161
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2013
İLAHİYYAT
UOT 28 - İSLAM
İSLAMDA “AİLƏ” ANLAMI VƏ ONUN HÜQUQİ MAHİYYƏTİ
S.H.MİRZƏYEVA
Bakı Dövlət Universiteti
mirzoyeva.76@mail.ru
İnsan övladının doğulduğu, içində böyüyüb boya-başa çatdığı və həyata qoşulduğu ən
kiçik sosial birlik forması olan ailə eyni zamanda, kamil bir əxlaqi dəyərlər və hüquqi
normalar sistemini əhatə edir. Cəmiyyətin rəhbər tutduğu bütün hüquqi, əxlaqi və mənəvi
dəyərlər hər şeydən əvvəl öz başlanğıcını ailə təsisatından götürür. Hüquq sisteminin ən
başlıca vəzifəsinin cəmiyyətin daxili həyatının təmin edilməsi olduğunu nəzərə alsaq,
cəmiyyətin özəyi olan ailənin bu prosesdə oynadığı rol özünü bütün aydınlığı ilə nümayiş
etdirər. İslam ailə hüququ mövzusu özünün əsil qaynaqlarında "nikah və talaq", daha sonralar
", son əsrlərdə isə "əhval şəxsiyyə" və "əhkam əl-üsra" adları ilə geniş ictimaiyyətə təqdim
edilmiş və sistemləşdirilmişdir.
İslam ailə təsisatına təkcə cəmiyyətin ən kiçik birlik şəkli kimi deyil, həm də bu birliyi
tənzimləyən hüquqi hökmlər üzərində qərar tutan və ərlə arvadın və uşaqların hər birinin
öhdəsinə məsuliyyətlər qoyan bir ictimai qurum kimi yanaşır. Müsəlman ailəsinin üzvləri öz
aralarında mürəkkəb və çoxsaylı hüquq və öhdəliklər məcmusu ilə bağlıdır. Bu hüquq və
öhdəliklər sosial və maddi xarakter daşıyır. Lakin onlar ümumilikdə ailə üzvlərinin və
cəmiyyətin rifahına və çiçəklənməsinə, cəmiyyətdə yüksək əxlaqi-mənəvi dəyərlərin hökm
sürməsinə və son nəhayətdə, insanların səadətinə yönəlmişdir.
Açar sözlər: ailə, islam, hüquq
İnsan övladının doğulduğu, içində böyüyüb boya-başa çatdığı və həyata
qoşulduğu ən kiçik sosial birlik forması olan ailə eyni zamanda, kamil bir
əxlaqi dəyərlər və hüquqi normalar sistemini əhatə edir. Cəmiyyətin rəhbər tut-
duğu bütün hüquqi, əxlaqi və mənəvi dəyərlər hər şeydən əvvəl öz başlanğıcını
ailə təsisatından götürür. Hüquq sisteminin ən başlıca vəzifəsinin cəmiyyətin
daxili həyatının təmin edilməsi olduğunu nəzərə alsaq, cəmiyyətin özəyi olan
ailənin bu prosesdə oynadığı rol özünü bütün aydınlığı ilə nümayiş etdirər.
İslam ailə hüququ mövzusu özünün əsil qaynaqlarında "nikah va talaq", daha
sonralar "münakəhat və müfarəqat", son əsrlərdə isə "əhval şəxsiyyə" və
162
"əhkam əl-üsra" adları ilə geniş ictimaiyyətə təqdim edilmiş və
sistemləşdirilmişdir.
Qısaca, ata, ana və uşaqlardan ibarət olan bir kiçicik insan toplusu kimi
görünən ailə əslində, cəmiyyətin həyatında əvəzedilməz rol oynayır. İnsan öv-
ladı yer üzünə ayaq basdığı andan etibarən birgə həyata can atmışdır. Qurani-
Kərim yer üzündə yaşayan insanların ulu babası olan Adəmin öz zövcəsi və
uşaqları ilə bərabər bir ailə yuvası qurduğunu xəbər verir (8; Bəqərə, 35; Əraf,
19; Taha 17-119). Fərdin xoşbəxtliyini təmin edən, İnsan fərdi cəmiyyətlə
bağlayan, onun fəaliyyətini cəmiyyətə xidmət etməyə yönəldən ailənin bu
unikal rolunu Qurani-Kərim aydın şəkildə nəzərə çarpdırır: "Sizin üçün onlarla
ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq,
sevgi, məhəbbət yaratması da Onun qüdrət əlamətlərindəndir" (8; Rum 21).
Deməli, ailə insanın can rahatlığı, xatircəmlik və arxayınlıq tapdığı bir yuvadır.
"Ailə tərbiyəsi", "ailə qorxusu", "ailə şərəfi" kimi tez-tez işlənən sözlər ailə
amilinin necə mühüm əhəmiyyət daşıdığını bir daha göstərir. Həm Quran
ayələrindən, həm də əməli həyatdan anlaşılan digər mühüm həqiqət ailənin
sadəcə nəsli davam etdirmək vasitəsi olmadığıdır. Ailə bu mühüm amillərlə bə-
rabər daha dərin mahiyyət daşıyır. O yer üzünü gözəlləşdirərək abadlaşdırmaq
vasitəsidir (iimar al-arz). İslam hüquq sistemi cəmiyyətin ictimai əsaslarını
zəiflədə biləcək problemləri hələ onlar təhlükəli xarakter almamış, ailə
səviyyəsində ikən islam ailə hüququ vasitəsilə aradan qaldırmağa çalışmış,
beləliklə, "islam ailə hüququ" anlayışı meydana gəlmişdir. Son iki əsrdə islam
ailə hüququ müsəlman cəmiyyətində özünün itirmiş olduğu aparıcı rolunu
bərpa etməyə başlamışdır. İslam hüquqçuları ailənin həm özünün aparıcı
ünsürlərini, həm də onun cəmiyyətlə əlaqələrini hərtərəfli şakildə tədqiq etmiş
və islam ailə hüququnun hökmlərini təsbit etdirmişlər.
