TƏLİm prosesiNİn məRHƏLƏLƏRİ VƏ altsistemləRİ



Yüklə 339,54 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix23.02.2017
ölçüsü339,54 Kb.
#9419
  1   2   3   4

TƏLİM PROSESİNİN MƏRHƏLƏLƏRİ 

VƏ ALTSİSTEMLƏRİ 

 

Əhatə olunan məsələlər: 



 

12.1.   Təlimin mərhələləri. 

12.1.1. Yeni tədris materialının qavranılması. 

12.1.2. Bilik, bacarıq və vərdişlərin formalaşması. 

12.1.3. Bilik, bacarıq və vərdişlərin tətbiqi. 

12.1.4. Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətlən- 

            dirilməsi. 

12.2.    Mükəmməl təlim sisteminin altsistemləri. 

12.2.1.  Bilik  və  fəaliyyət  üsullarının  əsasən  hazır  ötürülməsini    

özündə ehtiva edən altsistem. 

12.2.2. Problemli öyrənməni özündə ehtiva edən altsistem. 

12.3.  “İmkan  –  hərəkət  –  yeni  keyfiyyət”  dəyişməsi  variantının 

işlənməsi və seçim şərtləri. 

 

12.1. Təlimin mərhələləri 

 

Təlimin  mərhələləri  və  onların  ardıcıllığı  belədir:  1)  yeni  tədris 



materialının qavranılması; 2) biliklərin, bacarıq və vərdişlərin formalaşması; 

3)  biliklərin,  bacarıq  və  vərdişlərin  möhkəmləndirilməsi  və  tətbiqi;  4) 

müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi. 

 

12.1.1. Yeni tədris materialının qavranılması. 



 

Bu  prosesə  şagird  psixoloji  cəhətdən  hazır  olmalıdır.  Məlumatı  qavramaq 

üçün  psixoloji  hazırlıq  şagirdin  öyrənəcəyi  fənnin  məqsədini  dəqiq  və  aydın 

təsəvvür  etməsindən  ibarətdir.  Şagird  üçün  onun  getdiyi  yol  aydın  olmalıdır. 

Şagirdin  qarşısında  məqsəd  aydın  qoyulmazsa,  məlumatın  qavranılmasının 

səmərəsi  az  olar  və  ya  heç  olmaz.  Ona  görə  də  müəllim  məqsədi  şagirdlərin 

nəzərinə çatdırma-ğa kifayət qədər diqqət yetirməlidir. 

Təlimin  bu  mərhələsində  şagirdlər  öyrənilən  mövzu  (material),  qanun  və  ya 

qayda ilə ilkin tanış olurlar: onlar öyrənməli olduqları obyektin, anlayışın, qanunun 

və  ya  qaydanın  əlamətlərini  duyurlar;  görürlər,  eşidirlər,  toxunurlar,  mümkünsə 

dadırlar. Qavrama mərhələsində şagirdlər diqqətlərini öyrənilən cisim və hadisələr 

üzərində  cəmləşdirirlər.  Bu  zaman  şagirdlərin  həyat  təcrübəsi,  bilikləri  qavrama 

prosesinə  qoşulur,  qavranılan  obyektlə  həyat  təcrübəsi  tutuşdurulur,  oxşar  olanlar 

tapılır, müvafiq qrupa aid edilir, fərqli cəhətlər ayrıca nəzərdən keçirilir. 



Qavramada  mövcud  həyat  təcrübəsini  xatırlamağın  əhəmiyyətini 

P.K.Anoxinin bir fikri daha da aktuallaşdırır. Alim isbat edir ki, qavramaya qədər 

obyekt  haqqında  əvəlcədən  eşidilmiş  və  ya  oxunmuş  məlumat  obyektin  müvafiq 

əlamətlərini  tez  duymağa  imkan  verir.  Bu  psixoloji  qanunauyğunluqlardan 

xəbərdar olan müəllim qavrayış mərhələsini lazımi izahatla müşayiət etdirir . 

Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yalnız müşahidəçiyə 

çevirmək  olmaz.  Şagird  qavrama  prosesinə  fəal  surətdə  qoşulmalıdır;  onun 

mümkün  qədər  daha  çox  duyğu  orqanları  işə  salınmalı,  əyaniliyin  müxtəlif 

növlərindən  istifadə  edilməlidir.  Çünki  mənimsəmənin  sonrakı  mərhələlərinin 

müvəffəqiyyəti qavramanın dolğunluğundan və dəqiqliyindən çox asılıdır. 

Mövzunun  qavranılması  hələ  onun  tam  başa  düşülməsi,  anlaşılması  demək 

deyildir.  Mövzunu  başa  düşmək  üçün  qavrayış  əsasında  fikir  formalaşmalıdır. 

Şagird  müəllimin  rəhbərliyi  ilə  qavradığı  materialı  götür-qoy  etməli,  necəliyinə 

varmalıdır.  Təlimin  bu  mərhələsində  şagird  öyrənilən  obyektə  sadəcə  baxmır, 

görür; o, səsi nəinki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır; 

mətni  oxumaqla  kifayətlənmir,  ayrı-ayrı  söz  və  ifadələri  başa  düş-mək  istəyir; 

tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır. 

Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kimyəvi reaksiyanın, 

fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məqsədlə suallar qoyur, tapşırıqlar verir; 

çalışır ki, yeni tədris materialını şagirdlər şüurlu surətdə qavrasınlar. 



 

 

 

12.1.2. Bilik, bacarıq və vərdişlərin formalaşması. 

 

Tədris  materialını  qavramaq  və  anlamaq  hələ  onu  tam  mənimsəmək  üçün 

kifayət  deyil.  Bundan  ötrü  əlavə  addımlar  atılır,  tədris  materialının  şagirdlər 

tərəfindən  əsaslı  dərk  olunması  təşkil  edilir.  Bu  məqsədlə  müəllim  şagirdlərin 

şüurunu  hərəkətə  gətirir,  onları  düşünməyə,  fikir  yürütməyə  vadar  edir;  onların 

diqqətini  öyrənilən  hadisələrdə  və  cisimlərdə  səbəb-nəticə  əlaqələrinə  yönəldir. 

Təlimin  bu  mərhələsində  uşaqlar  müəllimin  rəhbərliyi  ilə  müəyyən  əqli  nəticələr 

çıxarır,  öz  fikirlərinin  doğruluğunu  isbat  etməyə  meyl  göstərirlər,  onlarda  əqidə 

ünsürləri  yaranır,  öyrəndikləri  hadisələrə  müəyyən  mövqedən  yanaşmağa 

başlayırlar.  Təlimin  bu  mərhələsində  şagirdlər  idrak  əməliyyatları  olan 

müqayisəyə,  təhlilə,  ümumiləşdirməyə,  mücərrədləşdirməyə  daha  çox  müraciət 

etməli olurlar. Bu səbəbdən də, şagirdlərin bilik və bacarıqları intensiv şəkildə for-

malaşır.  Şagirdlər  öz  bacarıqlarını  işə  salırlar,  bilik  ehtiyatından  vəziyyətin  tələb 

etdiyi  bilikləri  seçib  istifadə  edirlər.  Mənimsəmənin  bu  mərhələsində  formalaşan 

yeni bilik şagirdin malik olduğu biliklərə qovuşur. Fərəhli hal kimi göstərilməlidir 

ki,  idrak  prosesində  nəzəri  təfəkkür,  məfhumlar  səviyyəsində  fikir  yürütməyin 

vacibliyini görkəmli Azərbaycan filosofu Bəhmənyar xüsusi qeyd etmişdir. O, is-

bat  edirdi  ki,  hadisəni  görmək  hələ  onu  dərk  etmək,  başa  düşmək  demək  deyil. 

Atalar yaxşı demişdir: “Göz görmək, ağıl başa düşmək üçündür”. 

