Ziqzaq
Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.
İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik)
Şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə düşünməsini təmin edir. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öyrəndik və hələ nələri öyrənməliyik”.
Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi məsələləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şagirdlər cütlər, qruplar halında mətni oxuyur. Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sütunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öyrənilənlər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
Ədəbiyyat dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur.
Dostları ilə paylaş: |