Plan: 1. Fəaliyyət haqqında anlayış.
2. Fəaliyyətin quruluşu.
3. Fəaliyyətin növləri.
4. Fəaliyyətin emosianal tənzimi.
5. Fəaliyyətin iradi tənzimi.
1. Fəaliyyət haqqında anlayış. Müasi psixologiyanın anlayışlar sistemində fəaliyyət kateqo-riyası mühüm yer tutur. Fəaliyyət dedikdə insanın fəallığının özünəməxsus forması nəzərdə tutulur. Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsə də, ancaq eyni məzmunlu anlayış deyildir. Fərq ondadır ki, fəaliyyət daha çox sosial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranışında və hərəkətlərində gerçəkləşir. Fəallıq isə daha çox heyvanlara məxsusdur. İnsan fəaliyyətini heyvan fəallığından fərqləndirən əsas meyarlardan biri də insan fəaliyyətinin yaradıcı xarakter daşımasıdır. Heç bir heyvan təbiətin verdiyi hazır məhsullardan başqa özünə predmet hazırlamır. Onların qazandığı ictimai təcrübə heç bir şəkildə digər nəsillərə ötürülmür. İnsan fəaliyyəti ilə yaradılmış fəaliyyət məhsulları isə başqa nəsillər tərəfindən davam etdirilir və mədəni sərvət kimi qorunub saxlanır.
Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. İnsan fəaliyyəti bu və ya digər şəkildə özünəməxsus struktura malik olur. Burada motiv və məqsəd fəaliyyətin əsas strukturunu yaradır. Fəallıqda isə bilavasitə orqanizmin tələbatının ödənilməsində öz əksini tapır. Aktuallaşmış tələbat kimi çıxış edir. İnsan fəaliyyətində isə fəaliyyətin son nəticəsini müəyyənləşdirən məqsəd olur.
Motivlər tələbatlarla sıx əlaqədədir. Motivlərin əsasında tələbatlar dayanır. Motiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq edən, təhrik edən qüvvədir. Ayrı-ayrı anlarda motiv məqsədə, məqsəd isə motivə çevrilə bilər. Heyvanın fəallığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış xaotik xarakterlidir. İnsan fəaliyyəti isə sistematik xarakterlidir. İnsanı fəaliyyətə təhrik edən tələbatdır. Tələbat insanın nəyə isə olan ehtiyacıdır. Lakin o ehtiyac tələbata çevrilir ki, o, hazırkı konkret şəraitdə aktuallaşmış olsun, başqa sözlə, insan üçün müstəsna, həyati əhəmiyyət kəsb etsin.
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd,ictimai münasibətləri öz-özünə deyil,ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir.Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.
İş və ya əməlin, məqsədin psixoloji mahiyyətini başa düşmək üçün fəaliyyət kateqoriyasından çıxış etmək lazımdır. Çünki hə-rəkət, iş, məqsəd, motiv və s. fəaliyyətin tərkib hissələrini təşkil edir.
Fəaliyyət sosial kateqoriyadır və o bir sıra xüsusiyyətləri ilə heyvanların mühitə uyğunlaşmasına xidmət edən davraniş formalarından fərqlənir. Fəaliyyət insanın sosial fəallıq formasıdır. Odur ki, insan fəallığının mənbələri olan tələbatlar da mənşəyinə, obyektinə və ödənilmə xüsusiyyətlərinə görə heyvanların yalnız bioloji mahiyyət daşıyan tələbatlarından köklü surətdə fərqlənir. İnsanların tələbatları (istər təbii və mədəni, istərsə də maddi və mənəvi) ödənilməsi üsullarına və vasitələrinə görə ictimai-tarixi səciyyə daşıyır.