Müəllim adı şərəfli addır
Bəsdi ailənin dördüncü qızı idi. Bu adı isə ona təsadufi qoymamışdılar. Qonşu Nərgiz arvad Bəsdinin oğlan yox, qız doğulduğunu görüb demişd ki, daha bəsdi, bundan sonra atana oğul, sizlərə qardaş gərəkdir. “Allah sənin qədəmlərini mübarək eləsin, ay Bəsdi qızım” deyə xeyir dua da etmişdi. Elə bu səbəbdən də onun adını sənəddə Bəsdi yazdırmışdılar.
Özündən sonra iki qardaşı olmuşdu. Atası Qurbanla anası Qumaş uşaqlarından ən cox istədikləri də Bəsdi idi. Özündən böyük bacıları ailəli idi. Hərəsinin də iki uşağı var idi. Bu ailədən olan insanların əsas xüsusiyyətlərindən biri də onların namuslu, tərbiyəli, abır-həyalı olmaları idi. Bəsdidən böyük bacılarının hamısı ali təhsilli müəllimlər idilər. Hələ orta məktəbdə oxuduqları zaman hər biri yaxşı oxumaları ilə fərqlənirdilər.
Bəsdi də orta məktəbdə əlaçı şagirdlərdən idi. Uşaqlarını oxutdurduğuna görə Qurbanı coxlarına kənddə misal göstərirdilər. Növbə Bəsdinin idi. O, orta məktəbi qurtaran zaman attestatında bircə dənə də olsa, “dörd”ü yox idi. Sinifdə fərqlənməni və qızıl medalı sovxoz direktorunun oğluna vermişdilər. O vaxtın qanunlarına görə bir məktəbdən, yalnız bir adama qızıl medal verilə bilərdi.
Bəsdi sənədlərini Bakı Dövlət Universitetinin filologiya fakülitəsinə verən zaman bir yer üçün 19 nəfər abituriyent sənəd təqdim etmişdi. Özünə tam arxayın olan abituriyentlər də bu qədər adam arasında ən yuksək bal toplamalı idi. Azərbaycanda yenicə tətbiq edilən test usulunda ən savadlı abituriyentlər topladığı bala görə seçilirdi. O vaxtın ən yuksək balını da Bəsdi toplayıb seçdiyi ixtisasa qəbul olundu. İlk gündən də onu sinif numayəndəsi seçdilər. Bir əlaçı tələbə kimi adı və şəkilləri divardan asıldı.
Dördüncü kursda oxuduğu zaman kəndlərində olan məktəb direktoru Əli müəllim işlədiyi məktəbdə boş qalmış ədəbiyyat və Azərbaycan dili dərslərini ona verəcəyinə söz vermişdi. Müəllim çatışmamazlığından direktorla bərabər valideynlər də daim giley-güzar edirdilər. Direktor neçə dəfə rayon təhsil şöbəsindən məktəblərində boş olan müəllim yerlərinə yeni müəllimlərin verilməsini xahiş etsə də, hər kəs şəhərdə qalıb başqa işlərdə işləməyi bu ucqar kəntdə yüksək maaşla işləməkdən üstün tuturdu.
Kəndin yolları da bərbad vəziyyətdə idi, işıqlar daim nasazlıqdan sondürülürdü, avtobus rayon mərkəzinə gündə bir dəfə gedirdi. Bütün bunlarla bərabər ev bazarlığının rayon mərkəzindəki bazardan edilməsi, əlavə yol xərcləri və s. yeni gələn müəllimlərin gözünə durduğu üçün onlar burada işləmək istəmirdilər. İnsafən kənddə işləyən sinif müəlliminin məvacibi universitetdə işləyən elmlər doktoru və professorlardan yüksək idi. Hökumətın kənd müəllimlərinə verdiyi imtiyazlar əlavə xərclərin (kirayə haqqı, odun pulu, işıq pulu, yüksəklik pulu və s.) hamısını ödəyirdi. Müəllimlər bu kənddə 350-dən 400 manata qədər əmək haqqı ala bilirdı. Məhz buna görə də məktəb direktoru Əli muəllim Bəsdinin kəndə qayitmasını istəyirdi.
Bəsdinin kəndə qayıdıb müəllim işləməsi, özünün də ürəyindən idi. Halbuki, onu universitetdə də saxlmaq istəyirdilər. Gənclər və həmkarlar təşkilatında ictimai işlərlə də məşğul olurdu. Mətbuatda mütəmadi olaraq müxtəlif yazılarla çıxışlar etdiyi ücün öz imzasıyla tanınırdı. O, folklor ədəbiyyatı, aşıq sənəti haqqında bir çox elmi məqalələr də dərc etdirmişdi.
Bir tərəfdən də kəndə qayıtmaq istəmirdi. Buna səbəb hələ orta məktəbdə oxuduğu illərdə onu sevdiyini söyləmiş Tahirin sifətini görmək istəməməsi idi. Tahir xarici görkəmiylə yaraşıqlı oğlan olsa da, insana yaraşmayan xüsusiyyətlərinə görə seçilirdi. Düz üç dəfə evlənib boşanmışdı. Birinci evləndiyi Mələk adında qız elə Bəsdinin ən yaxın rəfiqəsi və sinif yoldaşı olmuşdu. Bakıya gedib istehsalatda işləyərək kənddən uzaqlaşmışdı. Qalan ikisinin isə hərəsi bir uşağ ilə ata evindəydi.
Tahir kənddə içib sərxoş olan vaxt deyibmiş ki, mənim ilk sevdiyim qız Bəsdi olub. Nəyin bahasına olsa da onunla evlənəcəyəm. Bəsdinin atası Qənbər də ona bildirib ki, iki patron donuz gulləsi hazırlamışam. Bir də mənim qizımın adını çəksən beyninə dolduracam. Bundan sonra Tahir qorxusundan susub. Bu xəbərləri eşitdikcə Bəsti qarşıda yarana biləcək qanıqaraçılıqdan uzaq olmaq istəyirdi. Onunla orta məktəbi qurtaran qızların heç biri kəndlərində qalmamışdı. Onlardan Leyla, Nailə, Zərxanım da qonşu kəndə ərə getmişdilər. Oğlanlar isə Rusiyada, Bakıda və rayon mərkəzində yaşayıb işləyirdilər.
Bəsdi Əli müəllimə söz verdiyindən boğula-boğula qalmışdı. Onsuz da təyinat bölgüsü zamanı kim hansı rayondandırsa oraya da göndərilməsi təklif olunacaqdı.
Bəsdi olduqca gözəl bədən quruluşlu, sifəti düm ağ, sacları uzun, özü də uca boylu bir qız idi. Tələbə yoldaşlarının içində gözəlliyinə görə diqqəti cəlb edirdi. Elə bil ki, Allah bütün gözəlliyi bu qıza vermişdi. Ona bir baxan, bir də baxmaq istəyirdi. Danışığına, ədəb-ərkanına da söz ola bilməzdi.
Təyinat bölgüsündə nazirliyin nümayəndəsi ilk dəfə onun adını cəkərək bildirdi:
- Bəsti Qəmbər qızı Əliyeva BDU-da işləmək ücün rəhbərlik səni məsləhət bilib.
Bəsdi ayağa durub dedi:
- Mən universitetin rəhbərliyinə dərin minnətdarlığımı bidirirəm. Amma, öz kəndimizdə mənim kimi ədəbiyyat müəlliminə ehtiyac olduğu ücün, xahiş edrəm yerimi tələbə yoldaşlarımdan birinə verib məni kəndimizə göndərəsiniz.
Bəsdiyə nə qədər “bu böyük bir şansdır əlinə düşüb, elə bir ucqar kənddə nə var axı, universitetdə qal, işlə, alimlik müdafiə elə, kəndə getsən batacaqsan” kimi sözlərlə təsir etmək istəsələr də Bəsti dediyindən dönmədi.
Əlbəttə, Bəsdi ürəyində bu deyilənləri azı min dəfə çək-çevir eləmişdi. Bir dəfə kəndlərindəki orta məktəbin direktoru Əli müəllim ona dediyi bu sözləri xatırladı: “Qızım, sən bizə hava su kimi lazımsan, qalma şəhərdə. Sözünün üstündə möhkəm dur. Alim olmaq ücün on kitablıq elmi araşdırmaların canlı deyiciləri elə öz kəndimizdə deyilmi?”.
Bəsdi bunu fikirləşirdi ki, nazirliyin işçisinin səsi onu fikirdən oyatdı:
- Ay qız, səninləyəm, sonuncu dəfə deyirəm fikirləş, son sözünü de.
- Muəllim, mən sözümü dedim. Mənə hörmət edirsinizsə təyinatımı Tovuz rayonuna verin. Oradan da öz kəndimizə göndəriləcəyəm – deyərək dayandı.
Komissiyanın sədri gülumsünüb:
- Yaxşı, onda sənə uğurlu yollar – deyib adının qabağında nəsə qeyd elədi.
