Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə23/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   19   20   21   22   23   24   25   26   ...   86
İmtahan suallarının cavabları 2

27. Tərbiyədə nikbinlik prinsipi.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşkünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.
Tərbiyəçi uşağa dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür ("Səndən adam çıxmaz", "Tənbəl", "Yalançı" və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini çətinləşdirir.
Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipini öz təcrübəsində geniş tətbiq edən A.S.Makarenko cinayət etmiş uşağın keçmiş tərcümeyi-halını hamının qarşısında tonqalda yandırırdı. O deyirdi: "Uşağın keçmişində eşələnməyin. Bunun tərbiyəyə heç bir köməyi dəyməz. Bizə insanın dünəni yox, bu günü və sabahı vacibdir".
Nikbinlik prinsipi insanın müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Hər bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.

28. Şüurun formalaşdırılması metodu (inandırma).
Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
Əxlaqi söhbətlər müəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. Kollektiv söhbətlər müəyyən qrupla keçirilir və profilaktik məqsəd güdür, yəni insanı düzgün davranış normaları ilə silahlandırmağa, yanlış təsəvvürlərin və hərəkətlərin qarşısını almağa xidmət edir. Belə söhbətlər müxtəlif mövzularda ola bilər: xeyirxahlıq, vətənpərvərlik, sadəlik, təvazökarlıq, yoldaşlıq, intizam və s. Bu söhbətlərin mövzularını sinfin, məktəbin həyatından da götürmək olar. Əgər məktəb əmlakına qayğısız münasibət halları və ya sinifdə küsülü uşaqlar varsa, onda ictimai əmlaka qayğılı münasibət və ya yoldaşlıq və dostluq haqda söhbət keçirmək faydalı olar.
Kollektiv söhbətlərdən fərqli olaraq, fərdi söhbətlər tək-tək uşaqlarla müəyyən xoşagəlməz hərəkətlərlə bağlı aparılan söhbətlərdir. Belə söhbətin məqsədi yol verilmiş qəbahətin zərərini uşağa başa salmaq, onda peşmançılıq hissi yaratmaqdır. Amma belə söhbəti danlağa çevirmək olmaz. Danlağın dərdindən uşaq yalandan "bir daha belə etmərəm" vədi verə bilər, öz hərəkətini dərk edib, peşmançılıq hissi keçirməz.
Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda uşaqla söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məqsəd uşağı öz qəbahəti üzərində düşündürmək və onda peşmançılıq hissi oyatmaqdır. Belə söhbətləri kiçik uşaqlarla yox, yeniyetmə və gənclərlə aparmaq faydalıdır.
Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Onlar adətən, məktəbin yuxarı siniflərində keçirilir.
Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar. Məsələn, "Xoşbəxtlik nədir?", "Əsl insan kimə deyilir?", "Həyatın mənası nədir?", "Qızla oğlan dost ola bilərmi?", "Hansı peşə yaxşıdır?" və s. Disputda müzakirə olunan məsələ üzrə hər kəs öz fikrini söyləyir, mövqeyini müdafiə etməyə çalışır. Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir.
Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Digər metodlardan fərqli olaraq, burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Belə müzakirələr həm də bədii ədəbiyyata maraq, mütaliə tələbatı yaratmaq baxımından əhəmiyyətlidir.
Bədii əsərlərin təşkili qaydası disputda olduğu kimidir.
Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metodlarında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri belə təsirini və inandırıcılığını itirir

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin