (55) Yandı bağrım, göynədi içim. (61) Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara qıyma gözləri qan-yaş toldı. (72)
Müasir ədəbi dilimizdə olduğu kimi, bir sıra cümlələrdə tərkib hissələrə aid ortaqlı zaman zərflikləri vardır və həmin zərfliklər tərkib hissələrdə qeyd olunan hadisələrin eyni bir zaman üzrə birləşmiş olduğunu daha aydın göstərir; məs.: Böylə digəc Qaracıq çobanın acığı tutdı, todaqları təbsirdi. (49) Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. (52) Yegnək bu xəbəri eşidcək yürəgi oynadı, qara bağrı sarsıldı. (94)
Bə’zi cümlələrdə tərkib hissələrə aid ortaqlı yer zərfliyinin olmasına baxmayaraq, komponentlər yenə də zaman eyniliyi üzrə birləşmişdir: Dərələrdə, təpələrdə kafərə qırğun girdi, leşinə quzğun uşdi. (50) Mənim köprim yanında bu qovğa nədir, niyə şivən edirsiz? (79)
Cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün hazırda istifadə etdiyimiz bir üsuldan - birləşmənin təkrar olunan komponentinin ixtisarı üsulundan dastanların dilində də geniş istifadə edilmiş, tabesiz mürəkkəb cümlənin birinci komponentində bütöv şəkildə işlənmiş söz birləşməsinin təkrar olunan birinci komponenti sonrakı tərkib hissələrdə buraxılmışdır: Məgər xanım, Bayındır xanın bir buğası vardı, bir daxi buğrası vardı. (36) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Bu yağının bir ucın mana, bir ucın sana. (92) Əlaqibət, uzun yaşın ucı ölüm, axırı ayrılıq. (126)
Komponentlərin xəbərlərinin struktur baxımdan eyniliyi və hətta eyni sözlərlə ifadəsi də tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Ağam Qazan, sən evin almağa gedərsən, mən dəxi qarındaşım qanın almağa gedərəm. (46) Oğulda ortacım yoq, qartaşda qədərim yoq. (52) Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. (64) Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə. (64)
Bu cür cümlələrin bir qismində təkrar olunan üzv cümlənin birinci komponentdə ya bütöv şəkildə buraxılmış, yaxud da bir hissəsi ixtisar edilmişdir: Ayağım başmaq, yüzim yaşmaq görmədi. (33) At ayağı külük, ozan dili çevik olur.(36) Bəg nökərindən, nökər bəgindən ayrıldı. (50) Kimi «oğul» deyü, kimi «qartaş» deyü ağladı. (79) Əski tonın biti, öksiz oğlanın dili acı olur. (111)
Zaman üzrə birləşən cümlələrin bir qismi tərkib hissələrin paralelizmi əsasında qurulmuşdur: İyəgülü ulalur, qapırğalı böyür. (36) Adını bən verdüm, yaşını allah versün.
Bir sıra cümlələrdə xəbərin və ya xəbərlik şəkilçisinin ixtisarı da tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Əzrayili nə çavuş gördi, nə qapuçı. Qonşu həqqi - tənri həqqi. (33) Ana həqqi - tənri həqqi. (47) Dünya şirin, can əziz. (81)
Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə eyni zamanda, eyni fe’l formasındadır: Qapuçılar səni görmədi, Çavuşlar səni tuymadı. (79) Borı çalındı, kos uruldı. (126) Yağı basıldı, düşmən sındı. (92) Gərdək paralanmış, naib şəhid olmuş. (57) Oğul, sana ox batmasun, tənüni qılıc kəsməsün. (99)
Sadalama üsulu ilə qurulduğu üçün zaman eyniliyi üzrə birləşən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin ikidən artıq olduğu hallar da vardır; məs.: Yer kibi kərtləyin, topraq kibi savrılayın! (55) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi, qara bağrı sarsıldı, düm yürəgi oynadı, qarannulı gözləri qan-yaş toldı. (74)
2.Ardıcılzamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növündə sadalama üsulu ilə birləşdirilmiş tərkib hissələrdəki iş və hadisələr zaman ardıcıllığının nəzərə alınması ilə yerləşdirilmişdir.Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə fe’li xəbərdən ibarətdir və eyni zaman şəkilçiləri ilə formalaşmışdır; məs.: Tan ötdi, gün toğdı. (57) Əcəl aldı, yer gizlədi. (78) Ala qalı döşədilər, oturdı. (87) Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. (98) Bu yığnaq yarıldı, içindən bir oğlan çıqdı. (99) Ol dəxi paralandı, bir parəsi Dəpəgözin öginə düşdi. (101)
Tərkib hissələrin xəbərləri xəbər forması ilə yanaşı, əmr formasında da işlənmişdir: Sən mənim əlümi sağaldı gör, tənrinin buyruğilə, peyğəmbərin qövlilə qız qarındaşı Beyrəgə verəyim. (56) Mərə, geyimim gətiürün, oğlum geysün! (107) Aqan turı sulardan xəbər keçə, arqurı yatan Ala tağdan xəbər aşa, xanlar xanı Bayındıra xəbər vara. (37)
Son cümlədə mübtədanın (xəbər sözü) təkrarı danışanın həyəcan və düşüncələrini daha qabarıq ifadə edir. Müasir nəsrdə mübtəda yalnız dərin duyğulu yazıçıların dilində bu cür təkrar olunur.
Xəbərlərin müxtəlif fe’l formalarında olduğu, birinin adlar, digərinin fe’llərlə ifadə edildiyi hallar da vardır: Bu gün bən geydim, yarın naibim geysün. (57) Çoban, yil təmam olıcaq məndə əmanətin var, gəl, al! (98) Emdi mən varayım, əlin-ayağın bağlıyayım, andan siz gələsiz. (113) Bu cür cümlələrdə bu gün - yarın, emdi - andan qoşaları da əlaqənin ardıcıllığını tə’min edən vasitələr kimi çıxış edir.
