Aşiq-şair İlyas Alovlu
Doğulub boya-başa çatdığımız kəndin mərkəzi sovetliyi Tovuz rayonunun Böyükqışlaq kəndi olub. Son illər bu kəndlər böyüdüyündən özlərinin ayrıca icra nümayəndəlikləri yaranıb. Mənim böyük qardaşım Məcid bu ellərdə yaxşı tanınmış adamlardan biri olub. Məhərrəmin atası Hüseyn kişiylə dost olublar. Məhərrəmi uşaqlıqdan tanıyıb. Onun istedadına bələd olub. Ara-sıra söhbət düşəndə onun barəsində bizə də danışıb.
Mən Məhərrəmlə 1980-ci illərin əvvəllərində dostum Aman Avıloğlunun vasitəsiylə tanış olmuşam. Adını eşitdiyimə baxmayaraq şəxsi tanışlığım bu illərdən başlayıb. Dəfələrlə məclislərdə, toplantılarda olurduq. Onun gözəl səsi, sadəliyi, böyüyə-kiçiyə xoş münasibəti xoşuma gəlirdi. Sonralar mən Dəmir yolunda işə düzəldim. Aradan bir neçə il keçməsinə baxmayaraq biz hərdənbir görüşürdük. Bir dəfə də Qəmir yolu İdarəsinin yaxınlığında yerləşən Səməd Vurğun bağında görüşdük. Bir qədər söhbət etdikdən sonra qayıtdı ki, bu qədər şeirlərin ola-ola niyə çap elətdirmirsən? O, məni inandırdı ki, sən çox gözəl şairsən. Sənin kitabın içtimaiyyətdə yaxşı qarşılanacaq. Bu söhbətdən sonra bir dəfə də görüşdük. Bu dəfə də təkid etdi ki, şeirlərinin əlyazmasını topla nəşrə verək. Ona söz verdim ki, bunları edəcəyəm, qoy bir dərindən fikirləşim.
Mən evə gəlib nə qədər şeirlərim vardısa topladım. Yenə də dostum Aman Avıloğlu ilə oturub söhbət edəndə Məhər-rəmin bu təklifini ona dedim. Çox bəyəndi və dedi ki, sən şeirlərinin bir surətini Məhərrəmə ver, o, hər şeyi özü düzüb qoşacaq. Bundan sonra mən onun özüylə görüşüb şeirlərimi ona verdim. 1998-ci ildə İslam Türkayın redaktorluğu, Məhər-rəm Hüseynlinin ön sözü və böyük köməkliyi və ilə “Yanan ürək” adlı kitabım “Yazıçı” ədəbi nəşrlər evində çapdan çıxdı.
Bununla yanaşı M.Hüseynli mənim A.M.Şərifzadə adına Aktyorlar evində yüksək təntənə ilə 60 illik yubiley və yaradıçılıq gecəmi təşkil etdi. Respublikamızın tanınmış aşıqlarını bura dəvət etdi. Bu gecənin efirdə səslənməsinə nail oldu. Haqqımda böyük publistik yazılarla çıxışlar etdi, radio və televiziya kanallarında müxtəlif verilişlərin hazırlanmasında böyük işlər gördü. Eyni zamanda o, mənim 70 illik yubileyimin də yüksək səviyyədə keçirilməsini təşkil etdi. Bütün bu tədbirlərin təşkili, təbliği və aparıcılığını özü etmişdi. Bir sözlə, mənim ədəbi içtimaiyyətdə tanınmağımda M.Hüseynlinin danılmaz xidmətləri var.
Aşıq Məhərrəm etibarda, düz ilqarda, xeyirxahlıqda, səmimiyyətdə, seçilən adamdır. Bu gün mənim bir çox diplom, fəxri fərman və digər mükafatlar almağımda M.Hüseynlinin rolu böyükdür. Sonuncu kitabım yenə də onun məsləhət və təkidi ilə nəşrə hazırlanıb. Hərdənbir düşünürəm ki, nə yaxşı dünyada belə xeyirxah insanlar var. M.Hüseynli əməlləriylə yaşayan insandır.
