Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Əksliklərin vəhdəti və mübarizəsi qanunu eyniyyət, fərq, əkslik və ziddiyyət kateqoriyaları vasitəsilə izah olunur.
Eyniyyət anlayışı predmet və hadisələrdə ziddiyyətin ilkin halında olduğu və ziddiyyətin tərəflərinin, əksliklərin üst-üstə düşdüyü başlanğıc mərhələni bildirən anlayışdır. Əkslik anlayışı həm ziddiyyətin tərəflərini (köhnə və yeni, mənfi və müsbət və s. kimi), həm də ziddiyyətin yüksək dərəcədə kəskinləşməsini ifadə edir. Əksliklər arasındakı münasibəti ziddiyyət kateqoriyası əks etdirir. Maddi aləmin predmet və hadisələrindən hər biri müəyyən ziddiyyətlərə malikdir. Ziddiyyətlərin meydana gəlməsi materiyanın hərəkət formalarının, həmçinin təbiət və cəmiyyətdəki əlaqə və münasibətlərin mürəkkəbliyi ilə determinə olunur. Ziddiyyətlər idrakın zəmini olan, onun məzmununu təşkil edən predmet və hadisələrin özlərinə xas olub, onların bir-birilərini tələb və qarşılıqlı rədd edən əks tərəflərə, xassələrə malik olduğunu bildirir.
Ziddiyyətin növləri kimi fəlsəfi ədəbiyyatda aşağıdakılar qeyd olunur: əsas və qeyri-əsas, başlıca və qeyri-başlıca, daxili və xarici. Əsas ziddiyyət hadisənin inkişafının istiqamətini, xüsusiyyətlərini müəyyən edir, digər ziddiyyətləri şərtləndirir, onlara təsir edir, hadisənin mövcud olduğu bütün müddətdə təsir göstərir.
Daxili ziddiyyət – predmet və hadisələrin daxili təbiətindən törəyir. Xarici ziddiyyətlər bir-birinə təsir göstərən müxtəlif proseslər arasındakı ziddiyyətlərdir. Başlıca ziddiyyətlər müvəqqəti olaraq, müəyyən dövr ərzində başqa ziddiyyətlər arasında həlledici ziddiyyət rolunda olur və həll olunduqdan sonra, inkişafın yeni pilləsində digəri ilə əvəz olunur.
Ziddiyyətin iki əsas tipi fərqləndirilir: antaqonist və qeyri-antaqonist.
Əksliklərin vəhdəti və mübarizəsi sosial həyat hadisələrinin inkişafında daha bariz təzahür edir. Əkslik və ziddiyyətləri əsasən iki yerə ayırmaq olar: bütün ictimai iqtisadi formasiyalarda olan ümumi ziddiyyətlər: məsələn, ictimai varlıqla ictimai şüur arasında olan və s. Ziddiyyətlər; digər tərəfdən müxtəlif formasiyalara xas olan ziddiyyətlər. Əksliklər iki cəhəti – onlar arasındakı vəhdət və mübarizəni ehtiva edir. Əksliklərin vəhdəti dedikdə əksliyin bir tərəfinin digər tərəfi tələb etdiyi başa düşülür. Yəni, iki tərəfin hər ikisi olduqda əksliklərdən danışmaq olar. (Məsələn, xeyir və şər)
İkincisi, qarşı tərəflər bir birilə müəyyən ziddiyyətdə olmalıdır. Əksliklərin mübarizəsi qanunauyğun olaraq yaranır. Ziddiyyətin artmasında, inkişafında elə bir pillə, məqam yaranır ki, bu zaman əksliklər birgə, yanaşı ola bilmir. Bu zaman ziddiyyətlərin həll olunması anı yetişir. Ziddiyyətlər mübarizə ilə, bəzən liberal, bəzən isə dramatik məcrada həll edilir.
Əksliklərin vəhdəti və mübarizəsi qanununa əsasən bütün şeylərin, hadisələrin, proseslərin mübarizədə olan ziddiyyətli cəhətləri, meyilləri vardır. Əksliklərin mübarizəsi inkişafa daxili təkan verir, ziddiyyətlərin çoxalmasına doğru aparır və müəyyən mərhələdə bu ziddiyyətlər köhnənin yox olması və yeninin meydana gəlməsi ilə yekunlaşır.