Təlimdə başlıca məqsəd alınmış məlumatı ancaq yadda saxlamaq deyil, həm 

də  onun  əvvəlki  məlumatla  qarşılıqlı  əlaqəsini  başa  düşməkdir.  Şagird  müəllimin 


qoyduğu  suallara  cavab  tapmağı  öyrənməlidir.  Bu,  şagirddən  fəal,  yaradıcı  iş, 

alınmış  məlumatı  təhlil  etmək  bacarığı  tələb  edir.  Bunun  üçün  müəllim  dərs 

keçərkən həmişə problem situasiya  yaratmalıdır. Bu isə şagirdi dərsi düşünülmüş 

şəkildə qavramağa,  yaradıcılığını  inkişaf etdirməyə  məcbur  edir.  Dərsdə problem 

situasiyasının  yaradılması  dərsin  gedişində  şagirdləri  düşünməyə  vadar  edir, 

təlimdə müəyyən çətinliklərin yaradılması şagirdləri səfərbər edir, onların iradəsini 

inkişaf etdirir. Müəllim həmin çətinlikləri də tədricən mürəkkəbləşdirməlidir. Çə-

tinliklər elə olmalıdır ki, onlar şagirdlər tərəfindən aradan qaldırıla bilsin. Biliklərə 

yiyələnmək işində çətinliklərin aradan qaldırılması şagirdin praktikasına yaxşı təsir 

göstərir, şagirdlərdə öz qüvvəsinə inam yaradır, əmək vərdişləri formalaşdırır, onu 

müstəqilliyə və yaradıcılığa alışdırır. Məlumatın mexaniki mənimsənilməsi, formul 

və  təriflərin  şüurun  iştirakı  olmadan  əzbərlənməsi  biliklərin  formal  mənim-

sənilməsinə  səbəb  olur.  Formal  mənimsəmə  isə  insanın  əqli  inkişafına  kömək 

etmir,  yaradıcılığa  deyil,  doqmatizmə  gətirib  çıxarır.  Hazırda  psixoloq  və 

pedaqoqlar  şagirdlərin  bütün  fəaliyyətini  əhatə  edən  biliklərin  dörd  səviyyəsini 

müəyyənləşdirmişlər: 



1) tanışlıq səviyyəsi; 2) biliklər səviyyəsi; 3) bacarıqlar səviyyəsi; 4) vərdişlər 

səviyyəsi. 

Əlbəttə,  ümumtəhsil  məktəblərində  təkcə  tanışlıq  səviyyəsi  tələb  edilmir. 

Aydın məsələdir ki, bu və ya digər fənn müəyyən səviyyədə öyrənilməlidir. Belə 

ki,  təbiət  və  riyaziyyat  fənləri,  həmçinin  dil  dərsləri  bilik  və  bacarıqlar 

səviyyəsində,  ədəbiyyat,  tarix,  ictimaiyyət,  coğrafiya  fənləri  əsasən  biliklər 

səviyyəsində,  əmək  təlimi  isə  bilik,  bacarıq  və  vərdişlər  səviyyəsində 

öyrənilməlidir. Məsələn, həndəsəni öyrənmək üçün təkcə teoremləri bilmək kifayət 

deyildir, eyni zamanda həmin teoremi isbat etmək bacarığına yiyələnmək lazımdır 

və i.a. 

 

12.1.3. Bilik, bacarıq və vərdişlərin tətbiqi. 



 

Əsaslı  şəkildə  dərk  edilən  bilik  və  bacarıqlar  sonra  möhkəmləndirilir. 