Yaradıcı aşıq, şair kimi onun dərin kamalına, söz ehtiyatına söz ola bilməz. Bizim şeirin müxtəlif janrlarında yazmaq, sözün kəsərliliyini şeirlərdə yerli-yataqlı işlətmək haqqında söhbətlərimiz çox olub. Klassik aşıq yaradıcılığında qələmini sınamış ruhu şad ozanlarımızın haqqında diskussiya etmişik. O, həmişə deyir ki, aşıq və şair dövrünün içtimai, iqtisadi, maddi, mənəvi dəyərləri üstündə köklənərək düzü düz, əyrini əyri kimi deməlidir. Riyakarlıq, məddahlıq edən, boş təriflər söyləyən, yalan danışan, boş söz yığını toplayan nə aşıq aşıqdır, nə də şair şairdir.
M.Hüseynli yaradıcılığına diqqət yetirsək görərik ki, onun şeirləri real həqiqət üstündə köklənib. Düzdür, saç-saqqalı vaxtsız-vədəsiz ağarıb amma qocalmağa tələsmir. Söz düşəndə ustadı Mikayıl Azaflıdan bu şeiri deməklə gülümsəyir:
Yaşayanlar tez qocalar,
Yaşamayan cavan qalar.
Amma, M.Hüseynli qana-qana, yana-yana yaşayıb uca-lanlardandır. Bir də ki, hər adam, adam kimi nə ucalmır, nə qocalmır. Yaxşı adla ömür sürənlərin yeri ürəklərin başındadır. Necə ki, M.Hüseynli bu zirvəni fəth edib.
Eldar Aşıq Ələsgər oğlu
Məhərrəm Hüseynli çox xeyirxah, sadə və məsuliyyətli adamdır. 12 kitab müəllifidir. Bakı şəhərində atam Aşıq Ələsgər Tağıyevin ilk dəfə 60 illik yubiley gecəsini M.Maqamayevadına A.D.Filormoniyasında AAB-nin və Tovuz Xeyriyyə Cəmiyyətinin (TXC) birgə təşəbbüsü ilə o, keçirib. Onda Məhərrəm Hüseynli AAB-nin məsul işçisi, TXC-nin fəal üzvlərindən biri idi.
Böyük təmtəraqla keçirilən həmin gecə unudulmaz bir xatirəyə çevrildi. O cecədə yüzlərlə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Bildiyimiz kimi o zaman AAB demək olar ki, öz-özünü maliyyələşdirirdi. Hər hansı bir tədbirin keçirilməsinə də xeyli vəsait xərclənirdi. Bütün bunlara baxmayaraq M.Hüseynli boynuna götürdüyü işi məharətlə yerinə yetirirdi. Üstəlik mətbuat səhifələrində yubileyi keçiriləcək sənətkar haqqında elmi-publisistik məqalələr də yazıb dərc etdirirdi. O vaxt hər qəzet xeyri olmayan yazını səhifələrinə daxil etmədiyi halda Məhərrəmin qəzet redaktorları yanındakı hörməti və onlarla olan səmimi münasibətinə görə onun yazısına “yox” deyən də yox idi.
Atam haqqında da yaxşı bir yazısı bir neçə qəzetdə dərc edilmişdi. Sonralar mən atamın şeirlərini toplayıb nəşrə hazırlayan zaman Məhərrəm Hüseynli də Aşıq Əkbər Cəfərov haqqında “Aşıq Əkbər oxuyanda” adlı kitabını çapa hazırlayırdı. Hamımıza bu sahədə köməklik göstərən, kitablarımızın nəşrində böyük fəaliyyəti olan eloğlumuz Ramiz Hümmətov kompüterində olan fotoşəkillərdən istifadə etməyimə razılıq verdi. Bilirsiniz ki, Aşıq Əkbər atam Çopur Ələsgərin ikinci ustadı olmaqla uzun illər onunla qoşa çalıb-çağırıblar. Bu illərdə onların çoxlu fotoşəkillərini Məhərrəm Hüseynli böyük çətinliklə tapıb əldə etmişdi.
Onu da xatırladım ki, atam Aşıq Ələsgərlə Məhərrəm Hüseynlinin çox yaxın və xoş münasibətləri vardı. Ən möhtəşəm saraylardan biri olan Heydər Əliyev adına Respublika Sarayının mərkəzi konsert salonunda,filormoniyada,
Qabaqda:Aşıq Məhərrəm Hüseynli arxada soldan: Aşıq Əli Quliyev, Aşıq Ələsgər Tağıyev, Həmid Ormanlı.
