ERMƏNİ XƏLİFƏSİNİN BÜTÜN KEŞİŞLƏRİLƏ BARIŞ ÜÇÜN
MƏSCİDƏ GƏLMƏSİ
Xəlifə belə ki, gördü ermənilərin arvad-uşağı ağlaşa-ağlaşa töküldülər onun
qapısına, tez durub kilsə paltarını geyib böyük xaçı, kilsələrin böyük keşişləri hər
biri bir İncili əlinə alıb, kilsə paltarları əyinlərində, keşişlərin əllərində qiymətli
bayraq, neçə ruslar qabaqda papaqları ağacın başında, naçalnik onların dalında və
ermənilərin nümayəndələri bunların dalınca musiqi çala-çala gəldilər meydana
doldular. Xəlifə qabaqca, keşişlər əllərində xaç və İncil və bayraqlar bir parası
ağlaya-ağlaya məscid həyətinə daxil oldular ki, bizi əfv edin, bağışlayın.
Həmin gün müsəlmanların əyan-əşrəfləri və böyük alimləri müəyyən bir
işlə bağlı məscidə gəlmişdilər. Mən də (Mir Möhsün Nəvvab) bir vacib işlə
əlaqədar oraya gəlmişdim. Məscidin həyətinə çatanda qonşuluqdakı qapı açıldı.
Əvvəl ordan naçalnik çıxdı və mənə yaxınlaşıb əlimdən tutaraq «izvinite» sözünü
deyib daxil oldu. Onun arxasınca gələn erməni xəlifəsi də mənim əlimi sıxaraq
«bağışlayın» deyib içəri daxil oldular. Bu zaman cənab Hacı Molla Hüseyn qazi
təşrif gətirdi. Onların ardınca müsəlmanlar da məscidə daxil olub xəlifə və
keşişlərlə görüşdülər. Bundan sonra xəlifə barışıq nitqinə başladı. Bir qədər sonra
məsciddən çıxdılar. Cənab qazi və müsəlmanların əyanları da onlarla erməni
meydanına tərəf yollandılar. Yenə qabaqda naçalnik və ruslar musiqi sədası altında
erməni məhəlləsinə doğru hərəkət edirdilər.
Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə
saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu
ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla
birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkdirdim. Bunu mən ermənilərin
üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim.
Ermənilərin bu növ siyasətinə və hiyləsinə inanmaq, eləcə də sülh
məramına bel bağlamaq olmazdı. Çünki neçə dəfə bu qərar ilə məsciddə, kilsədə və
qazinin evində bütün keşişlər, xəlifənin özü və erməni əyanları toplaşaraq çoxlu
nitqlər söyləmiş, xütbələr oxumuş və dostluqdan danışmışlar. Amma axırı yenə
mənasız olub. Belə ki, onlar, yəni ermənilər öz fitnə-fəsadlarından əl çəkməyərək
xalqın rahatlığını kəsib onları qırğına düçar etmişlər.
Üç gün bundan sonra cənab Şeyxülislam Şuşa şəhərinə təşrif gətirdi. Şəhər
əhalisi onu böyük ehtiramla qarşıladı. Şeyxülislamı üç yüz atlı, hörmətli şəxslər,
alimlər, erməni keşişləri və xəlifəsi, eləcə də erməni böyükləri faytonlarda, otuz
34
nəfər atlı kazaklar sursatları ilə birlikdə müşayiət edirdilər. Onlar şəhərə daxil
olaraq cənab qazinin evində qərar tutdular.
Elə ki, sabah oldu, yenə alimlər, seyidlər, əyan-əşrəflər, ermənilərin xəlifəsi,
keşişləri və əyanları cənab Şeyxülislamın hüzuruna gələrək xoş gəldin etdilər.
Bundan sonra Şeyxülislam buyurdu ki, ey erməni və müsəlman camaatı! Bir para
başqa vilayətlərdə fitnə-fəsad işləri vəba xəstəliyi kimi yayılarkən məclislərdə və
yığıncaqlarda mərifət əhli Şuşa qalasının erməni və müsəlman əhlinin mehriban
dolanmağını misal gətirərək iğtişaş salanları məzəmmət edirdilər. Onlar Avropanın
Paris şəhərində olan xoş davranışı Qafqaz şəhərləri içərisində Şuşa əhalisinin
mehriban münasibətləri ilə müqayisə edirdilər.
Mənə məlumdur ki, siz iki tayfa, yəni erməni və müsəlmanlar keçmiş
zamanlarda qardaş kimi dolanmısınız. Hətta Məlik Şahnəzərin qızı Hurizad xanımı
mərhum İbrahim xan özünə halal övrət edib, qohum olublar. İndi sizdən sual
edirəm: bu fitnə-fəsada nə bais olur?
Aranızda din-məzhəb davası, namus məsələsi yoxdur. Bəs nə üçün bir neçə
şeytan cildinə girmiş insanların fitnə-fəsadına uyaraq bu qədər qanların
tökülməsinə, malların tələf olub, mülklərin dağılmasına və yanmasına bais
olursunuz? Qiyamət günü Allah-təalanın qarşısında bu bəd əməlləriniz üçün cavab
verəcəyinizi unudursunuz? O, tezliklə zalım ilə məzlum arasında ədalətlə divan
edəndir. Tövbə edib Allah yoluna qayıdın. Bir də belə fitnə-fəsadlar törətməyin.
Fitnə-fəsad törətməyə çalışan bir para adamların sözünə qulaq asmayın. Onlar öz
cahillikləri ilə sizin rahatlığınızı əlinizdən alıb, öz fitnələri ilə sizi qırğına verirlər.
Bununla bir məqsədə və ali mərtəbəyə nail olmaq qeyri-mümkündür.
Xülasə, o biri gün səhər tezdən cənabi-Şeyxülislam məscidə təşrif gətirdi.
Yenə də erməni və müsəlmanlar məscidin ətrafına toplaşdılar. Şeyx həzrətləri
burda da çıxış edərək onların bütün fitnə-fəsadlara son qoymalarını və mehriban
dolanmalarını nəsihət etdi. Hərbi qubernator da camaata elan etdi ki, sizin aranızda
gedən vuruşlara son qoymaq və hər iki tayfa arasında (erməni və müsəlman) sülhü
bərqərar etmək üçün dövlət məni buraya qubernator təyin etmişdir. Hər hansı bir
fitnə-fəsadda mən məzlumun tərəfində olub zalımı tənbeh edəcəyəm. Buna mənim
səlahiyyətim var.
Burdakı çıxışlardan sonra onların hamısı erməni kilsəsinin yanına gəldilər.
Burda da erməni xəlifəsi və qubernator çıxış edib, hamını fitnə-fəsadlardan əl çəkib
əmin-amanlığı təmin etməyə çağırdılar.
Din xadimləri və qubernator bu iki tayfa arasında sülh yaratmağa
çalışdıqları vaxt xəbər gəldi ki Vəng tərəfdə ermənilər toplaşıb müsəlman
köçərilərinin yolunu kəsiblər. Belə ki, min nəfərəcən əlsiz-ayaqsız övrət-uşaq, qoca
kişilər və onların heyvanları yığılıb o tərəfdə meşədə qalıblar.
Bu xəbər şəhərə çatan kimi, dərhal Ağdama və Bağlar əhlinə müxtəlif
kağızlar yazıb göndərdilər. Dərhal altı yüzə qədər silahlı atlılar cəm oldular və üz
qoydular Vəng tərəfə. Ermənilərin səngərlərinə bir güllə atımlıq məsafədə düşüb
35
dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə
ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişlərinin səbəbini
öyrənsinlər. Atlılar həmin ermənilərə bildirdilər ki, gəlmişik köçərilərin yollarını
kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər.
Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç
tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür.
Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək
öz oymaqlarına tərəf yollandılar.
Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə
girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırdılar.
Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy
Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb
bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər
isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum
edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl
imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər.
Bundan sonra ermənilər Badara kəndinə hücum çəkirlər. Onlar həkim Mirzə
Allahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vururlar. Bu zaman
Mirzə Allahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan
xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə
Allahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə
qətlə yetirib mal-dövlətlərini talan etdilər.
Dostları ilə paylaş: |