Bakı-2021 Azərbaycan Səfəvi dövlətinin yaranması Səfəvilər dövləti



Yüklə 84,56 Kb.
səhifə6/6
tarix25.11.2022
ölçüsü84,56 Kb.
#70580
1   2   3   4   5   6
Başlanma səbəbləri
Səfəvi şeyxləri siyasi mübarizəyə başlayana kimi Osmanlı sultanları ilə xoş münasibətdə idilər. Ankara döyüşündən sonra Səfəvi şeyxi Xacə Əlinin xahişi ilə Əmir Teymur Anadoludan apardığı əsirləri sərbəst buraxdırmış və onlar Ərdəbil şəhəri ətrafında məskunlaşdırılmışdılar.
Bu hadisə Şərqi Anadoluda yaşayan türk boyları ilə əlaqələri daha da yaxınlaşdırmışdı. XV əsrin II yarısından başlayaraq Osmanlı sultanlarının Anadoluda yaşayan türk tayfalarına ölkənin idarəetmə sistemində yer verməməsi bu yarımköçəri türk tayfalarını türk dövlətindən narazı salmış və Şərqi Anadoluda Qızılbaş müridlərinin çoxalmasına səbəb olmuşdu. II Bəyazid Şərqi Anadoluda yaşayan Ərdəbil sufilərinə qarşı sərt tədbirlər həyata keçirsə də sonradan I Şah İsmayılla münasibətlərini kəskinləşdirməmək üçün mövqeyini dəyişdi. Hətta Şərur döyüşündən sonra Əlvənd Mirzəyə göndərdiyi məktubda Ağqoyunlu şahzadələrinə öz aralarında baş vermiş çəkişmələrə son qoymalarını və qızılbaşlara qarşı birləşmələrini tövsiyə edirdi. Bütün bunlara baxmayaraq I Şah İsmayıl II Bəyazidlə ehtiyatlı davranır və ona yazdığı məktublarda "ata" deyərək müraciət edirdi. 1503-cü ildə qızılbaşların Sultan Murad üzərində qələbəsindən sonra yeni siyasi vəziyyətin yarandığını görən II Bəyazid Səfəvi dövlətinə qarşı siyasətini dəyişdi.II Bəyazid isə məktubunda I Şah İsmayıla "I Şah İsmayıl" ünvanı ilə müraciət edir, I Şah İsmayılın əcdadlarını "Allahın dostları" kimi adlandırırdı. II Bəyazid 1504-cü ilin qışında I Şah İsmayılın Əcəm İraqı və Farsı ələ keçirməsini təbrik etmək, hakimiyyətini rəsmən tanımaq üçün öz elçisini göndərdi. O,27 məktubunda I Şah İsmayıla "möhtərəm oğul", "ali məqamlı övlad" deyə xitab edirdı. Ümumiyyətlə II Sultan Bəyazidin hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərində sülh şəraiti hökm sürmüşdür. Hər iki hökmdar münasibətlərində yaranmış ziddiyyətləri müharibə həddinə çatdırmamışlar. Lakin getdikcə Səfəvi-Osmanlı münasibətlərində yaranan siyasi-iqtisadi ziddiyyətlərə dini çalarların əlavə olunması ilə bu ziddiyyət daha da dərinləşirdi. I Şah İsmayıl ana tərəfdən Uzun Həsənin nəvəsi olduğundan Ağqoyunlu dövlətinin varisi kimi onlara məxsus Şərqi Anadolu torpaqlarına olan qanuni varislik hüququnu əsas tutaraq Şərqi Anadolunu ələ keçirməyə çalışırdı. Belə bir şəraitdə XV əsrin II yarısından başlayaraq Şərqi Anadoludakı yarımköçəri türk boylarının Osmanlı sarayı tərəfındən sıxışdırılması, onların nicat yolunu Ərdəbildə axtarmasına səbəb oldu. Hər iki dövlət bölgədə siyasi mövqelərini möhkəmləndirmək üçün geniş xalq kütlələri arasındakı dini təriqətləri qızışdırmaqla öz məqsədlərini gerçəkləşdirmək üçün ondan bir vasitə kimi faydalanmağa çalışırdılar.
I Şah İsmayıl
I Şah İsmayıl 1507-ci ildə Zülqədər ölkəsinə, yəni Əlaüddövlə üzərinə yürüş edərək Ərzurum və Ərzincan yolu ilə, yəni Osmanlı ərazisindən keçərək hücum etmiş və bu yürüşə II Bəyazid icazə vermişdi. I Şah İsmayıl Zülqədər bəyliyinə yürüş nəticəsində Xarputu ələ keçirib, Diyarbəkiri nəzarət altına aldı. Bu zaman şahzadə Səlim Trabzon valisi idi. O, 1508-ci ildə Gürcüstana üç dəfə yürüş edərək xeyli hissəsini ələ keçirmişdi. Səlim həmçinin Ağqoyunlulardan Səfəvilərə keçən Bayburt, Ərzincan, Kemah, İşpir, Gümüşxanə və Cəmişgəzər arasındakı əraziləri də tutmuşdu. I Şah İsmayıl Səlim tərəfindən ələ keçirilmiş əraziləri qaytarmaq üçün qardaşı İbrahim Mirzənin rəhbərliyi ilə hərbi hissə göndərmişdi. Səlimin başçılığı ilə Osmanlı ordusu qızılbaşları məğlub etmiş və İbrahim Mirzə əsir alınmışdı. I Şah İsmayıl Osmanlı dövləti ilə müharibəyə yol verməmək məqsədilə Sultan II Bəyazidin yanına elçi göndərərək şahzadə Səlimin hərəkətlərinə etirazını bildirərək Osmanlı dövlətinə dostluq münasibətlərini bəyan etdi. II Bəyazid elçiləri hörmətlə qarşılamış, Səlimə hakimlik etdiyi Sancağın mühafizəsi ilə məşğul olmağı və bir daha belə hərəkətlər etməməyi tapşırmışdı. Ələ keçirilən əraziləri isə Səfəvi dövlətinə qaytarmışdı.
Lakin şahzadə Səlimin 1510-cu ildə yenidən Ərzincana yürüşü Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirmişdi. II Sultan Bəyazid münasibətləri qaydaya salmaq üçün I Şah İsmayılın yanına elçilərini göndərmiş, yaranmış qarşıdurmanı aradan qaldırmışdı. Göründüyü kimi istər I Şah İsmayıl, istərsə də II Bəyazid tərəflər arasında yaranmış qarşıdurmanın müharibə həddinə çatmasını istəmir və dostluq münasibətlərinə üstünlük verirdilər.
1510-cu ildə Kiçik Asiyanın Şərq vilayətində Şahqulunun rəhbərliyi altında güclü üsyanın baş verməsi, Məhəmməd xan Ustaclının – Diyarbəkir hakiminin tez-tez sərhədi pozaraq Osmanlı ərazisinə soxulması da Osmanlı-Səfəvi münasibətlərinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə I Şah İsmayıl imperatorluq hüdudlaından kənarda və xüsusilə,Şərqi Anadoludakı müridləri ilə əlaqələrini nəinki saxlayır, bu əlaqələri daha da gücləndirirdi. Bu, daha çox dövlətin qərb bölgələrində türk oymaqlarından olan qızılbaşların sayını artırmaqla, dövlətin yerli dayaqlarını möhkəmləndirmək üçün lazım idi. Qızılbaşların belə siyasəti Osmanlı dövləti daxilində gərginliklər yaradır, eyni zamanda iki ölkə arasında ciddi narazılıqlara səbəb olurdu. Osmanlı hökmdarı II Bəyazid (1481–1512) təəbələrinin ölkəni tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürdü. I Şah İsmayıl II Bəyazidə göndərdiyi bir məktubda təriqət mənsublarının ziyarətinə mane olunmamasını xahiş edirdi. II Bəyazid isə I Şah İsmayıla göndərdiyi məktubda ziyarəti yerinə yetirdikdən sonra geri dönməyə söz verənlərə mane olmayacağını yazmışdı. Əslində, II Bəyazid I Şah İsmayılın könlünə dəyməmək üçün ona belə bir cavab göndərmişdi. I Şah İsmayıl isə Osmanlılarla çox ehtiyatlı davranırdı.
I Şah İsmayılın ehtiyatlı davranışlarına baxmayaraq,1510-cu ildə Anadoluda Şahqulu Baba üsyanı baş verdi. Şahqulu Şeyx Heydərin Anadoluda təriqət yayan və Təklə elindən olan Həsən adlı xəlifəsinin oğlu idi. O, son dərəcə fəal və cəsarətli bir adam idi. Osmanlı dövlətində mərkəzi hakimiyyətin bir qədər zəifləməsindən istifadə edərək hərəkətə başlamışdı. Tərəfdarları Şahquluya "baba" deyirdilər. Təklə elinin yoxsul və varlılarından ibarət saysız-hesabsız tərəfdarları vardı. Şahqulu Osmanlı ordusunu bir neçə dəfə məğlubiyyətə uğratdı. Sonuncu savaşda çox ağır yaralanmış Şahqulu çox keçmədi ki, öldü. Ancaq onun tərəfdarları Səfəvi ölkəsinə gedə bildilər. Onların sayı 15.000 idi. Şahqulu güvəndiyi adamlardan birini özünə vəzir təyin etmişdi. Ətraf bölgələrə bəylərbəyi,sancaqbəyilər də göndərmiş və Osmanlı elindəki xəlifələrinə məktublar yazaraq hərəkətə başlamalarını bildirmişdi. Bütün bunlara baxmayaraq, onun məqsədi Osmanlı dövlətini devirmək yox,Şərqi Anadoluda tərəfdarlarının sayını artırıb Səfəvi hakimiyyətini möhkəmləndirmək idi. Şahqulu bacarığı ilə elə bir təsirə malik idi ki, hətta II Bəyazidin Qaraman valisi olan oğlu Şehinşah da onun təbliğatına uymuş və qızılbaşlığı qəbul etmişdi. I Şah İsmayıl tərəfindən Osmanlı taxt-tacı uğrunda mübarizədə Amasiya valisi Əhmədin müdafiə edilməsi və Qaraman valisı Şahzadə Şehinşahın qızılbaş tərəfdarlarına qoşulması siyasi gərginliyi artırırdı. Şahzadə Əhmədin öldürülməsi, oğlu Muradın Səfəvi şahına sığınması, hakimiyyətə keçən Səlimin qızılbaşlara qarşı təcavüzkarlıq siyasəti münasibətləri daha da pisləşdirdi.
Nəticədə I Şah İsmayılın Sultan Səlimin səltənət taxtına oturması münasibəti ilə Ədirnəyə göndərdiyi elçini Sultan Səlim qəbul etmədi və həbs etdirdi. Bu hadisədən sonra I Şah İsmayıl Nurəli Xəlifənin başçılığı ilə Anadoluya qoşun göndərdi. O, Qarahisar və Niksar qalalarını və Toqatı ələ keçirdi, az sonra Ərzincan ətrafında Sinan paşanı məğlub edərək Şahzadə Əhmədin oğlu Muradın qüvvəsi ilə birləşərək Sivaş, Toqat, Amasiya və Gorumda qızılbaşların üsyana qoşulmasını təmin etdi.
Qızılbaşların Anadoludakı bu tədbirləri Osmanlı dövləti ilə Səfəvilər arasında münasibətləri daha da gərginləşdirdi. I Sultan Səlim qardaşları ilə bağlı təhlükəni aradan qaldırdıqdan sonra Anadoluda 40.000 nəfər qızılbaşı öldürtdü. Təklə elində həbs etdirdiyi qızılbaşları isə Aralıq dənizində yeni fəth olunan adalara sürgün etdi. Bununla, Səfəvilərə qarşı müharibəyə hazırlaşan I Sultan Səlim yürüşü zamanı arxasında baş qaldıra biləcək təhlükəni aradan qaldırıb özbək Übeydulla xanın da köməyinə arxalanaraq hərbi əməliyyata başlamağı qərara aldı.
Yüklə 84,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin