Zəhər şəfa versə içəsən gərək
ADU-nin ikinci kursunda oxuyurdum. Qış sessiyası imtahanlarını müvəffəqiyyətlə verəndən sonra kəndə - anama baş çəkməyə yollandım. Evə çatanda anam mənə yemək verib dedi:
- Anan sənə qurban, yeməyini ye, bir az da dincələndən sonra Məhəmmədəli əmin ağırdır, get onunla görüş.
Məhəmmədəli kişiyə hamımız “əmi” deyə müraciət edirdik. O, atamla əmiuşağı idilər. Onlar da qonşu Qaralar kəndindən köçüb Qaradaş kəndində məskunlaşmışdılar. Eyni zamanda da bu kənddə də qonşu idik. Olduqca sakit və ağır oturub, batman gəzən Məhəmmədəli əminin el arasında öz hörməti vardı. Mən anam deyən kimi Məhəmmədəli əmigilə getdim. Hardasa 20-30 nəfər adam ona baş çəkməyə gəlmişdi.
Ümumiyyətlə, bu eldə-obada bir qayda-qanun var ki, xəstənin yanına toplaşarlar. Hüznü düşəm, toy edən ailələrə insanlar canla-başla qulluq göstərərlər. Burada qəssab ət işinə, odun yaran odun işinə, su gətirən su işinə, qəbir qazan qəbir işinə, xörək paylayan süfrə işinə baxarlar. İndinin özündə də eldə-obada bir nəfər məsclislərdə ağsaqqallıq edir. Hər kəsə nə edəcəyini tapşırır, məclis sona çatana qədər işləri nəzarətdə saxlayır. Bu baxımdan bu elin-obanın tayı-bərabəri yoxdur.
Mən içəri girəndə hamıyla görüşdüm. Başda rəhmətlik molla Əli ilə Molla Qəmət oturub pürrəngli çay içə-içə söhbət edirdilər. Hamı xəstəni unudub onları dinləyirdi. Məhəmmədəli əmi halsız vəziyyətdə uzanmışdı. Üzündə saqqalı da bir xeyli uzanmışdı. Danışmağa heyi qalmamışdı. Onun oğlu Səfər dedi ki, ay qağa, Məhərrəmdi gələn, bir gözünü açsana. O, bu sözdən sonra gözünü açıb mənə baxdı. Bir az söhbətdən sonra Səfərə dedim ki, bu kişinin üzünü niyə qırxmamısan. Qayıtdı ki, molla deyir kişini inçitməyin, vaxtıdı, qoy rahat can versin. Mən isə:
- Ay Səfər, atalar deyb ki, “yatan ölməz, yetən ölər”, dur üzqırxan ülgücü mənə gətir görüm. – dedim.
O da qayıtdı ki:
-Ay Məhərrəm, bu adam düz 8 gündür ki, bir neçə qaşıq qatıqdan başqa heç nə ağzına almayıb.
Belə olanda üz tutdum mollaya:
- Ay molla Əli, mal-heyvanın yemlənən vaxtıdır. İstəyirsiniz dağılışın. Mən də bu kişinin üzünü təraş edim.
Molla Qəmət:
- Düz sözdü. Qoyun bu kişi də öz işini görsün. – deyib ayağa durdu.
Hər kəs öz evinə dağılışdı. Evdə qalan Məhəmmədəli əminin böyük bacısı Çiçək, İslam əminin Səkinə adında həyat yoldaşı, onun ailə üzvləri və başqaları idi. Tez cibimdən bir beşlik çıxarıb Səfərə verdim. Dedi ki, bunu neynirəm. Mən onu xəlvətə çəkib tapşırdım:
- Gedib bir araq alarsan, sonra onu öskürək dərmanının qabına boşaldarsan. Bu kişi acından və balaca soyuqdəymədən uzanıb. Əgər biz ona bir neçə qaşıq araq içirtsək yemək də yedirdəcəyik.
Səfər qayıtdı ki:
- Sən nə danışırsan? Ömründə bu kişi arağın tamını bilməyib. Qorxuram biabır olaq.
Dedim sən işini gör, sonrası mənlikdir.
Elə ki, səfər getdi, tez Məhəmmədəli əminin üzünü və başını qırxdım. Əyninə təzə tuman-köynək geydirdim. Bu zaman Səfər də gəlib çıxdı. Üzünü mənə tutub dedi ki, sən alan öskürək dərmanını gətirdim. Tez onun əlindən qabı alıb iki qaşıq stəkana tökdüm. Bu tərəfdən də Çiçək qarı elə hey deyirdi:
- A başına dönüm, kişini inçitmə, görmürsənmi can verir. Mən onun üstünə qışqırdım:
- Sən döxdurdan çoxmu bilirsən? İndi gör bu dərmandan sonra nə olacaq.
Məhəmmədəli əmini balaca dikəldib stəkandakı arağı dərman əvəzinə ona içirtdim. Əvvəlcədən də dedim ki, bu yapon dərmanıdı, iy-qoxusuna baxmadan iç getsin. Elə ki, 55 qramı əmi vurdu, əvvəlcə ağızını turşutdu. Bir az keçəndən sonra kişinin dili açıldı. Üzünü mənə tutub dedi.
- Əmin qurban, elə bil iştaha gəldim. Mənə bir az yemək verin.
Tez ocaqda bişən toyuq ətindən və onun suyundan bir qab gətirdib onu yedirtdim. Kişi bir az yeyib yuxuya getdi. Aradan iki saat vaxt keçirdi. Səfərə dedim oskürək dərmanını bura gətir görüm. Tez əlini uzadıb onu mənə verdi. Mən onu çappa stəkanın yarısına qədər doldurub işarə verdim ki, kişini dikəlt. Təzədən onu içirtmək istəyəndə Məhəmmədəli əmi içməyəcəiyni deyib etiraz etdi. Mən isə onu inandırdım ki, ay əmi, bu xarici dərmandır. Hər iki-üç saatdan sonra iki-üç qaşıq içməsən olmaz. Məhəmmədəli əmi “yaxşı, nə deyirəm gətir görüm” dedi. Bu dəfə dedim ki, bu dərmanı ilənmə, başına çək. O, dediyim kimi stəkanı başına çəkdi. Bu tərəfdən Səfər toyuğun budunu əlində hazır saxlamışdı. Aradan bir neçə dəqiqə keçmişdi ki, kişinin iştahası açıldı. Gözlərinin altı qızardı. Bir boşqab yeməyini yeyib ehmalca uzandı. Bir azdan qayıtdı ki, məni su üstünə aparın. Gəlib ona zarafatla dedim ki, özünə nə olub, bir qalx görüm. Məhəmmədəli kişi “ya Allah”, deyib ayağa qalxdı. Heç nə olmamış kimi bayıra çıxdı. Qayıdıb gələndə mənə dedi:
- A sənin yollarına qurban olum, hardasan bu vaxta qədər? Bu dərmandan sonra mənə ölümmü olar?
Deyilənə görə Məhəmmədəli əmi gecələr bir saat belə yatmırmış. Odur ki, bir yuxu dərmanını atandan sonra rahat yatmağa başladı. Bu tərəfdən də Məhəmmədəli əminin yanına Qaralar kəndindən gəmiş 90 yaşlı bacısı Çiçək arvad bizə gəlib hey deyinirdi:
- Bu kişi neynədi görəsən. Qaralarnan buranın arasında 5-6 km yol var. Gedib gəlmək çətindi. Qızım Güləsərin goru haqqı bu kişi kəfəni çırdı. Mən gəlmişkən gərək öləydi.
Elə bu dəm Məhəmmədəli əminin kürəkəni Seyid Əli İsmayıl oğlu qapını açıb içəri daxil oldu. Sən demə bütün deyilənləri eşidibmiş. Qayıtdı ki, a Çiçək arvad, sənin bu qardaşın ölənə qədər bəlkə elə sən, mən, başqaları ondan tez öləcək.
Səhəri artıq Məhəmmədəli əmi əlində popiros tüstülədə-tüstülədə öz qapısında var gəl edirdi. Doğrudan da Məhəmmədəli əmi 7 nəfər qohum-əqrəbasını dəfn edəndən sonra dünyasını dəyişdi.
Bir dəfə yenə də anama baş çəkmək üçün kəndə getmişdim. Səfərin kefi kəllə-çarxa qalxmışdı. Məhəmmədəli əmi onun qarasınca deyinirdi:
- Bilmirəm Səfər bu araqda nə tapıb.
Belə olanda ona bu sualı verdim:
- Əmi, heç dilinə araq dəyibmi?
- Yox a bala. Bir dəfə də olsa ağzıma araq vurmamışam.
Hiss elədim ki, o vaxt içdiyinin araq olduğunu heç kim ona deməyib. Qayıtdım ki:
- Sənə bir sirr açmaq istəyirəm. Bilsəm ki, məni bağışlayacaqsan, deyərəm.
- De, əmin qurban, Allah haqqı səni bağışlayacağam.
Başladım ki:
- Əmi, atalar deyib ki, zəhər şəfa versə içəsən gərək. Sən o gecə acından və balaca soyuqdəymədən yatırdın. Əgər öskürək dərmanı adıyla içdiyin arağı gumbuldatmasaydın bağırsaqlarında genişlənmə olmazdı, sənsə xörək yeməzdin. Bununla da səni acından öldürəcəkdilər. Mollalar sənin ölməyini gözləyirdi. Sənin məclisin üçün alınan ərzaqlar, ağ və stiri-kafir başqasına qismət oldu.
Məhəmmədəli əmi gülümsünüb məni bağışladığını bildirdi. Dedim ki, a kişi, Səfəri də bağışla dəə, bütün əməliyyatda o mənə kömək edib. “Nə deyirəm, da onu bağışladım” dedi. O, mənim zarafatıma özü də güldü. Sonra isə dedi ki, yaxşı deyiblər “zəhər şəfa versə, içəsən gərək”.
Yüz ilin korluğundan, bir günün
görməyi yaxşıdır
1986-cı ilin bir payız günü idi. Tovuza dostumun toy məclisinə dəvət olunmuşdum. Olduqca xoş keçən bu məclisdə mənən dincəldim. Bu toyda məşhur ustad aşıq İmran Həsənovla birgə bir az mən də çalıb-oxumuşdum. Səhəri dərsə gedəcəyimdən məni avtovağzala qədər gətirib yola saldılar. Bakıya gedən sərnişin avtobusunun 20 dəqiqəyə gələcəyini öyrənəndən sonra bu vaxtı keçirmək ücün vağzaldakı çayxanada çay içmək qərarına gəldim. Elə yenicə oturmuşdum ki, əli əsalı bir yaşlı kişi mən əyləşən stola yaxınlaşıb salam verdi. Mən ona “əleykuməssalam” deyə cavab verdim. Sonra o, dedi:
- Oturmaq olarmı?
- Olar, buyurun ağsaqqal. – dedim.
O isə “ya Allah” deyib oturdu. Bu dəm çayçı əlində çay və bir stəkan gətirib stolun üstünə qoyanda ondan daha bir səkan və limon gətirməsini də xahiş etdim. Hər ikimiz çay içib qurtaran ərəfədə Qazax–Bakı avtobusu da gəlib çatdı. Avtobusda ağsaqqal qayıtdı ki:
-A bala, gəlsənə bir oturaq. Məndən sənə ziyan gəlməz. Həm də yol boyu maraqlı söhbətlər də edərik.
- Nə deyirəm ağsaqqal, bu daha yaxşı olar – deyə onu qabaqdan 4-cü oturacaqda özümlə birgə oturtdum.
Avtobus yola düşəndə kişi dedi:
- Oğlum, gəlsənə tanış olaq. Mənim adım Əlidir. Tovuzda yaşayıram. Yaşım da 80-i haqlayıb. İndi de görüm sən kimsən?
Mən də cavab verdim:
- Ağsaqqal, mənim də adım Məhərrəmdir. Əslən Tovuzdanam. Özüm də Bakıda yaşayıram.
Bu tanışlıqdan sonra sözümüz–söhbətimiz Tovuzun təbiətindən, insanlarının mərdliyindən, zəhmətsevənliyindən düşmüşdü. Onun dedikləri diqqətimi cəlb etmişdi. Birdən qayıtdı ki:
- Oğlum, sağ gözüm 18 yaşımdan zədə aldığına görə 62 ildir ki, görmür. Həkimlər də bunun çarəsizliyini deyirlər. Sol gözüm isə artıq görməni 75 faiz itirib. Çox vaxtı söhbət etdiyim adamları səsiylə tanıyırdım. Allahdan olan kimi eşitməyimi də itirirəm. Bakıya getməkdə də məqsədim özümü yaxşı həkimlərə göstərməkdir. Bu gecə Hüseyn Bozalqanlı ömrümdə ikinci dəfə yuxuma girib. Biri 40 il bundan əvvəl, biri də ki, bu gecə. Yamanca xeyirxah olduğu kimi mənə düşərlidir. O vaxtı ölümdən qurtarmışam, bu vaxtı da inşallah zülümdən qurtararam.
- Nə zülümdür, ağsaqqal? – deyə soruşdum.
- Uşaqlara deyirəm ki, gözüm olmasa da qulaqlarımı müalicə etdirim. Hamı məni qınayır ki, a kişi bir ayağın burda, o biri ayağın gordadır, belə şeyləri yadından çıxartsana, dönüb cavanmı olacaqsan? Bu gecə Hüseyn Bozalqanlı yuxuda mənə dedi ki, tanımadığın bir adam sənə yardımçı olacaq, odur ki, tələssən yaxşıdır. O vaxtdan bir az pul-para da toplamışam. Gedirəm görək axırı necə qurtaraçaq.
Bu dəm məşhür göz həkimi olan dostum Valeh həkim yadıma düşdü. O, uzun illər Almaniyada təhsil alıb, orada işləmişdi. Son altı ay olardı ki, Bakıya qayıdıb özünə bir özəl klinika açaraq xalqa qulluq edirdi. Tez ona dedim:
- Əli baba, mənim bir tanınmış həkim dostum var. Allah eləsin biz onu Bakıda iş yerində tutaq. Sənin əlacın onun əlindədir.
Kişinin üzündə bir təbəssüm yarandı. Xeyli söhbət elədik. Bakıya çatdıq. Tez bir taksiyə əyləşib həmin özəl klinikaya getdik. Bəxtimizdən o, işdə idi. Mən ona bu xəstəyə baxmasını xahiş etdim. O, tez tibb bacısına tapşırdı ki, ağsaqqalı otağa aparıb müayinədən keçirək. Aradan bir qədər vaxt keçəndən sonra qayıdıb mənim yanıma gəldi:
- Həə... Dostum, bunun yiyəsi yoxdurmu?
Qayıtdım ki:
- Yiyəsi mənəm. Bəyəm mən boyda adamı inkarmı etmək olar? Nə lazımdırsa mənə deyərsən.
Həkim gülərək dedi:
- Əşşi, məni bu kişinin taleyi maraqlandırdı ki, indiyə qədər niyə bu adam kor yaşayıb. Həm də burada çərrahiyyə əməliyyatı aparacam. Bu bir az çətin olduğundan rəsmən yaxınların razılığı lazımdır.
Qayıtdım ki, mən bu kişinin yaxını kimi məsuliyyəti öz üzərimə götürürəm. Həkim dostum “ya Allah” deyib çərrahiyyə otağına getdi. Təxminən bir saatdan sonra gülə-gülə çölə çıxdı:
- Bir həftəyə sağ gözü görəcək. Üç aydan sonra isə sol gözündə əməliyyat aparacam.
Sonra həkim əlavə etdi:
- Bu ağsaqqal əməliyyart zamanı Hüseyn Bozalqanlıya rəhmət, sənə isə ömür diləyirdi.
Mən ona yolda olan yuxu söhbətini elədim. Həkimi təəccüb və heyrət götürdü:
- Bir halda ki, belədir mənim də əməyim onun halalı olsun. Bütün bu işlərin düzəlməsində Tanrının əli olduğuna şübhəm yoxdur.
Aradan üç gün keçmişdi. Həkim dostum zəng elədi ki, gəl, xəstənin gözünün sarğısını açacam. Düzü çox təlaş içindəydim. Əvvəl həkim onun gözünün sarğısını bir həftəyə açacağını demişdi. Deyirdim birdən gözü görməsə necə olacaq? Allaha yalvara-yalvara klinikaya gəldim. Həkim məni qarşılayıb dedi:
- Şükür, kişinin gözü yaxşı görür. İndi isə istəyirəm ala-babat seçən sol gözünü əməliyyat edim.
Soruşdum ki, ay həkim bəs siz deyirdiniz ki, bir həftəyə gözününün sarğısını açacam, bir neçə aya da sol gözünü əməliyyat edəcəm. Həkim gülümsəyib dedi:
- Sənətkar, bu kişi çox sağlam adamdır. Onun yediyi, içdiyi və udduğu hava təmiz və təbii olduğundan yaşına baxmayaraq çox yaxşıdı. Bunu çox aparıb gətirməyə dəyməz. Əsas budur ki, kişinin özü də bunu istəyir.
Arası 15 dəqiqə keçmədi ki, tibb baçısı xəstənin əməliyyat edilməsi üçün hazır olduğunu bildirdi. Həkim əməliyyat otağına girdi. Bu əməliyyat əvvəlkindən 15 dəqiqə tez qurtardı. Xəstəni çarpayıya uzatdılar. Üç gündən sonra sarğısını açdılar. Artıq kişi hər şeyi görürdü. Hamımızın üzündə sevinc vardı. Əli kişi yerə-göyə sığışmırdı. Qonşu otaqlarda xəstələr və digər həkim və tibb bacıları bunu möcüzə sanırdılar. Əli kişi əlini cibinə salıb iki qızıl onluq çıxartdı. O, heç pula nəzər yetirmədən pulların onluq olduğunu yenə də əvvəlki kimi müəyyən edib həkimə uzatdı. Həkim almayacağını bildirib qəti etiraz etsə də, Əli kişi dediyini yeridib qızıl onluqları ona verdi.
Biz həkimlə xüdahafizləşəndən sonra mən Əli kişini taksiylə evə gətirdim. Ailədə hər kəsi bu hadisə heyrətləndirirdi. O, bizdə qaldığı iki gün ərzində Hüseyn Bozalqanlıdan, Aşıq Əsəddən, Aşıq Mirzədən, Qaraçı oğlu İbrahimdən və başqalarından söhbət açmışdı. Mənim səsimin Mirzə ilə Əkbərin səsinə bənzədiyini deyərək sevinci yerə-göyə sığmırdı. Sonra ona dedim:
- Əli baba, gəlsənə qulağına da baxdıraq?
- Nə deyirəm ay bala – dedi. – Onsuz da məni dünyaya yenidən sən gətiribsən.
Tez onu maşınla Fuad Əfəndiyev adına 4 saylı xəstəxanaya apardım. Həkim Əli kişini yoxlayandan sonra onun qulaqlarını yuduzdurub bir neçə dərman yazaraq tapşırdı ki, hər gün bu məhlul halında olan dərmanları ev şəraitində qulağına tökdür. Səndə müəyyən qədər yaxşılığa doğru irəliləyiş olmalıdır.
Xəstəxanadan çıxandan sonra Əli kişi xahiş elədi ki, səni işdən-gücdən eləmişəm, icazə versən bu axşam evə qayıdardım. Fikirləşdim ki, bu kişi qəlbində bəşəri sevinclə qayıdırsa xarici görkəminə də əl gəzdirməliyəm. Onun özünü də yanıma alıb MUM-a gəldik. Əyninə təzə alt paltarı, bir dəst də kostyum, ayağına ayaqqabı, başına yaxşı bir papaq alıb geyindirdim. Üstəlik də evdəki 80 yaşlı qarısına pal-paltar aldım. Üzünü, başını dəlləkdə səhmana saldırdım. Sonra onu Tovuza gedən maşınla yola saldım. Özümü o qədər rahat hiss edirdim ki, elə bil bir əzizimə oğulluq borcumu vermişdim. Onu da qeyd edim ki, bir tanınmış aşıq kimi demək olar ki, həftənin 5-6 gününü el şənliklərində olurdum. Əlim pulla oynayırdı.
Aradan iki ay keçmişdi. Əli kişi mənə zəng edib hal-əhval tutandan sonra xahiş elədi ki, hər an səni gözlıəyirəm, nə olar, Tovuza yönün düşsə bizə gəl, qohum-qonşu səni görmək istəyir.
Həmin danışığımızın səhəri ustadım Mikayıl Azaflı məşhur balabançı Abbas Müseyibovla bizə gəldi. Xeyli dincələndən, çay-çörək yeyəndən sonra Mikayıl əmi qayıtdı ki, hazırlaş bizi bir məclisə dəvət ediblər. Biz həmin məclisə getdik. Bizə olmazın hörmətini elədilər. Sonda bu məclisdə Vəli adında bir nəfər oğlan babasının gözlərinin açılması əhvalatını danışdı. Mikayıl əmi qayıtdı ki, Məhərrəm, Bakıda bu ünvanda səndən başqa aşıq varmı? Mən belə cavab verdim:
- Nə bilim, ay Mikayıl əmi, bəlkə də var, mən bilmirəm.
Axır ki, bildilər ki, bütün bunları mən etmişəm. Mikayıl əmi ilə balabançı Abbası o gecə çox razı halda Tovuza yola saldım. Ona görə ki, onlar rayon mərkəzində bir dövlət tədbirində iştirak etməliydilər. Mən isə evə gəldim. Səhəri sazı köynəkdən çıxardanda sazın köynəyində bir məktub və 3000 manat pulun olduğunu gördüm. Məktubda yazılmışdı: “Əli babamıza doğmalığı, xeyirxahlığı sən etmisən. Bu pulu heç nəyə əvəz tutma. Sənə bu pul məclisdə yaxşı ifana görə verilib. Bilirdik ki, əlimizlə versək sən bu pulu götürməyəcəksən. Bir də ki, tələbə olan adamın son qəpiyini belə xərcləməsi bizim üçün böyük örnəkdir. Babama etdiyin doğmalığa görə sənə minnətdarıq. İndi isə kişinin gözü yoldadı. Qulaqları da eşidir. O, səni gözləyir”.
Mən Əli kişiylə 12 il, yəni vəfatına qədər dostluq etdim. Yadımdadır, mən Tovuza gedəndə ilk dəfə təsadüfən rastlaşdıq. O, məni doğması kimi qucaqlayıb öz evinə apardı. Mənim şərəfimə dost, qohum, qonşu yığışdılar. Məni o ki, var təriflədilər. Əli kişi tək bircə kəlamı yadımda qaldı: “yüz ilin korluğundan, bir günün işıqlı dünyasını görmək yaxşıdır”.
Ustadım Mikayıl Azaflının iki
vəsiyyətini yerinə yetirdim
Bir gun Mikayıl Azaflıyla söhbətimiz Aşıq Əsədlə Aşıq Mirzədən düşdü. O, hər iki zirvənin misilsiz və təkrarolunmaz ifaçılığından, sənətdə əlcatmamazlığından danışaraq gözləri doldu. Sonra mənə dedi ki, Məhərrəm, məndən sənə vəsiyyət budur ki, Əsədlə Mirzəni unutmayasan, çalışıb onları ictimaiyyətə olduğu kimi tanıda biləsən. Əgər imkan olsa onların yubileylərini keçirtməyə calış.
O vaxt mənim əlimdə heç nə yox idi. Universiteti təzəcə bitirib yeni-yeni işə başlamışdım. Ustadımın bu sözü daimi məni narahat etdiyindən bilmirdim nə edəm. Artıq Mikayıl Azaflı, Hüseyn Arif dünyasını dəyişmişdi. Nə yaxşı ki, H.Arifin təklifiylə Azərbaycan Aşıqlar Birliyinə (AAB) işə düzəlmişdim.
İlk yubiley tədbirini Aşıq Mirzə Bayramova həsr etdim. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə təzə gəlmişdi. Rayonun İB-sı rəhmətlik Səməd bəy mənim təklifimi qəbul edib razılığını bildirdi. Mən AzTV-yə müraciət edib bir dəstə çəkiliş briqadası ilə Tovuza gedib yaxşı bir yubiley keçirdim.
Aşıq Əsəd Rzayev və Aşıq Mirzə Bayramov
Ağalar Mirzə (televiziyanın folklor redaksiyasının baş redaktoru idi) buradan bir yaxşı veriliş hazırladı. Artıq özümü qismən rahat hesab edirdim. Veriliş efirə gedəndən sonra ustadım M.Azaflı yuxuma girdi. O, mənə dedi ki, məni bir balaca razı saldın. Əsəd baban barədə də fikirləşsən pis olmaz.
1994-cu ilin avqust ayında Aşıq Əsəd Rzayevin 120 illik yubileyinin keçirilməsi üçün tədbirlər planı hazırladım. Əvvəlcə Tovuzda, Aşıq Əkbər adına mədəniyyət sarayında, sonra Bakı şəhərində Müslüm Maqamayev adına Dövlət Filormoniyasında keçirilməsini müəyyənləşdirdim. Tovuzda və Bakıda yüksək səviyyədə keçirdiyim yubiley televiziyadan xalqa çatdırıldı. Bu gecələrin videoyazılarını şəxsi arxivimdə saxlayıram.
Aşıq Əsədlə bağlı dastan-rəvayətlər 26 iyul, 2008-ci ildə çapdan çıxan “Muqəddəs dədələr dastani” adlı kitabımda oxucuların ixtiyarına verildi. Eyni zamanda oğlu Vidadininin və nəticəsi Əhliman Kamrəddin oğlu Bayramovun maddi və mənəvi köməkliyi ilə onun “Sazın-sözün koroğlusu” adlı kitabını nəşr etdirdik. Bu kitabın Tovuzda, onun adını daşıyan sarayda təqdimatını keçirdim. Bu isə oxuculara əvəzsiz töhfə oldu.
Təbrizə səfərim ziyarətə çevrildi
Gözümü açandan, ağlım kəsəndən evimizdə anamın və anamın anası seyid Salatının söhbətləri mənə hakim kəsilib. Babam Kərəm kişinin qohum əqrəbası İranda idi. Bu nisgillərdə əzilə-əzilə ömrünü sona yetirmişdi. Nənəm aranı xəlvətə verib babam haqqında bayatılar deyib xısın-xısın ağlayırdı. Sovet İttifaqının sərhədd keçilməzliyinin çətinliyini bilib çarəsiz qalmışdıq. Nəhayət ki, 70 illik sovet rejimindən xilas olub müstəqilliyimizi qazandıqdan sonra İrana rəsmi olaraq gediş-gəliş başlandı.
1994-cü ilin yaz ayları idi. Səsimdə dəhşətli dəyişikliklər gedirdi. Mənə məsləhət olundu ki, mütləq İrana gedib müalicə olunmasan, səsini tamam ilə itirə bilərsən. Mən deyilənlərin bir həqiqət olduğunu bilib, özümə xarici posport düzəltdim və “Təbriz” deyib yola düşdüm. Onu da deyim ki, Təbrizdə mənim dostlarım çox idi. Əksəriyyəti Bakıya gələndə bizə gələrdilər. Hamısının telefonu, ev ünvanları məndə var idi. Sənədlərimi yoxlayıb sərhəddən keçməyimə razılıq verdilər. Xəyalən böyük xalq şairi Süleyman Rüstəmin, M.H.Şəhriyarın, Hüseyn Cavanın, M.İbrahimovun, S.Təbrizlinin Təbriz haqqında dediklıərini xatırladım. İran Astarasından bizi Ərdəbil avtovağzalına gətirən taksinin ora necə gəlib çatmasından sanki, xəbərim olmadı. Taksini yola salıb Ərdəbildən Təbrizə gedən böyük avtobusa mindim. Sazımı da özümlə götürmüşdüm. Sürücü bir nəfəri qabaqdan qaldırıb arxada yer verdi. Mənə də dedi ki, ağa, sən bizim diyara xoş gəlibsən, buyur əyləş. Mən ona minnətdarlığımı bildirib birinci sırada əyləşdim. Elə ki avtobus yola düşdü, sürücü “ya Allah” deyib avtobusda olan televizora bir videokoset qoydu. Sonra isə üzünü avtobusun salonuna tutub dilləndi:
- Ağalar, mən bu lenti ona görə sizə göstərmək istəyirəm ki, burada əyləşən Aşıq Məhərrəm Hüseynlnin özü də bizimlə Təbrizə gedir. Buyurun, onu alqışlayaq.
Hər kəs mənimlə əl tutub, “Ağa, xoş gəlib, səfa gətirmisən” deyirdilər. Sözün düzü utandığımdan bilmirdim neyləyim. Bu dəm 1991-ci ildə Aşıqlar birliyinin sabiq sədri xalq şairi Hüseyn Arifin rəhbərliyi ilə mənim təşkil elədiyim “Hoydu dəlilərim hoydu” adlı “cəngi” ruhlu konsertin videoyazısı məni daha çox heyrətləndirdi (bu tədbirin təşkilatçılığı, ssenarisi, təbliği və aparıçılığını mən etmişdim). Hər kəs avtobusda sonsuz heyranlıqla videomateriala baxırdılar. Elə ki, lent qurtardı, solanda “Ağayi Aşıq Məhərrəm mənim qonağım olacaq” deyə kiminsə digərləriylə mübahisə etdiyini eşitdim. Nəhayət bir nəfər onlara yaxınlaşıb nəsə deyəndən sonra mənim ağayi Abdulla adında bir nəfərin qonağı olacağımı dedi. Bizim Təbrizin girəcəyində düşəcəyimizi bildirən bu nurlu insanla aşağı düşəndə bütün avtobus əhli ilə xüdahafizləşib ayrıldıq.
Ağayi Abdulla böyük sevinclə məni ailəsiylə tanış edib bir daha “xoş gəldin” dedi. O, tez 30-dan çox dost-tanışına zəng edib evinə çağırdı. Arası yarım saat çəkmədi ki, 40-a yaxın adam toplaşdı. Yaxşı bir məclis düzəldi. Məndən xahiş etdilər ki, bir az çalıb-oxuyam. Hətta bu insanlar əllərini ciblərinə atıb mənə pul uzatsalar da mən onlara bildirdim ki, ağalar, mən pul üçün gəlməmişəm, mənə hörmət edirsinizsə məni dinləyin.
”Divani”i ilə başlananan bu məclisdə Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani, Misgin Abdal, Ağ Aşıq, Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Mikayıl Azaflı və başqalarının qoşqularından yüksək səs və həvəslə oxudum. Gecədən keçənə qədər çalıb - çağırdım. Düzü bu insanların marağını, istəyini gördükcə daha da həvəslənirdim.
Sabahı səhər tezdən durub məni səbrsizliklə gözləyən dostlarımı telefonla aramağa başladım. Telefonla dostum və qələm əhli Bəsir İbadinin və onun qohumu Ağayi Ənvərin Şahbazi ev telefonuna zəng etdim. İlkin olaraq Bəsir İbadinin xanımı dəstəyi götürdü. Mən ona salam verəndən sonra o, “əleykuməssalam” deyib davam etdi:
- Ay ağa, xoş gördük səni, əlləriniz ağrımasın. Nə yaxşı bizləri yad etmisiniz.
Bu xanım mənim səsimi heç tanımadan belə cavab verirdi. Dedim ki, çox sağ olun, xanım, mənə Ağayi Bəsir İbadi lazımdır. O, cavab verdi:
- Ağa, təəssüflər olsun ki, o yarım saatdan sonra gələcək. Yəqin bilirsiniz ki, namaz vaxtıdır. Amma sən Allah zəng edin.
Mən belə şirindil, mehriban, kimliyimi bilmədən doğma bacım qədər əziz gələn bu xanımın yüksək etik, insani davranışına milyonların biri kimi qiymət qoydum.
Növbəti zəngi Ağayi Ənvərə düz yarım saatdan sonra etdim. Telofona onun da xanımı cavab verdi. İnanın ki, bu xanımın danışığı o birisindən də xoş idi. Xahişimi qəbul edib həyat yoldaşını telefona çağırdı. O, mənim səsimi eşitcək çox sevindi. Bir dəstə adamla, əlbəttə dostum Bəsir İbadi başda olmaqla məni Təbrizin girəcəyində Ağayi Abdullanın evindən götürüb öz evlərinə apardılar. Böyük şadyanalıq keçirdilər.
Sabahı günü məni Təbrizdə ən məşhur bir həkimə göstərdilər. Həkim efirdən məni tanıdığını deyib mənə daha diqqətlə baxdı, özündə ehtiyat kimi saxladığı dərmanlardan verib dedi ki, iki gün ərzində bu öz təsirini göstətəcək. Mən ona pul vermək istəyəndə qoymadı ki, sən nə danışırsan, bu gündən biz dostuq. Amma səsin qaydasına düşəndən sonra əvəzini sazla qoşa çıxarsan.
Doğrudan da heç arası iki gün çəkmədi ki, səsim əvvəlki axarına düşdü. Elə o gündən sonra Baba dağı adlanan bir böyük binada konsert verməyimi xahiş etdilər. Mənə dedilər ki, bu binada kimsəsizlər, yetimlər, xəstələr, qocalar yaşayırlar. Dövlət onlara hər çür qayğı göstərir. Ona görə də İranın heç bir yerində əl açıb dilənən bir adama da rast gəlməzsən. Dindaşlarımız məscidlərə toplanan pullara çoxlu ərzaq məhsulları alaraq bura verirlər. Böyük konsertlər də ilkin olaraq buradan başlayır.
Konsert başlayana qədər məni bu binanın kövrək sakinlərinin bir parası ilə tanış etdilər. Həm kövrəldim, həm də dinimizin bu xeyirxah ənənəsinə birə-beş sevindum. Konsert də çox uğurlu keçdi. Təbrizin özündən və ətraflarından çoxsaylı insanlar buraya təşrif buyurmuşdular. Mənim ifalarım onları daha da qanadlandırırdı.
Sabahı qəzetlərdə bu barədə geniş məqalələr yazıldı. Axı mənim istəyim, sevincim, arzularım və görüb şahidi olduğum həqiqətlər qol-qanad açırdı.
Dostlarım Bəsir İbadi və Ənvərin köməkliyi ilə ən nüfuzlu aşıq dostlarımdan Aşıq Həsən İsgəndəri, Aşıq Rəhim Nəzəri, Aşıq Hacıəli, Aşıq Məhəmməd, Aşıq Əbdüləli, Aşıq Rəsul və b. ilə görüşdüm. Onların hər biri ilə saz-söz haqqında geniş diskussiyalarımız oldu. Hələ sağkən qocaman ustad Aşıq Əli Şəhnazi ilə onun öz evində görüşdüm. 5 gündən sonra isə o vəfat etdi. Onun hüzn məclisi böyük bir məsciddə keçirildi. Mən də bu hüzndə tanınmış qocaman jurnalist Çəfər Əliyevlə birgə iştirak elədim. Allah rəhmət eləsin!
Mən Təbriz əhlinin saza-sözə dərin vurğunluğuna heyran qalmışdım. Oradakı səsyazan operatorlar mənim ifalarımdan 4 audio kasset yazıb mən orada ikən satışa buraxmışdılar. Xüsusən Aşıq Rəhim Nəzəri və Aşıq Məhəmmədlə olan konsertlərim əl-əl gəzirdi.
Onu da qeyd edim ki, Quzey Azərbaycandan olan ustad aşıqlardan Mikayıl Azaflının, İmran Həsənovun, Əkbər Cəfərovun, Kamandar Əfəndiyevin, Hüseyn Cavanın nəinki audio və video-kassetləri, eləcə də hər birinin böyüdülmüş fotoşəkilləri divarlardan asılmışdı. Bütün bu istəkləri duyduqca onların hər birinə sevgim çoxalırdı. Təbriz, Qaradağ, Zəncan, Urmiya aşıqlarının böyük əksəriyyəti Aşıq Kamandara, Aşıq Əkbərə və Aşıq İmrana pərəstiş edirdilər. Məclislərdə də aşığa sifariş verəndə deyirdilər ki, aşıq qardaş, bizə Kamandar yolu ilə, Əkbər yolu ilə, İmran yolu ilə bir hava oxu.
Məni maraqlandıran məsələlərdən biri də İranda və onun bölgələrində oxunan aşıq havaları idi. Aşıq Həsən İsgəndəri fikrimi bəyənib mənim şərəfimə öz evində böyük bir məclis təşkil etmişdi. Burada İranın ən dəyərli aşıq və şairləri iştirak edirdi. Bunlardan Aşıq Həsən İsgəndəri, Aşıq Əbdüləli, Aşıq Rəsul, Aşıq Rəhim Nəzəri və b. saz havalarının ən nadir bilicisi kimi Aşıq Hacıəliylə dioloq aparmağımı məsləhət bildilər. Mən Aşıq Hacıəlinin və onunla həmfikir olanların ifasından 45-dən çox aşıq havasını lentə aldım. Halbuki, bu gün o havaları Quzeydə oxumurlar, yaxud da xəbərləri belə yoxdur. Bu tədbirdə mənim haqqımda Ağayi Bəsir İbadi geniş açıqlama verdikdən sonra söz aşıqlarımıza və mənə verildi. Bu lent yazıları arxiv və şəxsi adamlarda saxlanılmaqdadır. AzTV-nin xalq yaradıçılığı redaksiyası və folklor redaksiyasının baş redaktoru Ağalar Mirzə bu tədbirdən seçmələri televiziyada səsləndirdi. Yaxşı olardı ki, aşıq sənətinin ayrıca universiteti açılaydı. O vaxt bu havalar güneyli və quzeyli tədqiqatçılarımız tərəfindən daha yaxşı öyrənilər.
Təbriz mənim müqəddəs sandığım ulularımızın məskənidir. Odur ki, dostum Hüseyn Siyami və Bəsir İbadinin vasitəçiliyi ilə Tikmədaşa gedib Xəstə Qasımın məzarını ziyarət etdim. Onu da qeyd edim ki, Hüseyn Siyami əslən fotoqrafdır. İxtisasca folklorşunas olmasa da, Xəstə Qasımın şeirlər kitabını yenidən toplayıb nəşr etdirib. Onu bu sahədə qınayan dindaşları çox olsa da Hüseyn Siyami Xəstə Qasımın qəbirüstü abidəsinin qaydaya salınmasında öz köməyini əsirgəməyib. O, bir dəfə gülərək mənə belə dedi: “Ağayi Məhərrəm, Xəstə Qasımın məzarının açılışında molla məndən əvvəl bu işlərdə çüzi əməyi olanların ölənlərinə ilk fatihə duasını oxudu. Orada gərək ilkin olaraq böyük əməyi olanlardan birinci mən yada düşəydim”.
Böyük şairimiz Məhəmməd Hüseyn Şəhriyarın məzarının ziyarətinə Aşıq Rəhim Nəzəri və dostum Bəsir İbadiylə birgə getmişdik. Yadıma böyük şərqşunas və şəhriyarşunas alim Rüstəm Əliyevin danılmaz fəaliyyəti düşdü. O, bu böyük şairimizin adına “Şəhriyar” qəzetini təsis etdirib çap etdirirdi. Mənim də məqalələrim bu qəzetdə dərc edilirdi. Eyni zamanda Rüstəm müəllim dostu Şəhriyar haqqında mənə çoxlu xatirələr də danışmışdı. Belə bir möhtəşəm şairin ziyarəti mənim üçün ən dəyərli təsginlik oldu.
Mən bu az müddət ərzində - 25 gündə Tikmədaşda, Xoyda, Zəncanda, Ərdəbildə, Qaradağda və Tehranda oldum. Ən maraqlısı o idi ki, Aşıq Həsən İsgəndəri mənimlə Təbrizdən Tehrana getdi. Məni çox maraqlı və İranın tanınmış adamları ilə tanış etdi. Oranın görməli, gəzməli yerlərində qoşa gəzdik.
Təbrizdə bir neçə toy məclisinə də dəvət aldım. Burada olan aşıqların və toya gələn qonaqların mənə münasibəti çox yaxın və xoş idi. Qonaqlar aşığa suallar və sifarişlər verirdilər. Onlar mənə ustadım Mikayıl Azaflıdan çoxlu suallar verirdilər. Mikayıl Azaflının bəstələdiyi aşıq havalarını çaldırmaqdan, Azaflının sözlərini dinləməkdən doymurdular. Məndən çox zaman Aşıq Əkbər kimi “Heydəri”, ”Cəngi”, ”Meydan koroğlu” havalarını oxumağımı istəyirdilər. İranda aşıq sənətinə böyük hörmət məni bir daha sevindirdi.
Yaxşı tanıdığım Mehman Vəliyev İranda böyük hörmətlə yad edilir. O, AzTV-də Cənub verilişlərinə rəhbərlik etməklə mütəmadi olaraq aşıqların səs yazılarını onlara ərmağan edir. Folklorşunas alim Elxan Məmmədlinin “Saritel” verilişini demək olar ki, hər kəs dinləyir. Bizim aşıqların əksəriyyətini güneyli qardaşlarımız yaxşı tanıyıb qiymətləndirirlər.
Məhərrəm Hüseynli dostu Bəsir İbadi ilə.
Xəstə Qasımın məzarının ziyarəti zamanı. 1994.
Mənim xoşuma gələn hər şey yaddaşımda yuva saldı. Bir də onu xatırladım ki, məni yalnız efirdən tanıdığına görə böyük hörmət və qonaqpərvərliklərini göstərənlər, dostlarımın mənimlə telefonda danışan həyat yoldaşlarının abırlı, ismətli, ləyaqətli, mərifətli hərəkətləri çox xoşuma gəldi. Hər bir kəsin saza, sözə, aşıqlığa və aşıqlara doğmalıq münasibətinə heyran qaldım. Bütün insanların ədəbli, mədəni müraciət və davranışları hər kəsə örnək olacaq dərəcədə idi. Mən aşıqlarımızın audio- və videokassetlərini aşıqsevərlərdə görmüşdüm, ancaq onlarda bu aşıqların birinin də portretini görməmişdim. Amma Təbrizdə öncə dediyim kimi ustad aşıqların portretlərinin böyük sevgi ilə divarlardan asıldığını gözlərimlə gördüm. Onu da deyim ki, bizim Quzey Azərbaycanımızda yüzdən bir nəfər olar ki, doğma atasının, anasının fotoşəklini öləndən sonra divardan asar, nəinki hansısa aşığın.
Bu gün doğma qan qardaşlarımın hər biri mənim üçün əzizdir. Onlar müsəlman dünyamızın əşrəfidirlər. Qoy Tanrım bizim doğmalığımızı və bağlılığımızı qorusun.
AMİN, AMİN!
“26-lar”. Deyəcəksiniz ki,
Dostları ilə paylaş: |