İnformasiya müharibəsi maddi, hərbi, siyasi və ya ideoloji sahələrdə müəyyən üstünlük əldə etmək məqsədilə sistemlərin bir-birinə açıq və gizli məqsədyönlü informasiya təsirləridir.
Başqa sözlə, informasiya müharibəsi – informasiya üstünlüyü əldə etmək məqsədilə özünəməxsus olan informasiya resurslarını, informasiyaya əsaslanmış prosesləri və informasiya sistemlərini qorumaq, eləcə də rəqibin informasiya resurslarına, informasiyaya əsaslanmış proseslərinə və informasiya sistemlərinə ziyan vurmaq yolu ilə həyata keçirilən əməliyyatlardır.
İnformasiya silahı – bütövlükdə informasiya infrastrukturunun və onun ayrı–ayrı elementlərinin funksiyalarının və ya xidmətlərinin müvəqqəti və ya tamamilə sıradan çıxarılması üçün tətbiq olunan xüsusi (fıziki, informasiya, proqram, radioelektron və s.) üsul və vasitələr toplusudur.
İnformasiya silahı, həmçinin informasiya müharibəsi zamanı düşmənə informasiya təsiri göstərməyə imkan verən üsul və vasitələr toplusu kimi başa düşülür, dövlətin və ya onun silahlı qüvvələrinin informasiya obyektlərini, eləcə də onların qorunması sistemlərini sarsıdan, dağıdan, məhv edən vasitə, qurğu və texnologiyaların tətbiqinə əsaslanan dağıdıcı təsirlərə malik xüsusi silahdır.
İnformasiya kriminalı – ayrı–ayrı şəxslərin və ya qrupların tamahkarlıq və ya xuliqanlıq məqsədilə informasiya mühitinə və ya onun istifadəsinə ziyan vurulmasına, o cümlədən kompüter şəbəkələrində və informasiya sistemlərində informasiyanın oğurlanmasına və ya məhv edilməsinə yönəlmiş düşünülmüş cinayətkar əməllərdir.
İnformasiya terrorçuluğu – terrorçu təşkilat və ya ayrı– ayrı terrorçular tərəfındən siyasi, iqtisadi, dini və başqa maraqların reallaşdırılması məqsədilə dövlətin və ya beynəlxalq təşkilatın məcbur edilməsi üçün şüurlu və məqsədyönlü şəkildə informasiya təsirini və ya belə təsirin göstərilməsi təhdidini özündə ehtiva edən, qorxu, vahimə əhval–ruhiyyəsi, hakimiyyətə etibarın itirilməsi və siyasi qeyri-stabilliyin yaradılması üçün cəmiyyətə emosional təsirlə müşayiət olunan terrorçuluğun və zorakılığın xüsusi formasıdır.