Tovuzda və digər yerlərdə olan tədbirlərdə onunla qabaq-qarşı oxuyublar. Onların bir-birinə aşıq atmacaları və professional ifaları salonlarda gurultulu alqışlara səbəb olub. Yadımdadır, TXC-nin H.Əliyev adına Respublika Sarayında keçirdiyi xeyriyyə gecəsində (bu gecəni də M.Heseynli idarə edirdi) onların oxuduğu “Heydəri” və digər şahanə havalar salonu təlatümə gətirdi (bütün bunlar Az TV-nin arxivində və M.Hüseynlinin şəxsi arxivində saxlanılır). Atamın Məhərrəm haqqında dediyi xoş sözlərdən biri də Məhərrəmin bir aşıq kimi zil səsi və professionallıği ilə bağlıdır.
Aşıq Məhərrəmin bir xeyirxahlığını deməsəm olmaz. 1989-cu il idi. Mənə dedi ki, Eldar Ələsgəroğlu, atanın səninlə yaşıd olan sədəfli sazı haradadır? Dedim ki, nə vaxtsa onu kiməsə satıb, əgər onu alanı tapsam nə istəsə verib sazı geri qaytararam. Məhərrəm gülüb dedi ki, mən də o sazla çox çalıb-çağırmışam, amma sazın yerini bilirəm. Hiss elədim ki, Məhərrəm boşuna sazdan söhbət açmaz. Ona görə də, onu məcbur elədim ki, sazı qaytarmaqda mənə kömək etsin. Qayıtdı ki, deməyinə deyərəm, saz mənim qonşumdadır, təzə gəliblər, əsilləri də İrəvanlıdır. Bilirəm ki, qonşum bu işə görə məndən inciyəcək. Amma onu qaytarmaq üçün gərək kişiyə bir saz alasan, üstündə də pul verəsən.
Mən onun dediyi kimi edib atamın sədəfli sazını geri qaytardım. Sonralar öyrəndim ki, bu yaxınlarda Məhərrəmin qonşusu saz məsələsinə görə ona öz incikliyini bildirib.
M.Hüseynli haqqı-ədaləti sevən adamdır. Respublikanın müxtəlif mətbu orqanlarında aşıq sənətinin tədrisi haqqında, onun ifası və düzgün təbliği naminə çoxsaylı tənqidi yazılar yazıb. Məqsədi xalq sənətinin dövlət tərəfindən himayə olunaraq tərəqqisinə nail olmaqdır.
Bu il Aşıq Məhərrəm Hüseynli ilə bərabər həmin sədəfli sazın və atam Çopur Ələsgərin aşıq sənətində fəaliyyətinin 55-ci ildönümü idi. Həmin saz atamın sənətdə 55 illiyinin yaradıcılıq gecəsində atamla bir yerdə idi. Bu gecədə də Məhərrəm Hüseynlinin çıxışı və ifası bənzərsiz oldu. Onun qələmə aldığı və böyük tirajla nəşr etdirdiyi “Tovuz aşıqları” kitabında da atama xüsusi yer ayırıb. Aşıq Məhərrəmin atamla deyişmələri atamın “Elm mənə ilham verib” adlı kitabında nəşr edilib. Atam bu il oktyabrın 23-də 84 yaşında dünyasını dəyişdi.
Qətiyyətlə deyərdim ki, yubiley və yaradıcılıq gecələrini keçirdiyi korifey aşıqlar haqqında elmi iş müdafiə etməyə də qadirdir. Onsuz da biz onu ali bir insan kimi qəbul etmişik. Üzümü ona tutub deyirəm ki, qələmin iti, sözün ötkün, sazın ötən, səsin kökdən düşməyən olsun. Belə olanda səni sevənlər də sevinər.
