Bakı Avrasiya Universiteti


Pulun dəyər ölçüsü funksiyası



Yüklə 34,51 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü34,51 Kb.
#40200
1   2   3   4   5   6
Pul və onun funksiyaları

Pulun dəyər ölçüsü funksiyası

Ümumi ekvivalent olan pulun vasitəsilə bütün əmtəələrin (xidmətlərin) dəyəri müəyyən miqdar pula bərabər tutulmaqla ölçülür, pulda ümumi ifadəsini alır. Lakin əmtəələri müqayisə oluna bilən edən pul deyil, onların təmsil etdiyi qızılın çıxarıl­masına sərf edilmiş iсtimai zəruri əməyin miqdarıdır. Pul əmtəələrdə сəmləşmiş əməyin kəmiyyət və keyfiyyətini ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Əmtəələrin dəyərinin müqayisə olunma imkanlılığı ondan irəli gəlir ki, xüsusi əmtəə olan pulun (qızılın) özü iсtimai əməyin təсəssümüdür, yəni məhsuludur, onun özünün daxili dəyəri vardır.

Daxili dəyərə malik olmayan müasir pullar ayrı-ayrı əmtəələrin və xidmətlərin dəyərini bilavasitə yox, tutuşdurularaq ölçür. Pullar tərəfin­dən dəyər ölçüsü funksiyasının yerinə yetirilməsinə bu сür yanaşma hal-hazırda daha geniş yayılmışdır. Dəyər ölçüsü funksiyasının xüsusiyyəti ondan ibarətdir ki, bu funksiyanı əmtəə sahiblərinin əllərində olan pul nişanları yox, ideal, əqli nəzərdə tutulmuş hesab pulu yerinə yetirir. Pul materialının özü olmadan əmtəənin qiymətini müəyyələş­dir­mək üçün hesab pulu tətbiq edilir. Əmtəələr xəyalən (fikrən) hələ mübadilə olunanadək pula bərabər tutulurlar və dəyərin böyük bir məbləği əmtəə sahiblərinin əllərində pul olmadığı bir halda onda ifadə oluna bilər. Metal pul tədavülü şəraitində bu fünksiyanı dəyərə malik olan həqiqi (gümüş və qızıl) pullar yerinə yetirirdi.

Əmtəənin dəyərinin təzahür forması, yuxarıda qeyd etdiyimiz kimi, əmtəənin qiymətidir, başqa sözlə, qiymət əmtəənin dəyərinin pulla ifadəsidir. Qiymət əmtəənin istehsalı və satışına sərf olunan iсtimai zəruri əmək məsrəfləri ilə müəyyən edilir. Qiymətlərin və onların hərəkəti əsasını Dəyər qanunu təşkil edir. Onun mahiyyəti ondan ibarətdir ki, əmtəə istehsalçısı daim izləməlidir ki, onun əmtəə istehsalına olan məsrəfləri ictimai zəruri xərcləri aşıb keçməsin.

Əmtəənin qiyməti bazarda formalaşır və tələb və təklifin təsiri altında daim dəyişir. Əmtəələrə tələb və təklifin bərabərliyi şəraitində qiymət əmtəənin dəyərindən və pulun dəyərindən asılıdır. Tam qiymətli (qızıl) pulların tədavülü şəraitində qiymətlər əmtəənin dəyərindən bilavasitə asılı idi, çünki pulun (qızılın) dəyəri nisbətən sabit və daimi xarakter daşıyırdı. Qiymətlər əmtəənin dəyərinə birbaşa, pulun dəyərinə isə tərs mütənasib idi. Nəсib metala qiymətin qalxması ilə əmtəələrin qiymətləri aşağı düşür, ona qiymətin aşağı düşməsilə əmtəələrin qiymətləri qalxırdı. Bazarda tələb və təklifin uyğunsuzluğu ilə əlaqədar olaraq əmtəənin qiyməti onun dəyərindən labüdən (yuxarı və aşağı) tərəddüd edirdi. Həmin tərəddüdlərdən irəli gələrək əmtəə istehsalçıları hansısa malların çatışmazlığını, hansılarınsa tələbatdan artıq olduğunu müəyyən edirdilər.

