İnformasiya sahəsində yeniliklər
Biz dinamik, sürətlə inkişaf edən yüksək texnologiyalar və ya Hi-Tech dünyasında yaşayırıq və bu dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) insanların həyat tərzinə çevrilib. İKT cəmiyyətin həyat şəklini və dünya iqtisadiyyatının artımına kömək edir. Ona görə də onların səmərəli istifadəsi bu gün dünyanın müxtəlif ölkələrinin qarşısında duran əsas vəzifələr sırasındadır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.
Ölkələrin təcrübəsi göstərir ki, informasiya cəmiyyətinin formalaşması proseduru mürəkkəb və çoxşaxəlidir. Artıq uzun illərdir ki, bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycanda da hökumət səviyyəsində addımlar atılır. Əminliklə demək olar ki, İKT dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran ən ümdə vəzifələrdəndir. Məhz ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir.
Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda İKT-nin inkişafına xüsusi diqqət göstərir. İKT-nin sürətli inkişafı ilə bağlı bir sıra əhəmiyyətli addımlar atılıb, mühüm Fərman və sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin hələ 2005-ci il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli Fərmanı ölkədə İKT sektorunun inkişafına mühüm şərait yaratdı. Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan İKT sosial-iqtisadi sistemin bütün sahələrinə, insanların gündəlik həyatına nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrildi. 2008-ci il 11 avqust tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərirdi.
Reallaşdırılan bu və ya digər kompleks islahatlar nəticəsində Azərbaycanda sözügedən istiqamətdə bir-birinin ardınca böyük irəliləyişlər əldə edildi. 2013-cü ilə Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə uyğun olaraq bütün ölkə ərazisini əhatə edəcək rəqəmli televiziya sisteminin qurulması təmin olundu.
Dövlət başçısı İlham Əliyev apardığı siyasətin təməlində, ölkədə həyata keçirilən islahatların mərkəzində məhz Azərbaycan vətəndaşı və onun məmnunluğu dayanır. Prezident İlham Əliyevin uzaqgörənliyi və ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. Xatırladaq ki, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Əhalinin “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğu 99,5 faizdir. Ölkədə ümumi uğurun təminatının, sabitliyin və qanunun aliliyinin gücləndirilməsinə xidmət edən vacib amillərdən biri də məmur-vətəndaş münasibətlərinin şəffaflığıdır. Qeyd edək ki, DOST mərkəzlərində xidmətlər “bir pəncərə” prinsipinə uyğun olaraq sadələşdirilmiş prosedurlarla həyata keçirilir ki, bu da öz növbəsində səmərəlilik, şəffaflıq və məsuliyyət deməkdir.
Azərbaycan davamlı olaraq, xarici təcrübəni öyrənir və tətbiq edir. “Ağıllı infrastruktur” da bunladan biridir. Bu sistemlər, resursların limitli olduğu dünyamız üçün həm ekoloji həm də iqtisadi faydalarını göstərir. Eyni zamanda, mərkəzləşdirilmiş idarəetməni asanlaşdırmaqla, insan resurslarını daha effektiv istifadə etmək şəraiti yaradır. Dünyada İKT-nin sürətli inkişafı özü ilə müxtəlif yenilikləri və dəyişiklikləri də gətirdi. Bu yeniliklərdən biri də “Ağıllı kənd” konsepsiyası hesab olunur. “Ağıllı infrastruktur”un əsas xüsusiyyətlərindən biri də asan adaptasiya olunması və yeni çağırışlara hazır olmasıdır.
Hazırda işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri aparılır. Həmin ərazilərin bərpasında müasir texnoloji yeniliklər tətbiq olunur, Qarabağda “ağıllı kənd” layihəsi tətbiq olunur. Bu konsepsiyanın tətbiqi rəsmi qurumların yerli sakinlər, o cümlədən də infrastrukturla birbaşa əlaqə qurmağa, kənddə baş verənləri və kəndin necə inkişaf etdiyini izləməyə imkan verir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Xatırladaq ki, 2021-ci il aprelin 19-da Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə bu konsepsiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq: “Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik”.
Dostları ilə paylaş: |