Səvəfi-Osmanlı müharibələri Səfəvi-Osmanlı müharibəsi (1514–1555) — 1514–1555-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə. XV əsrin sonlarında qızılbaş şiə təriqəti Şərqi Anadoluda güclənməyə başladı. 1499-cu ildə daha fəallaşdılar, Şirvanşahlar dövlətini məğlub edib, qısa müddətə Bakı və Şamaxını tutdular. 1503-cü ildə Şah İsmayıl Ağqoyunlu dövlətini məğlub etdi və müasir İran və İraq ərazilərini fəth edərək Səfəvilər dövlətini yaratdı və özü də bu dövlətin hökmdarı oldu. Qızılbaşların Osmanlılarla münasibətləri elə əvvəldən gərgin idi. Bu münasibətlər 1501-ci ildə şiə adətlərinə görə ilk üç xəlifənin lənətini özündə cəmləşdirən İsmayılın adından fərman verildikdən sonra daha da gərginləşdi. Bir neçə il ərzində iki dövlət arasında qeyri-diplomatik məktublaşmalar mübadiləsi getmişdir. 1512-ci ildə II Bəyazid taxtdan imtina etdikdən sonra bu münasibətlər daha da pisləşdi. Xüsusən yeni Osmanlı hökmdarı sultan I Səlim Yavuz atasından fərqli olaraq, yeni yaranmış Səfəvi dövlətinə qarşı daha sərt mövqe sərgiləməyə başladı.
Dəvam edən 200 illik müharibələrə səbəb oldu. Bu müharibələrdən ən birincisi qısa fasilələrlə 1514–1555-ci illər arası davam edən Amasiya sülhü ilə bitən Səfəvi-Osmanlı müharibəsi idi.
Bu müharibə iki Osmanlı sultanı və iki Səfəvi şahının hakimiyyət illərinə təsadüf edir. 1514-cü ildə 200 minlik ordu ilə qızılbaşların üzərinə yeriyən I Səlim Çaldıran döyüşündə I Şah İsmayılı məğlub etsə də, tam istədiyinə nail olmadı. Səfəvi dövlətinin varlığına son qoya bilmədi, əksinə onun varlığı ilə hesablaşdı. I Şah İsmayıl vəfat etdikdən sonra hakimiyyətə gələn I Şah Təhmasib də atasının siyasətini davam etdirərək, osmanlılara heç bir güzəştə getmədi. Osmanlı sultanı I Süleyman Qanuni ilə 30 ildən artıq müharibə apardı. I Süleyman dörd dəfə Azərbaycana yürüş etsə də, qızılbaşların müqavimətini qıra bilmədi. Əvvəlki illərdə osmanlılara qarşı "yandırılmış torpaq" siyasəti yürüdən I Təhmasib bu müharibə ərzində bir neçə dəfə Osmanlı ərazisinə uğurlu yürüşlər də etmişdi.
1555-ci il mayın 29-da imzalanmış Amasya sülh müqaviləsi ilə müharibəyə son verildi. Bu müqavilə Osmanlı dövləti ilə Səfəvi xanədanı arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi oldu. Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartli, Kaxetiya) isə Səfəvilərin hakimiyyəti altına düşürdü. Şərqi Anadoluda olduğu kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu. Qars neytral elan edildi və mövcud qalası dağıdıldı.