Sadalama yolu ilə tələffüz edilsə də, ardıcılzamanlı birləşdirmə əksərən iki, az hallarda üç komponentlidir; məs.:
Bir bölük atlu gəldi, içində bəgləri yatdı-uyıdı. (116) Məgər xanım, Qazanın bir oğlancığı vardı, böyüdi, yigitcik oldı. (119) Atın çəkdilər, bindi. (124) Beyrəgi istəmiş, ol dəxi varmış. (125) Ərə varan yerindən tura, bən qopuz çalam, qol saluban oynaya. (64)
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr birinci tərkib hissəsi səbəb, ikincisi nəticə bildirməklə iki komponentdən ibarət olur. Nəticə bildirən ikinci komponent əvvəlkinə mə’na və intonasiya ilə bağlanır, birinci komponentdən doğan obyektiv nəticəni bildirir. Bu xüsusiyyət eyni dərəcədə «Dədə Qorqud» dilinin sintaksisinə də aiddir. Komponentlər intonasiya ilə əlaqələnmişdir:
Buğanın ögindən savıldı, buğa buynuzı üzərinə dikəldi. (88) Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı.(90) Gözinin qapağın oxşamışlar, yüzini qan bürimiş. (91) Bəslədilər, böyüdü, gəzər oldı. (99) Dört oğlı olan birin verdi, üçi qaldı.(99) Sügiligi ocağa bıraqdılar, qızdı. (101) Görklüm, atdan düşdüm, ayağım sındı. (106) Qazanı küçicik ölüm tutdı, uyıdı. (116)
Səbəb-nəticə əlaqəli cümlələrin xəbərləri əksərən eyni qrammatik formadadır: Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı. Sıqdı, südlə qan qarışıq gəldi. (39) Boyı uzun Burla bunı eşitdi, yürəgilə canına odlar düşdi. (46) At işlər, ər ögünər. (57) Məgər xanım, Boyı uzun Burla xatun oğlancuğını andı, qərarı qalmadı. (76) Ol üzümi sıqırlar, al şərabı olur. (80) Küfr söz söylədim, Həq təalaya xoş gəlmədi.(81) Bir bəgüm görünməz, bağrvm yanar. (81) Gög üzərində al qanatlu Əzrayilə Əmr elədi, uçub gəldi, Aqca mənim köksüm basub qondı. (81) Qanlı qoca bu başları və bu canvərləri gördi, başında olan bit ayağına dərildi. (85)
Bunlardan əlavə, tərkib hissələrin xəbərləri aşağıdakı formalarda da özünü göstərir:
Xəbər formasının müxtəlif zamanlarında: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. Şahbaz-şahbaz atlar Qarıyıbdur, qulun verməz.(49)
Hər ikisi əmr formasında: Ava bingil, könlün açılsun. (105) Həmişə Qazanın başına bunlu gəlsün, tayısı Aruzı daim ana tursın. (123)
Birincisi xəbər, o biri əmr formasında: Bir buğa öldirmüş sənin oğlın, adı Buğac olsun. (36) Sən oğlını «Bamsam» deyü oxşarsan; bunın adı Boz ayğırlıq Bamsı Beyrək olsun! (54)
Dastanların dili üçün tərkib hissələrinin xəbərlərindən biri ismi, digəri fe’li olan tabesiz mürəkkəb cümlələr də səciyyəvidir; məs.: Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox! (112) Ölülərinizdə andan yorqa yoqdır, həp ana binərəm. (117) Bunun oğlı var, qardaşı var, bunı öldürmək olmaz. (119) Sən qarındaşısan, sən var. (125) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var! (82) Yauqlısı vardı, tez dügün-diring etdilər. (112) Bu at Bəkilindir, biz qaçırıq. (107) Bu cür cümlələr nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrə çox yaxındır.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu növünün dastanların dilində müşahidə olunan tipi yalnız sintez-analiz üsulu ilə qurulmuşdur - ümumilik bildirən komponent əvvəl, aydınlaşdıran komponent sonra işlənmişdir; məs.: Toquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılıc, bir çomaq gətürdilər. (104) Aydınlaşdıran komponent bir sadə cümləyə uyğun gəldiyi kimi, həmcins və ya paralel də olur: Kafər Qazanın gəldügin gördi, ürkdi: kim atın binər, kim cövşən geyər. (74) Oğuzda dört yigit niqabla gəzərdi: biri Qanturalı, biri Qara çəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. (87) Çoq çalışdılar: nə buğa yenər, nə Qanturalı yenər. (88) Anda eki qılıc var: biri qınlu, biri qınsuz. (102) Aruz qayət səxt oldı, Taş Oğuz bəglərinə adam saldı: Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü qalan bəglər həb gəlsün! (124)
Dastanların dilində ümumilik bildirən tərkib hissənin həmcinsliyinə də təsadüf edilir: Ərş tanığ olsun, kürsi tanığ olsun, Yer tanığ olsun, gög tanığ olsun - Mənim canım sənin canına qurban olsun! (83) - cümləsində son komponent aydınlaşdıran, əvvəlkilər ümumilik bildirən həmcins komponentlərdir.
Aydınlaşdırma əlaqəsində tərəflər yalnız intonasiya ilə əlaqələnmişdir; məs.: Sağım ələ baxduğımda Qartaşım Qaragünəyi gördim - Baş kəsibdür, qan dökipdir. (69) Solum ələ baqduğımda Tayım Uruzı gördim - Baş kəsübdir, qan dökipdir. (69) Oğuzın ol kişi təmam bilicisiydi - nə diyərsə, olurdı. (31)
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü də semantik strukturuna görə müasir modellərindən fərqlənmir: ya tərkib hissələrdəki iş və hadisələr mahiyyətcə bir-biri ilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir; məs.: Oğlanın anası əmcəgin bir sıqdı, südi gəlmədi. İki sıqdı, südi gəlmədi. (39) Sarp qayalar oynanmadı, yer oyruldı. (40) Birinə yapışdıq, qırq yerdən avaz gəldi. (46) Məni sana asarlar, götürməgil, ağac. (48) Qarşu yatan qara tağın yıqılubdır, Ozan, sənin xəbərin yoq. Kölgəlicə qara ağacın kəsilibdür, Ozan, sənin xəbərin yoq. (62)
Tabesiz mürəkkəb cümlələrin bu növünün tərkib hissələrini əlaqələndirən əsas vasitələr intonasiya və antonim sözlərdir: Bazırganın ulusı tutuldı, kiçisi qaçaraq Oğuza gəldi. (53) Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq. Dəvəcə böyümişsən, qarıca beynin yoq. (69) Mərə, Əzrayil, mən səni gen yerdə istərdim, tar yerdə eyü əlümə girdin olamı? (80) Sən gəlürsən, bir bəbəgüm görünməz. (91) Mən aşağa qulpa yapışuram, sən yuqarı qulpa yapışursan. (92) Gödəsi adam, dəpəsində bir gözi var. (99)
Az hallarda tərkib hissələri əlaqələndirmək üçün’yoxsa’ bağlayıcısından istifadə edilmişdir: Hünəri oğul atadanmı görər, ögrənər, yoxsa atalar oğuldanmı ögrənür? (69)
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində komponentlər ziddiyyətə görə əlaqələnmişdir: birinci komponentdə icrasına meyl edilən iş ikinci komponentdə qeyd edilən hadisə ilə əlaqədar reallaşmamış qalır və ziddiyyət yaranır; məs.: Ağ saqallu baban yanına vardın, can vermədi. Ağ birçəklü anan yanına vardın, can vermədi. (82) Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi. (99) At, yaraq və işıq Bəkilin, Bəkil içində degil. (107)
Tabesiz mürəkkəb cümlənin bu növündə komponentlərin qarşılaşdırılması, müqayisə edilməsi və fərqləndirilməsi yolu ilə əlaqəsi daha çox müşahidə olunur. Bu zaman komponentlərdə müxtəlif üzvlər qarşılaşdırılmış olur:
Mübtədalar və xəbərlər qarşılaşdırılır: Mərə sası dinlü kafər! Qara tonuz ətindən yəxni yedirdin, doyamadım. (60)
Mübtədalar və tamamlıqlar qarşılaşdırılır: A oğul, qız görmək səndən, mal, rizq vermək bəndən. (85) Oyarmaq bəndən, savaşuban hünər göstərmək səndən. Ya asi məl’un, sən pütlərünə yalvarırsan, mən aləmləri yoqdan var edən allahıma sığındım. (108) Oğul, sən mala becid ol yığ, mən sana qız arayı gedəyim. (85)
Mübtədalar və tə’yinlər qarşılaşdırılır: Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz. (57)
Tamamlıqlar və xəbərlər qarşılaşdırılır: Mərə, sən səni bilürsən, bizim halımızdan xəbərin yoq. (60)
Eyni üzvlərin bu cür qarşılaşdırılması ilə yanaşı, tərkib hissələrdəki müxtəlif üzvlər də qarşılaşdırılmışdır. Məsələn, aşağıdakı cümlələrdə xəbərlərdən əlavə, birinci tərkibin mübtədası ilə ikinci tərkibin tamamlığı da qarşılaşdırılmışdır: Qarğu cida oynadanlar vardı, gəldi, Altun cida oynadana, yarəb, noldı? Qaraquc ata binənlər vardı, gəldi, Bədəvi atlu bir oğula, yarəb, noldı? (72)
Qarşılaşdırma əlaqəsində bə’zən ikinci komponentin subyekti birincidən əvvəl işlənmişdir; məs.: Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsinin normal formasını belə düşünmək olar: Beş gün oldu, (amma) Bəkil divana çıqmadı. Bu cür cümlələr baş cümləsi zaman mə’nalı (intonasiya ilə qurulan) mübtəda budaq cümlələrinin əcdadları sayıla bilər: Beş gün idi, Bəkil divana çıxmırdı.
Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü əsas fikir söyləndikdən sonra əlavə bir fikrin yada düşməsi və bir tərkib kimi birinci komponentə qoşulması ilə yaranır. Birinci komponentin sonunda intonasiya alçalır, müasir dildə olduğu kimi, ikinci tərkib hissə azacıq fasilə ilə birinciyə qoşulur; məs.: Qalanısın yora bilmən, allah yorsün! (44) Tavla-tavla şahbaz atlarım gətürüb durursan, sana binət olsun! (48) Dünlügi altun ban evini gətürmişiz, bizimdir. (48) Şahbaz-şahbaz atlar yügirdi, nalı düşdi. Qara polat uz qılıclar çalındı, yılmağı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. (50) Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun! (51) Allah-təala sana bir oğıl vermiş, tuta versün!. (54) Qarnum acdır, toyursan! (64) Ərə varan qız mənəm, oynayayım. (64) Qara tonlu kafərə at dəpərəm, işümi sən onar! (96)
Misallardan göründüyü kimi, komponentləri əlaqələndirmək üçün yalnız intonasiyadan istifadə edilmişdir.
Dastanların dilində işlənmiş tabesiz mürəkkəb cümlələrin bir qismini, intonasiyadan asılı olaraq, tabeli mürəkkəb cümlə kimi də anlamaq olar. Məs.: Sən aradan çıqqıl, mən allah-təala bilə xəbərləşim. (81) Qara polad uz qılıcın mana vergil, Ğafillücə başlar kəsim səninçün. (107) Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim. (116) Gəlün, Qazanı quyudan çıqarun, bizi ögsin. (117) - cümlələrindən birincisi qarşılaşdırma, sonrakılar ardıcıllıq əsasında qurulmuşdur. Lakin bunların tərkib hissələri arasına ki bağlayıcısını artırmaqla həmin cümlələri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə kimi də dərk etmək olar. Bunlar «Dədə Qorqud»un dilində tabesizlik intonasiyası ilə formalaşıb. Tabeli mürəkkəb cümləyə keçid üçün lazım olan intonasiya olmadığı kimi, bu cümlələrdə ki bağlayıcısının tələb etdiyi fasilə də yoxdur.
Qoşulma əlaqəsi az öyrənilmişdir. «Dədə Qorqud»un dili tabesiz mürəkkəb cümlənin bu növü üçün maraqlı material verir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdən dastanların dilində az istifadə edilmişdir. Həm də bu cür cümlələr müasir dilimizdə bağlayıcının müşayiəti ilə qurulduğu halda, dastanlarda, təbii olaraq, bağlayıcısızdır. Beyrək götürər qızı yerə urmaq istər, qız götürər Beyrəgi yerə urmaq istər (55) - cümləsi bölüşdürmə əlaqəlidir. Hazırda bu cür cümlələrdə gah - gah da bağlayıcısı iştirak edir.
Qarışıq tipli tabesiz mürəkkəb cümlələr. «Kitabi-Dədə Qorqud»un VI-VIII əsrlərdə cilalanmış dili belə aydın bir inam yaradır ki, biz hər şeyə artıq dərəcədə bəsit yanaşırıq, bə’zən Həsənoğlunun qəzəli kimi kiçik bir şe’ri minilliklərin yaratdıqlarından «fakt» naminə üstün tuturuq. «Dədə Qorqud»un cümlə quruluşu, xüsusən qarışıq tipli cümlə modelləri göstərir ki, 1500 illik müddətin o tayından hadisələri bizə çatdıran bu dil mövcud quruluşunu bəlkə bundan daha artıq bir müddət əvvəldən almışdır. Bunu - bu təəssüratı dastanların dilinin bura qədər nəzərdən keçirdiyimiz sintaktik strukturu ilə yanaşı, qarışıq tipli mürəkkəb cümlə formaları da yaradır.
Dastanların dilində qarışıq tipli tabesiz mürəkkəb cümlə modelləri, başlıca olaraq, aşağıdakılardır.
I. Komponentlərindən biri sadə, digəri mürəkkəb quruluşlu olanlar.
1. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir; məs.: Uc toqundu, alca qanı şorladı, qoynı toldı (37)
2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tərz budaq cümləli («budaq cümlə + baş cümlə» quruluşlu) tabeli mürəkkəb cümlə şəklindədir: Oğul, Qalın Oğuz bəglərini odamıza oxıyalım, necə məsləhət görərlərsə, ana görə iş edəlim. (55)
3. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir və qarşılaşdırılan tərəflərin hər ikisi şərt budaq cümləlidir: Varayım, oğluma toğrı xəbər verəyim, hünəri varsa, gəlsün alsun, yoxsa, evdəki qıza razı olsun. (85-86)
4. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir və tamamlıq budaq cümləsinin özü də qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə kimi qurulmuşdur: Yarın Oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, - deyələr. (89)
II. Hər iki komponenti mürəkkəb quruluşlu olanlar.
Bu qrupa daxil olan tabesiz mürəkkəb cümlələri üç növə ayırmaq olar:
1) hər iki komponenti tabesiz mürəkkəb cümlə şəklində olanlar; məs.:Yad qızı həlalım var, andan mənim iki oğlancığım var, əmanətim var, ısmarlaram anlara, andan sonra mənim canım alasan. (82) Gürzlə dögişdilər, qara polad uz qılıc ilə tartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar, çiginləri toğrandı, qılıcları ovandı, bir-birin alımadı. (109)
Bu misallardan birincisi aydınlaşdırma, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cümlələrin hər ikisinin komponentləri yenə tabesiz mürəkkəb cümlə şəklindədir: birinci cümlənin birinci tərəfi zaman, ikincisi ardıcıllıq əlaqəlidir; ikinci cümlənin birinci tərəfi ardıcıllıq, ikincisi qarşılaşdırma əlaqəlidir.
2) komponentlərindən biri tabesiz, digəri tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər; Bənim də içində binədim var, Qomaqım yoq qırq namərdə! (41)
Qarşılaşdırma əlaqəli bu tabesiz mürəkkəb cümlənin birinci komponenti şərt budaq cümləli tabeli mürəkkəb cümlə, ikincisi zaman əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir:
3) hər iki komponenti tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Ac görsəm, toyurdım, yalıncıq görsəm, tonatdım.(38) Alursan, ikimüzün canın bilə alğıl, Qorsan, ikimüzün canın bilə qoğıl! (83) Qılıcının belçağına yabıkdı kim, bunı çırpa, gördi kim, əlində qopuz var. (114)
Birinci cümlə zaman əlaqəlidir, hər iki komponenti zaman qarışıq şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli ikinci cümlənin komponentləri də şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli son cümlənin birinci komponenti məqsəd, ikincisi tamamlıq budaq cümləlidir.
Qarşılaşdırma əlaqəli aşağıdakı cümlə də bunlarla eyni quruluşludur. Fərq orasındadır ki, ikinci komponentin ikinci tərəfi yenə mürəkkəb quruluşludur - zaman əlaqəli tabesiz mürəkkəb cümlə kimi formalaşıb:
Bulursam, buldım; bulmaz isəm, tənri verdi, tənri aldı. (74)
Tabeli mürəkkəb cümlələr
Budaq cümlələri və onları baş cümləyə bağlayan vasitələri ətraflı nəzərdən keçirməklə biz dilimizin sintaktik quruluşunun «Dədə Qorqud»un yarandığı dövr mənzərəsi barədə daha aydın təsəvvür qazana bilərik. Bu cəhətdən «Dədə Qorqud» bütün qədim dövrün yekunu, hazırkı ədəbi dilimizin başlanğıcıdır. Dastanların dil materialı sübut edir ki, bu dil qədim olmaqla yanaşı, sonrakı dövrlərdə özünü göstərən bütün sintaktik normaların ilkin qəlibinə malik olmuşdur. Bunu ayrı-ayrı budaq cümlələri nəzərdən keçirməklə də görmək olar.
Mübtəda budaq cümləsi. Dastanların dilində mübtəda budaq cümləsinin hər iki tipi normal şəkildə işlənmişdir. Baş cümlədə qəlib və qarşılıq bildirən sözlərdən az istifadə edilmişdir; məs.: Nə gəlürsə, bənim sağrıma gəlsün.(33) On altı yıldır ki, Oğuz içindən getmiş idik.(53) - cümlələrindən birincisində budaq cümlə, ikincisində baş cümlə əvvəl işlənmişdir. Birinci misalda budaq cümlə baş cümləyə bağlayıcı sözlə («nə» sözü), ikinci misalda «ki» bağlayıcısı ilə bağlanmışdır.
«Budaq cümlə + baş cümlə» quruluşlu cümlələrdə budaq cümlə baş cümləyə ‘nə’ sözü ilə yanaşı, ‘hər kim’, ‘nə qədər’ bağlayıcı sözləri ilə də bağlanmışdır. Bağlayıcı sözlərin heç birində ki ədatı yoxdur. Əksinə, budaq cümlələrin sonunda -sa,-sə şəkilçisi fəaldır. Baş cümlələrdə az hallarda qarşılıq bildirən söz işlənmişdir (olmadıqda təsəvvür edilir):
Hər kim yemədi, ol Qazan xatunıdır. (88) ..nə diyərsə, olurdı. (31) ...meydanda nə qədər at varsa, qan qaşındı. (88) Ol zamanda Oğuz yigitlərinə nə qəza gəlsə, uyxudan gəlürdi. (90)
Analitik quruluşda budaq cümlə baş cümlədən sonra gələrək, onunla bə’zən yalnız intonasiya ilə, bə’zən də kim (ki) bağlayıcısı ilə əlaqələnmişdir. Baş cümlə yarımçıq cümlə şəklindədir - qəlib söz işlənməmişdir: ...on altı yıldır, tutsaqdır. (94) Üç gündür qoşalığım yoq. (106) On altı yıldır kim, babanın tutsağıyam.(59) Bəgümizin bir oğlı vardı, on altı yıldır kim, ölüsi-dirisi xəbərin kimsə bilməz.(60)
İntonasiya ilə qurulduğu, hələ bütün hallarda bağlayıcı özünə möhkəm yer edə bilmədiyi üçün budaq cümlənin baş cümlədən asılılığı zəifdir, ona görə də aktuallaşdırmaq, «yeni»ni daha aydın nəzərə çarpdırmaq üçün analitik tipdə baş cümlə kimi təşəkkül tapan hissə dastanların dilində bə’zən budaq cümlədən sonra işlənmişdir: (Ala gözlü oğlun qardaşını andı, gedər). Ağca yüzlü gəlinün döndərəməz, Sizə mə’lum olsun! (112) Bu cür sərbəstlik intonasiya ilə qurulan cümlələrdə hətta budaq cümlənin baş cümlə arasında işlənməsinə də yol açmışdır: Səndənmidir, bəndənmidir, tənri-təala bizə bir yetman oğıl verməz, nədəndir? (35) Burada ‘Səndənmidir, bəndənmidir, nədəndir’ zəif təşəkkül tapmış baş cümlədir.
Tədricən ki bağlayıcısı özünə möhkəm yer etdikdən sonra bu cür cümlələrdə komponentlərin sırası sabitləşmişdir: Sizə mə’lum olsun ki, ağca yüzlü gəlinün döndərəməz...
Xəbər budaq cümləsi. Budaq cümlənin bu növünün müasir quruluş modelləri - bağlayıcı sözlü və bağlayıcılı formaları dastanların dilində də vardır. Bağlayıcı sözlü tipi az işlənmişdir. Baş cümlədə zəruri üzv kimi, qarşılıq bildirən söz, yə’ni xəbər, təbii ki, həmişə işlənməli olmuşdur. Budaq cümlə baş cümləyə hər kim bağlayıcı sözü ilə bağlanmış, baş cümlənin xəbəri qarşılıq bildirən ol sözü ilə ifadə olunmuşdur: Hər kim yedi, ol degil. Hər kim yemədi, oldur. (47)
Xəbər budaq cümləsinin «kim» bağlayıcılı tipi daha fəaldır. Baş cümlənin xəbəri şoylədir, boylə oldı, budur, odur sözləri ilə ifadə olunmuş və budaq cümlə vasitəsilə izah edilmişdir:
Xanım, bu gün Bayındır xandan buyruq şoylədir kim, oğlı-qızı olmuyanı tənri-təala qarğayıbdır, biz dəxi qarğarız. (34) Mərə Dəli Domrul, allah-təalanın əmri boylə oldı kim, Dəli Domrul canı yerinə can bulsun, onun canı azad olsun. (81) Yegrəgi budur kim, bunda qırılavuz. (116) Bunın müdarası oldur kim, Qazanı çıqaravuz, anlara bərabər edəvüz.(120)
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrdə müşahidə olunan bir cəhət - intonasiyanın yaratdığı imkanla, sərbəstliklə əlaqədar və ki bağlayıcısının hələ özünə möhkəm yer edə bilməməsi nəticəsində analitik xəbər budaq cümlələrinin bir qismi tabesiz mürəkkəb cümlələrə çox yaxındır, hələ tərəflərin yeri tam sabitləşməmişdir; məs.: Evin yağmalatdığın dəm Taş Oğuz bilə bulınmadı, səbəb oldur (123) - cümləsi qoşulma əlaqəli tabesiz mürəkkəb cümləyə oxşasa da, ‘səbəb oldur’ hissəsi zəif əlaqələnən baş cümlə funksiyasını yerinə yetirir. Dilin sonrakı inkişafı prosesində ki bağlayıcısı özünə yer etdikcə bu cür sərbəstliyi aradan qaldırmış, analitik tipin tam sabitləşməsinə səbəb olmuşdur.
Tamamlıq budaq cümləsi. Müasir ədəbi dilimizdə olduğu kimi, dastanların dilində də tamamlıq budaq cümləsi çoxişlənən, rəngarəng xüsusiyyətləri ilə seçilən budaq cümlə növüdür. »Dədə Qorqud»un dilində hər iki tipi fəaldır; məs.: Hər nə iş olsa, Qorqud ataya tanışınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi, sözin tutub təmam edərlərdi.(31) Dilədi ki, oğlanı həlak qılaydı. Yəqin bildi kim, oğlan kafərə tutsaqdır (74) - cümlələrindən əvvəlki ikisi bağlayıcı sözlü, sonrakılar bağlayıcılı cümlələrdir. Əvvəlki iki misalda budaq cümlə baş cümlədən əvvəl işlənərək ona hər nə, hər nə ki bağlayıcı sözləri və -sa şəkilçisi ilə, sonrakı misallarda baş cümlədən sonra işlənərək ona ki, kim bağlayıcıları ilə bağlanmışdır. Əvvəlki misalların baş cümlələrində qarşılıq bildirən söz olmadığı kimi, sonrakılarda da qəlib söz işlənməmişdir.
Bağlayıcı sözlü cümlələrdə budaq cümlə baş cümləyə yuxarıdakılardan əlavə, kimün ki, nə yerdə, anun kim, hər kim, kimi bağlayıcı sözləri ilə də bağlanmışdır. Budaq cümlələrdə ki ədatına nisbətən -sa,-sə şəkilçisi fəaldır; məs.: Kimün ki oğlı-qızı yoq, qara otağa qondurın... (34) Nə yerdə gözəl qopdısa, çəküb aldı.(37) Kimə baqsa, eşqilə oda yaqar. (88) Eyni quruluşlu cümlələrin bir qisminin baş cümləsində qarşılıq bildirən ana, anı sözləri müşahidə olunur: Anun kim oğlı-qızı olmuya, tənri-təala anı qarğayıbdur, biz dəxi qarğarız. (35) «Hər kim ol üç canvəri basa-yensə, öldürsə, qızımı ana verərəm» deyü və’də eyləmişdi. (85) Hər kim ol üç canvəri basa, ol qızı ana verirlər.. Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl. (112) Nə yerdə sırılur varsa, çəkən bilür. (32)
Qarşılıq bildirən söz yiyəlik halda olduqda ikinci tərəflə birlikdə üzv olur: (Hər kim) Basub öldürməsə, anun başını kəsirlər, bürcə asarlar (86) - cümləsində anun başını birləşməsi tamamlıq olduğu üçün cümlə tamamlıq budaq cümləlidir.
Tamamlıq budaq cümləsinin analitik tipində budaq cümlə baş cümləyə ki və kim bağlayıcıları ilə bağlanmışdır. Az hallarda baş cümlədə qəlib sözə rast gəlmək olur: Qazan, oğlan avda idügin andan biləyin kim, yorğun atunla, güdəlmiş cidanla ardına düşəsən. (74) Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. (56) Beyrək baqdı gördi kim, kiçi qız qarındaşı binardan su almağa gəlür... (60) Böylə digəc qız tanıdı-bildi ki, Beyrəkdir. (65) Əzrayilə buyuruq elədi kim, ya Əzrayil, var, ol dəxi dəli qavatın gözinə görüngil. (79) Qanturalı bildi kim, bu yağı basub tağıdan Selcan xatundur. (92) Dəpəgöz də bildi kim, Basat dəri içindədir. (101) Gələnlər bildi kim, bunlar Oğuz ərənlərindəndir. (116) Dəpəgöz bildi kim, Basat mağaradadır. (101)
Tamamlıq budaq cümləsinin analitik tipi əksərən baş cümlənin fe’li xəbərini izah edir, az hallarda ismi xəbərlə də əlaqələnmişdir: Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək. (54)
Baş cümlələrin xəbəri daha çox görmə, eşitmə və nitq fe’lləri ilə ifadə olunmuşdur. Bu cəhətdən görmək fe’li daha fəaldır: Gördi kim, uçarda quzğun, tazı tolaşmış, yurtda qalmış. (44) Baqdı-gördi ki, bir sultan simüz sığın-keyikdir. (54) Məsləhət gördülər ki, Dədə Qorqud varsun. (55) Xan qızı gördi ki, Qazan gəlür. Gördi kim, bir dərənin içində toz gah dərilür, gah tağılur. (91) Qanturalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar. (91) Gördi kim, pəri qızları qanat-qanada bağlamışlar, uçarlar. (98) Gördilər kim, bir ibrət nəsnə yatur. (98) Qapaq qaldırdı. Baqdı gördi kim, gözi ətdir. (101) Gördi kim, yüzük genə Dəpəgözün ayağı altında yatur. (101) Gördi kim, ilqıçı kafərlər yund güdərlər. (113) Gördi kim, belində qopuzı var. (113) Baqdı gördi kim, ayun on dördinə bənzər bir məhbub, ala gözlü gənc yigit burcuq-burcuq tərləmiş uyur. (113) Qazan gördi kim, ləşgər ögincə bir ağ-boz atlu, ağ ələmlü bəg dəmür tonlu Oğuzun ögincə gəldi (120) və s.