O günün sabahı tələbə yoldaşları ilə son tələbəlik görüşü kecirdilər. Yamanca kövrəlmişdilər. Hamısı yenidən bir-birinin ünvan və telefonlarını götürüb ayrıldılar.
İki gündən sonra Bəsdi yığışıb kəndə dönəndə rayon mərkəzində ilk görüşdüyu kəndçisi Əli müəllim oldu.
- Həə, Bəsdi, qızım, indi de görüm təyinatını hara götürdün? – deyə Əli müəllim soruşdu.
- Əli muəllim, sənin arzun hara idisə, ora da götürdüm.
Elə bil Əli müəllimə dünyanı verdilər. Tez onu maşına əyləşdirib rayon təhsil şöbəsinə apardı. Birbaşa müdirin otağına gəldi. Salamlaşandan sonra “xeyir ola, Əli muəllim, nə tezdən gəlibsən” deyə müdir sual verdi.
- Müəllim, düz beş il bu qızı gözləmişəm. Şükür ki, təyinatını alıb indicə gəlib çıxıb. İstəyirəm deyəm ki, mənim kadrım gəlib catdı.
Müdir Bəsdini yanına cağırıb dedi:
- Bu gündən sən bizim ən yaxşı müəllimlərimizdən biri olacaqsan. Səni təbrik edirəm. Bu gündən sadəcə Bəsdi yox, Bəsdi müəlliməsən. Müəllim adı isə muqəddəs və çox şərəfli addır. Müəllim əməli, işi, zəkası, zəhməti ilə sayılıb seçilən, daim xalqının övladlarının savadlanmasına çalışan, sərəfli bir ömur və elm yolçusudur. Çalış sənə ümid edənlərin etimadını doğruldasan.
Əli müəllim Bəsdini maşına mindirib özüylə bərabər kəndə qayıtdı. Maşını Qəmbərin qapısına sürüb, Qəmbəri səslədi. Səsə Bəstinin atasıyla bərabər anası da bayıra çıxdı. Əli müəllim:
- Qəmbər kişi, buqızın Bəsdi indiyə qədər tələbəydi, indi isə kəndimizin müəlliməsidir. Gətirin görək bizə nə nəmər verirsiniz – deyib gülümsədi.
Qəmbər bu münasibətlə bir qurban kəsdi, Əli müəllimə iki yüzlük dollar uzatsa da Əli müəllim zarafat etdiyini bildirdi.
Aradan bir müddət keçəndən sonra Bəsti universitetdən diplomunu alıb onun surətini rayon təhsil şöbəsinə təqdim etdi. Bir neçə gündən sonra isə kəndlərinə müəllim təyin olunmasının əmri verildi.
Artıq sentiyabr ayının biri idi. Bu gün bilik və əlifba bayramıdır. Bəsdi uşaqlıqda kecirdiyi həyacanı keçirirdi. O, birinci sinfə gedəndə düz bir həftə “anamı istəyirəm” deyib ağlamışdı. Sinif yoldaşları böyüyəndə o günləri xatırlayıb gülüşürdülər. Bir anlıq özünü uşaqlıqdakı kimi hiss elədi. Bircə fərq ondaydı ki, o vaxt birinci sinfə, indi isə müəllim kimi birinci dərs keçəcəyi sinfə tələsirdi.
Əvvəllər olduğu kimi yenə də Qəmbər kişi qəlyanından bir iki qülləb vurub dilləndi:
- Ay arvad, nə cox yatdın, uşaq dərsə gecikər axı.
Qumaş əvvəllər olduğu kimi 5 yumurtanın qayğanağını çalıb, süfrəyə pendir, yağ, lavaş və çay gətirdi. Yenə də hər kəsin stəkanına şəkər tozu tökub qarışdırdı. O, ona görə belə edirdi ki, kimdənsə eşitmişdi ki, adam şirin şey yeyəndə yaddaşı yaxşı olur. Süfrədə təmiz bal da var idi.
Səhər yeməyindən sonra Bəsdi ilk dəfə müəllim kimi məktəbə yollandı. Anası onun arxasınca su atıb, uğurlar dilədi. Evləriylə məktəbin arasında 200 metr məsafə vardı. Onu ilk qarşılayan da öz doğma müəllimləri oldu. Elə ilk gündən 8, 9, 10-cu sinflərdə ədəbiyyat və Azərbaycan dilini xüsusi bir həvəslə öyrətməyə başladı. Dərsdən əlavə dərs də təyin edərək var qüvvəsi ilə çalışdı. Onun təmənnasız və gərgin zəhməti bahasına o il 22 şagirdindən 14-ü ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatdan ən yuksək bal topladılar.
Artıq ali məktəblərə qəbul olmaq ücün, ətraf kəndlərdə də böyuk ruhlanma başlanmışdı. Neçə illər idi ki, ali məktəblərə bu qədər şagird qəbul olunmamışdı. Bütün bunları Bəsti muəllimənin nailiyyətləri hesab edənlər yanılmamışdı. Onun barəsində rayon və respublika qəzetləri xeyli yazılar da dərc etmişdi. Rayon təhsil şöbəsinin rəhbəri onu işlədiyi bir il ərzində möhkəm tərifləyəndə Bəsdi müəllimə utandığından başını aşağı salmışdı. Sən demə məktəb direktoru Əli müəllimin yerinə onu direktor təyin edibmişlər. Bəsdi müəllimə nə qədər etiraz etsə də rəhbərlik Əli müəllimin xəstəlik və qocalığını əsas gətirərək ona məktəbdə tarix müəllimi işləməyi barəsində tovsiyyələrini bildirmişdilər. Bəsdi müəllimə sonralar öyrəndi ki, onun məktəbə direktor təyin olunmasının təklifini də Əli müəllim veribmiş.
Bəsdi müəllimə rayon üzrə ən gənc orta məktəb directorlarından biri idi. Təyin olunan kimi məktəbdə təmirin aparılması, məktəbin stol və stullarının, yazı lövhələrinin, qızdırıcı sobaların, yanacağın alınması haqqında aidiyyəti orqanlara təqdimatla müraciət etdi. Düz üç ay müddətində sinif otaqları təmir olundu, yeni məktəb avadanlığı alınıb istifadəyə veridi, dörd yeni sinif otağı tikildi. Üç yeni müəllim də bu məktəbdə dərs deməyə təyin olundu. Dərslərin kecilməsi, müəllim və şagirdlərin davamiyyətı, əlavə dərs saatları, müəllimlərin hər birinin pedoqoji hazırlığı həftə və ay ərzində mütəmadi qiymətləndirildi. Vaxtı ilə ona dərs deyən müəllimlər fəaliyyət və məsuliyyətini artırmışdılar. Bəsdi müəllimə direktor keçəndən bəri qonşu kəndin uşaqları da buraya oxumağa gəlirdilər.
İşlərinin coxluğundan Bəsdi elmi dissertasiyasını yaza bilmirdi. Elə ki, hər şey qaydaya düşdü, öz elmi işini də yazmağa başladı. Beş ildən sonar artıq bir alim kimi BDU-də dərs demək üçün təklif alanda bir ay öncə dünyasını dəyişmiş rayon təhsil şobəsinin mudiri Sabir muəllimə rəhmət oxuyaraq onun müəllim adının uca və şərəfli olması haqqında dediyi sözləri xatırladı: “Müəllim əməli, işi, zəkası, zəhməti ilə sayılıb seçilən, daim xalqının övladlarının savadlanmasına çalışan, sərəfli bir ömur və elm yolçusudur. Çalış sənə ümid edənlərin etimadını doğruldasan”.
Dədə
Əhməd kişi hələ gənclik illərindən xalqın harayına yetən, hamıya qayğı göstərən, ağıllı və müdrik insan kimi tanınmışdı. Müharibənin son illərində onu kənddə kolxoz sədri təyin etmişdilər. O bir sədr kimi tabeliyində olanları ac qoymamaq naminə əlindən gələni əsirgəməmişdi. İndinin özündə yaşlı nəsillər onun necə xeyirxah insan olmasından ağız dolusu danışırdılar. Deyirdilər ki, əgər Əhməd olmasaydı bizim kəndin adamlarının çoxu aclıqdan, səfalətdən məhv olacaqdı. O, əri müharibədən qayıtmayanlara, atasızlara atalıq edirdi. Elə o vaxtdan da ona el arasında “Əhməd dədə” deyərdilər.
Onu ən müşkül işlərin qaydasına salınması üçün xahişə aparardilar. Elçiliyə gedəndə, qan düşmənçəliyində, mübahisəli məsələlərdə işləri yoluna qoymq onun bir növ dədəlik vərdişinə çevrilmişdi. Toyda, yasda, muxtəlif məclislərdə ən hörmətli kişi kimi başda əyləşib hər şeyə diqqət yetirərdi. Bir sözlə, hər kəsə Əhməd dədənin əməlləri bir məktəb sayılırdı. Gənclər özünü elə aparardılar ki, dədənin danlağına düşməsinlər. Aralarında pıçiıltı ilə “Dədə eşidər”, “Dədə bilər”, “Dədədən ayıbdır”, “Dədə baxır” deyə özlərini yığışdırardılar.
Dədə eldə, obada bir sıra qayda-qanunlar da müəyyən etmişdi Məsələn, kiminsə hüznü və toy məclisi olan zaman qadağa qoymuşdu ki, ev yiyəsi əlini ağdan, qaraya vurmamalıdır. O, ancaq qonaqlarını qarşılayıb, yola salmalı idi. Bütün görüləcək işləri isə kənd camaatı təmənnasız etməli idi. Ona görə də belə məclislərdə mağar quranlar, ətlik heyvan kəsənlər, aşbazlar, onların köməkçiləri, məclisdə xörək paylayanlar, odun və ocağa baxanlar, çay dəmləyib paylayanlar, siyahı yazanlar və b. öz işini bilirdilər.
Toylarda aşıq və zurnacı dəstələrinin ən yaxşıları iştirak etməliydilər. Çox vaxt musiqiçilərə qulluq etmək üçün xüsusi adam da təyin olunurdu. El sənətkarlarına və mollalara xususi hörmət və ehtiram bəslənilməsinin, onlara sifariş verilməsinin, onların dinlənilməsinin və imkan daxilində yaxşı yola salınmasının təşkilatçısı da Dədə idi.
Onun yaddaşında nələr yox idi. Elə bir aşıq, şair olmazdı ki, Dədə onlardan bilməmiş olsun. Saysız atalar sözləri, zərbi-məsəllər, ustadnamələr bilər, quran ayələri və hədislərdən də misallar gətirərdi. Onun fonemenal yaddaşı çoxlarını heyrətləndirirdi. Otuz il əvvəl gördüyü bir adamı tanıyırdı. Allaha, islam dininə bağlı kişi idi. Bir tərəfdən ağır seyid idi. Onun xeyir duasını alanların hamısı ailəli-uşaqlı, evl-eşiklı olmuşdular. Bir sözlə Dədə özünü dədə kimi tam təsdiqləmişdi.
Dədə sübh namazını qılıb, təzəcə ayaq üstə durmuşdu ki, qapının döyüldüyünü eşitdi. Tez əlindəki möhur və süfrəni bir yana qoyub qapını açmağa getdi. Qapını açanda qarşısında dayanmış uca boylu, səliqəli geyimli bir oğlanın salamını alıb, özünü də içəri dəvət etdi. Oğlan qayıtdı ki, mənə Dədə lazımdır, bu ev onundurmu? Dədə gülümsünüb zarafatla dedi ki, mənə də dədə lazımdı, hayıf ki 30 il bundan əvvəl ölüb, mən də yetim qalmışam. Oğlan bu pirani kişinin zarafatını duyub dinmədi. Sonra Dədə “duz gəlibsən oğlum, onun evidir” deyib ondan ikinci mərtəbəyə qalxmğı xahiş etdi. Orada qonağa yer göstərib, yenidən “xoş gəlmisən” deyib, özu də bir tərəfdə əyləşdi. Dədənin həyat yoldaşı Gülgəz arvad əlində bir podnos, içərisində iki stəkan cay, içi konfetlərlə dolu olan qənd qabıyla icəri daxil olub əvvəlcə qonağa “oğlum, xoş gəlibsən” deyib, çayı və qənd qabını stola qoydu. Bir azdan Dədə üzünü qonağa tutub dedi:
- Oğlum dədəni neynirsən? Təcili lazımdırsa, çağırtdırım.
- Cox vacibdi. Mumkunsə onunla məni gorüşdürün – deyə oğlan xahiş etdi.
Dədə ayağa durub o biri otağa kecdi. Tez paltarını geyinib, papağını başına qoyub yenidən qonağın yanına döndü:
- Həə, oğlum, istədiyin Əhməd, ləqəbi isə “Dədə” olan adam mənəm.
Qonaq qarşısındakının indicə onu qarşılayan adam olduğunu bilib, gülümsəyərək ayağa durdu:
- Mənim də adım Teyyubdur. Bir müşkül məsələ ücün köməyinizə ehtiyacım var.
Dədə qayıtdı ki:
- Əyləş görum nə məsələdir. Amma bir şərtlə, çörəyimizi yeyib, süfrəyə çay gətirilənə qədər kimsə danışmamalıdır. Onda həm süfrəyə, həm də Allaha acıq gedə bilər. Yaxud danışan zaman yiməkdən bir tikə boğazında qalar. Bu isə səni öskürdə bilər. Bundan isə söhbət elədiyin adamın xoşu gəlməz.
Hər ikisi səhər yeməyi yeyilib qurtardıqdan sonra Dədə dilləndi:
- Oğlum buyur, səni dinləyirəm.
Bu dəfə Teyyub məsələnin hamısını bir-bir ona nəql etməyə başladı:
- Mən sevdiyim qızla institutda tanış olmuşam. Qız da sizin bu kənddə Kamal oğlu Həzrətqulunun qızıdır. Bizdən əvvəl onların bizim nəsillə aralarında qan düşmənçilliyi olub. Bizim də nəslimiz Məşədilər nəslidir. O vaxt qoyun növbəsi zamanı Həzrərqulunun böyuk qardaşının əlində tufəng açılıb mənim əmimi öldürüb. İndi düşmənçiliyi biz etməkdən, bunlar edirlər. Mən cox uşaq ikən Bakıya gedib orada yaşamışam. Qız mənim haqqımda anasına deyib. Bu işi atası da eşidəndən sonra mən düşmənə qızımı vermərəm deyib, ustəlik də məni ölumlə hədələyib. İndi qalmışam fikirləşə-fikirləşə. Bu edilən səhvlərə görə bizlər niyə bədbəxt olmalıyıq? Mənə dedilər ki, əgər bu işi el ağsaqqalı Dədə düzəldə bilməsə, qızdan əlini çəkməlisən. Bax, budur, cibimdə iki min manatı da sənə gətirmişəm ki, bəri başdan əməyinin haqqı olsun.
Dədə indi bildi ki, bununla həmsöhbət olan kimdir. Bir də ki, bu hadisə onun gözləri önundə baş vermişdi. Bu nəsillərin arasında dostluq körpüsünün yaranmasında az iş görməmişdi. Hər iki nəsil əlini qurana basıb yaranmış qəzanın təsadufi olduğunu əsas gətirərək barışıq da etmişdilər. Dədə duz 28 il bundan əvvəl olan hadisəni xatırladı. Sonra arvadı Gülgəzi səslədi. Gülçəz arvad o biri otaqda:
- Gəldim a kişi, gətirirəm çaynızı, balaca səbr elə - deyə cavab verdi.
Doğrudan da indiyə qədər bir dəfə də olsa Gulgəz arvad gələn qonağı yedirdib-içirtməmiş yola salmazdı. Bir sözlə Dədə arvadına deməzdi ki, qonağa yemək ver. Onun üçün də Gülgəz arvad kişinin nə demək istədiyini anladığından ərinin sözünün arxasını deməyə imkan verməzdi.
- Arvad, çayı demirəm ey, gəl, gör, bu oğlan kimə oxşayır.
Gülgəz içəri daxil olub diqqətlə oğlana baxıb dilləndi:
- Nə bilim, a kişi, hec cur anışdırammadım.
- Az, niyə, özcə xalan Nərgizin nəvəsini tanımadınmı?
- Hə, tanıdım, a kişi!
O, Teyyubu qucaqlayıb öpdu. Elə bil dünyanı Gülgəz arvada bağışlamışdılar. Düz bir saata yaxın Gülgəz arvad qohumunu sorğu-suala tutmağa başladı.
Çaydan sonra dədə onları evdə qoyub Həzrətqulunun evinə getdi. Ona kimi qonşular qohumlar da Dədənin gəldiyini bilib başına toplaşdılar. Onlara məlum idi ki, dədə heç bir evə səbəbsiz ayaq basmır. Dədəyə bir stəkan çay gətirdilər. Dədə isə çay içənə oxşamırdı. Həzrətqulu buyurdu ki, Dədə, çayın soyuyur axı, niyə içmirsən?
Dədə xususi bir vurğu ilə dedi:
- Həzrətqulu, mən buraya çay icməyə gəlməmişəm. Sən de görum 28-il bundan əvvəl and içib əlini vurduğun Quran haradadır?
- Evdədir, istəyirsən gətirim.
- Gətir deyə – Dədə dilləndi.
Həzrətqulu və qonşular anladı ki, nəsə burada böyük bir məsələ var.
Dədə qayıtdı:
- Mən sizi barışdıranda əlinizi qurana basdırmışdımmı?
- Bəli – deyə Həzrətqulu dilləndi.
- Sizin aranızda düşmənçilık söhbətinə son qoymağınız barəsində söz də verdiniz, eləmi?
-Elədir, ay Dədə, elədir. Axı sənə nə olub ki, əsəbiləşib-sən?
- Əə, belə azar olub, çor olub. Dediklərini nə tez yaddan çıxardıbsan. Sən bilmirsənmi Qurana and içib yalan söyləyənləri Allah da bağışlamır?
- A kişi, bir de görüm nə olub axı?
Dədə qohumatı Teyyubla, Həzrətqulunun qızı Saranın arasında olan söhbəti deyib ayağa qalxdı. Bu vaxtı Həzrətqulu irəli yeriyib Dədədən xahiş elədi ki, məni bağışla, bir səhvdir olub, indi isə Dədə, sən nə məsləhət eləsən elə də olacaq.
Adam göndərdilər, Teyyubla Gülzar arvadı da gətirdilər. Həzrətqulu özü irəli yeriyib gələcək kürəkənini öpub “xoş gəlmisən” dedi.
Dədə üzünü Həzrətquluya tərəf çevirib dedi:
- Əə, a Həzrətqulu, səhərdən mənə deyirdin cay iç. İndi onu qızdırıb qaynarını və şirinini gətizdirsənə.
Bir azdan günortaya yaxşı bir toğlu kəsildi. Hər iki gəncin nişanı və toy günu müəyyənləşdirildi. Arada olan soyuqluq, kin buz kimi əriyib getdi.
Dədə bax beləcə Dədə idi. Onun üçün haqq kəlamına, verilən sözə, müqəddəs qurana naxələf çıxanları xain və xəyanətkar sayırdı.
Dədə bir gün də eyvanda oturub qəlyan çəkirdi. Gülzar arvad bir cəm qatıq doğraması əlində onun yanına gəlib, “a kişi, nə tapıbsan bu tütündən, al görüm, bunu” deyib, doğramanı ona uzatdı. Sonra uşaqları səslədi
- Neynirsən bizi, ay nənə – deyə Huseyn dilləndi.
- Gəlin babanızla yarışın, görək kim tez doğramasını yeyəcək. Əgər tez yesəniz baba sizi noylu bulağa aparacaq.
Bakıdan gəlmiş nəvələri babalarından ayrılmırdılar. Hara getsə bir gedirdilər. Hətta axşam yatanda da babalarının yanında yatırdılar. Əli və Huseyn adında 10-12 yaşlı bu uşaqlara babaları hamıdan əziz, hamıdan mehriban idi. Əli dəcəllik edib alçanın budağını sındıran zaman babaları sözlə onu elə başa salmışdı ki, bar gətirən ağacı qırdığına görə nəvəsi Əli peşiman olmuşdu. Onlar babalarının nəsihətamiz söhbətlərindən doymurdular. Elə bilirdilər ki, babaları tukənməz söz dəryasıdır. Bakıdan tətilə gələndə babaları onları yanına çağırıb demişdi ki, eşitmişəm, çörək yemirsiniz, ona görə də arıqsınız, kim mənimlə birgə yemək yesə mən onun babasıyam. Odur ki, uşaqların gəldiyi bu bir ay ərzində rəngləri üstlərinə gəlmişdi. Xeyli kökəlmişdilər. Bütün bunlara kəndin təmiz havasının da təsiri olmuşdu.
Uşaqlar babasının yanına qoyulmuş doğrama paylarını yeməyə tələsən zaman çöl qapını kiminsə döydüyünü eşitdilər. Geri qayıdıb qapını açdılar. Bir nurani kişi idi. O, uşaqlardan soruşdu:
- Babanız haradadır?
Əli dedi:
- Babam eyvanda doğrama yeyir.
Qoca dedi
- Yaxşı, qoy yeyib qurtarsın, sonra cağırarsınız.
Dədə deyilənləri eşidirdi. Tez əlindəki qabı bir yana qoyub qonağın qabağına çıxdı. Bir yaşli adam qapıdan içəri daxil olub dayanmışdı. Qonaq təbəssümlü baxışlarıyla Dədəni süzürdu. Dədənin yetmişdən cox yaşı olduğuna baxmayaraq yaddaşı yerindəydi. Gələn adamı görcək sanki ürəyinə bir sevinc doldu. Gördüyünə inanmadı. Amma “adam-adama oxşayar” deyə düşündü və qonağın salamını alıb onu içəri dəvət etdi. Gələn adam cibindən çıxarıb Dədənin nəvələrinə iki yüzlük dollar verdi. Sonra sənədlərinin arasından kohnə bir fotoşəkil çıxarıb Dədəyə uzatdı:
- Hə, ağsaqqal, yoxla görüm, yaddaşın sözünə baxırmı? Burada kimləri tanıyırsan?