Müsəlmanların nəzərində ailənin əsaslandığı bu özünəməxsus incəlik
nikaha qismən "ibadət" anlamı verməkdir. Yəni ailə təsisatının qurulmasının
ilk hüquqi addımı və qanunvericilik vasitəsi kimi nikah, Allaha yaxınlaşmaq
mənası daşıyan ibadət mahiyyəti kəsb etməkdədir. Hənəfi hüquqçuları Əd-
Dəbbusi (v. 430-1039) və İbn Hümam (v. 861-1457) "Nikah ibadətlərə daha
yaxındır. Belə ki, evlənmək özünü ibadətə həsr etmək məqsədilə subay
qalmaqdan daha üstündür" deyərkən bu əlaqəni nəzərdə tutmuşlar (19,3/184).
Allahın Rəsulu isə özünün vida xütbəsində kişilərə müraciət edərək
demişdir: "Qadınlarınıza münasibətdə Allahdan qorxun. Siz onları Allahın bir
əmanəti kimi almışsınız və onlarla bərabərlik Allahın kəlməsi (nikah) ilə sizə
halal olub" (3, 56).
Ensiklopedik lüğətlər adətən ailəni "Ata-ana və uşaqlardan ibarət bir
birlik forması," "Evlilik və qan birliyinə əsaslanan, ər-arvad və övladlar
arasında təbii əlaqələrin gerçəkləşdiyi ən kiçik birlik" kimi səciyyələndirməklə
kifayətlənir. Lakin ailəni dəyərləndirən üstün cəhətlər arasında ən faydalısı və
"ailəni həqiqətən ailə edəni" onun insanların təbii ehtiyaclarına cavab verməsi,
onun insana "isti yuva" bəxş etməsidir. Əsl müsəlman ailəsinin özülü can
163
rahatlığı, xatircəmlik, qarşılıqlı sevgi və rəhmət üzərində qurulmuşdur. Müsəl-
man ailəsinin hər bir üzvü digərlərinə əziyyət verməməyə, onların işini yüngül-
ləşdirməyə, onun ehtiyaclarını şəriət qanunları daxilində aradan qaldırmağa,
onların qəlbini qırmamağa çalışır. Müsəlman ailəsində hər kəsin öz yeri, öz
məqamı vardır. Quran ailə daxilində ata və anaların, nənə və babaların məqa-
mını yüksək tutmağı əmr edir: "Rəbbin yalnız Ona ibadət etməyi və valideyn-
lərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər
onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına
yetərsə, onlara "uf" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş
danış! (8, İsra 23). İslam ailəsinin digər bir özəlliyi bu yuvaya mənsub olan hər
kəsin üzərinə düşən vəzifələri ibadətin bir növü kimi qəbul edərək yerinə
yetirməsidir. Ərlə arvad arasında baş qaldıra biləcək bəzi anlaşılmazlıqlar buna
mane olmamalıdır: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal
deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz
şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət
verməyin" (8, Nisa,19).
Müsəlman ailəsinin ailə çərçivəsindən kənarda təəssübünü çəkdiyi
insanlar onun qohum-əqrəbasıdır. İstər ata, istərsə də ana tərəfindən olan
qohum-əqrəba bir-birinə qahmar çıxmalı, bir-birinin sevincinə və qəminə şərik
olmalıdırlar: "Həqiqətən Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq
etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib
bildiyi tərzdə əl tutmağı buyurur" (8, Nəhl, 90). Qurani-Kərim "Sılət ər-rəhm"
adlandırdığımız əqrəbalıq tellərini qorumağı əsil müsəlmanlığın əlamətlərindən
biri kimi vəsf edirsə, bu əlaqənin mühümlüyünə laqeydlik göstərən və onu
qulaq ardına vuranları "xüsrana uğrayanlar", yer üzündə pozğunluq törədənlər",
"cəhənnəmə gedənlər" adlandıraraq pisləyir: "O kəslər ki, Allahın birləşdiril-
məsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub-saxlayır,
möminlərə hörmət edir) Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-
hesabdan qoruyarlar" (8, Rəəd, 21).
Evlənmə müqaviləsi və onun hüquqi nəticələri - Bir fiqh istilahı olaraq
"nikah" sözü ilə ifadə edilən evlənmə müqaviləsi bir-birləri ilə evlənmələrinə
hüquqi baxımdan bir maneə olmayan bir kişi ilə bir qadının uzun müddətli bir
həyat ortaqlığı qurmaq üzrə aralarını birləşdirən və bununla əlaqədar qarşılıqlı
hüquq və öhdəliklər nəzərdə tutan bir əlaqə vasitəsidir. Bu halda bir evlənmə
müqaviləsinin meydana gələ bilməsi üçün aşağıdakı ünsürlərin mövcud olması
zəruridir:
- Müxtəlif cinsiyyətlərdən olan iki tərəf, yəni evlənmək, nikah imkanları
daşıyan və evlənmələrinə heç bir maneə olmayan bir kişi ilə bir qadın arasında
gerçəkləşə bilər: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zöv-
cələr xəlq etməsi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir" (8,
Rum, 21).
- Birgə yaşamağa hər iki tərəfin razılığı. Tərəflər belə bir müqaviləyə
səmimi qəlbdən razı olmalı, onları yalnız ötərgi cinsi yaxınlıq həvəsi yox,
164
həyatın ağrısını-acısını öz aralarında bölüşdürmək əzmi birləşdirməlidir (8,
Bəqərə, 187);
- Davamlılıq; Ailə uzun müddətli birgə həyat üçün nəzərdə tutulmalıdır.
