İrəliləmə və fırlanma hərəkətinin kinematikası və dinamikası. Enerji, iş və güc. Kinetik və potensial enerji. Mexaniki enerjinin saxlanması qanunu
Mexaniki hərəkət və növləri
Fizikanın mexaniki hadisələri öyrənən bölməsinə mexanika deyilir. Bir cismin başqa cismlərə nəzərən yerdəyişməsinə mexaniki hərəkət deyilir.
Mexaniki hərəkət hansı cismə nəzərən müəyyən edilərsə, o cisim hesablama cismi adlanır. Hesablama cismindən keçmək şərtilə bir–birinə qarşılıqlı perpendikulyar olan üç düz xətt sisteminə koordinat sistemi deyilir. Koordinat sistemi və zamanı ölçən cihaz birlikdə hesablama sistemi adlanır. Mexanika üç bölmədən ibarətdir: kinematika, dinamika və statika. Kinematika–cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri nəzərə almadan öyrənir. Dinamika–cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə öyrənir. Nəhayət, statika–cisimlərin tarazlıqda olma hallarını öyrənir.