AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Fakultə:İnşaat texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı: Mülki müdafiə
MÖVZU 1-2: Fövqəladə halların təsnifatı və onların xarakteristikası.
Müəllim:
Mühazirənin planı:
1. Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri.
2.FH-ın mənşəyi, baş vermə sahələrinə görə təsnifat, nəticələrinin miqyasına görə təsnifatı.
ƏDƏBİYYAT:
1.H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə) Bakı 2010, səh.388
2.H.O.Ocaqov , N.Nağıyev, R.Muxtarov Mülki mühafizə, Bakı 2011, səh.397
3.H.O.Ocaqov,S.A.Səbzəliyev.Əhalinin fövqaladə hadisələrdən mühafizəsi.
Bakı 2003, səh72. Dərs vəsaiti. I kitab.
4.H.O.Ocaqov, S.A.B.T.Bəkirov.Səbzəliyev. Əhalinin fövqaladə hallardan mühafizəsi.
Bakı 2003, səh78. Dərs vəsaiti. II kitab.
BAKI-2021
Fövqəladə hadisələrin təsnifatı
Fövqəladə hadisələrin (FH) qiymətləndirilməsinə eyni cür yanaşmaq və onlara qarşı adekvat tədbirlər görmək məqsədi ilə fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir.
Əgər ehtimal olunan bütün fövqəladə hadisələri küll halında götürsək, onda onları ilk növbədə münaqişəli və münaqişəsiz hadisə növlərinə ayırmaq lazımdır. Münaqişəli fövqəladə hallara hərbi toqquşmalar, eksterimist siyasi mübarizə, sosial partlayışlar, milli və dini münaqişələr, terrorizm, cinayətkarlıq və s. aid edilə bilər.
Biz isə burada münaqişəsiz fövqəladə hadisələri-təbii, texnogen və ekoloji xarakterli fəlakətləri nəzərdən keçirəcəyik. Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb təsnif etmək mümkündür.
Fövqəladə hadisələrin yayılma miqyasına görə təsnifatı ən vacib əhəmiyyət kəsb edir. Lakin yadda saxlamaq lazımdır ki, bu zaman yalnız fövqəladə hadisənin təsirinə məruz qalmış ərazinin ölçüləri deyil, həm də bu hadisənin yarada biləcəyi dolayı nəticələr də nəzərə alınmalıdır.
Yuxarıda göstərilən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün biz ilk dəfə olaraq Azərbaycan Respublikasında texnogen, təbii və ekoloji xarakterli fövqəladə hadisələr haqqında anlayış və baxışları sistemləşdirdik, nəzərdən keçirdik, tədqiq etdik və bu barədə vahid sistemin nəzəri əsaslarını dərc etdik. Ölkəmizin konkret xüsusiyyətlərini nəzərə almaqla belə hadisələrin təsnifatını müəyyənləşdirdik. Bu zaman məhdud sahədə baş verən fövqəladə hadisələrin belə, bəzən ağır nəticələr baş verə biləcəyi ehtimalını da nəzərə aldıq.
Fövqəladə hadisələrin mövcud olan təsnifatı müxtəlif prinsiplərə əsaslanır və zənnimcə heç də bütün hallarda dəqiq məqsədlərə nail olunmasına imkan vermir, bəzən isə formal məntiqə belə uyğun gəlmir. Bu barədəki yeni materiallarda, həmin nöqsanlar nəzərə alınır. Təklif etdiyimiz təsnifat daha əlverişlidir və əməli olaraq fövqəladə hadisələrin bütün növlərini əhatə edir. Həmin təsnifat 1.1 cədvəlində verilmişdir.
Məlumdur ki, fövqəladə hadisə hər hansı sahədə baş verən texnogen, texnogen-təbii, təbii mənşəli elə hadisədir ki, o, əhalinin və istehsalatın uzun illər boyu öz həyat fəaliyyətlərində vərdiş etdiyi hadisə və proseslərin normal parametrlərinin pozulmasına səbəb olur. Fövqəladə hadisələr insanların həyat fəaliyyətinə, iqtisadiyyatın işinə, sosial sahəyə və təbii mühitə xeyli mənfitəsir göstərir.
Fövqəladə hadisələr zamanı ilk növbədə ümumi itkilər və ziyan müəyyən edilir ki, bu, dərhal müvafiq tədbir görmək və zərər çəkmiş rayona kənardan yardım göstərmək barədə qərar qəbul etmək üçün vacibdir.