Dastanların dilində baş cümləyə intonasiya ilə bağlanan tamamlıq budaq cümlələri daha fəal, daha işləkdir: «ki», «kim» bağlayıcıları tərkib hissələr arasında möhkəmlənmədiyi və tərkib hissələrin yeri sabitləşmədiyi üçün baş və budaq cümlələrin yeri sərbəstdir, aktuallaşdırma əsasında eyni tipli baş cümlə əvvəl də işlənə bilmiş, sonra da işlənmişdir. (bax:36; 340-348) Məsələn, eyni səhifədə (46) eyni cümləyə həm «Qanğısıdır, bilmədilər», həm də «Bilmədilər, qanğısıdır» şəklində təsadüf edilir. Yaxud: Bəglər, mən sizi niyə qağırdım, bilürmisiz? (124) Bilürmisən, səni niyə qağırdıq? (124) Ona görə də sonralar «baş cümlə + budaq cümlə» şəklində sabitləşən tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələri iki qrupa ayırmaq olar.
a)budaq cümləsi baş cümlədən sonra işlənənlər:
Görürmisən, nələr oldı? (35) Bəglər, bilürmisiz, Qazana necə heyf eyləmək gərək? (46) Gördi gög çayırın üzərinə bir qırmızı otağ dikilmiş. (54) Gördi, dügündə göygü ox atar. (63) Xanım baba, qorxuram, səgirdərkən Qonur atın sürücdirəsən. (74) Gördinmi mən mana netdim? (86) Gördi bənzi sararmış, dilbəndi boğazına keçmiş. (105) Gördilər, bir süri qaz oturar. (116)
b) budaq cümləsi baş cümlədən əvvəl işlənənlər:
Xan qızı, səbəbi nədir, degil mana! (35) Mərə qavat, muxannatlıq ilə ər öldürmək necə olur, mən sana göstərəyim.(126) Qalqubanı yerimdən turam, derdim. Qalın Oğuz içinə girəm, derdim. (73) Nərmidir, mayamıdır, anı bilsəm.(97) Qara tonuz tamında yatur, degil. (75) Qarusından ağ əllərin bağlan, demiş.(106) Qəl’ənüzdə tutsaq varmıdır, kafər, degil mana! (114) Qazana düşmən imişsən, bildim. (123)
Sonralar bu cür cümlələrdən «a» bəndində olanlar bağlayıcı ilə sabitləşmiş, «b» bəndində olanların bir qismi bağlayıcı sözlərlə formalaşmış və tiplər müəyyənləşmişdir. Canlı danışıq dilində bu formalar hazırda da qalmaqdadır.
Tamamlıq budaq cümləsinin baş cümlənin daxilində işləndiyi hallar da var: Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Beyrəgə vermişəm, diərdi.(54) - cümləsində budaq cümlə (bən səni yüzi niqablu Beyrəgə vermişəm) baş cümlənin (babam mana diərdi) daxilində yerləşmişdir.
Tə’yin budaq cümləsi. «Dədə Qorqud»un dilində tə’yin budaq cümləsinin yalnız analitik tipinə rast gəlmək olur. Budaq cümlə baş cümləyə kim, ki bağlayıcıları ilə bağlanmışdır. Baş cümlədə budaq cümlənin qəlibi kimi ol, öylə əvəzlikləri işlənmişdir:
Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafəri basarsan, qarnın acıqar, mən sana bu ağacla yemək bişürərin. (46) Ol öylə adam degildir kim, sana görinə. (54)
Cümlələrin bir qismində baş cümlədə budaq cümlənin qəlibi yoxdur, lakin intonasiya ilə təsəvvür edilir:
Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək.(55) Bin ayğır diləyübdir kim, qısrağa aşmamış ola. Bin də qoç diləyübdür kim, qoyuna girməmiş ola. (56) Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa? (79)
Zərflik budaq cümlələri. Tərz budaq cümləsi. Budaq cümlənin bu növünün bağlayıcı sözlü tipi yox dərəcəsindədir. Nümunə kimi göstərdiyimiz misal da mübahisəli görünə bilər: ...necə məsləhət görərlərsə, ana görə iş edəlim. (55) Baş cümlədəki qarşılıq bildirən ana görə sözü o cür mə’nasındadır.
Budaq cümlənin analitik tipi müasir səviyyədə işləkdir - budaq cümlə baş cümlədən sonra gələrək ona kim bağlayıcısı ilə bağlanmışdır. Baş cümlədə eylə, şöylə qəlib sözləri işlənmiş və budaq cümlə vasitəsilə izah edilmişdir. Budaq cümlələr nəticə çalarına malikdir:
Buğanın alnına bir yumruq eylə urdı kim, buğayı göti üzərinə çökürdi.(88) Aslanın alnın gözədüb bir yumruq eylə urdı kim, yumruq çənəsinə toqundu, ovatdı. (89) Sügüligi Dəpəgözün gözinə eylə basdı kim, Dəpəgözün gözi həlak oldı. Şöylə çalayım səni mağara divarına kim, quyruğın mağarayı yağlasun. (101) Şöylə çalayım ki, künbədlə tartağan olasan. (101) Eylə qaxdı kim, künbəd zirü zəbər oldı. (102)
Budaq cümlələrin bir qismi müqayisə çalarına malikdir: Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında olan bit ayağına endi.(93) Hasar qapusına girmişkən qara polad uz qılıcı ənsəsinə eylə çaldı kim, başı tob kibi yerə düşdi. (96)
Dərəcə budaq cümləsi dastanların dilində az görünür. Lakin ümumən müasir modeldə mövcuddur:
Əzrayilin gözini elə qorxutdum ki, gen qapuyı qodı, tar bacadan çıxdı. (80) - cümləsində elə sözü o dərəcədə mə’nasını ifadə edir.
Zaman budaq cümləsi. Budaq cümlənin bu növünün bağlayıcı sözlə baş cümləyə bağlanan tipi dastanların dilində daha işləkdir. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona necə kim, qaçan, qaçan kim, ol vəqt kim bağlayıcı sözləri ilə bağlanmışdır. Müasir ədəbi dilimizdə ki ədatı ilə -sa,-sə şəkilçisi növbələşdiyi halda, dastanların dilində əksərən birlikdə işlənmişdir; məs.:
Qaçan kim Budaq atsa, Beyrək «Əlün var olsun!» dedi. Uruz atsa, «Əlün var olsun!» deyirdi. (63) Al ayğır qaçan kim yağı qoxusın alsa, ayağın yerə dögərdi, tozı gögə çıqardı. (107)
Kim ədatının və ya sa,-sə şəkilçisinin işlənmədiyi hallar da vardır: Bayındır xanın divanına qaçan istəsə, varır-gəlürdi. (110) Qaçan Qazan evin yağmalatsa, həlalının əlin alur, tışra çıqar, andan yağma edərdi. (123) Necə kim bu düşi gördüm, şundan bərü əqlim-huşum dərə bilmən. Mərə Qılbaş, ol vəqt kim Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin yağma edərdi. (123) Göründüyü kimi, sonrakı cümlələrin baş cümləsində qarşılıq bildirən şundan bərü, ol vəqt sözləri işlənmişdir.
Zaman budaq cümləsinin müasir ədəbi dilimizdə özünü göstərən «budaq cümlə + baş cümlə» quruluşlu ki bağlayıcılı tipi də formalaşma tarixinin qədimliyi ilə diqqəti cəlb edir: Hiss olunur ki, budaq cümlənin bu qəlibi daha əvvəllərdən normalaşmışdır; məs.: Qapu eşigi üzərindən arqurı qomışlardı ki, bu məhəldə xan Qazan yetdi. (74) Bu formanın ki bağlayıcısız növü də müşahidə olunur: Üç günə varmasun, allah sevindirsün sizi! (62)
Yer budaq cümləsi. Budaq cümlənin bu növünün müasir dilimizdə geniş yayılmış «budaq cümlə + baş cümlə» tipinə dastanlarda da rast gəlmək olur. Budaq cümlə baş cümləyə nə yerdə, nerəyə bağlayıcı sözləri ilə bağlanmışdır. Budaq cümlənin xəbərində -sa,-sə şəkilçisi, baş cümlədə qarşılıq bildirən anda sözü işlənmişdir (olmadıqda artırmaq mümkündür); məs.:
Oxı (nə) yerdə düşsə, anda gərdək dikərdi. (57) Nə yerdə enir-qaruşır, toz varsa və nə yerdə qarğa-quzğun oynarsa, anda istəyəlüm. (91)
Səbəb budaq cümləsi. Az işlənsə də, səbəb budaq cümləsinin hər iki tipinə dastanlarda rast gəlmək mümkündür. «Budaq cümlə + baş cümlə» quruluş tipində budaq cümlə baş cümləyə ‘çün’ bağlayıcı sözü ilə bağlanmışdır: Çün inayət tənridən oldı, bəgün, paşanın himməti Qanturalıya oldı. (89) Çün sən Qazana düşmən oldın, biz də düşməniz. (124)
«Baş cümlə + budaq cümlə» quruluş tipində budaq cümlə baş cümləyə ‘ki’ bağlayıcısı ilə bağlanmışdır. Baş cümlədə anunçun qəlib sözü işlənmişdir: Oğul, anunçun yağı deyirlər ki, biz anlara yetsəvüz, öldürəriz, anlar bizə yetsə, öldürər. (70)
Məqsəd budaq cümləsi. Dastanların dilində budaq cümlənin bu növünün yalnız bağlayıcılı tipi işlənmişdir. Budaq cümlə baş cümlədən sonra gələrək ona ‘ki’, ‘kim’ bağlayıcıları ilə bağlanmışdır. Budaq cümlənin xəbəri əmr və ya arzu şəkillərində olmaqla arzu, istək bildirir və baş cümlədəki işdən sonra baş verə bilən hadisəni ifadə edir; məs.: İmdi, mərə dəli, gəldim ki, sənin canın alam. (80) And iç kim, bizim elümizə yağılığa gəlməyəsən. (117) Şimdi bunı kimə verər kim, xatiri xoş ola. (104)
Budaq cümlənin eyni quruluşlu bağlayıcısız növü daha fəaldır: Biz kafərə salam vergil, öldürməyəlim. (43) Qaraca çoban, anamı kafərdən diləyəyim, at ayağı altında qalmasun. (48) Oğul, sən qız istəməzmişsən, bir cılasın bahadır istəyirmişsən, anun arqasında yeyəsən-içəsən. (85)
Şərt budaq cümləsi. Tamamlıq budaq cümləsi kimi, şərt budaq cümləsi də «Dədə Qorqud»un dilində son dərəcə işlək cümlələrdəndir. Lakin yalnız «budaq cümlə + baş cümlə» quruluş tipi müşahidə olunur. Bağlayıcı vasitələrə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
a) sintetik şərt budaq cümlələri; daha işlək olan bu modeldə budaq cümlə baş cümləyə -sa,-sə şəkilçisi ilə bağlanmışdır; məs.:
Saya varsam, dükənsə olmaz. (42) Qarşu yatan qara qarlı tağlardan aşar olsa, allah-təala sənin oğlına aşut versün. (54) Nagah qaçma-qovma olarsa, birisini binəm, birisini yedəm. (55) Çalırsan, əlün qurısun.(56) Dədə, mən üçini buluramsa, ikisini sən bulurmısan? (56) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Gəlməz olsan, Baybican qızı Banıçiçəgi aldırdın, bəllü bilgil.(59) Mərə çobanlar, bir kişi yolda taş bulsa, yabana atar.(60) Keyik olsa, bir, ya iki bölük olurdı. (69) Baba, içində bəy yigitlər öldürsələr, qan sorularmı, də’vilərlərmi? (70) Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul eləməzlərdi. (71) Deməz olsan, yana-göynə qarğaram, a Qazan, sana. (73) Qarşu yatan qara tağlar istər olsa, el yaylar. (75) Qarşu yatan qara tağlar Qarısa, otı bitməz, el yaylamaz. (76) Souq-souq binarlarım gərəksə, ana içət olsun! (81) Souq-souq suların içər olsam, Mənim qanım olsun! (83) Bəg yigit, baş əsən olsa, börk bulınmazmı olur? (91) Daim gəldügində tursa, dövlət yaxşı. (96) Arıq olsa, qulağın dələrdi... (104) At işləməsə, ər ögünməz. (104) Bəg yigidim, qalabalıq yağı gəlsə, qayıtmaz idin. Bütünə ala ox toxunsa, əgilməz idin. (106) Ana həqqi tənri həqqi olmasaydı, Qafillücə görkli başın kəsəydim. (111) Bir yildə gəlməzsəm, iki yil baqqıl. Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən. (112) Yerə dəxi düşsə, toz kibi savrılardı. (48)
Bu cür cümlələrin bir qismində ‘isə’ köməkçi sözündən istifadə edilmişdir: Ağ saqallu baban var isə, ağlatmağıl. (108) Hünərin var isə, qartaşın Əlincə qəl’əsində əsirdir, var, anı qurtar. (111)
Bə’zi cümlələrdə sa,-sə bütün xəbərlərə artırılmış olsa da, onların hamısı budaq cümlə əmələ gətirə bilmir, bir qismi sadəcə olaraq arzu, istək bildirir; məs.: Mənim dəxi oğlım olsa, xan Bayındırın qarşusın alsa-tursa, qulluq eyləsə, mən dəxi baqsam sevinsəm, qıvansayum, güvənsəyim (52) - cümləsini müasir dildə: Mənim də oğlum olsaydı, xan Bayındırın qarşısın alıb dursaydı, qulluq eyləsəydi, mən də sevinərdim, qıvanardım, güvənərdim - şəklində nəticə çalarlı şərt budaq cümləsi kimi düşünmək olar.
Sintetik şərt budaq cümlələrində komponentlərin inversiyası fikrin aktuallaşdırılması ilə bağlıdır və dilimizin müasir normalarına tam uyğundur; məs.: Baba malından nə faidə, başda dövlət olmasa. (31) Yarın qiyamət günində mənim əlüm Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qoarsa. (125)
b) analitik şərt budaq cümlələri; şərt budaq cümləsinin bu növü baş cümləyə ‘çünki’, ‘əgər’ bağlayıcı sözləri ilə bağlanmışdır; məs.: Çünki Qazan bəgdən buyruq olubdur, qon otursın. (64) Çünki ər dilərsən, varub babanı qurtarsana. (94) Əgər böylə öldürməzsin, bir dürlü dəxi öldirəməzsin, bəlli bilgil. (37) Əgər bu dedigim nəsnələri gətürərsiniz, xoş, verdim. Çünki dedin, əlbətdə, varsam gərək. (86)
Bu cümlələrdəki çünki sözü hələ bağlayıcı kimi formalaşmamışdır, bir halda ki bağlayıcı sözünün sinonimi kimi işlənən bağlayıcı sözdür.
c) analitik-sintetik şərt budaq cümlələri; şərt budaq cümləsinin bu növü baş cümləyə ‘əgər’ bağlayıcı sözü və -sa,-sə şəkilçisi ilə bağlanmışdır; məs.:
Dərsə xan əgər oğlancığın görərsə, oturmaz, bizi həb qırar. (40) Əgər çobanla varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma qaqınc qaxarlar. (46) Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. (54)
Bə’zi şərt budaq cümlələrində ‘ki’ ədatı ilə -sa,-sə şəkilçisinin birgə işləndiyi müşahidə olunur: Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. (57)
Bu forma müasir dil baxımından arxaik sayılır.
Qarşılaşdırma budaq cümləsi. Müasir ədəbi dilimizdə olduğu kimi, dastanların dilində də budaq cümlənin bu növünün «budaq cümlə + baş cümlə» quruluş tipi əsasdır. Budaq cümlə baş cümləyə aşağıdakı vasitələrlə bağlanmışdır:
a)-sa,-sə şəkilçisi ilə; bu model daha işləkdir:
Qara eşək başına üyən ursan, qatır olmaz. Qaravaşa ton geyirsən, qadın olmaz. (31) Baban sana qıydısa, sən babana qıymağıl. (40) Oğul, bin kafər öldürsən, kimsə səndən qan də’vilməz. (70) Yüz bin ər gördümsə, yüzim dönmədi. (117) Səksən bin ər gördimsə, səksənmədim. (117) Qaraqucımın qulağı görinməz olsa, Qayırı ərən qılağuzsız yol yanılsa, Qılağuzsuz yol başaran Qazan ər idim. (117)
Bü cür cümlələrdə -sa,-sə şəkilçisindən sonra güzəşt mə’nası yaradan da, də ədatını artırmaq mümkündür.
b)-sa,-sə şəkilçisi və ‘dəxi’ ədatı ilə:
Səndən yegrək qadir bizə oğul verməz, Versə dəxi, sənin yerin tuta bilməz. (76)
c) ‘nə qədər’ bağlayıcı sözü və -sa,-sə şəkilçisi ilə:
Əmma oğlanı nə qədər götürdilərsə, turmadı, gerü aslan yatağına vardı. (98)
ç) nə bağlayıcı sözü və budaq cümlənin xəbərinin təkrarı ilə: Nə olur-olsun, hələ mən avımı alayın. (54)
d) komponentlərin inversiyası və gərəksə sözünün iştirakı ilə: Qazandan dönməzəm, gərəksə yüz parə eylə! (125)
Nəticə budaq cümləsi. Tabeli mürəkkəb cümlənin bu növünün də yalnız bir tipi vardır: budaq cümlə baş cümlədən sonra işlənmiş və baş cümləyə aşağıdakı vasitələrlə bağlanmışdır
a) baş cümlədə müxtəlif vəzifələrdə nə sual əvəzliyi işlənmiş, budaq cümlə baş cümləyə ‘kim’, ‘ki’ bağlayıcılarından biri ilə bağlanmışdır: Bir canda nə var ki, sana qıyamamışlar? (83) Bənim suçum nə oldı kim, qara otağa qondurdı? Suçımız nəydi ki, yağmada bilə olmadıq? (123) Mərə, Əzrayil dedügüniz nə kişidir kim, adamın canın alur? (79)
Birinci misalın baş cümləsində ‘nə’ sözü mübtəda, ikinci, üçüncü misallarda xəbər, son misalda tə’yin vəzifəsindədir.
b) budaq cümlə baş cümləyə ‘anunçun’ (müasir dildə ‘onun üçün’) bağlayıcısı ilə bağlanmışdır: Beş aqçaluq əlüfəcilər yoldaş etdin, anunçun ol qəl’əyi sən alımadun.(95)
c) Baş cümlədə şöylə əvəzliyi işlənmiş, budaq cümlə baş cümləyə ‘kim’ bağlayıcısı ilə bağlanmışdır: Şöylə nə’rə urdı, hayqırdı kim, tağ və taş yanguləndi.(101)
ç) budaq cümlə baş cümləyə -mi sual şəkilçisi və ‘ki’ bağlayıcısı ilə bağlanmışdır (-mi baş cümlənin sonunda işlənmişdir): Mərə dəlü ozan, mən eyiblümiyəm ki, mana eyib qoşarsan? (65)
d) budaq cümlə baş cümləyə kim bağlayıcısı ilə bağlanmışdır: Qara polad uz qılıcım yoq kim, qarvaşduğı dəm eki biçəydim. (89)
e) budaq cümlə baş cümləyə nə sual əvəzliyi və intonasiya ilə bağlanmışdır: Noldun, böylə bunaldın? (57)
Qoşulma budaq cümləsi. Dil materialının təhlilindən belə bir qənaət hasil olur ki, dastanların yarandığı ədəbi dildə qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr çox inkişaf etmiş olsa da, qoşulma budaq cümləsi inkişaf etməmişdir. Qoşulma budaq cümləli tabeli mürəkkəb cümləyə oxşar aşağıdakı cümlə də tabesiz mürəkkəb cümləyə yaxındır: Beyrəgi Qara Dərvənddə öldürmişlər, uş da nişanı, sultanım. (58)
Qarışıq tipli tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlənin qarışıq (mürəkkəbləşmiş) tipinin başlıca modelləri tərkib hissələrindən biri sadə, digəri mürəkkəb quruluşlu cümlə növləridir. Müşahidələr göstərir ki, hər iki komponenti mürəkkəb quruluşlu tabesiz mürəkkəb cümlələr yaxşı inkişaf etdiyi halda, tabeli mürəkkəb cümlənin bu modeli inkişaf etməmişdir. Başlıca modellər aşağıdakılardır.
Budaq cümləsi mürəkkəb quruluşlu olanlar.
1. Baş cümlə sadə, budaq cümlə tabesiz mürəkkəb cümlə şəklindədir; məs.: Baqdı gördi Oğuzun ucında bir ala sayvan dikilmiş, bir imirzə xub yigit qırq yigid ilən saqında və solında oturırlar. (53) Gördilər kim, bu gələn kişinin qılıcının balçağı qanlu, oğlı görünməz. (91)
Bu cümlələrin hər ikisi tamamlıq budaq cümləlidir. Hər ikisinin baş cümləsi sadə quruluşlu, budaq cümləsi tabesiz mürəkkəb cümlə şəklindədir. Birinci misalın budaq cümləsinin komponentləri arasında zaman, ikincisində qarşılaşdırma əlaqəsi vardır.
2. Baş cümlə sadə, budaq cümlə tabeli mürəkkəb cümlə şəklindədir; məs.: Gördilər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Baybörə bəgin sağında oturar. (53-54) Qılbaşa ayıtdım ki, qaçan ki Qazan evin yağmaladardı, Taş Oğuz bəgləri bilə yağmalardı. (124) Baqdı-gördi bu otağ Banıçiçəg otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı, adaxlusıydı. (54) (Allah) Əzrayilə nida eylədi kim, çün dəli qavat mənim birligim bildi, birligümə şükr qıldı, ya Əzrayil, Dəli Domrula can yerinə can bulsun.(81)
Bu misalların hamısında baş cümlə sadə, tamamlıq budaq cümlələri tabeli mürəkkəb cümlə şəklindədir. Birinci misalın budaq cümləsi mübtəda, ikincisi zaman, üçüncüsü tə’yin, dördüncü cümlə səbəb budaq cümləli tabeli mürəkkəb cümlə kimi qurulmuşdur.