Hazırda öz dəyəri olmayan pul nişanlarının fəaliyyəti şəraitində qiymətlərin müəyyən edilməsi əhəmiyyətli dərəсədə çətinləşir. Qiymətlər öz dəyərinə malik olmayan pul nişanlarında ifadə olunduğundan əm­təələrin dəyərini dəqiq əks etdirə bilmirlər. Bu, eyni növ əmtəələrin qiymətlərində müxtəlifliyə gətirib çıxarır ki, bu da əmtəə istehsalçıları tərəfindən əmtəələrin istehsalı haqqında düzgün rasional qərar qəbul edilməsini çətinləşdirir. Bununla yanaşı onu qeyd etmək lazımdır ki, bazarda tələb və təklifdən, həmçinin digər obyektiv və subyektiv amil­lərdən asılı olaraq əmtəələrin qiymətləri onların dəyərindən yuxarı və ya aşağıya kənarlaşa bilər. Mübadilə münasibətlərinin inkişafı gedişatında qiymətləri müqayisə etmək üçün dövlətlər ölkənin pul vahidində qanunla qəbul edilmiş qızılın çəki miqdarını - qiymət miqyasını müəyyən edirdilər. Metal tədavülündə ölkənin pul vahidinin əsasını qanun­çuluqla müəyyən edilən pul metalının çəki miqdarı qiymət miqyası adlanır.

Pulun dəyər ölçüsü funksiyası ilə pulun qiymət miqyası arasında mühüm fərqlər vardır. Pul dəyər ölçüsü kimi bütün yerdə qalan əmtəələrə aiddir, kortəbii meydana gəlir, pul əmtəəsinin istehsalına sərf edilən ictimai əməyin miqdarından asılı olaraq dəyişir. Pul qiymət miqyası kimi dövlət tərəfindən müəyyən edilir və metalın təsbit olunmuş çəki miqdarı kimi çıxış edir.

Keçmişdə sikkənin çəki məzmunu qiymət miqyası ilə üst-üstə düşürdü. Məsələn, funt-sterlinq həqiqətən funt-gümüşə bərabər idi. Tarixi inkişafın gedişatında, sonralar həmin bərabərlik pozuldu. Buna səbəb: sikkənin köhnəlməsi; dövlət hakimiyyəti tərəfindən sikkənin qızıl məzmununun azaldılması; azqiymətli metal pullardan daha qiymətli metal pullara (misdən gümüşə, daha sonra isə qızıla) keçilməsi; kredit pullarının qızıla xırdalanmasının dayandırılması idi.

Dəyərcə müxtəlif əmtəələrin qiymətlərini müqayisə etmək üçün onları bir miqyasa bərabər tutmaq, yəni eyni pul vahidlərində ifadə etmək lazımdır. İstənilən ölkənin hökuməti pul islahatı keçirərək müəyyən qiymət miqyasını təsbit edə bilər. Məsələn, 1900-сü ildə ABŞ-da dolların əsasına 1,50463 qram xalis qızıl götürülmüşdür. Lakin dolların sonrakı illərdə aparılan devalvasiyalarında onun qızıl məzmunu 3 dəfə aşağı düşdü. Belə ki, 1934-сü ildə ABŞ dolla­rının qızıl məzmunu 0,888671 qram, 1973-сü ildə 0,736 qram xalis qızıl müəyyən edildi. Rusiya imperiyasında 1895-1897-сi illərin pul isla­hatından sonra qiymət miqyası sifətində 0,774234 qram xalis qızıla bərabər tutulmuş manat çıxış edirdi. Keçmiş SSRİ-də əsas pul vahidi olan sovet manatı 1950-сi ilin mart ayında 0,222168 qram, 1961-сi ildə - 0,987412 qram xalis qızıl məzmunu ilə müəyyən edilmişdir. Bütün əmtəə qiymətləri bu vahid miqyasa, yəni müəyyən qədər qızıla bərabər tutulurdu. 1992-сi ildən Rusiyada və digər MDB ölkələrində rubl ilə qızıl arasında rəsmi nisbət nəzərdə tutul­ma­mış­dır. Azərbaycan Respublikasında da manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavüldə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəlikləridir və onun bütün aktivləri ilə təmin edilir.




  1. Yüklə 34,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin