TƏSVİR RADİOSİQNALI (picture radio signal) – Tam rəngli TV siqnalları ilə modullaşdırılmış təsvir daşıyan siqnal. T.r., bir qayda olaraq, neqativ ziddiyyətli TV siqnallarından istifadə yolu ilə formalaşdırılır ki, bu da kineskopun ekranında tünd ləkə, yaxud zolaqlar şəklində canlanan impuls xarakterli maneələrin nəzərə çarpmasını azaltmağa və sinxronlaşdırma siqnallarının maneələrə davamlılığını artırmağa imkan verir. Həmin siqnalların verilməsi zamanı maksimum güc şüalanır.
TƏŞVİQAT (agitation)– Proqram ideyalarının, şüarların yayılması (şifahi və çap) yolu ilə geniş kütlələrin şüuruna, davranış və psixologiyasına təsirlə əlaqədar siyasi fəaliyyət.
TƏŞVİQAT ŞƏRAİTİ (agitation method) – Jurnalistin özünün hadisəni modelləşdirməsi üsulu; adamların bu və ya digər təklif edilən şəraitə təbii reaksiyası.
TƏTBİQİ TELEVİZİYA (industrial-institutional television) – Müasir TV texnikası iki əsas istiqamətdə inkişaf edir. Bunlardan biri yayım TV-si,ikincisi isə tətbiqi TV adlanır. T.t. dedikdə, xalq təsərrüfatında, idarəetmə sistemində, elmi tədqiqatlarda, kosmik rabitədə, hərbi işlərdə və s. istifadə olunan TV üsulları və vasitələri məcmusu başa düşülür.
TİRADA (tirade) – Yüksək tonda ifadə olunan nitq parçası.