Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır. Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.
Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır. Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar. Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.