- Hüquqilik. Bu müqavilə hüquq orqanları tərəfindən etibarlı sayılmalı-
dır. Yuxarıdakı şərtləri özündə daşıyan bu ideal evlilik müqaviləsinin hüquqi
mahiyyəti nədir? Digər sözlə demiş olsaq, evlilik iki iradənin bir nöqtədə
birləşməsində ifadə edilən bir mədəni hüquq müqaviləsidir, yoxsa onun
mahiyyəti daha qəliz və mürəkkəbdir? İslamın nikaha baxışı və fəqihlərin əsər-
lərinin təhlili nikahın sadəcə bir müqavilədən daha mühüm bir şey olduğunu
sübut edir. Quran nikah müqaviləsini "misaq qəliz" (mürəkkəb məramnamə)
kimi dəyərləndirmiş, yüzə yaxın ayəsini ailə hüququ məsələlərinə həsr etmiş,
Peyğəmbər onu özünün sünnəti olaraq təqdim etmişdir: "Bu nikah xəbərini
ətrafa yayan, onu məscidlərdə gerçəkləşdirin və nikah münasibətilə dəfləri
çalın" hədisi nikah mərasiminin sadə bir hadisə olmadığını göstərir. Buna görə
də bəzi fəqih alimlər ailə hüququ məsələlərinin incələndiyi "kitabən-nikah"
bölümünü ibadət məsələləri ilə hüquq məsələləri arasında yerləşdirirlər.
Evliliyin hökmünə gəlincə onun insan nəslini davam etdirmək vəzifəsini nəzərə
alaraq onu "hər kəs üçün vacib olan vəzifə" (fərz kifayə) elan etmişlər.
Evlənmək; müqəddəm əlaqələr görüşmə-Həyat boyu bərabərlik məqsədi-
lə bir araya gələn insanların bir-birini görmədən, bir-birini tanımadan
evlənmələri yol verilməzdir. Tərəflərin bir-birini tanımadan gerçəkləşən evlilik
ailə qurumunun öhdəsinə düşən ülvi qayələri həyata keçirə bilməz. Bunu
nəzərə alan islam hüququ əvvəldən kişi ilə qadının bir-birlərini görməyini və
hətta onların görüşməsini caiz buyurmuşdur. Peyğəmbər bir qadınla evlənmək
istəyən Müğirə bin Şüübədən onu görüb-görmədiyini soruşur. Onu görmədiyini
bildikdə deyir: "Get, onu gör. Çünki bu irəlidə bir-birinizə isinişməyiniz üçün
ən yaxşı vasitədir (22,9/ən-nikah).
Başqa bir hədisində Peyğəmbər demişdir:
Bir qadınla evlənmək istədiyiniz zaman onun qadınlıq keyfiyyətlərinə baxın
(12,16/ər-rada). Hədislərin kişilərə müraciət etməsi baxmağa ancaq kişinin
haqqı olduğu haqda səhv fikrin formalaşmasına gətirib çıxarmamalıdır. Evlilik
qarşılıqlı razılığa əsaslanan bir müqavilə olduğuna görə qadın da nəyə razılıq
verdiyini bilməlidir; bu qadının təbii haqqıdır. Evlənməyi nəzərdə tutulan
qadının bədəninin hansı yerlərinə baxmağın mümkünlüyü haqda fəqih alimlər
müxtəlif fikirlər söyləyirlər. Bəzi fəqihlərin fikrincə, onun əllərinə və üzünə
baxmaq kifayətdir. Evlilikdən əvvəl görüşmək məsələsinə gəlincə, bu görüş
üçüncü şəxsin nəzarəti altında baş tutmalı, görüşənlər başlı-başına buraxılma-
malı, bu görüş kimsəsiz yerlərdə baş verməməlidir. Peyğəmbər belə görüşlərin
acı nəticələrindən xəbərdar edərək demişdir Sizdən kim Allaha və axirət
gününə inanırsa yanında məhrəm adamı olmayan qadınla baş-başa qalmasın.
Çünki bunu edərsə üçüncüsü şeytan olur (18, 26).
Nişanlanma-Nikah müqaviləsinin bağlanmasından əvvəl baş verən bu
mərasim bir-birlərini görüb bəyənmiş iki tərəfin bir-birinə evlənməyi vəd
etməsidir. Bir kişi ilə bir qadın gələcəkdə bir-birilə evlənəcəklərini dilə
165
gətirməklə nişanlanmış olurlar. Nigahdan qabaq belə bir aralıq vəziyyətin
şəriətə uyğun hesab edilməsində məqsəd irəlidə ailə quracaq iki tərəfin bir-
birini tanıması və doğru qərar qəbul edə bilməsi üçün fikirləşmək fürsəti ver-
məkdir.
Nişanlanma, daha sonrakı bir zamanda gerçəkləşəcək evlilik haqqında bir
vəd olduğu üçün onu nikah ilə qarışdırmaq lazım deyildir. Nişanlı qadınla
nişanlı kişi nikah bağlanıncaya qədər bir-birinə yabançıdırlar. Onlar bir-biri
üçün halal sayılmırlar. Nişanlanma mərasimi tərəflərə evlənmək məcburiyyəti
yükləmədiyindən hər an pozulma ehtimalına açıqdır Bu baxımdan, nişan və
nikah bir-birindən asılı olmayan, müstəqil mərasimlərdir. Söz kəsmə, şərbət
içmə, mehr və onun miqdarı ətrafında danışıqlar kimi adət-ənənələrə əsaslanan
mərasimlərin gedişində yalnız kişinin kimlərlə nişanlana biləcəyi və bu nişanın
pozulmasından doğa biləcək nəticələr məlum olur. Digər tərəfdən, ülvi bir
qayəyə xidmət etdiyindən nişanın buna zərurət olmadığı hallarda pozulması da
təqdir olunmur.
Bununla belə, hər iki tərəf nişanı pozmaq səlahiyyətinə
malikdir. Nişan pozulduğu anda tərəflər bir-birindən müstəqil hala gəlirlər və
nişanlılıq zamanında bir-birinə verilən şeyləri geri qaytarırlar.
Toy mərasimi-Yeni bir ailənin qurulmasını adətən bir bayram kimi qəbul
edən Peyğəmbər bu münasibəti xüsusi olaraq qeyd etməyi məsləhət görərdi.
Yetim qalmış bir qızı böyütmüş və ərə vermiş hz. Aişəyə Peyğəmbər belə
deyibmiş: "Ey Aişə Sizin bir əyləncəniz yoxdurmu? Axı ənsarlar əyləncəni
xoşlayırlar. Gəlinlə birlikdə dəf çalıb şarkı söyləyəcək bir cariyə göndər-
mədinizmi?" (8, nikah/21).
Mabəd əl-Qeysi toyunda Peyğəmbər bəyin yanına gələrək "Bir əyləncə
varmı?" deyə soruşmuşdu.
Görkəmli səhabələrdən olan Müaz bin Cəbəl isə
bunu rəvayət etmişdir: "Peyğəmbər ənsarlardan birinin toyunda imiş. Qısa bir
çıxış etdikdən sonra nikahı bağladı və ülfət, xeyir, bərəkət və uğur üzrə
qardaşımızın başı üzərində dəf çalın. Gənc qızlar içərisində Badam və şəkər
olan məcməyiləri onların qarşısına düzdülər. Oradakılar geri durub əllərini
məcməyilərə uzatmadıqda Peyğəmbər "götürün" deyə buyurdu" (11, 230).
Evlənmə müqaviləsinin məzmunu və şərtləri- Evlənmə müqaviləsinin
bağlanması və qüvvəyə minə bilməsi üçün bir sıra şərtlər mövcud olmalıdır.
Hüquqi dildə bu şərtlər "iniqad şərtləri" adlanırlar. Bu ünsür və şərtlər
aşağıdakılardan ibarətdir:
1. Tərəflər, evlənmə əhliyyəti, Qəyyumun razılığı və evlilikdə vəkalət.
Yeni evlənənlər və onların qəyyumları və ya vəkilləri evlənmə müqavilə-
sinin ən mühüm ünsürləridir. Evlənmə əhliyyətinə malik olan və evlənməyinə
heç bir maneə olmayan şəxs evlənmə iniqadının tərəfdaşı ola bilər. Evlənmə
əhliyyəti başqalarının icazəsinə ehtiyac olmadan evlənə bilmək deməkdir.
Bunun üçün ruhi və ağıl baxımından sağlam olmaqla bərabər həm də yaşca
yetkin olmaq lazımdır. Kiçik yaşlı uşaqlar bu xüsusiyyətdən məhrum olduqları
üçün özbaşına evlənə bilməzlər. Bunu ancaq qəyyumunun köməyi ilə edə
bilərlər. Əqli xəstələr də ancaq hakimin qərarı və rəsmi qəyyumun icazəsi ilə
166
evlənə bilərlər. Hənəfi məzhəbinə görə buluğ yaşına çatmış bir qız onun
razılığı olmasa heç kim onu ərə verə bilməz. Qızın razılığı olmadan bağlamış
nikah müqaviləsi hökm gücünə malik deyildir. Digər sözlə demiş olsaq
"Razılığı olmadan subay qız evləndirilə bilməz" (22, 157).
Evlənməyə mane olan amillərin olmaması-Tərəflərin mövcudluğu özü-
özlüyündə evlənmənin gerçəkləşməsi üçün kifayət deyildir. Bunun üçün həm
də evlənməyə mane olan amillərin olmaması lazımdır. Məhz hansı amillərin
evlənməyə əngəl törədə biləcəyini Quran və Sünnə aydın bildirmişdir: "Ataları-
nızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (cahiliyyət
dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox pis işdir və (Allahın
qəzəbinə səbəb olan) bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibilə-
riniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız,
arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları
(ögey qızlarınız) ilə evlənmək haram edildi. (Cihad vaxtı əsir alaraq) sahib
olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə
sizə haram edildi. Bundan başqaları isə namusla (iffətlə), zinakarlığa yol
vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi" (8, Nisa,
22-24). Quran və Sünnəyə görə evlənmə əngəlləri aşağıdakı kimi təsnif olunur:
- Uzunmüddətli evlənmə əngəlləri:
Heç bir vəziyyətdə aradan qalxmayan bu növ əngəllər Quranın açıqladığı
kimi üç qrupdur:
Anadangəlmə yaranan qan qohumluğu. Bu qrupa daxil olan əngəllər
özünü aşağıdakı dörd dərəcədə göstərir:
- Üsul: Ana, nənə, ata-baba.
- Füru: oğul, qız və onların uşaqları (nəvələr)
- Ata-ananın füruu və onların uşaqları, qardaşlar və qardaşı uşaqları;
- Nənə-babanın furuu: Əmi, xala, dayı, bibi.
