Herbert Spenser (1820-1903) hesab edirdi ki, elm ayrı-ayrı sahələri əhatə etdiyi halda, fəlsəfə biliklərin birləşməsi, sistemidir. Bu ingilis filosof idrakın təcrübə ilə çərçivələndiyini və buna görə də dünyanı dərkedilməz hesab edirdi. O sosial fəlsəfənin bir sıra maraqlı məsələlərini işləmişdir. Belə ki, əgər Çarlz Darvin biologiyada təkamül nəzəriyyəsi ilə poulyardırsa, Spenser bu nəzəriyyənin sosial həyatda analoqunu yaratması ilə diqqət çəkir. O sosial darvinizm kimi tanınan konsepsiyasında cəmiyyəti orqanik sistem kimi səciyyələndirir və qeyd edirdi ki, cəmiyyət barbarlıq mərhələsindən müasir sivilizasiyalara mərhələli şəkildə transformasiya etmişdir.
XX əsrin 20-30-cu illərindən başlayaraq dil fəlsəfi tədqiqatların əsas obyekti oldu. Analitik fəlsəfənin son mərhələsi linqvistik fəlsəfə adlanır. Eyni zamanda, fəlsəfi problemlərin həlli bu və ya digər ifadələrin və onların mənasını müəyyənləşdirmək istiqaməti aldı. Başqa sözlə, fəlsəfə nəzəriyyə kimi deyil, fəaliyyət kimi qəbul edildi. Bu fəlsəfi məktəbin əsas nümayəndələri Q.Frege, B.Rassel , L.Vitgenşteyn sintaktika və semantika arasında əlaqə yaratmağa cəhd edirdilər. Məsələn, L.Vitgenşteynin «Məntiqi-fəlsəfi traktat» əsərində məntiqin strukturu ilə dünyanın strukturu arasında tam uyğunluq yaratmaq cəhdi aşkar görünür. L.Vitgenşteyn dilin yaratdığı dünya mənzərəsini dünyanın özü ilə bərabər götürürdü. O qeyd edirdi ki, sadə həmişə nisbidir və şəraitdən asılıdır.
Bertran Rasselin əsas əsərləri bunlardır: “Riyaziyyatın prinsipləri” (The Mathematica Prinsipa), “Qərb Fəlsəfəsi tarixi”, “Niyə mən xristian deyiləm?” və sair.
B. Rassel ictimai fikir tarixində ən çox əsər yazan filosoflardan biri kimi tanınır, ensiklopedist mütəfəkkirdir və Nobel mükafatı almışdır. O həm də rasionalizmin və humanizmin ən görkəmli nümayəndələrindən biri hesab olunur. İngilis aristokratiyasına məxsus olmasına baxmayaraq B.Rassel kapitalist idarə üsulunu tənqid etmişdir. Hesab edirdi ki, kapitalizm öz mahiyyətinə görə məhvə məhkumdur. Kapitalizmin ən böyük qüsuru ədalətsizlikdir. O fikirlərində qətiyyət nümayiş etdirərək kommunizm quruluşunu müdafiə etmişdir. Rusiyada olarkən kommunistlərlə görüşmüş, kommunizmin Rusiya təcrübəsinin iflasa uğrayacağı təqdirdə belə onun bir quruluş kimi yaşayacağını bildirmişdir. Yaradıcılığının sonrakı illərində o sosial-demokratiya ideyalarına müraciət edir və kommunizm ideyalarından uzaqlaşmağa başlayır.
Fəlsəfəni Rassel din və elm arasında bir aralıq məqam kimi dəyərləndirirdi. Dinin izah verə bilmədiyi məqamlarda fəlsəfəyə müraciət olunur. Hesab edirdi ki, fəlsəfə insanlara, cəmiyyət həyatına, tarixə nüfuzedici təsir göstərir. Onun əsərləri təkcə Böyük Britaniyada deyil, digər ölkələrdə də geniş öyrənilir və bu marağın əsas səbəbi Rasselin praqmatizmi və yaradıcılığının çoxşaxəliliyidir.