Öyrənilən  bilik  və  bacarıqların  möhkəmləndirilməsinə  ehtiyac  vardır.  Məlumdur 

ki, şagirdlər tədris materialını anlayır və hətta dərk edir, lakin bir müddətdən sonra 

onu  unuda  bilir.  Biliyin  yaddan  çıxması  isə  təfəkkür  prosesini,  mühakiməni 

çətinləşdirir. Hafizəsində lazımınca bilik ehtiyatı olmayan şagirdin fikri səthiliyi ilə 

fərqlənir.  Möhkəmlətmə  tədbirləri  biliklərin  hafizədə  uzun  müddət  qalmasına  və 

təfəkkürün zənginləşməsinə imkan verir. Öyrənilən biliklərin yaddaqalma müddəti 

möhkəmlətmə  sayəsində  xeyli  artır  və  idrakın  sonrakı  mərhələsi  üçün  etibarlı 

zəminə  çevrilir.  Bütün  bunlara  görə  də  təlim  zamanı  bilik  və  bacarıqların 

möhkəmləndirilməsi zəruri olur. 

Tədris  materiallarının  yenidən  götür-qoy  edilməsi,  onun  şüurlu  təkrarı,  bəzi 

anlayışların,  ümumiləşmələrin,  əlaqələrin,  isbatların,  qaydaların,  qanunların  və  s. 

vaxtaşırı yada salınması müəllimdən xüsusi vaxt və qayğı tələb edir. 

Təlim  zamanı  biliyin  möhkəmliyini,  dərinliyini  və  şüurluluğunu  təmin 

etməklə  kifayətlənmək  olmur.  Bununla  yanaşı,  bilik  həm  də  əməli  səciyyə 

daşımalıdır;  lazım  gəldikdə  mövcud  bilikdən  təlimdə  və  ictimai-iqtisadi  həyatda 


istifadə edilməlidir. Biliklər hafizədə toplanıb qaldıqda, ondan istifadə edilmədikdə 

əhəmiyyətini itirir. 

Mənimsəmənin  tamlığını  təmin  etmək  üçün  öyrənilən  biliyin  tətbiqini  təşkil 

etmək lazım gəlir. Fənnin məzmunundan və tədris mövzusunun xarakterindən asılı 

olaraq bilik və bcarıqlar müxtəlif formalarda tətbiq edilir. 

 

12.1.4. Təlimdə müvəffəqiyyətin hesaba alınması  



və qiymətləndirilməsi. 

 

Şagirdlərin  tədris  fəaliyyətinə  nəzarət  təlimin  hansı  didaktik  sistemdə 

qurulmasından  asılı  olmayaraq  onun  vacib  komponentlərindən  biridir.  Təlim 

zamanı  şagirdlərin  mənimsəmə  fəaliyyətinə  nəzarət  imkan  verir  ki,  müəllim 

onların  bilik  və  bacarıqlarının  mövcud  vəziyyətindən  hali  olsun,  ehtiyac  duyan, 

çətinlik  çəkən  şagirdlərə  lazımi  köməklik  göstərsin,  müvafiq  istiqamət  versin; 

yaxud  dərsdən  sonra  belə  şagirdlərlə  fərdi  şəkildə  əlavə  iş  aparsın.  Şagirdlərin 

tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mənimsəmə səviyyəsini üzə 

çıxarmayan və həmin səviyyənin necəliyini sonrakı işində nəzərə almayan müəllim 

təlimdə tam müvəffəqiyyət qazana bilmir. 



Ənənəvi  didaktik  sistemdə  nəzarətin  müxtəlif  növlərindən  istifadə 

olunmuşdur  :  gündəlik  nəzarət,  tematik  nəzarət,  dövrü  nəzarət,  yekun  nəzarət

Şagirdlərin  tədris  fəaliyyətinə  nəzarət  onun  xüsusiyyətlərini  qiymətləndirmək  və 

hesaba almaqla üzv şəkildə əlaqədardır. 

Məlum olduğu kimi, ənənəvi və fəal (interaktiv) təlim modelləri bir-birindən 

qiymətləndirmənin məqsədlərinə , üsul və vasitələrinə, növlərinə, meyarlarına və s. 

cəhətlərinə görə əsaslı surətdə fərqlənir. 

Yeni  pedaqoji  təfəkkürə  uyğun  qurulan  didaktik  sisemdə  qiymətləndirmə 

aşağıdakı 

istiqamətlərdə 

aparılır: 



beynəlxalq 

qiymətləndirmə; 

milli  

qiymətləndirmə;  məktəbdaxili  qiymətləndirmə.Məktəbdaxili  qiymətləndirmə 

aşağıdakı  növlər  üzrə  aparılır:  diaqnostik  qiymətləndirmə  (ilkin  səviyyənin 

qiymətləndirilməsi);  formativ  qiymətləndirmə  (inkişafın  izlənməsi);  summativ 

(yekun)  qiymətləndirmə.  Oxucunun  məlumatı  uçün  qeyd  edək  ki,  müasir 

qiymətləndirmə  növlərin  interpretasiyası  dərsliyin  XV  fəslinin  məzmununa  daxil 

edilmişdir.Yeri gəlmişkən vurğulayaq ki, müasir qiymətləndirmə:  

  -təhsilin  keyfiyyətinin  yüksəldilməsinə  yönəldilir  və  onu  idarə  edən  vacib 

amil kimi meydana çıxır;  

-cari  qiymətləndirmənin  aradan  qaldırılması  məzmun  standartlarının 

bütövlükdə mənimsənilməsini və  qiymətləndirmənin obyektivliyini təmin edir; 

 - tədris prosesinin bütün mərhələlərində tətbiq edilir;  

-  şagirdin  nailiyyəti  (qazanılan  dəyərlər)  qiymətləndirilir,  inkişafı  sistemli 

şəkildə izlənilir; 

 -  məzmun  standartlarının  mənimsənilməsi  səviyyəsini  ölçmək  üçün 

qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. 

Nəzərə alınmalıdır ki,  bu başlıqda şərh olunan mərhələlər(bunları komponent 

kimi  də  başa  düşmək  olar)  təlim  prosesində  bir-birindən  tam  ayrılıqda  cərəyan 


etmir,  onlar  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olur,  hətta  bir-birinə  çevrilə  bilir,  biri 

digərində iştirak edir. 

Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla yanaşır. Çünki fənnin 

və  mövzunun,  habelə  qarşıya  qoyulmuş  didaktik  vəzifənin  xarakterindən  asılı 

olaraq mənimsəməni cisim və hadisələrin qavranılmasından deyil, anlayışların dərk 

olunmasından  başlamaq,  təlimin  hansısa  mərhələsini  adlamaq  mümkün  olur.  Təl-

imdə bu cəhət də nəzərə alınmalıdır. 

 

*** 


 

Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  konsepsiyası  barədə.  Ümumi 

təhsilin  məzmununun  yeniləşdirilməsi,  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi 

sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. 

Azərbaycanda  “qiymətləndirmə”  dedikdə,  bəziləri  bunu  təhsilalanın  təlim 

nəticələrinə  aid  olan  məsələ  kimi  qəbul  edirlər.  Lakin  dünya  təcrübəsində 

təhsilalanın  biliyinə  verilən  qiymət  həm  də  müəllimlərin  və  məktəbin  fəaliyyətinə, 

valideynin  təhsilə  münasibətinə,  məktəb  rəhbərlərinin  peşəkarlıq  səviyyəsinə 

verilən  qiymət  kimi  qəbul  edilir.  Belə  düşüncə  sovet  dövründən  qalmış 

qiymətləndirmə qaydalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni konsep-

siyanın olmamasından irəli gəlir. Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi 

sayılmadığından,  həmişə  müəllimin  subyektiv  mülahizələrinə  əsaslanırdı, 

şagirdlərdə  təlimə  marağı  artırmaq  əvəzinə,  əksinə  azaldır,  onların  inkişafını 

sistemli  şəkildə  izləməyə  imkan  vermirdi  və  bu  da,  bir  qayda  olaraq,  şagirdləri 

qiymət almaq xatirinə oxumağa sövq edirdi. 