Bunların uşaqlarına gəlincə, onlar ikinci dərəcədə olduqları üçün
evlənmə əngəllərinə daxil olmurlar;
- Evlənmə səbəbilə meydana gələn qohumluq. Aralarında evlənməkdən
doğan bir qohumluq olan (qürabət müşahərə) dörd grup ölüm və ya boşanma
ilə sona çatmadığı üçün bir-birləri ilə əbədi olaraq evlənə bilməz:
- Üsulun əri və arvadı, övlad və nəvələrin arvadları, yəni gəlinləri;
Xanımın üsulu, yəni qayınana və nənələr;
Xanımın füruu, yəni ögey qızlar.
İlk üç grupda evliliyin yasaq halına gəlməsi üçün sadəcə nikah müqavilə-
sinin bağlanmış olması yetərli ikən son qrupda nikahla bərabər həm də cinsi
yaxınlığın da olması da tələb olunur. Digər sözlə demiş olsaq, boşanma
məsələsi nikahdan sonra cinsi yaxınlıq olmamışkən qalxmışsa, o xanımın bir
başa kişidən olan qızı ilə evlənmək mümkündür. Ancaq cinsi yaxınlıq olmuşsa
artıq ögey qızlarla heç bir halda evlənmək olmaz (8, Nisa, 23). "Qan
qohumluğundan bir-birinə haram olanlar süd qohumluğundan da haram olurlar.
Yuxarıda xatırlanan hədisdəki şərtin hikmətini aydınlaşdırmağa çalışsaq süd
167
ümumiliyinə görə haram olan qohumlar haqqında belə deyə bilərik: süd əmən
uşağı süd əmizdirən xanım öz uşağı kimi qəbul etdiyindən uşaq o ailədən
kimlərlə evlənə bilməzsə süd əmən uşaq da eyni adamlarla evlənə bilməz.
Süd anası, süd bacısı, süd xalası, süd bibisi belə adamlardır (2, 96).
Mövcud fikirlərin əksəriyyətinə görə burada əmilən südün miqdarı rol oynamır.
Keçici evlənmə əngəlləri-Bu növdən olan əngəllər bəzi hallarda aradan
qalxa bilir və beləliklə, əvvəllər bir-biri üçün haram sayılan şəxslər evlənə
bilirlər. Belə əngəllər altı cürdür:
- Din fərqi. Müsəlman kişi və ya müsəlman qadın müşriklərlə evlənə
bilməzlər (8, Bəqərə, 221). Müşrik, Allahdan başqa saxta ilahlara tapınan, Ona
şəriklər qoşanlardır. Müsəlman bir qadın kitab əhlindən olan bir qeyri-
müsəlmanla da evlənə bilməz. Ancaq müsəlman kişi kitab əhlindən olan bir
qadınla evlənə bilər. Çünki ailənin başçısı ata olduğu üçün islamın üstünlüyü
və doğulacaq uşağın gələcəyinə təminat verilmiş olur. Din fərqi keçici bir
əngəldir.
- Üç kərə boşama. Xanımı ilə üç dəfə boşanan bir kişi artıq onunla evlənə
bilməz. Ancaq o qadın başqa bir kişi ilə evlənib, təkrar boşanaraq, ya da ikinci
əri ölərsə o zaman ilk əri ilə təkrar evlənə bilər (8, Bəqərə, 228-229).
- İddəyə (gözləmə müddətinə) görə evlənmə əngəli, Evlənmənin
boşanma, ölüm və ya fəsh səbəblərindən biri ilə sona çatması halında qadın
bəlli bir "iddə" müddətini gözləməlidir (8, Talaq, 4). Bu gözləmə müddəti
ərzində qadın evlənə bilməz.
- Qadının başqası ilə evli olması. Bir qadının eyni zamanda birdən artıq
kişi ilə evlənməsi haram buyurulduğundan evli bir qadınla nikah bağlamaq
olmaz (8, Nisa, 3). Qadın mövcud əri tərəfindən boşanmadıqca, ya da əri
ölmədikcə bir başqası ilə evlənə bilməz.
- Çoxarvadlılıqla əlaqədar evlənmə əngəli. İslam eyni zamanda ən çoxu
dörd qadınla evli olmağı caiz buyurduğundan beşinci xanımla evlənmək olmaz
(8, Bəqərə, 228).
- Arvadın qohumu olmaq: birdən artıq evliliklə əlaqədar olan bu əngəl
eyni zamanda iki qohumun bir nikah altında birləşə bilməyəcəyini nəzərdə
tutur. Eyni zamanda iki bacı ilə evlənmək kimi.
Evlənmə barəsində istəyin bəyan edilməsi və onun şərtləri - Evlilik
müqaviləsinin üçüncü ünsürü tərəflərin evlənmək istəyinin bəyan edilməsidir.
Evlənmənin baş tutması üçün tərəflər anlaşıqlı tərzdə öz iradələrini bəyan
etməlidirlər. İslam hüquqçularını "iycab" (ilk təklif) və "qəbul" (ilk təklifə görə
müsbət cavab və ya rədd adlandırdıqları iradə bəyanı vəkillərin vasitəçiliyi ilə
də gerçəkləşə bilər. Bəyanın qüvvəyə minməsi üçün aşağıdakı şərtlər zəruridir:
İycab və qəbulu tərəflər eşidiləcək və anlaşılacaq tərzdə, arada fasilə vermədən,
ardıcıllıqla ifadə etməlidirlər.
- İradə bəyanında işlədilən ifadələr edilən işin bir evlənmə müqaviləsi
oluğunu açıq şəkildə göstərməlidir;
168
- İycab və qəbul bəyanları gecikdirici bir şərtlə bağlı olmamalı, dərhal
yetirilməyə hazır olmalıdır.
Evlənmə müqaviləsinin doğruluğu şərtləri-Evlənmə müqaviləsinin
hüquqi tələblərə tam cavab verə bilməsi üçün bir sıra şərtlərin mövcudluğu
zəruridir. Bunlar aşağıdakılardır:
- Şahidlərin mövcudluğu. Evliliyi zinadan fərqləndirən amillərdən biri
açıq-aşkarlıqdır. Evlilik açıq-aşkar, zina isə gizli və qapalı olur. Evliliyin
açıqlığı da şahidlər tərəfindən həyata keçirilir.
Buna görə nikah müqaviləsi əqli
və ruhi sağlamlığa malik olan, həddi-buluğa çatmış və müsəlman olan iki kişi
cinsindən olan şahidin və yaxud bir kişi və iki qadın şahidin hüzurunda həyata
keçirilməlidir (11, 9/48).
Evlilikdə razılıq və seçim imkanının olması-Hənəfi məzhəbi istisna
olmaqla hüquqçuların əksəriyyəti məcburiyyət və zor altında bağlanan nikah
müqaviləsinin möhkəm olmayacağını bildirirlər. Hz. Aişənin ötürdüyü bir
xəbər bu fikrin mühümlüyünü bir daha vurğulayır: "Ənsarlardan olan Hişam
bint Hənsa Hz.Aişəyə gəlib "Atam ailə şərəfini artırmaq üçün məni qardaşı
oğlu ilə evləndirdi. Mən belə bir evliliyi istəmirəm" dedi. Hz. Aişə ona Pey-
ğəmbərin gəlişini gözləməyi buyurdu. Peyğəmbər gəlincə Aişə durumu ona
anlatdı. O da qızın atasını çağırdı və ona seçim haqqı verdi. Bu zaman qadın
"Ya Rəsulallah, mən atamın təklif etdiyi nikah müqaviləsini qəbul etdim.
Ancaq belə davranmaqla qadınlara atalarının evlilikdə belə bir hərəkətin
olmadığını göstərmək istədim" dedi (17, 21).
Evlənmə müqaviləsinin tətbiqi (nəfaz) şərtləri-Quruluş (iniqad) və keçər-
lilik (sihhət) şərtlərinin təsdiqi üçün hüquqən varlıq qazanan bir evlilik müqa-
viləsi bəzən bir sıra nöqsanlarına görə tətbiq gücünə malik olmur. Müqavilənin
tətbiq qüvvəsi qazanması üçün lazım olan şərtlərə nüfuz şərtləri deyilir.
Tərəflərin və ya qəyyumların rəyləri alınmazsa müqavilə tətbiq qüvvəsinə
malik olmaz.
Evlənmə müqaviləsinin bağlayıcılıq (lüzum) şərti və ərlə-arvad arasında
"kifayət" məsələsi-Mövcud olmadığı təqdirdə müqavilənin fəshini tələb edən
şərtlərə bağlayıcı (lüzum) şərtlər deyilir. Evlənmə müqaviləsi öz təbiəti
etibarilə əsasən bağlayıcı bir müqavilədir. Yəni tək tərəfli qaydada pozula
bilməz. Bununla belə, islam hüququ bəzi qurumlarda müqavilənin lazım
olmadığı və tərəflərin bəlli şərtlər daxilində bunu poza biləcəyini hökmə
bağlamışdır. Bu durumlardan ən önəmliləri belə sıralanmışdır. Əqli salamat
olan və həddi buluğa çatmış bir xanım qəyyumunun icazəsini almadan və
qeyri-münasib bir kişi ilə evlənmişsə xanımın qəyyumu onların tay olmadığını
əsas tutaraq müqaviləni fəsh edə bilər. Yuxarıdakı məsələdə kişi qadına tay
hesab olunur. Lakin onun verdiyi mehr əmsaldan az olarsa qəyyum mehrin
əmsaldan olduğunu əsas götürərək nikah müqaviləsini fəsh edə bilər. Bu iki
maddədə kifayət kimi görünən münasiblik dini, sosial və iqtisadi sahələri əhatə
etməlidir. Hədislərin birində deyilir: Üç şeyi əldən qaçırma: vaxtı çatmış
namazı, hazır olduğu halda cənazəni və sənə tay olan qızı" (21, 123). Doğrudan
169
da bır-birinə tay olan qohumlar və evlənən gənclər bir-birlərini daha yaxşı başa
düşür, onların arasında isə anlaşılmazlıqlar daha az özünü büruzə verir.
Fəqihlər evlənən gənclərin hansı cəhətlərdən bir-birləri ilə tay olmalarını
müəyyən etməyə çalışaraq aşağıdakı sahələri qeyd edirlər:
- Dindarlıq;
- Gözəl əxlaq sahibi olmaq;
- İqtisadi və sosial-mədəni inkişaf səviyyəsi;
Evlənməkdə münasiblik qadından daha çox kişidə yaranır. Belə ki kişi
özünə tay olmayan bir qadınla evlənə bilir, amma qadın özünə tayı olmayan bir
kişi ilə əsla evlənməz. Əgər evlənərsə qəyyumun bu müqaviləni fəsh etmək
hüququ vardır. Əgər bu müddət ərzində qadın hamilə qalarsa qəyyumun bu
haqqı aradan qalxmış olar.
Keçərlilik baxımından evlənmə müqaviləsinin növləri – Evlənmə müqa-
viləsi quruluş, keçərlik, yürürlük və bağlayıcılıq şərtlərini tam və ya əksik ol-
duğuna görə müxtəlif növlərə ayrılır. Mötəbərlik baxımından isə nikah müqa-
viləsi səhih, fasid, batil, məyquf və qeyri-lazım şəklində təsnif edilir. Aşağıda
bu növlərin hər biri haqqında məlumat verməyə çalışacağıq.