Dədə xəyalən 1940-ci illərə qayıtdı. Bu şəklin çəkilməsinin xususi tarixi vardı. Böyük qardaşı Məhəmməd bu şəkli sonuncu dəfə anasıyla, bacısıyla və Əhmədlə çəkdirmişdi. Məhəmmədin 1944-cu ildən sonra nə ölüsündən, nə də dirisindən bir xəbər ala bilməyən anası Zöhrə arvad da son nəfəsində “Məhəmmədim ölməyib, sağdı” söyləyib canını tapşırmışdı. Elə altı ay bundan əvvəl dünyasını dəyişən kiçik bacıları Səkinə də deyirdi ki, anamın yuxusunda ona deyiblər ki, Məhəmməd sağdır, nə vaxtsa gələcək, ancaq mən görməyəcəm.
Elə bil Dədəni ildırım vurdu. Köklü palıd ağacı kimi yerə yıxıldı. Tez onu taxta uzadıb, üzünə su səpdilər. Handan-hana özünə gələndə başının üstündə bütün kənd camaatını gördu. Tez dilləndi:
- Qonaq necə oldu?
- Burdayam qardaş, burda – deyib qonaq onun yanına gəldi.
Əhməd dedi:
- Camaat, tanıya bildinizmi? Bu mənim qardaşım Məhəmməddir.
O bunu deyib Məhəmmədin boynuna atıldı. Qohum-qonşu bir-bir Məhəmməd kişiylə öpüşüb gorüşdülər. Əhməd böyük bir cöngə, yeddi qurbanlıq qoç kəsdirdi. Yeddi kəndin camaatı bu sevincə və şənliyə qoşuldular. Elin azman aşıqlarından Aşıq İmran və Aşıq Əkbər bir neçə gün bu məclisdə calıb-cağırdılar.
Məhəmməd almanlara əsir düşdükdən sonra uzun illər orada qalmış və elə oranın da vətəndaşı olmuşdu. Orada bir turk qızıyla ailə həyatı qurmuş və ondan üç övladı olmuşdu. Fermer təsərrufatı ilə məşğul olaraq milyonçulardan birinə çevrilmişdi. Onun yeganə arzusu vətənə qayıdıb qohum-qardaşına qovuşmaq idi. Eyni zamanda Bakı şəhərinin mərkəzində ev almışdı ki, dəyəri yetmiş mindən artıq idi. Köçub gəlmək istəyirdi. Bu gün ömrünün ahıllık çağında belə özünü 1941-ci ildəki kimi aparırdı. Onun sürüb gəldiyi maşından rayon mərkəzində bir neçə dənə olardı. Hamı bu maşına baxırdı. Özüylə gətirdiyi pulları imkansız ailələrə payladı. Ali məktəblərdə təhsil alan tələbələrin hər birinə 500 dollar pul verdi. Kənd qəbiristanlığına metal tordan hasar cəkdirdi. O, Bir neçə gündən sonra Almaniyaya qayıtdı. Sonra birdəfəlik köçüb Bakıya gəldi.
Dədənin ürəyi təzə-təzə yerinə gəlmişdi. Allaha şükürlər edirdi ki, uzun illər həsrətində olduğu qardaşıyla görüşüb. Anasının da dedikləri doğru çıxmışdı. Yadına düşdü ki, anası vəsiyyət edəndə ona demişdi ki, mənə yüz faiz əyandı ki, Məhəmməd nə vaxtsa gələcək. O, gələndə mülkümüzün harasından istəsə, oranı da ona verərsən.
Əhməd qardaşıyla tək qalıb söhbət edəndə analarının vəsiyyətini ona deyib ata ocağında yaşamağı məsləhət görsə də Məhəmməd razılaşmadı. Lakin, Bakıda yaşadığı illərdə daimi kənddən ayağını kəsməyəcəyini də söylədi.
Beləliklə, Dədənin dərdi, qəmi, sevinci el-obayla bir olmuşdu. Hamı bir-birinə göz aydınlığı verərək belə deyirdi: “Ay səni görüm Dədə kimi sevinəsən. Həsrətə, ayrılığa son qoyasan”.
Dostları ilə paylaş: |