Mühəndis kəşfiyyatı müəyyən etməlidir:
− yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini, dərəcəsini,
həcmini və mexanizmlərdən istifadənin mümkünlüyünü;
− kommunal-enerji sistemlərində zədələrin xarakterini və yerlərini;
− su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının mümkünlüyünü;
− partlayış işlərinin aparılması şəraitini;
− xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və aparılması şəraitini.
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması
Kəşfiyyatı təşkil etmək, bütün MM rəhbərlərinin, qərargahlarının və
komandirlərinin vacib vəzifələrindən biridir.
Mülki müdafiə rəhbəri kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə
ediləcək qüvvələri, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini
müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün MM qərargahının rəisi məsuliyyət daşıyır, bu
işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin
qərarına və qərargah rəisinin göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini
planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan
alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət
rayonlarında, yaxud zədələnmə ocaqlarında yaranmış vəziyyət barədəki bu
məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin
tabelikdəki qərargahlara və bölmə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Kəşfiyyat planı
müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və
MM rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi və ya rayonun xəritəsi əlavə edilir. Orada idarəetmə
məntəqələrinin, mühafizə qurğularının və kəşfiyyat bölmələrinin yerləri, bu
bölmələrin fəaliyyət marşrutları və tapşırıqlarını yerinə yetirdikdən sonra toplanış
məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə
kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda
yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı,
onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq
və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində, habelə düşmən
basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti
öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə
kəşfiyyat manqalarından ibarət olur. Hər manqa 500 m-dən – 800 m-dək zolaqda
yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə
tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı
cihazları, kəşfiyyat jurnalı, qələm, xətkeş, hədd nişanları dəsti və fərdi dozimetr ilə
təchiz edilir. Fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət
marşrutu və kəşfiyyat aparacağı obyektin sxemi verilir.
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgen-
saatdan çox olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd
nişanları vasitəsilə nişanlanır.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda
zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun
kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Manqa komandiri hərəkəti davam
etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin
növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio rabitə
vasitəsi ilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində
kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq
sahələrdə zəhərlənmənin növünü və səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin
dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında təyin
edilir. Burada dəstə komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün
manqalara tapşırıqlar verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında,
xilasetmə işləri aparılacaq yerlərdə yaranmış vəziyyəti – dağıntıların və yanğınların
xarakterini, adamlar qalmış yerləri və s. öyrənir, zəhərlənmənin səviyyələrini
ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi,
obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat manqası qərargaha gəlir, komandir
vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim
edir. Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə
dərəcəsini yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir və
qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Qəza yerlərində kəşfiyyat apararkən, havadan və torpaqdan nümunələr götürüb
analizə göndərmək lazımdır. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas
vəzifələri bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan
yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi
zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində
qəzaların yerini, dərəcələrini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən
etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma
ehtiyacı olan insanların, habelə kənd təsərrüfatı heyvanlarının qaldığı sahələri
müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzmə
vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
|