Səhih evlənmə müqaviləsi. Bu, ünsür və şərtləri tam həcmdə mövcud
olan bir müqavilədir. Heç bir əyər-əskiyi olmayan bu evlilik müqaviləsi
evliliyin bütün hüquqi nəticələrini doğurur. Buna əsasən cinsi əlaqələri qura
bilir, qadın alimentə və mehrə haqq qazanır, ərlə arvad arasında evlənməkdən
doğan qohumluq meydana gəlir, uşaqların nəsəbi sabit olur və qarşılıqlı
mirasçılıq cərəyan edir.
Fasid evlənmə müqaviləsi - Quruluş şərtləri tam olmaqla bərabər keçər-
lilik şərtlərinə bir əngəli olan evlilik müqaviləsi fasiddir. Məsələn, şahidsiz və
ya zorla bağlanmış müqavilə fasid sayılır. Fasid evlənmə halında tərəflərin
evlilik həyatı sürmələri caiz deyildir. Əksinə, onlar dərhal ayrılmalıdırlar. Əgər
onlar özləri ayrılmasalar ədliyyə qurumları onları güclə ayırar və bu evliliyə
xitam verərlər. Ərlə arvad arasında cinsi yaxınlıq olmadıqda isə fasid evlilik
heç bir hüquqi nəticə verməz. Yox, cinsi yaxınlıq olmuşsa bu aşağıdakı
nəticələr doğurar:
- mehrin orta əmsalı ilə tərəflər arasında qəbul olunmuş mehrdən hansı az
isə qadın ona haqq sahibi olur;
- evlənməkdən doğan qohumluq gerçəkləşir;
- əgər ayrılma baş vermişsə gözləmə müddəti ərzində aliment müəyyən-
ləşdirilir.
Batil evlənmə müqaviləsi və muta nikahı-Quruluş şərtlərində bir nöqsanı
olan müqavilə batil evlənmə müqaviləsi adlanır. Bir-birləri ilə evlənməyinə bir
maneənin olduğu iki nəfərin evlənməsi, uşaqların ya da əqli xəstənin evlənməsi
kimi. Nöqsan evlənməyin başlıca ünsürlərində olduğundan belə müqavilə heç
bir mahiyyət və ya hüquqi qüvvə daşımır. Ərlə arvad arasında cinsi yaxınlığın
olub olmaması da burada heç bir nəticə vermir. Tərəflərin dərhal bir-birindən
ayrılması lazımdır. Onlar öz xoşları ilə ayrılmasalar, onları hakim ayırar . Digər
170
tərəfdən, məsələ mehr, aliment, nəsəb, gözləmə müddəti (iddət) və miras
məsələlərində də deyildir. Yalnız Əbu Hənifə əgər aralarında evlənmə yasağı
olanlar evlənmişsə doğulacaq uşağın atasız qalmaması üçün bu evliliyi batil
yox, fasid hesab etmişdir (16, 2/16).
Batil evlənmə müqavilələrindən biri də "muta nikahı" adı ilə tanınan
müqavilədir. Evlənmələri hüquqən caiz olan kişilərin müəyyən məbləğ
müqabilində bir müddət özlərinin cinsi imkanlarından yararlanmaq məqsədilə
həyata keçirdikləri evlənmə müqaviləsi muta nikahı adlanır.
Səhabələrin əksəriyyətinin və dörd fiqh məzhəbinin fikrincə bu müqavilə
batildir (13, 216).
Peyğəmbərin muta nikahına münasibətini aşağıdakı hədislərdən görürük.
Hz. Əlinin bildirdiyinə görə, peyğəmbər Xeybər savaşının sonlarında
əhliləşmiş uzunqulaq ətini yeməyi haram buyurmuşdur. Ey insanlar! Mən sizə
qadınlarla muta nikahı bağlamağa izn vermişdim. Şübhəsiz, Allah bunu
qiyamətə qədər haram qılmışdır. Kimin yanında muta nikahı ilə bir qadın varsa
buraxsın (16, 346).
Məuquf və qeyri-lazım evlənmə müqaviləsi-Quruluş (iniqad) və keçərli-
lik (sihhət) şərtləri tamam olmaqla bərabər əməli tətbiqi şərtlərində əksiklik
olan nikah müqaviləsi məuqufdur. Məsələn, ağlı başında amma hələ baliğ
olmamış adamın bağladıq evlənmə müqaviləsi qəyyumların izn verməsinə
qədər məuqufdur.
"Məuquf' istilahı ilə keçərlilik haqqı qazanmaq üçün başqasının izni və
ya rəyi tələb olunan müqavilə nəzərdə tutulur. Məsələn, ağlı başında olan lakin
hələ həddi-büluğa çatmamış yeniyetmələrin bağladıqları evlilik müqaviləsi
qəyyumların icazəsi və ya rəyi alınana ədər məuqufdur. Yəni dayandırılmışdır.
Belə müqavilələr ona icazə və ya rəy verilənə qədər "fasid" nikah hökmlərinə
tabedir (16, 46).
Digər şərtləri tamam olduğu halda bağlayıcılıq şərtlərində əksiklik olan
evlənmə müqaviləsinə də "Qeyri-lazım" yəni bağlayıcı olmayan evlənmə deyi-
lir. Məsələn, ağlı başında olan və həddi buluğa çatmış bir qadının qəyyumun-
dan icazəsiz olaraq "öz tayı olmayan" birisi ilə bağladığı evlilik qeyri-lazım
nikah sayılır. Çünki evlənənlərin arasında münasibliyin olmaması qəyyuma
müqaviləni fəsh etmək haqqı verir.
Beləliklə, islam ailə təsisatına təkcə cəmiyyətin ən kiçik birlik şəkli kimi
deyil, həm də bu birliyi tənzimləyən hüquqi hökmlər üzərində qərar tutan və
ərlə arvadın və uşaqların hər birinin öhdəsinə məsuliyyətlər qoyan bir ictimai
qurum kimi yanaşır. Müsəlman ailəsinin üzvləri öz aralarında mürəkkəb və
çoxsaylı hüquq və öhdəliklər məcmusu ilə bağlıdır. Bu hüquq və öhdəliklər
sosial və maddi xarakter daşıyır. Lakin onlar ümumilikdə ailə üzvlərinin və
cəmiyyətin rifahına və çiçəklənməsinə, cəmiyyətdə yüksək əxlaqi-mənəvi
dəyərlərin hökm sürməsinə və son nəhayətdə, insanların səadətinə yönəlmişdir.
171
ƏDƏBİYYAT
1.
Abdullayev H. İslam dini haqqında. Bakı: Azərnəşr, 1958, 118 s.
2.
Əliyev R.Y. Dinin əsasları. Bakı: İrşu Hənifad, 2003, 268 s.
3.
Əliyev R.Y. Islam. Bakı: Irşad, 2000, 375 s.
4.
Əlizadə Ə.Ə., Abbasov A.H. Ailə. Bakı: Maarif, 1989, 252 s.
5.
Heydəroğlu Hacı Arif. Müхtəsər Elmihal. Bakı, 2003, 450 s.
6.
Həmidullah Məhəmməd. Islama giriş. Bakı: Qismət, 2006, 336s.
7.
İslam təhriflərə cavab. Bakı: Azərbaycan Dövlət kitab palatası, 1997, 133 s.
8.
Qurani Kərim. Ərəb dilindən tərcümə edənlər Z.M.Bünyadov; V.M.Məmmədəliyev. Bakı:
Qismət, 2004, 607 s.
9.
Qəmbərov X. Qurani-Kərimdə bioloji fikirlər. Bakı, 2009, 67 s.
10.
Lətifi Sirus. Islamın iki əsas mənbəyi: Quran və sünnə / Konfrans materialları. Bakı: İİR-
nin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, 2006, s.141.
11.
Məhəmməd Əli Razi. Quranın elmi ecazkarlığı. Bakı, 2009, 237 s.
12.
Məmmədəliyev V.M. Quran və elm. Bakı: Qismət, 2006, 128 s.
13.
Məmmədəliyev V.M. İslam. Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985,162 s.
14.
Ansiklopedik büyük islam ilmihali. Istanbul: Cağaloğlu, 1979, 713 s.
15.
Bilmen Ömer Nasuhi. Büyük islam ilmihali. Istanbul: Şenyıldız, 1997, 536 s.
16.
Büyük din və islam ansiklopedisi. İstanbul: Taan mat, 1964, 480 s.
17.
Belvinarlı Ali Kamal.İslam prinsipleri. İstanbul: Nedve yay, 1973, 239 s.
18.
Çökmenoğlu Huseyn Tekin. Islamda şahsiyyet hakları. Ankara: TDV yayınları, 1996, 153 s.
19.
Аль-Аттас С.М.Накиб. Концепция обучения ислама. Коала Лумпур: ISTAS, 1990, 290 с.
20.
Баранов Х.К. Арабско-русский словарь. М.: Русский язык, 1962, 1186 с.
21.
Грюнебаум. Р.Е. Классический ислам. Очерк истории. М: Наука, 1986, 215 с.
22.
Гразневич П.В. Происхождение ислама. Донецк, 1980, 156 с.
23.
Ислам: Энциклопедический словарь. М., 1991, 315 с.
24.
Керимов Г.М. Шариат и его социальная сущность. М.: Наука, 172 c.
ПОНЯТИЕ «СЕМЬИ» И ЕЕ ПРАВОВАЯ СУЩНОСТЬ В ИСЛАМЕ
С.Г.МИРЗОЕВА
РЕЗЮМЕ
Все правовые, нравственные и моральные ценности общества берут свое начало,
прежде всего, с создания семьи. Если принять во внимание, что основной задачей
правовой системы является обеспечение внутренней жизни общества, роль семьи как
стержня общества в этом процессе проявится со всей ясностью. Тема семейного права в
исламе была представлена широкой общественности и систематизирована в источниках
под названием «брак и развод», позже «мунакахат и муфарагат», а в последние века –
«настроение человека» и «заповеди семьи». В статье находят свое отражение такие
темы, как брачный контракт в исламе и его правовые основы, обоюдное согласие обеих
сторон на совместное проживание, содержание, прочность и условия брачного конт-
ракта, долговечность семьи, брак, обручение, преграды на пути к браку. Семья показана
не только как самая малая форма общества, но и как общественная организация,
налагающая ответственность в отдельности на мужа, жену и детей.
Ключевые слова: семья, права человека, ислам
172
THE “FAMILY”NOTION AND ITS LEGAL ESSENCE IN İSLAM
S.H.MIRZAYEVA
SUMMARY
All legal, moral-values of society originate,first of all,from the family establishment. İf
we take into account that the main task of the legal system is provision of internal life of
society,the role of the family as the core of society in this process will be obvious. The theme
of Islamic family law was initially presented to the masses and systematized in the sources
under the names of “marriage” and “divorce”, later as “munakahat” and “mufaragat”, and in
last centuries as “the mood of a human” and “commandments of the family”. The article
reflects such themes as the marriage contract in Islam and its legal basis, mutual agreement of
both sides to live together, strength and durability of family, marriage, engagement, the content
and conditions of the marriage contract, obstacles on the way to marriage. The family is shown
not only as the least form of society, but also as a social organization, imposing liability
individually on husband, wife and children.
Key words: family, Human Rights, Islam
Dostları ilə paylaş: |