3. Baş cümlə sadə, budaq cümlə paralel şərt budaq cümləlidir: Əgər səni hasardan aşağa orğanla salındıracaq olursam, babana-anana sağlıqla varacaq olırsan, bəni bunda gəlüb halallıqla alurmısan? (59) Üç yüz altmış altı alp ava binsə, qanlu keyik üzərinə yüriş olsa, Bəkil nə yay qurardı, nə ox atardı. (104)
4. Baş cümlə sadə, budaq cümlə (xəbər budaq cümləsi) paralel şərt budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir: Ozan, evin tayağı oldur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. (33)
5. Baş cümlə sadə quruluşlu, budaq cümlə (tamamlıq budaq cümləsi) daha mürəkkəb quruluşludur - komponentləri inversiyaya uğramış şərt budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir; şərt budaq cümləsi paraleldir, paralellərdən ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə formasındadır və onun da ikinci komponenti şərt budaq cümləlidir: Ayıtdı kim, yer kibi kərtiləyin, topraq kibi savrılayın, qılıcıma toğranayın, oxıma sancılayın, oğlum toğmasun, toğarsa, on günə varmasun, bəg babamın, qadın anamın yüzin görmədin bu gərdəgə girərsəm, - dedi. (90)
Bu son cümlədən göründüyü kimi, «Dədə Qorqud»un mühüm üslub xüsusiyyətlərindən biri cümlənin ayıtdı sözü ilə başlanıb, yaxın mə’nalı dedi sözü ilə bitməsidir. Öyrənilmişdir ki, dastanların dilində demək sözü 1183 dəfə, ayıtmaq sözü 816 dəfə işlənmişdir. (47; 336) Sözlərin bu cür əlaqələndirilməsi üsulu dastanların dilində ahəngdarlığı, lirizmi, şe’riyyəti tə’min edən mühüm vasitələrdəndir. Bu, canlı danışıq dilinin, dastan söyləmə üsulunun real göstəricisidir. Təbii ki, bunların hər birini ayrıcı bir baş cümlə hesab etmək olmaz. Bunlar eyni bir budaq cümlə - tamamlıq budaq cümləsi tələb edir və ona görə də təhlil zamanı bunlardan birinin - birincisinin nəzərə alınması kifayətdir. Məsələn, Aydır: Mərə kafər, Dədəm Qorqud qopuzı hörmətinə çalmadum, - dedi, - əgər əlündə qopuz olmasaydı, ağam başiçün, səni iki parə qılurdım,-dedi. (114) - cümləsi aydır sözü ilə başlamış, dedi sözü ilə bitmişdir. Hələ birinci - daha iri bitkin fasilədən sonra da dedi işlənmişdir. Bunlar birlikdə bir baş cümlədir, qalan hissə tamamlıq budaq cümləsindən ibarətdir. Ortadakı «dedi» sözündən sonra «və» bağlayıcısını işlətmək olar. Bu göstərir ki, budaq cümlə zaman əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir, lakin birinci komponenti sadə, ikincisi şərt budaq cümləlidir.
II. Baş cümləsi mürəkkəb quruluşlu olanlar:
1.Mürəkkəb quruluşlu baş cümlənin komponentləri tabesizlik əsasında qurulmuşdur; məs.: Qarşu yatan qara tağdan Bir oğul uçurdınsa, degil mana, külünglə yıqdırayım (73) Çün av yarağı oldı, kim atın ögər, kim qılıcın, kim çəküb ox atmağın ögər. (104)
Hər iki misalda budaq cümlələr (şərt və səbəb budaq cümlələri) sadə quruluşludur; baş cümlələr tabesiz mürəkkəb cümlə şəklindədir - ardıcıllıq və zaman əlaqələri ilə birləşmişlər.
2.Mürəkkəb quruluşlu baş cümlənin komponentləri tabelilik yolu ilə əlaqələnmişdir; məs.: Ağca yüzlü anan qarşu gəlüb «oğul» desə, Ağ əlləri ardına bağlu, deyəyinmi? (76) Dölin almaqdan səfan varsa, Şökli Məlik, qara gözli qızın varsa, gətür Qazana ver (49) Qarğarsan, babama qarğa, bu suç, bu günah babamdandır (39) - cümlələrindən əvvəlki ikisi şərt budaq cümləlidir, budaq cümlələr sadədir; birinci misalın baş cümləsi tamamlıq, ikinci misalın baş cümləsi şərt budaq cümləlidir. Son misalda da səbəb budaq cümləsinin aid olduğu baş cümlə şərt budaq cümləlidir.
3. «Kitabi-Dədə Qorqud»un durğu işarələrində bir şərtilik vardır. Dastanlarda sual və nida işarələri cümlə sərhədini göstərməyə deyil, daha çox emosionallığa xidmət edir. Oğlunun gəldiyi xəbər verildikdə Beyrəyin atası sevincini aşağıdakı sözlərlə bildirir:
Dilün içün öləyin, gəlincigüm!
Sağ-əsən çıqub gəlsə,
Qarşu yatan qara tağlar sana yaylaq olsun!
Souq-souq suları sana içət olsun!
Qulım-xəlayığım sana qırnaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunım sana şülən olsun!
Altun-aqçam sana xarclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm!-dedi. (66)
Bu parça tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Tamamlıq budaq cümləsi isə şərt budaq cümləlidir: Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara tağlar sana yaylaq olsun,-dedi və ya: Dedi (ki) (oğlum) Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara tağlar sana yaylaq olsun! Budaq cümlə şərt budaq cümləlidir və şərt budaq cümləsinin tabe olduğu baş cümlə doqquz komponentdən ibarətdir. Baş cümlələrdən sonra qoyulmuş nida işarəsi cümlələrin rabitəsini qıra bilmir, mətn bütövlükdə bir mürəkkəb cümlə kimi dərk olunur. Bu cür hallarda mürəkkəb cümlə bir sintaktik bütövə bərabər olur.
Beləliklə, biz «Dədə Qorqud»un dil materialı əsasında Azərbaycan dili sintaksisinin bütün əsas struktur modellərini nəzərdən keçirdik. Söz birləşməsi, sadə cümlə və onun tərkib elementləri, mürəkkəb cümlə və onun quruluş xüsusiyyətləri gözümüz önündən gəlib keçdi. Araşdırmalar prosesində aydın oldu ki, sadə cümlənin quruluş modellərində əsaslı fərq müşahidə olunmur. Əksinə, biz «Dədə Qorqud»un dili ilə müasir ədəbi dilimizin sintaktik quruluşu arasında varislik və kök birliyi, kamil əcdad və zəngin xələf varisliyi görürük. Bu cəhət eyni dərəcədə tabesiz, tabeli və qarışıq tipli mürəkkəb cümlələrə də aiddir. Sonrakı dövrlərdə bu dilin daşlaşmış abidələrində həmin özül əsasında yalnız səlisləşmə, zənginləşmə, təkmilləşmə əlamətləri müəyyənləşdirilə bilər. Müasir dilimizlə quruluş birliyini göz önünə çəkməkdə məqsədimiz «Dədə Qorqud» dilinin müasirliyini, bizim zəmanəmizə yaxın bir dövrdə təşəkkül tapmış olduğunu sübut etmək deyil, dastanların qədimliyini və əks etdirdiyi ilkin feodalizm dövrü dilimizin yüksək inkişaf səviyyəsində olduğunu göstərməkdir. Bu dil 1500-2000 il əvvəl də bu xalqa yüksək səviyyədə xidmət edib - o xalqın, o cəmiyyətin dilinin fonetik sistemi də, lüğət tərkibi də, qrammatik quruluşu da əsrlərin sınağından çıxa bilməyən bir sıra elementlərini tərk etsə də, özünü əsaslı və mükəmməl şəkildə mühafizə edib saxlayıb və yad tə’sirlərdən qorxmadan təbii inkişaf yolu ilə irəliləyib. Bu dil Həsənoğlunun qəzəl dilindən dəfələrlə kamil, təbii və orijinaldır. Bu dildə yad elementlər azdır və olanlar da köçürmələr prosesinin, katib əməliyyatının məhsuludur. Əgər bu dastanların 1300 illiyi rəsmi qeyd və təsbit olunursa, deməli, ən azı 2000 illik və daha çox yaşı var. Dastanların sintaksisi elədir ki, köçürmələr prosesində heç bir katib onu ciddi dəyişmələrə mə’ruz qoymamış, zədələyə bilməmişdir. Bütün bu mülahizələrlə bu fikirdəyik ki, dastanlar birinci minilliyin ortalarının yazı dili nümunəsidir. Dastandakı obrazlarda şumerlərin, arattalıların, kutilərin, lulluların, turukkilərin, mannalıların, madayların, albanların, atropatenalıların ruhu və nitqi yaşayır.
«Dədə Qorqud» bizim üçün ona görə qiymətlidir ki, beş min il əvvəldən başlayaraq babalarımızın tək-tək kəlmə-incilərini axtardığımız bir zamanda bizi miladın birinci minilliyinin ortalarında, peyğəmbər zamanına yaxın bir vaxtda birdən-birə nəhəng və misilsiz bir xəzinə üzərinə gətirib çıxarır. Miladdan əvvəlki üç min illik yolda səpələnmiş və parlaqlığı ilə yad mühitdə işıq saçan kəlmə-incilər bizi bu xəzinəyə doğru sürükləyib. Deməli, bu xəzinənin əsil mənbəyini tapmaq üçün tarixin böyük yoluna səpələnmiş həmin inciləri yığa-yığa uzaq keçmişə üz tutmaq lazım imiş.
Biz də o yolda olduq, bacardıqca o xəzinəyə doğru yol getdik, o xəzinədən uzaqlaşdıqca ona daha çox yaxınlaşmış olduq...
Dostları ilə paylaş: |