19
Sakitlik, həlimlik İlyas şeirinə xas olan cəhətdir. Onun
şeirində qanadlı, ibarəli, dəbdəbəli sözlərə, ifadələrə rast gəlmək
olmur. Sözlər hamısı adi, sadə, hisslər sakit və həlimdir. Bu İlyas
şeirinin zahiri tərəfidir. Bu sakit zahirin içində qəribə bir çılğınlıq
və narahatlıq da gizlənir. Mən deyərdim əsl poeziyanın özü, elə
bu narahatlıq və çılğınlıqdır. Şairin özü də əsl sənəti, dalğaların
ahəngindəki çılğınlıqda görür.
İlyasın yaradıcılığı folklordan, xalq yaradıcılığından qidala-
nır. Onun elə şeirləri var ki, bunlar bayatıdan, aşıq şeirlərindən
seçilmir.
...İlyas heç zaman özünü gözə soxmağa çalışmır. Başını aşağı
salıb öz mütəvazi işi ilə məşğuldur. İlyas verdiyindən danışmaz,
amma aldığını dönə-dönə təkrar edər. Allahın ona verdiyinə o,
hər zaman şükran olmuşdur. Ona görə də yazır:
Görüb vurulmağı mənə göz verib,
Ana təbiətə təşəkkürüm var.