Mövzu 21. Şüşə məmulatlarının keyfiyyətinin ekspertizası
Plan:
1. Şüşə məmulatlarının istehlak xassələri və keyfiyyətinə qoyulan tələblər
2. Şüşə məmulatlarında rast gələn nöqsanılar və keyfiyyət göstəricilərinin təyini metodları
1. Şüşə məmulatlarının istehlak xassələri və keyfiyyətinə qoyulan tələblər
Hər bir mal qrupunda olduğu kimi, məişət təyinatlı şüşə məmulatlarının keyfiyyətinə qarşı müxtəlif məzmunlu tələblər qoyulur. Bildiyimiz kimi, keyfiyyətə qarşı qoyulan tələb dedikdə, müəyyən vaxt ərzində malın təyinatına görə istifadəsinin mümkünlüyü, istehlakçının istəyinə və marağına uyğun olaraq təmin etmək üçün nəzərdə tutulan xassələri, istismar şəraiti və xüsusiyyətləri başa düşülür.
Keyfiyyətə verilən tələblər əhalinin maddi və mədəni səviyyəsindən, malın təyinatından, xammal ehtiyatlarından, istehsalın texniki-iqtisadi imkanlarından və mal haqqında olan məlumatın səviyyəsindən çox asılıdır. Ümumiyyətlə, istehlak mallarına cari, perspektiv, ümumi və spesifik tələblər verilir.
Cari tələblər həmin dövrdə satışa daxil olan mallara verilən tələblərdir. Bu tələblər dövri olaraq nəzərdən keçirilir və dəyişdirilir. Perspektiv tələblər keyfiyyəti inkişaf etdirmək məqsədi ilə malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəriciləri əhatə edir. Keyfiyyətə verilən cari tələblər həm də perspektiv tələblərin əsasını təşkil edir.
Malların keyfiyyətinə verilən cari və perspektiv tələblər həm də ümumi və perspektiv tələblərə ayrılır. Ümumi tələblərə malın təyinatına uyğunluğu, istifadə yararlılığı, insan üçün zərərsizliyini, insan orqanizmində normal həyat fəaliyyətinin təmin edilməsini, müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığını və etibarlılığını, estetikliyi və erqonomikliyi təmin edən və əsasən bütün mal qruplarına aid edilə bilən tələblər daxil edilir.
Spesifik tələblər konkret mal qrupuna və ya çeşidinə aid verilir. Məsələn, şüşə məmulatlarının kəskin temperatur şəraitində istifadəsinin mümkünlüyünə verilən tələblər spesifik tələbdir.
Şüşə məmulatlarının istehlak xassələrinə funksional, erqonomik, estetik, etibarlılıq daxildir. Istehlakçı üçün şüşədən olan məmulatın yararlılığı, hər şeydən əvvəl yuxarıda adları göstərilən istehlakçı tələblərinin ödənilməsi göstərilən xassələrin kompleksi ilə təmin edilir.
Şüşə məmulatının funksional xassələri. Məmulata verilən funksional tələblərə uyğun verilir və həmin tələblərin ödənilməsini təmin etmək üçündür. Çünki məmulat təyinat etibarilə öz funksiyasını yerinə yetirə bilmirsə, o, digər tələblərə uyğun olsa da, öz təyinatı üçün yararsız hesab edilir. Şüşə məmulatı təyinatından asılı olaraq əsas iki funksiyanı yerinə yetirir: başlanğıc funksiyanı, yəni ərzaq və içkini qəbul edir; son funksiyanı, yəni ərzağı, içkini tam, yaxud lazımi qədər hissə-hissə verir.
Məmulatın başlanğıc funksiyası şüşənin xassələrindən asılıdırsa, son funksiyası onun konstruksiya xüsusiyyətlərindən asılıdır. Şüşənin qeyri-üzvi tərkibli olması, onun yüksək sıxlığını, kimyəvi və korroziya davamlılığını, temperatura və mexaniki davamlılığını, şüşə qablara yerləşdirilən ərzaq və içkinin xassələrini saxlama qabiliyyətini təmin edir.
Məmulatlarda forma və ölçülərin təyinatına cavab verən funksional əsasının yaradılmasında layihə həllinin əhəmiyyəti vardır. Məsələn, qrafindəki məhsulun üst sahəsinin hava ilə az təmasda olması üçün onlar dar boğazlı və tutumu 1-2 l- dən az olmayaraq hazırlanır. Çoxlu məhsul saxlamaq və çox porsiyalarla tökmək üçün enli boğazlı və enli burçu olan dolçalardan istifadə edilir.
Məmulatın ərzaq və içkini qəbul etmək və saxlamaq qabiliyyətini xarakterizə edən xassələri, əsasən laboratoriya, qalanları isə ekspert üsulu ilə təyin edilir.
Dostları ilə paylaş: |