Aşıq Xəlil Xəlilov
Mən el şairi Alqayıt Xəlilovun qardaşıyam. Məhərrəmlə 1981-ci ildən tanışam. Onu yaxşı bir aşıq kimi tanıyıram. O vaxtlar onu Aşıq Mikayıl Azaflı, Adil Həsənov, Aşıq Aydın Çobanoğlu, Nuru Məhəmmədoğlu, Rakif İsmayılov və digər aşıqlarla birgə çalıb oxuyan görürdüm.
Birdəfə böyük qardaşım Alqayıt Xəlilov bizə dedi ki, : “AAB-nin sədri Hüseyn Arifin yanına getmişdim. Ona dedim ki, 50 yaşım tamam olur. İstəyirəm ki, bu münasibətlə filarmoniyada bir gecəmi təşkil edəsiniz. O, isə AAB-nin məsul işçisi Məhərrəm Hüseynlini çağırıb öz tapşırıqlarını verdi. Hüseyn Arif mənə dedi ki, narahatçılığa ehtiyac yoxdur. Məhərrəm vəzifəsinin öhdəsindən gələn oğlandır. Onun filarmoniyada təşkil etdiyi gecələr məni valeh edib.
Məhərrəm Hüseynli tez M.Maqamayev adına Azərbaycan Dövlət Filormuniyasına və Az.TV-yə AAB adından məktub yazıb onu öz əlləriylə o ünvanlara çatdırdı. Filarmoniyanın rəhbərliyindən yeri alıb vaxtı təyin etdi, televiziyanın sədrinin yanına gedib bu gecənin çəkilməsini məktubla ondan xahiş etdi. Bu zaman ondan soruşublar ki, bəs gecəni kim idarə edəcək? Məhərrəm qayıdıb ki, Alqayıdı anası masabəyi doğub, icazə versəniz özünə həvalə edərdik.
O, televiziyanın sədri ilə bu söhbətdən sonra AAB-ə qayıdır. Burada Hüseyn Arif gülümsəyərək ona deyir ki, bu oldu əsl iş. Bundan sonra afişanın, reklamın, dəvətnamənin, tədbirdə çıxış edəcək adamların müəyyən edilməsi məsələlərini planlı şəkildə həll etdi. Doğrudan da bu gecə çox gözəl keçdi. Gecədə tanınmış aşıq və şairlərin alovlu çıxışları lentə yazılıb efirə verildi. Gecənin ikinci hissəsi, yəni ziyafət məclisi daha da unudulmaz oldu. Məhərrəm müəllimin zildə oxuduğu “Heydəri” və “Koroğlu çəngi” havaları bizi heyran etmişdi”.
Bir anlıq Məhərrəmlə Alqayıdın arasında olan qaynar münasibəti xatırladıqca xəyalən ötən illərə qayıdıram.
Şair Alqayıt Xəlilovla Aşıq Məhərrəm Hüseyni
2012-ci ildə Alqayıdın vəfatı bizimlə birgə M.Hüseynlini daha çox pərişan etmişdi. Bir anlıq Məhərrəmlə Alqayıdın arasında olan qaynar münasibəti xatırladıqca xəyalən ötən illərə qayıdıram. Doğrudan da, Məhərrəm Hüseynli əsl saz və söz əhlini sevib, seçib tanıyan adamdır. Onu 55 illik yubileyi münasibəti ilə təbrik edirəm.
Arif Xuduoğlu
Atam Xudu Mahmudovla Məhərrəm Hüseynlinin arası çox yaxşı idi. Atam deyirdi ki, Məhərrəmə elə saz düzəldəm ki, süxənvərlik eləsin.
M.Hüseynli AAB-də sədr müavini vəzifəsində işləyirdi. O, Bir gün atamdan qəzetin bir səhifəsi həcmində yaxşı bir müsahibə alıb çap etdirdi. Sonra atama dedi ki, bu yaxınlarda 60 yaşın tamam olacaq, istəyirəm sənin bir gecəni keçirək. Atam və mən razılaşdıq. Tədbirin idarə edilməsini M.Hüseynliyə həvalə etdik. Olduqca dəyərli bir gecə keçdi. Bütün bunlar lentə alındı və bu günə qədər saxlanılır. Həmin tədbirdə tanınmış aşıqlar, ədəbiyyat və incəsənət işçiləri iştirak etdilər. Tamaşaçı və dinləyicilər bu gecəni heyranlıqla qarşıladılar.
Artıq atam həyatda yoxdur. Amma onun düzəltdiyi sazların sədası yer üzünə səs salıb. Biz - övladları atamızın yolunu davam etdiririk.
Atam haqqında Əkbər Qoşalının hazırladığı kitabda M.Hüseynlinin də çox dəyərli bir məqaləsi yer alıb. Mən cəsarətlə deyərdim ki, Aşıq Məhərrəmin qələmə aldığı hər bir kəlmə atamla olan real danışıqlarının əksidir.
Bir dəfə atam mənə M.Hüseynli haqqında bu sözləri demişdi: "Arif, bu Məhərrəm Hüseynli mənə elə suallar verir ki, adam ondan şübhələnir ki, görəsən bu da sazbənddirmi. O, mənə düzəltdiyim sazın güneydənmi, quzeydənmi olduğunu soruşur. Yaşlı ağacların cavan ağaclardan fərqliliyini soruşaraq sazın zilliyini, şirinliyini, ötkəmliyini və bunlara münasibətini soruşur. Mən onun sazın qolundan, sinəsindən, qabırğasından verdiyi suallara ətraflı cavab verdim”.
Bütün bunlara görə M.Hüseynlinin savadına, təhsilinə heç bir şübhə yeri qalmır. Bu gün anama “ana”, bizlərə “qardaş” deyirsə, təbii ki, bu istək bizdə də qarşılıqlıdır. Mən və qardaşlarım ulu Tanrıdan Aşıq Məhərrəmə uzun ömür,yüksək yaradıcılıq diləyirik.
Yusif Dirili
(Şair, publisist, Dirili – Qurbani məclisinin sədri)
İstedadlı şair, bənzərsiz ifaçı, qaibanə və ilahi səsli sənətkar, klassik aşıq sənətinin ən kamil bilicilərindən biri, Qurbani məclisinin ən layiqli nümayəndəsi, hörmətli və əziz tələbəlik dostum olan Məhərrəm Hüseynlini BDU-də oxuduğu ilk gündən tanıyıram. Birinci kursda oxuduğu ilk ay ərzində iki dəfə televiziyada çıxışını görəndən sonra universitetin professor, müəllim və çoxminli tələbə kollektivi onu adıyla yox, “Aşıq” deyə çağırırdılar. İkinci kursda oxuyanda artıq professor və müəllim kollektivinin şənliklərinə dəvət olunaraq çox zaman təmənnasız çalıb oxuyurdu.
Universitetin rektoru rəhmətlik akademik Faiq Bağırzadə onunla dost idi. Tez-tez universitetdə keçirilən tədbirlərdə çıxışlar edirdi. Respublikada keçirilən festivalda universitet adından qalib də olmuşdu. Ona verilən diplom uzun illər keçmiş komsomol komitəsində divardan asılmışdı (bunu hazırda Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev də təsdiq edər. O, universitetin komsomol komitəsinin sədri idi).
Məhərrəm Hüseynli tez-tez tanınmış aşıq və şairlərin universitetdə görüşünü təşkil edirdi. Onlardan Mikayıl Azaflının, Aşıq İmranın, Hüseyn Arifin, Ədalət Nəsibovun, Hidayət Orucovun, Aydın Çobanoğlunun, Məşədi İsmayılın və b. adını çəkmək olar. Yüzlərlə insanı respublikamızın konsert salonlarındakı aşıq konsertinə çağırırdı. Çox vaxt bu gecələrdə özü də oxuyardı. Artıq uzun illərdir ki, mənim təşəbbüsümlə yaradılan Dirili Qurbani adında bir məclisə rəhbərlik edirəm. Sözün düzü, bu ideya da mənimdir. Məqsədim aşıq sənətinin inkişafına köməklik göstərməkdir. Bizdə toplaşanların əksəriyyəti şeir də yazır. Burada nöqsanlar düzəldilir. Sevgi, vətənpərvərlik haqqında şeirlər söylənir Hər dəfə məclisi Qurbaninin “bənövşə” şeiriylə mən açıram, Qurbaninin “ola” divanisini isə M.Hüseynli
Sağdan: Məhərrəm Hüseynli, Tarıyel Abbaslı, Yusif Dirili. Qurbani -məclisində Məhərrəm Hüseynli Aşıq İmran haqqında çıxış edərkən
”Baş divani” havası üstündə oxuyaraq davam etdirir. Çox vaxt məclisin sonunu da müxəmməslə o, yekunlaşdırır.