Tə’sir dairəsinə (miqyasına) görə və nəticələrinin ağırlığı üzrə fövqəladə hadisələr: lokal (qismi), obyekt səciyyəli, yerli, regional, milli və ya qlobal xarakterli ola bilər Lokal (qismi) hadisələlər iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. Obyekt miqyaslı (səciyyəli) hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Yerli hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Regional fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Milli miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Qlobal hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır.
Tə’sir dairəsindən (yayılma miqyasından) əlavə, FH-lər baş verən insan tələfatının miqdarına, zədələnmiş (köçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir. Fövqəladə halların təsnifatına dair yuxarıda göstərilən sahələr və belə hadisələrin müəyyən növlərinə görə onların “ağırlıq” dərəcələrinin qiymətləndirilməsi üzrə həm keyfiyyət kateqoriyaları, həm də onlara müvafiq olan kəmiyyət xarakteristikaları da fərqli olur. Bunlardan milli və qlobal fövqəladə hallara aid keyfiyyət və kəmiyyət xarakteristikalarının qiymətləndirilməsi məsələləri indiyədək daha az işlənib öyrənilmişdi. Bu məsələyə dair ümumiləşdirilmiş statistik materialların təhlili, ölkədə və xaricdə aparılan tədqiqat materiallarının nəticələri bu boşluğun aradan qaldırılmasına, bir sıra yeni qiymətləndirmə xarakteristikalarının, o cümlədən də dövlət idarəetmə sisteminin fövqəladə hadisələrə davamlılığı dərəcəsinin qiymətləndirilməsi üzrə xarakteristikalar əldə edilməsinə imkan verdi. Məsələn “Əvəzolunmaz” və “Bərpaolunmaz” dərəcəli kəmiyyət xarakteristikalarını bir sıra fövqəladə halları xarakterizə edən parametrlərin elə qiymətləri kimi qəbul etmək lazımdır ki, belə hallarda yalnız milli ehtiyatlar hesabına və mövcud dövlət idarəetmə sistemi şəraitində əhalinin həyat təchizatını, ən əsası isə onun həyat fəaliyyətini təmin etmək mümkün olmaz.
Fövqəladə halların onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş əlamət üzrə FH-lar: texnogen, təbii, ekoloji) və sosial-siyasi mənşəli hadisələr kimi təsnif edilir. Azərbaycan respublikasının ərazisində bütün bu dörd növ FH baş verə bilər.
Bu təsnifat FH-ın miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin FH-ın qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləcə də xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamət göstəriciləri rolunu oynayır.
1.1. Təbii xarakterli təhlükələr və onların
xarakteristikası
Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən Azərbaycanın ərazisində 15-dən artıq növdə cürbəcür təhlükəli təbii hadisələr müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olanlar: subasma, daşqın, eroziya, zəlzələ, sürüşmə, sel, daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burağan və sairədir. Bu hadisələrin bəziləri gözlənilmədən baş verir və qısa müddətli olur (məs., zəlzələ, sürüşmə, uçqun, çökmə, burulğan), lakin böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir. Digərləri, məsələn, daşqın, eroziya-uzun müddət tədricən inkişaf edir, nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır iqtisadi itkilər törədir.
Ölkəmizdə il ərzində 15-30 kortəbii təhlükəli hadisə baş verir.
Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür: geofiziki, hidrometeroloji, geoloji təhlükəli hadisələr, infeksion (yoluxucu) xəstəliklər və təbii yanğınlar.
Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir.
Azərbaycan Respublikasının 20-dən artıq şəhəri və bir neçə yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcuddur.Belə təhlükənin əsas mənbəyi leysan yağışları, qarın sürətlə əriməsi, bəndlərin, su sədlərinin dağılması, uçqun və sürüşmələrdir. Vaxtaşırı çay və dəniz suyu daşqınlarına məruz qalan subasar torpaqların ümumi sahəsi 1,5-5 min km2 təşkil edir. Bəzi çox yağmurlu illərdə, 1996, 1997, 2003, 2010-cu illər məhz belə illər idi - subasar torpaqların sahəsi 1,50 min km2 çatır, adi hallarda isə 0,5 min km2sahələri su basır. Daşqınlar nəticəsində ölkəyə dəyən illik orta statistik zərər 1,25-3,0 milyard manat hüdudlarında dəyişir.
