2. Azərbaycanda turizmin inkişafnın mövcud vəziyyəti
Müasir mərhələdə Azərbaycanın da turizm sektorunun inkişafında irəliləyişlər hiss olunmaqdadır. Bu həm ölkəmizə gələn turistlərin sayının artımında, həm də turizm üçün əlverişli olan regionlarımızda turizm sahibkarlığının inkişafında özünü göstərir. Regionlarımızda turizm sahibkarlığının inkişafına əyani misal olaraq Azərbaycan Respublikasının iqtisadi rayonlarından Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kredit vəsaitinin alınması üçün müraciət etmiş sahibkarlıq subyektlərinin kredit müraciətlərinin (investisiya tələbatlarının) təhlilinin nəticələrini göstərə bilərik.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən “Turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə” və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Çoxsaylı beynəlxalq turizm sərgilərində Azərbaycan Respublikasının iştirakı təmin olunmuş, Bakı şəhərində VII Beynəlxalq turizm sərgisi keçirilmişdir.
Bakıdakı İçərişəhər, Şirvanşahlar sarayı və Qız Qalası YUNESKO-nun dünyanın mədəni irsi siyahısına daxil edilib. Həmin siyahıya Naxçıvandakı Möminə Xatun türbəsinin, Atəşgahın, qobustan muzeyinin də daxil edilməsi nəzərdə tutulur.
Hazırda Azərbaycanda 100-ə yaxın turizm firması və 10-dan yuxarı turist marşrutu yaradılmışdır. Bu marşrutlar Azərbaycanın ən mənzərəli regionlarını əhatə edir. Yerlərdə peşəkar servis xidmətini inkişaf etdirməkdən ötrü investisiya layihələri hazırlanıb. Ekoloji turist marşrutları üzrə bələdçilər üçün treyninq kurslar və treyninq mərkəzləri təşkil olunub. Müasir və rahat otellər dünyanın hər yerində qonaqları qəbul edir.
Azərbaycan gənc turist ölkəsi kimi sürətlə təcrübə toplayır. Artıq ölkəmiz Londonda (WTM), Berlində (ITB), Moskvada (MITT), İstanbulda (MTY) və digər yerlərdə keçirilən turizmə dair beynəlxalq məclislərdə iştirak edir. Bütün bunlar onu deməyə əsas verir ki, turizm sektorunun inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olaraq ölkənin sosial-iqtisadi inkişafı üçün böyük perespektivlər vəd edir.
Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz1 ortaillik sabit artım müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi olmuşdur. Çoxsaylı turizm altsektorlarının inkişafı isə, əlavə olaraq, regional turizmin inkişafına da təkan vermişdir. Təhlillər göstərir ki, qonşu ölkələrdən daha çox turist cəlb etməklə, həmçinin qlobal miqyasda daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilməklə Azərbaycanın hər iki sahə üzrə üstünlüyü daha da artırıla bilər.
Azərbaycan turizm bazarının formalaşması və inkişaf tarixi əsasən 2001-ci ildən başlayıbdır. Ötən illər ərzində dövlətin hərtərəfli dəstəyi nəticəsində Azərbaycanın turizm sənayesinin inkişafına başlanmışdır. Təsadüfi deyil ki, 2001-ci ildə respublikamızda cəmi 3 turizm şirkəti olduğu halda, hazırda bu rəqəm 276-dır. Bu şirkətlərin 35 faizi gəlmə və daxili turizm, 65 faizi isə getmə turizm növü ilə məşğul olur.
2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilmişdir. Hazırda bu obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.
Azərbaycanın turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini özündə birləşdirən və hazırda 300-ə yaxın üzvü olan Azərbaycan Turizm Assosiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir.
Bununla yanaşı, 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan Konqreslər Bürosu (AKB) fəaliyyət göstərir. Ölkəmizə biznes tədbirlərinin cəlb olunması vasitəsilə Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə fəaliyyətə başlayan təşkilat (MİCE) dövlət və özəl sektorlarının partnyorluq modeli üzrə yaradılmışdır. Belə ki, AKB Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsü nəticəsində təsis edilmişdir.
2014-cü ildə turizm sahəsində yaradılan təşkilatlardan biri də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasıdır. Bu təşkilatın fəaliyyət istiqaməti Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə vermək, bu sahədə geniş potensialı olan ölkəmizi bu turizm növü kimi də tanıtmaqdır.
Dostları ilə paylaş: |