OBRAZ (image) – Gerçəkliyin bədii əksi. Ümumi ideyanın konkret, fərdi surətlər vasitəsilə açıqlanması. Bədii obrazların yaradılması, predmetin və ya hadisənin ən vacib və xarakterik cəhətlərinin seçilməsi və əks olunması ilə bağlıdır. O. həm ağıla, həm də hisslərə təsir edir. Reklam O.-ı – reklam edilən şirkətin, malın hər hansı bir işarə (əşya, predmet və s.) vasitəsilə təsvir edilməsidir. Uğurlu reklam O.-ı firmanın və ya malın vizual cəhətdən yaddaqalan olmasına kömək edir.
OBSKUR KAMERASI (obscur(ing) camera) – Divarlarının birində kiçik gözlüyü olan qapalı qutu.
OBTYURASİYA TEZLİYİ (obturation frequence) – Obtyuratorla bir saniyədə işıq axını örtülmələrinin sayı.
OBTYURATOR (obturator/ shutter) – Kinolent kadr pəncərəsi qarşısından keçərkən, işığın qarşısını vaxtaşırı (kadrların dəyişməsi anlarında) almaq üçün (ekranı kənar işıqların düşməsindən mühafizə edir) açılıb-bağlanan mexanizm. Digər optik-mexaniki və fotoelektrik cihazlarda da (məs., işığın modulyasiyası üçün) O. olur. O. kinoçəkiliş aparatının film kanalı ilə obyektivi arasında yerləşir. Diskli və pərdəli O.-lardan istifadə olunur.