İstərdim ki, M.Hüseynli haqqında bəzi müşahidələrimi qeyd edim. M.Hüseynli tələbə olanda da gününü korifey sənətkarlarla keçirirdi. Onsuz da ali məktəbdə pis oxumurdu. Müəllimlər də onun xətrinə dəymirdi. Məhərrəm ustadı Mikayıl Azaflıdan və digər aşıqlardan saz-söz haqqında aldığı müsahibələrini “vesna” adlı maqnitofonu ilə lentə yazdırırdı. Onun arxivində olan səs yazılarında Qurbaninin böyük bəstəkar aşıq olmasından da söhbət gedir. Həmin səs yazısında Mikayıl Azaflı danışır ki, Ş.İ.Xətainin yanında qırxdan çox aşıq və şairin rəhbəri olan Qurbani 300-dən çox aşıq havasını təkmilləşdirib sayını rəmzi ədəd olan 72-yə endirir. Əlbəttə, Qurbani oxşar havaları birləşdirməklə havaların sayını azaldır. Elə buradaca əsaslı olaraq Qurbani Ş.İ.Xətainin özünün şərəfinə “Şah Xətai”, ”Şah sarayı”, ”Şahsevəni”, Atasının şərəfinə “Heydəri”, Əmisi Sultanəlinin şərəfinə ”Sultanı”, daha sonra, digər hava adlarını müəyyən edir. Qədə Qorquddan Qurbaniyə qədər olan bütün havaların tam təkmilləşdiricisi məhz Qurbanidir.
Nəsildən nəsilə, çiyindən çiyinə ötürülən ozan-aşıq sənəti öz aktuallığını bu gün də saxlamaqdadır. Nə yazıqlar olsun ki, aşıq havalarını bu gün kim necə istəyirsə eləcə də təbliğ edir. Məsələn “Heydəri” havasına kimisi “Məmmədsöyünü”, kimisi “Kürdü” deyərək öz savadsızlığını göstərir.M.Hüseynli mütəmadi olaraq bu xoşagəlməz hallara qarşı mətbuu orqanlarda tənqidi yazılarla çıxışlar edir.
Mən dostum Məhərrəm Hüseynli haqqında bir çox almanaxlarda, kitablarda dəyərli məqalələrlə çıxış etmişəm. Onun çox maraqlı dastanları, şeirləri, hekayələri, elmi- publisistik yazıları vardır. Eyni zamanda bir yaradıcı aşıq, şair kimi hər kəsin yaxşı tanıdığı qələm əhlidir. Mən bir daha onu yubileyi münasibətiylə ürəkdən təbrik edib daha da dəyərli əsərlər yazıb,yaratmağı arzulayıram.
ŞƏKİLLƏRİN YADDAŞI
Qabaqda: Məhərrəm Hüseynli; Arxada sağdan: Polis kapitanı Ələddin, İlham Kazımov, Mikayıl Azaflı və onun dostu, Nizami Kazımov və onun dostu
Sağdan: Aşıq Məlik Gədəbəyli, şair Aman Avıloğlu,
Aşıq Məhərrəm Hüseynli
Sağdan: Xalq şairi Zəlimxan Yaqub, Aşıq Məhərrəm Hüseynli, Aşıq Murad Kövrək. 15.10.1991.
Aşıq Məhərrəm Hüseynli və Aşıq Cahangir Sənanoğlu
Sağdan: Aşıq Məhərrəm Hüseynli, Aşıq Dəmir Vəliyev, Aşıq Altay Məmmədli
Arxada: Aşıq Məhərrəm Hüseynli; Qabaqda soldan: Əvəzxan Xankişiyev, Ədalət Nəsibov, Rakif İsmayılov. 25.09.2012.
Soldan: Aşıq Məhərrəm Hüseynli, Təbrizli Aşıq Şahbazi, Aşıq Mahmud Məmmədov
Qabaqda sağdan: Aşıq Mahmud Məmmədov, Aşıq Məhərəm Hüseynli, balaban ustası Sərdar Məmmədli və b.
Sağda: Aşıq Muxtar, ortada Aşıq Məhərrəm, solda Aşıq Elməddin. II Beynəlxalq aşıq Festivalında çıxış zamanı. 12.11.2014.
Soldan: Aşıq Mahmud Məmmədov, ortada Aşıq Məhərrəm Hüseynli və Aşıq İsfəndiyar Rüstəmov
Soldan;Aşıq Məhərrəm Hüseynli, Aşıq Mais Gəncəli,
Aşıq Yanvar Bədəlov
Şirvani Ədillinin kitablarının təqdimat mərasimində.
Bakı Kitab Klubu, 18.06.2011.
MÜNDƏRİCAT
ÖN SÖZ ƏVƏZİ (Şirvani Ədilli).............................................3
DASTANLAR...................................................................7-144
-Sultan bəy dastanı..................................................................8
-Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşü............38
-Mirəli Ağa (Alı Dədə) dastanı.............................................84
-Şilləsi səndən, siftəsi məndən, taleyi Tanrıdan..................104
-Aşıq Əkbərlə İsa Cavadoğlunun gənclik dastanı...............118
-Kişi dastanı........................................................................136
HEKAYƏLƏR..............................................................145-197
-Prokuror.............................................................................146
-Müəllim adi şərəfli addır...................................................177
-Dədə...................................................................................183
-Qismət Tanrı payıdır..........................................................191
MARAQLI ƏHVALATLAR ......................................198-216
-Kərəmdən betər yanan Kərəm...........................................199
-Aşıq Əsədin narahatçılığı..................................................203
- Aşıq Mikayıl Azaflının Aşıq Musa ilə görüşü..................205
- Aşıq İmranın Aşıq Musa ilə görüşü..................................211
-Oğurluğun uğurluluğu.......................................................214
-Bir çaynik çaya 14 qr. qənd...............................................215
XATİRƏLƏR................................................................217-284
-Aşıqlığa sevgini məndə Aşıq İmran yaradıb.....................218
-İlk dəfə dərnəkdə başa düşdüm ki, şeir nədir....................219
-Savadsız aşıq duzsuz xörəyə bənzəyir...............................221
-Akademik Qoşqar Əhmədli ilə görüş................................225
-Sənətdə öz ifa yolumu tapdım...........................................231
-Azaflıdır şah ustadım.........................................................233
-Aşıqlar birliyinin ilk qurucularından biri mənəm..............236
-Təhsil illərim......................................................................238
-Zəhər şəfa versə içəsən gərək............................................245
-Yüz ilin korluğundan bir günün görməyi yaxşıdır............259
-Ustadım M.Azaflının iki vəsiyyətini yerinə yetirdim........254
-Təbrizə səfərim ziyarətə çevrildi.......................................256
-26-lar. Deyəcəksiniz ki, bu 26-lar nədir............................264
-Müasirlərinin Aşıq İbrahim haqqında söylədikləri............266
AŞIQ MƏHƏRRƏM HAQQINDA DEYİLƏNLƏR........285-310
-Əkbər Qoşalı.....................................................................285
-Vidadi Aşıq Əsəd oğlu......................................................289
-Aşıq-şair Gülarə Azaflı......................................................291
-Arif Aşıq Əkbər oğlu.........................................................295
-Firdovsi Aşıq İmran oğlu...................................................297
-Aşıq-şair İlyas Alovlu........................................................300
-Eldar Aşıq Ələsgər oğlu....................................................302
-Aşıq Xəlil Xəlilov..............................................................305
-Arif Xuduoğlu....................................................................307
-Yusif Dirili.........................................................................308
ŞƏKİLLƏRİN YADDAŞI...............................................311-318
AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ
SEÇİLMİŞ ƏSƏRLƏRİ
II kitab:
SÖZ YADDAŞIM
Dastanlar, hekayələr, maraqlı əhvalatlar, xatirələr
“MBM” nəşriyyatı, 2014.
Çapa imzalanıb: 30.12.2014-cü il.
Kağız formatı 84\108
Ofset çap üsulu ilə
Tirajı: 5000.
Qiyməti 10 manat.
Dostları ilə paylaş: |