Müstəqillik illərində ən intensiv daşqınlar 1997-ci ildə baş vermiş, nəticədə məsələn, İsmayıllı, Qəbələ,Oğuz ra- yonlarında və respublikanın bəzi regionlarında yaz və payız daşqınları dövründə onlarca torpaq bəndləri və körpülər Dağılmış, 40 km-dək avtomobil yollarını su yuyub aparmış, yüzlərlə yaşayış evi və heyvandarlıq binasını, 11 min ha əkin sahəsini su basmış, 3 min qoyun məhv olmuş, insan tələfatı da olmuşdur.zərərin ümumi məbləği 12 milyard manatı ötmüşdür. 2010-cu ildə Kür və Araz çaylarında daşqınlar nəticəsində 70 min hektardan çox ərazi su altında qalmış, 50000 nəfər İmişli, Sabirabad, Saatlı və s rayonların əhalisi öz evlərini tərk etmiş, ekomiqrant vəziyyətinə düşmüşdür.
Atmosfer hadisələrindən ən çox zərər vuranları qasırğa, dolu, burulğan, güclü leysanlar, fırtına, güclü qar yağıntısı və s-dir. km2
Bunların törətdiyi ziyan yüz min milyon manatlarla hesablanır.
Xəzər dənizində su səviyyəsinin qalxması nəticəsində ölkəmiz çox böyük maddi itkilərə məruz qalır. 1997-ci ildə suyun səviyyəsi 2,5 m qalxmış, nəticədə 800 km2kənd təsərrüfatı torpaq sahələri, digər geniş əraziləri su basmış, o cümlədən 7 şəhərdə (Bakı, Sumqayıt, Astara, Lənkəran və s.) və 35 başqa yaşayış məntəqəsində daşqınlar baş vermişdir ki, bu ərazilərdə 1 milyondan artıq əhali yaşayır, eləcə də 120 heyvandarlıq, sənaye, obyekti, dəmir və şose yolları yerləşir. Həmçinin burada 1534 hektar otlaqlar, 1220 hektar üzümlük və bostan sahələri, 3660 hektar əkinlər su altında qaldı. Neft mədənlərinə, gəmi təmiri zavodlarına, limanlara xeyli zərər dəydi. Xəzərdə su səviyyəsinin qalxması ilə əlaqədar ölkəyə ümumən dəyən ziyanın məbləği təxminən 12 milyard ABŞ dolları təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, hidrometroloji hadisələrin vurduğu real ziyan yuxarıda göstəriləndən xeyli artıqdır. Çünki hadisələrin qeydiyyatı qeyri-müntəzəm, bəzən isə təsadüfi xarakter daşıyır, bir sıra hallarda isə yalnız birbaşa itkilər hesablanır, dolayı itkilər isə heç də nəzərə alınmır.
Geoloji xarakterli fəlakətlər ekzogen və endogen proseslər nəticəsində baş verir. Məlum olduğu kimi, endogen proseslər zəlzələ törədir. Yalnız son 30(otuz) ildə respublikamızın ərazisində onlarla zəlzələ qeydə alınmış, onların ikisi daha güclü olmuş və fövqəladə hal yaratmışdır. (1999-cu ilin zəlzələsini təsvir et)
Hər iki zəlzələ zamanı insan tələfatı olmuş, zəlzələ mərkəzinin yaxınlığındakı rayonlarındakı sosial və sənaye obyektlərində güclü dağıntılar baş vermiş, yerin səthində çatlar, qırılmalar, sürüşmələr və digər deformasiya halları müşahidə edilmişdir. Bu fəlakətlər nəticəsində 2 nəfər həyatını itirmiş, 32 nəfər yaralanmış, 1,5 min nəfər əhali zərər çəkmişdir. Çoxlu ictimai tikililər, yaşayış və sənaye binaları Dağılmış və ya zədələnmiş, 631 ailə evsiz-eşiksiz qalmışdır.
Planetimizdə təbii fəlakətlər çox tez-tez baş verir. BMT Statistika xidmətinin məlumatına görə, 1947-ci ildən 2020-ci ilə qədərki dövrdə təbii mənşəli fövqəladə hadisələr nəticəsində dünyada artıq insan məhv olmuşdur.
Təbii fəlakətlərin çoxunun bir vaxtda baş verməsi, onların intensivliyi və müəyyən dövrlər ərzində təkrar olunması, günəşin aktivliyi ilə bilavasitə əlaqədə olur. Bizim respublikamızın bu və ya digər rayonu üçün ancaq təbii fəlakətlərin bəzi növləri xarakterikdir. Belə təbii proseslərin, xüsusən də kortəbii hadisələrin dövriliyinin öyrənilməsi, proqnozlaşdırılması ölkədə xeyli vəsaitlərə qənaət edilməsinə, insan həyatının qorunub saxlanmasına imkan yaradır.
Təbii xarakterli FH-i törədən amilləri ayrı-ayrılıqda nəzərdən keçirək:
Dostları ilə paylaş: |