Azərbaycanda  5  ballıq  qiymətləndirmə  şkalasından  9  ballıq  şkalaya  keçidlə 

əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal 

sistemindən  asılı  olmayaraq,  tətbiq  edilən  qiymətləndirmə  sistemi  şagirdlərin 

inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxı-

mından  deyil,  kəmiyyət  baxımından  qiymətləndirilir.  Nəticədə  şagirddə  özünün 

səviyyəsi barədə dolğun fikir formalaşmır. Eyni zamanda qiymətləndirmənin yalnız 

məktəbdaxili formasının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin 

tətbiq edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan ver-

mirdi  və  respublikada  təhsilin  keyfiyyəti  barədə  etibarlı  informasiyanın  əldə 

olunması mümkün olmurdu. 

“Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi”  pedaqoji  anlayış  kimi  təhsil 

leksikonuna  yaxın  illərdə  daxil  olmuşdur.  Uzun  müddət  pedaqoji  aləmdə 

“şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin  qiymətləndirilməsi”  anlayışı 

işlədilmişdir. Bununla belə, qiymətləndirmə dedikdə, bir qayda olaraq, şagirdlərin 

gündəlik  (cari)  qiymətləndirilməsi  başa  düşülmüşdür.  Belə  qiymətləndirmə  növü 

isə mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Şagird, məsələn, kimya fən-

nindən dərs ilinin yarısında iki dəfə qiymət almış və onun yarımillik qiyməti həmin 

iki qiymətin əsasında çıxarılmışdır. Halbuki yarım il ərzində kimyadan xeyli mövzu 

keçilir. Belə çıxır ki, bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib 

mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır. 

Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox  geniş  və əhatəli prosesdir.  Bu 

proses, 

sadəcə, 

şagirdin  nail  olduğu  təlim  nəticələrinin  səviyyəsini 

müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət 

edir.  Başqa  sözlə,  qiymətləndirmə  keyfiyyəti  idarə  edən  mühüm  bir  amil  kimi 

meydana çıxır. 

Davamlı  və  dinamik  xarakter  daşıyan  şagird  nailiyyətlərinin  qiy-

mətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanması, 

onların  irəliləyişlərinin,  yaxud  geriləmələrinin  izlənilməsi  və  bu  məqsədlə 

monitorinqlərin  aparılması  ciddi  tələb  kimi  qarşıya  qoyulur.  Məhz  həmin 

monitorinqlərin  nəticələri  təlim  prosesinin  optimal  qurulması, müəllimlərin  işinin 

təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin ol-

ması haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir. 

Yeni  fənn  kurikulumlarında  məzmun  standartları  ilə  yanaşı,  qiymətləndirmə 

standartları  da  öz  əksini  tapmışdır.  Həmin  standartlar  məzmun  standartlarında 

ifadə  edilmiş  təlim  nəticələrinə  şagirdlərin  hansı  səviyyədə  nail  olmalarını 

qiymətləndirməyə xidmət edir. Bununla əlaqədar dünya təcrübəsinə uyğun surətdə 

qiymətləndirmənin 4 səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr ək-

sər  şagirdlər,  3  və  4-cü  səviyyələr  isə  müvafiq  olaraq  istedadlı  və  daha  istedadlı 

şagirdlər üçün nəzərdə tutulur. 

Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırılma 

səviyyəsini  əks  etdirən  bu  cür  qiymətləndirmə  standartlarının  hazırlanması  və 

tətbiqi  sahəsində  kifayət  qədər  səriştəyə  malik  olmaq  üçün  daha  ciddi  çalışmaq  , 

toplanmış  təcrübəni  daha  da  artırmaq  tələb  olunur.  Ona  görə  də  ayrı-ayrı  fənlər 

üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə standartlarının növbəti illərdə 

qismən  dəyişdirilməsi,  onların  üzərində  dəqiqləşdirmələr  aparılması  təbii  qəbul 

olunmalıdır.  Eyni  zamanda  standartlarda  təsbit  olunmuş  biliklər  daşıdıqları 

mahiyyətə 

görə  3  kateqoriyaya  (deklorativ,  prosedural,  kontekstual) 

bölündüyündən  onların  reallaşdırılması  üzrə  tələb  edilən  bacarıqlar  da  fərqli 

müəyyən  edilir.  Məsələn,  deklorativ  biliklər  bilavasitə  yaddaşa  əsaslanır,  zəruri 

informasiyaların, təriflərin, terminlərin mənimsənilməsini nəzərdə tutur. Ona görə 

də  bu  proses  “bilmə”  və  “anlama”  fəaliyyətləri  ilə  əlaqədar  olur.  Prosedural 

biliklər  tətbiq,  kontekstual  biliklər  isə  tədqiqatçılıq,  yaradıcılıq  fəaliyyəti  ilə 

bağlıdır.  Göründüyü  kimi,  biliklərə  görə  fəaliyyətin,  necə  deyərlər,  xüsusi  çəkisi 

müxtəlif  olduğundan  onların  hamısını  4  səviyyə  ilə  qiymətləndirməyə,  bəlkə  də 

ehtiyac  yoxdur.  Bu  mənada  axtarışların  və  tədqiqatların  genişləndirilməsi  çox 

vacibdir.  Həm  də  fənlər  üzrə  məktəbdaxili  qiymətləndirmə  ilə  standartların 

mənimsənilməsi  səviyyəsinin  qiymətləndirilməsi  arasında  məntiqi  əlaqəni  ehtiva 

edən sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki, ehtiyac vardır. Belə olan halda 

şagirdlərin  təlim  nəticələrinin  məzmun  standartlarının  tələblərinə  cavab  verməsi 

vəziyyəti daha aydın görünər. 

Qeyd  edilən  məqsədlərin  mütəşəkkil  həllinə  başlamaq  üçün  Təhsil  Nazirliyi 

tərəfindən  “Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  Qiymətləndirmə 

Konsepsiyası” hazırlanmış və Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 

nömrəli qərarı ilə təsdiq edilmişdir. 

Konsepsiyada  müasir  dövrdə  qiymətləndirmə  fəaliyyətinə  qoyulan  tələblər, 

şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, 

əsas  qiymətləndirmə  növləri,  qiymətləndirmə  standartlarının  və  qiymətləndirmə 

vasitələrinin hazırlanması, məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu, 

şagird  nailiyyətlərinin  və  irəliləyişlərinin  monitorinqi  sistemi,  kurikulum  üzrə 

qiymətləndirmə 

(şagird  fəaliyyətinin  təlim  standartlarına  uyğunluğunun 

müəyyənləşdirilməsi),  buraxılış  imtahanları  (ümumtəhsil  pillələri  üzrə  yekun 

qiymətləndirmə),  milli  qiymətləndirmənin  məqsədləri,  milli  qiymətləndirmə  üzrə 

təlimatların  məqsədi  və  strukturu,  beynəlxalq  qiymətləndirmə  proqramı  üzrə 

həyata keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır. 

Konsepsiyanın  və  bu  sənəd  əsasında  hazırlanacaq  mərhələli  İnkişaf 

Proqramının  həyata  keçirilməsi  nəticəsində  aşağıdakı  nailiyyətlərin  əldə  edilməsi 

gözlənilir: 

 

təhsildə  qiymətləndirmə,  imtahanların  keçirilməsi  sistemində  islahat 



aparılması  üçün  uzunmüddətli  strategiya  işlənib  hazırlanacaq,  bu  sahədə  yeni 

mexanizmlər yaradılacaq, fəaliyyət vahid mövqedən koordinasiya olunacaq; 

 

təhsil  sistemində  məktəbdaxili  və  milli  qiymətləndirmələrin  keçirilməsi 



metodologiyası, qiymətləndirmə standartları və vasitələrinin yaradılması və tətbiqi 

üçün  müvafiq  təlimatlar  hazırlanacaq  ,  bu  fəaliyyət  kurikulum  islahatı  ilə 

əlaqələndiriləcək. 

