QÜDRƏT ƏBDÜLSƏLİMZADƏ
“İQTİSADİYYATA GİRİŞ”
(Mühazirə mətnləri)
Bakı – 2015
ÖN SÖZ
Cəmiyyətin geniş əhatəli təsərrüfat həyatının inkişaf qanunlarını və prinsiplərini tədqiq edən iqtisad elmi (iqtisadiyyat, siyasi iqtisad, ekonomiks, iqtisadi nəzəriyyə) insanların əmək fəaliyyəti prosesində maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi, istehlakı mərhələlərində baş verən münasibətlər sistemini öyrənir.
Müasir bazar münasibətləri iqtisadi sistemi şəraitində cəmiyyətin sonsuz tələbatları ilə onun məhdud iqtisadi resursları reallığında “nə istehsal etməli, necə istehsal etməli, kim üçün istehsal etməli” sualına optimal cavab tapılması, şübhəsiz, gələcək iqtisadçı kadrlar, mütəxəssislər üçün vacibdir.
Dərs vəsaitində kursun məqsədi, vəzifələri və prinsipləri; onun predmeti və metodları; iqtisadi biliklərin meydana çıxması, formalaşması, müxtəlif məktəb və istiqamətləri; cəmiyyətin iqtisadi resurslarından səmərəli istifadə olunması; iqtisadi resursların və gəlirlərin dövr etməsi; bazar münasibətləri iqtisadi sisteminin qanunları, tipləri, formaları, modelləri; fərdi bazarların təhlili; dövlətin iqtisadi siyasətinin strategiya və taktikası məsələləri yığcam şəkildə şərh olunmuşdur.
30 saat həcmində (16 saat mühazirə, 14 saat məşğələ) tədris yükünə uyğun 8 mövzunu əhatə edən dərs vəsaitində, tələbələrin kursu daha yaxşı mənimsəməsi, habelə müstəqil surətdə çalışması məqsədilə, hər mövzunun sonunda iqtisadi termin və anlayışlar verilmiş, məşğələyə hazırlaşmaq üçün suallar tapşırıqlar nəzərdə tutulmuş, konkret ədəbiyyat göstərilmişdir.
“İqtisadiyyata giriş” dərs vəsaitinin quruluşuna, orada şərh olunan məsələlərə dair oxucuların tənqidi qeydləri, arzu və təklifləri minnətdarlıqla nəzərə alınaraq, gələcək nəşrlərdə öz əksini tapacaqdır.
Dostları ilə paylaş: |