Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


İntonasiya. İntonasiyanın gözlənilməsi ifadəli oxunun əsası kimi



Yüklə 131,95 Kb.
səhifə8/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
OTM (mühazirə mətnləri) yeni

5. İntonasiya. İntonasiyanın gözlənilməsi ifadəli oxunun əsası kimi
İntonasiya latın sözüdür, "ucadan təlaffüz etmək" mənasında işlənir.Məntiqi nitqdə fikrin, mövzunun məzmununu dəqiq və aydın şəkildə çatdırmaq üçün cümlələrin ekspressivliyini təmin etməyə yönəlmiş intonasiya diqqətdə saxlanılır. Nitqdə emosional boya kəsb etməklə dinləyicilərin hisslərinə təsir mexanizmi kimi intonasiya xüsusi əhəmiyyət daşıyır. İntonasiya baxımından düzgün qurulmuş nitq insanların qəlbinə tez yol tapır, onları darıxmağa, yorulmağa qoymur, xoş əhval-ruhiyyə yaradır, maraq oyadır. Nitqin ahəngi, mclodik səs quruluşu, ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), tempi və ya surəti (müəyyən vaxt ərzində sürətli və ya yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi xüsusiyyətləri - birlikdə intonasiyanı təşkil edir. Məhz intonasiya vasitəsilə nitqdə müxtəlif emosional vəziyyət yaradılır. Modallıq bildirən intonasiya cümlənin mənasını müəyyənləşdirir, cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, cümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri və xüsusiləşmələri nəzərə çarpdınr. Dilimiz intonasiya cəhətdən zəngindir və bu hesaba nitq prosesində rəngarəng məna çalarları yaratmaq olur. İntonasiya, qısa şəkildə desək, tələffüz hadisəsidir. Yazılı nitqi oxuyan şəxs yazanın intonasiyasını eşitmir, amma yazı manerasından, durğu işarələrinə və dil vasitələrinə istinadən onun hansı hisslərlə cümlələri ifadə etməsini təsəvvür edir. İntonasiya ilə bağlı qüsurlar həm sürətli, həm də asta danışıq və ya oxu zamanı üzə çıxır. Sürətin normaya uyğun deyil, ondan aşağı və ya yuxan avazlanması mənanın təhrif olunmasına gətirib çıxarır.
İntonasiya hər şeydən əvvəl oxunun ifadəliliyini və şüurluluğunu təmin edən bir vasitədir. O, mətnin mahiyyətindən doğan daxili cəhətdir. Oxunan əsərin forma və məzmununa uyğun intonasiya seçmək mümkün olmur. İntonasiya oxu materialındakı ayrı-ayrı sözlər, söz qrupları və cümlələr arasında özünəməxsus əlaqə yaradır. Hər bir cümlədə, abzaslarda yazıçının fikir və hisslərinin meydana çıxmasına xidmət edir. Söz və ifadələri qrammatik cəhətdən, ardıcıl gələn cümlələri məzmun və formaca bir-birinə calaşdırır, formalaşmış fıkir ifadə edir. Oxu materialının bu elementləri intonasiyanın vasitəsilə hərəkətə gəlir, canlı bir aləmə çevrilir. Oxu prosesində materialın məzmun və formasından asılı olaraq səsin tələffuzə, tona, gücə, temp və tembrə görə belə dəyişməsi nitqdə ahəngdarlıq yaradır. İntonasiyada əsas mahiyyət, funksiya oxu materialının məzmunundan irəli gələn səsin tembridir, məzmunun şən va yaxud qəmgin