 

şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil 



sistemində  yeni  monitorinq  xidməti  təşkil  ediləcək,  ümumtəhsil  pilləsindən 

professional  pilləyə  keçiddə  mərkəzləşdirilmiş  buraxılış  imtahanının  keçirilməsi 

təmin olunacaq; 

 

milli  qiymətləndirmə  üçün  təhsil  pillələrinə  müvafiq  vahid  normativ 



tələbləri, attestasiya proseduralarını nəzərdə tutan təlimatlar hazırlanacaq; 

 

milli  qiymətləndirmə  vasitəsilə  şagirdlərin  nail  olduğu  təlim  nəticələri 



dəyərləndirməklə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq; 

 

təhsilin 



məzmununun 

müəyyənləşdirilməsi  və  nəticəyönümlü  yeni 

kurikulumun hazırlanması üçün təlim nəticələri təyin olunacaq, kompe-tensiyalara 

əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq; 

 

milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi 



aparılacaq,  nəticələr  təhlil  olunacaq  və  məntiqi  əsaslandırılacaq,  hesabatvermə 

proseduraları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq; 

 

qiymətləndirməni həyata keçirmək məqsədilə müəllimlərin ixtisasartırma və 



maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq; 

 

beynəlxalq  qiymətləndirmə  üzrə  normativ tələblər, attestasiya prosedurları, 



təlimatlar  əsasında  ölkədə  şagirdlərin  beynəlxalq  qiymətləndirilməsi  proqramı  və 

digər  proqramlar həyata  keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən 

ölkədaxili və beynəlxalq qurumlarla  əlaqələr yaradılacaq və məlumat mübadiləsi 

təmin ediləcəkdir. 

Konsepsiyaya  əsasən  dünyada  qəbul  olunmuş  və  tətbiq  etdiyimiz 

qiymətləndirmə  sistemi  indikindən  fərqli  olaraq  3  komponenti-məktəbdaxili,  milli 

və  beynəlxalq  qiymətləndirməni  əhatə  etməlidir.  Yeni  sistemdə  şagird 

nailiyyətlərinə  kompleks  şəkildə  yanaşılır,  şagirdin  əvvəlki  illərdə  və  buraxılış 

sinfində nəticələri nəzərə alınır. 

İlk  növbədə,  məktəbdaxili  qiymətləndirmənin  mühüm  tərkib  hissəsi  olan 

buraxılış  imtahanlarının  forma  və  məzmunca  təkmilləşdirilməsi,  yeni 

mexanizmlərin  tətbiqi  istiqamətində  əhəmiyyətli  addımlar  atıldı.  İnkişaf  etmiş 

ölkələrin  təcrübəsi  nəzərə  alınaraq  mərhələlərlə  buraxılış  imtahanlarının 

mərkəzləşdirilmiş qaydada aparılmasına başlandı. 

Təcrübə göstərmişdir ki, mərkəzləşdirilmiş imtahan formasının tətbiqi, ənənəvi 

sistemdən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Belə ki, imtahanlar, bir qayda 

olaraq,  bir  gündə  neytral  mərkəzlərdə  keçirilir,  nəticələr  texniki  vasitələrlə 

yoxlanılır  və  qısa  zamanda  elan  edilməklə  subyektivlik  minimuma  endirilir,  təhsil 

orqanlarının,  məktəb  rəhbərlərinin,  müəllimlərin,  şagirdlərin  və  valideynlərin 

məsuliyyətini  artıran  vacib  amilə  çevrilir,  keyfiyyətin  idarə  olunması  sahəsində 

etibarlı  mənbə  kimi  çıxış  edir,  təhsil  orqanları,  məktəbin  və  müəllimlərin 

fəaliyyətinin  qiymətləndirilməsinə,  şagirdlərin  ali  məktəblərə  daha  sistemli 

hazırlığına xidmət edir

 


Yüklə 339,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin