İnternet və siyasi fəaliyyət. İnternet-texnologiyaların müasir siyasi proseslərdə də rolu
sürətlə artmaqdadır. Müasir informasiya texnologiyaları, xüsusən İnternet siyasi partiyalara və
siyasi liderlərə aktiv fəaliyyət göstərmək üçün yeni imkanlar açır. İnternetdən istifadə
səviyyəsinin artması vətəndaşlara və qruplara siyasi qərarların hazırlanmasında və qəbulunda
daha fəal iştirak etməyə şərait yaradır. Siyasi partiyalar İnternet texnologiyalardan həm də siyasi
kommunikasiya vasitəsi kimi istifadə edirlər. Artıq siyasi aktivlik ənənəvi fəaliyyət məkanından
çıxaraq, virtual mühitə keçməkdədir.
Cəmiyyət təmsilçi, nümayəndəli demokratiyadan birbaşa demokratiyaya, rəqəmsal
demokratiyaya, həmçinin sərt demokratiyadan çevik demokratiyaya (məsələn, viki-demokratiya
və s.) keçid mərhələsini yaşayır. Mütəxəssislər hesab edirlər ki, ənənəvi demokratiya böhran
həddinə gəlib çatıb. Yəni demokratik prosesləri ənənəvi üsullarla inkişaf etdirmək üçün artıq heç
bir potensial qalmayıb. Ona görə də vəziyyətdən çıxış yolu kimi “elektron demokratiya” ideyası
irəli sürülür. Qeyd edilir ki, hazırkı qloballaşma və siyasi transformasiyalar şəraitində İnternetin
siyasi proseslərə təsirini nəzərə almamaq olmaz. İnternetin demokratiyanın inkişafına göstərdiyi
təsirlə bağlı iki məqama diqqət yetirilir: birincisi, informasiyanın əlyetərliliyi, ikincisi, onu analiz
edərək, qərar qəbul etmək qabiliyyəti. Təbii ki, İnternet informasiya əldə etmək üçün əvvəllər
mümkün olmayan unikal imkanlar yaradır [4].
İnternet bilavasitə ictimai rəyə yönələrək, vətəndaş cəmiyyətinin fəal hissəsinin
davranışlarını formalaşdırır, ictimai şüura təsir edir. İnternet siyasi liderlərin və partiyaların
fəaliyyətlərinin informasiya mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib
hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə ünsiyyət üçün real interaktiv
kanal, elektorata siyasi təsir vasitəsi kimi şıxış edir.
Tarixən müxtəlif səviyyələrdə mövcud olan və fərqli adlarla ifadə edilən sosial şəbəkələr
İnternet mühitinə keçməklə yeni keyfiyyət mərhələsinə yüksəldi. İnternet-texnologiyalar
hesabına ayrı-ayrı sosial qruplar virtual məkanda operativlik, çeviklik, mobillik, informativlik
kimi imkanlar əldə etməklə cəmiyyətdə mühüm faktora çevrilməkdədirlər. Müxtəlif maraqlar
ətrafında birləşən insanların yaratdığı virtual sosial şəbəkələr cəmiyyətin ictimai-siyasi, sosial-
iqtisadi və mədəni həyatının mühüm komponenti kimi çıxış etməkdədir.
İnternet yer kürəsini əhatə etməklə yeni-yeni şəbəkə cəmiyyətləri meydana gətirir.
Görkəmli ispan sosioloqu, informasiya cəmiyyətinin tədqiqatçısı M.Kastels hesab edir ki,
informasiya əsrində insanları, təşkilatları və dövlətləri bir-biri ilə birləşdirən şəbəkələr mühüm
rol oynayacaq. Onun fikrincə, informasiya cəmiyyətində iqtisadiyyat, əmək, məşğulluq,
mədəniyyət, siyasət, dövlət təsisatları, son nəticədə zaman və məkan amilləri transformasiyaya
uğrayacaq [12].
Dostları ilə paylaş: |