əhvali-ruhiyyə tələb etməsidir. Deməli, materialın aşağıdan və yaxud ucadan oxunmasını, səsin güc və tempini həmin materialın tembri müəyyənləşdirir. Səs tembri mətndəki hiss və həyəcanları ifadə edir, oxuya emosionallıq, əlvanlıq gətirir. Bu, oxucunun məzmuna, ayrı-ayrı obrazlara, onların hərəkətinə münasibəti ilə, həmin hadisənin ona təsiri ilə, özünün (oxucunun) psixofızioloji təbiəti, fərdi temperamenti və bilik səviyyəsi ilə əlaqədardır. Oxucunun fıziki və psixi keyfıyyətləri qarşılıqlı əlaqədə olduğundan oxu prosesində intonasiyanın nəfəs, səs (məlahətli, incə,təmiz, kobud, zəif, gur, xırıltılı, tıntın və ya xırıltılı), diksiya (dil,diş, dodaq və s. fəaliyyətindən asılı olaraq aydın, anlaşıqlı tələffüz) və s. kimi texniki cəhətləri də nəzərə alınmalıdır. Şagirdlər ilk gündən bilməlidirlər kı, oxumazdan əvvəl dərindən nəfəs almaq, məntiqi cəhətdən bitmiş hissə qurtarana kimi onu eyni qaydada buraxmaq lazımdır, həmçinin oxu prosesində ifadəliliyi gözləmək üçün nəfəs ağızla deyil, burunla alınmalıdır. I-IV siniflərdə şagirdlərə oxu prosesində mətndəki rollara uyğun səslərini dəyişmək bacarıqları da aşılanmalıdır.
Qeyd etdiyimiz kimi nitqdə, o cümlədən oxu prosesində intonasiyanın rolu böyükdür. İntonasiya sözün mənasını gücləndirməklə, bəzən sözdən daha çox şeyi ifadə edir. Belə ki, bəzən intonasiyanın köməyi ilə sözə onun ifadə etdiyi mənanın əksini vermək olur. Müəllim ev tapşırığını çox səliqəsiz və nöqsanlı yazmış şagirdin dəftərinə baxıb deyir: ”Əla!”. Ə-səsini çox uzatmaqla o, rəğbət deyil, kinayə, tənə bildirir, uşağı töhmətləndirir.
Fikrin və hisslərin ifadə olunmasında, məna, məzmun və ona münasibətimizdə müəyyən edilən psixoloji intonasiya mühüm rol oynayır. İntonasiyasız oxunan əsərdə yazıçının duyğuları, obrazlar, qəhrəmanın əhval-ruhiyyəsi və əsərin bədii qiyməti anlaşılmaz.
Şagirdlər yerinə görə yüksək səslə və sakit oxumağı öyrənməlidirlər. II sinifdə A.Səhhətin “Ayı və şir” təmsili keçilərkən:
Çeynədilər, dişlədilər, diddilər,
Bir - birini al qana qərq etdilər. -misraları qüvvətli,
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar. -misraları isə sakit tonla oxunmalıdır.
Səs tonundan düzgün istifadə xüsusi bacarıq tələb edir. Çox vaxt intonasiya məfhumu ilə “səs tonu” eyniləşdirilir. Ola bilər ki, eyni şeri şagirdlərdən biri ucadan, digəri alçaqdan, lakin eyni tonla oxusunlar. Ton mətnin məzmunu, ideyası ilə müəyyən edilir. Bədii əsəri qürur, sevinc, təntənə, iftixar, qorxu, qəzəb, nifrət, kədər, intiqam və s. tonla oxumaq mümkündür. Oxu prosesində oxuyanın özündə müvafiq hisslər yaranmasa, o, həyəcanı düzgün ifadə edə bilməz.
Oxu prosesində müəllimin vəzifələrindən biri şagirdlərə oxu materialının məzmun və formasına uyğun intonasiya variantları seçməyi öyrətməkdən ibarətdir.
Linqvistik və pedaqoji ədəbiyyatda intonasiyanın iki növü göstərilir:

  • məntiqi intonasiya;

  • iradi-emosional intonasiya.

Məntiqi intonasiya qrammatik baxımdan bütövlükdə cümlənin (nəqli, sual və nida cümləsinin), cümlə üzvlərinin (çağırış, müraciət, sadalama, aydınlaşdırma, əmr, xəbər və s.) mənasının açılmasına xidmət edir. İradi-emosional intonasiya isə kinayə, istehza, təəccüb, şübhə, təsdiq, inkar, nəsihət, xahiş, yalvarış, dəvət, məsləhət, təskinlik, qəzəb, kin, hiddət, kədər, qüssə, sevinc, şadlıq və s. hissləri meydana çıxarır. İntonasiyanın bu göstərilən iki növü məntiqi vurğu və fasilələri də özündə əks etdirir.
Oxu, eləcə də nitq prosesində intonasiyanı təmin edən mühüm tərkib hissələrdən biri də fasilədir. Onun əsas funksiyası, oxu prosesindəki birinci vəzifəsi ayrı-ayrı cümlələri müəyyən hissələrə (sözlərə, söz qruplarına) ayırmaqdan, ikincisi isə həmin hissələrin mənaca bir-birinə bağlanması işini təmin etməkdən ibarətdir. Metodik ədəbiyyatda haqlı olaraq fasiləni üç növə ayırırlar:

  • qrammatik fasilə;

  • məntiqi fasilə;

  • psixoloji fasilə.

Qrammatik fasilə oxu prosesində fasilənin yerini durğu işarələrinə görə müəyyənləşdirməyi tələb edir. Belə ki, nöqtə fikrin bitdiyini göstərir və səsin aşağı düşməsini tələb edir. Nöqtəli vergül fikrin müəyyən qədər tamamlandığını bildirir. Bu vaxt səs nöqtəyə nisbətən bir qədər aşağı düşür. Qoşa nöqtə fikrin qurtarmadığını, hələ sadalanacağını, aydınlaşdırılacağını, dəqiqləşdiriləcəyini bildirir. Vergül fikrin bitmədiyini bildirməklə səsin artırılmasını tələb edir. Tire fikrin sözlə ifadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir. Bu fasilədə oxucu buraxılmış sözü fikrən tələffüz edir və səsin gedişi ilə elə bil ki, onu bərpa edir. Sual və nida işarələri insanın niyyətini emosional boyalarla verilməsinə xidmət edir.
Şagirdlər yalnız III-IV siniflərdə durğu işarələrini tam gözləyə bilirlər, lakin uşaqları buna praktik yolla I sinifdən alışdırmaq lazımdır.
Bədii əsərlərin oxunması prosesində məntiqi fasilənin gözlənilməsi oxunun ifadəliliyinə, məzmunun şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Məntiqi fasilə mətndəki ayrı-ayrı sözlərin, cümlənin hissələrinin mənasından asılıdır. Cümlədəki ən mühüm sözlər fasilə ilə ayrılır.
Hörmət etmək nənənə...
Qoy bir borc olsun sənə,
Babanın... tut sözünü,
Sevdir ona özünü.
M.Dilbazinin “Böyüklərə hörmət et” şerindən götürülmüş bu parçada nənənə və babana sözlərindən sonra fasilə etməkdə məqsəd şagirdlərin diqqətini ailədə nənə və babanın böyük olmalarına, onlara hörmət etməyin vacib olmasına yönəltməkdir.
Oxunun ifadəliliyi üçün psixoloji fasilədən düzgün istifadə edilməsi tələb olunur. İbtidai siniflərdə psixoloji fasiləni praktik yolla başa salmaq mümkündür. Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsində uşaqlar oxuyurlar: “Birdən lap içəridən bir cüt uşaq gözü kəşfiyyatçı əsgərin gözlərinə dikilir”. Bu cümlədə birdən sözündən sonra edilən fasilə dinləyicini intizarda saxlayır. Fasilədən sonra dinləyicilərin qarşısında təəccüb, təəssüf və sevinclə dolu bir səhnə açılır. Birdən sözündən sonrakı fasilə şaxtadan donmuş ananın qucağında uşağın sağ qalması ilə əlaqədar şagirdlərin keçirdikləri psixoloji halları, heyrət hissini qüvvətləndidir.
Fasiləyə düzgün əməl olunması oxunun şüurluluğuna müsbət təsir göstərir, təfəkkürün məhsuldarlığını artırır, mənimsəmənin keyfiyyətini yüksəldir.



Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin