FƏSİL 2. Dövlətin sosial siyasətinin maliyyə təminatı mənbələri və büdcənin rolu 2.1.Sosial müdafiə və sosial təminatın maliyyələşmə mənbələri.
Azərbaycan Respublikasında mühüm sosial vəzifələrdən biri əhalinin sosial sığortası və sosial təminatının inkişaf etdirilməsi və daha da yaxşılaşdırılmasıdır.
Sosial sığorta və sosial təminatın təşkili əsasları Azərbaycan Respublikasının Konstitutsiyasında (mad 38) təsbit edilmişdir.
«I. Hər kəsin sosial təminat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.»
Sosial təminat vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir.
İqtisadi kateqoriya kimi sosial təminatın mahiyyəti haqqında iqtisadçıların baxışı müxtəlifdir. Bəzi müəlliflər sosial təminat anlayışına geniş mənada – ana və uşaqlara, qocalara, əmək qabiliyyəti olmayanlara maddi yardım və pulsuz tibbi xidmət göstərilməsi ilə əlaqədar müəyyən sosial-iqtisadi tədbirlərin məcmusu kimi baxılır. Digər müəlliflər sosial təminatın və sosial sığortanın eyni növ iqtisadi kateqoriya olduğunu bildirirlər. Üçüncü qrup iqtisadçılar isə sosial təminatı sosial sığortanı əhatə etməyən dar mənalı anlayış kimi ifadə etməyə çalışırlar. Nəhayət, dördüncü qrup iqtisadçıların fikrinə görə, sosial sığorta da daxil olmaqla vahid sosial təminat anlayışı mövcuddur ki, bu da əmək qabiliyyəti olmayanların müxtəlif formada və növdə olan təminatını əhatə edir. Belə bir mövqe Azərbaycan Respublikası Konstitutsiyasının 38-ci maddəsinin tələblərinə daha çox uyğun gəlir.
Sosial təminatın və sosial sığortanın oxşar müstəqil kateqoriyalar kimi paralel mövcud olduğunu iddia edənlərin əsaslandırılmış nöqteyi nəzəri ilə də razılaşmaq çətindir. Belə ki, onlar birbaşa dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilən tədbirləri sosial təmi nata, sosial sığorta fondunun vəsaiti hesabına həyata keçirilənləri isə sosial sığortaya aid edirlər.
Məlumdur ki, birbaşa büdcə vəsaitindən, pensiya fondundan və sosial sığorta fondundan sosial təminata ayrılan vəsaitin xərc istiqamətlərində əsaslı fərq yoxdur. Həm birbaşa büdcə təxsisatı hesabına, həm də pensiya fondu və sosial sığorta fondu hesabına yaşa görə, əlilliyə görə, xidmət illərinə görə, ailə başçısını itirməyə görə pensiyalar, uşağın anadan olmasına görə, hamiləlik və doğuşa görə, ölümə görə, uşağa qulluğa görə və i.a. müavinətlər ödənilir. Fərq yalnız təmin olunanların kontingentindədir. Belə ki, pensiya fondunun və sosial sığorta fondunun vəsaitindən fəhlə və qulluqçular, elmi işçilər, bilavasitə büdcə vəsaitindən isə hərbi xidmətçilər, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, gömrük orqanlarının rəhbər heyəti və digər kateqoriyalar təmin edilirlər.
Ona görə də sosial sığortanı sosial təminatdan asılı olmayan və paralel fəaliyyət göstərən müstəqil iqtisadi kateqoriya kimi hesab etmək həm nəzəri, həm də təcrübi cəhətdən əsassızdır.
Deməli, sosial sığorta sosial təminatın tərkib hissəsi olmaqla onun formalarından biridr.
Azərbaycan Respublikası öz müstəqilliyini 18 oktyabr 1991-ci il tarixdə Konstitutsiya aktı ilə elan etdikdən sonra ölkənin dövlət təsisatlarının yenidən təşkilinə başlandı. Bu tədbirlərin tərkib hissəsi kimi «Azərbaycan Respublikası Pensiya Fonldunun yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 1991-ci il tarixli Fərmanı ilə SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi.
Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan Respublikasında sosial sığorta və sosial təminatın inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməyə başlandı. Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında» Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yaradıldı. Müstəqil maliyyə-bank hesablaşma sisteminə malik olan bir qurum kimi Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, sosial müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi həmin Fondun başlıca vəzifəsi kimi müəyyən edildi.
Müstəqil Azərbaycanın pensiya təminatı sahəsində qəbul etdiyi ilk qanunlardan biri 01 yanvar 1992-ci il tarixli «Hərbi qulluqçuların pensiya təminatıhaqqında» Qanunu idi.
Əhalinin pensiya təminatı sisteminin hüquqi əsaslarını müəyyən edən əsas normativ-hüquqi akt – «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu 23 sentyabr 1992-ci ildə qəbul edilmişdir. 01 yanvar 1993-cü ildən qüvvəyə minən həmin qanunla əhaliyə iki növ: əmək və sosial pensiyalar təyin edildi. Əmək pensiyaları 60 yaşına çatmış və azı 25 il iş stajı olan kişilərə və 55 yaşına çatmış və azı 20 il iş stajı olan qadınlara təyin edilirdi. Sosial pensiyalar isə qanunun müvafiq müddəalarında nəzərdə tutulan tələblərə uyğun olaraq məhdud əmək qabiliyyətli və işləməyən vətəndaşlara təyin edilir.
Azərbaycanın sosial-iqtisadi inkişafında baş verən mühüm keyfiyyət dəyişiklikləri və ölkənin bazar münasibətlərində keçid dövrünə qədəm qoyması ilə əlaqədar olaraq sosial sığorta və sosial təminat sistemi də yenidən qurulmağa və təkmilləşdirilməyə başlandı. Belə ki, 18 fevral 1997-ci il tarixdə «Sosial sığorta haqqında» Azərbaycan Respublikasırnın Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və digər qanun və qərarlar qəbul edildi. Həmin qanun və digər qanunvericilik aktları ilə Azərbaycan Respublikası vətəndaşlarının, habelə, digər dövlətlərin Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin sosial müdafiəsi və sosial təminatı məsələləri tənzimlənir.
«Sosial sığorta haqqında» Azərbaycan Respublikası qanununda göstərildiyi kimi: «Sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.»
Sosial sığorta məcburi və könüllü formalarda həyata keçirilir.
Məcburi dövlət sosial sığortası işə götürənlər tərəfindən bütün fərdi əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir. «Sosial sığorta haqqında» Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Könüllü (əlavə) sosial sığorta hüquqi olanlar Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilə, bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər hesab olunur.
Azərbaycan Respublikasında sosial sığortanın prinsipləri aşağıdakılardır:
- sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
- sosial sığortanın ümumiliyi;
- sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
- sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
- dövlət sosial sığortasının məcburiliyi;
- məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması;
«Sosial sığorta haqqında» Qanuna əsasən Azərbaycan Respublikasında sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanan sığorta təşkilatından sığorta ödəməsi almaq hüquqi yaranır.
Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
- pensiya yaşına çatmaq;
- əlil olmaq;
- ailə başçısını itirmək;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericilikdə müəyyən olunmuş dövr üçün);
- hamiləlik və doğum;
- uşağın anadan olması;
- uşağa qulluq;
- ölüm;
- sanatoriya-kurort müalicəsi zamanı;
- işsiz olmaq (qanunvericilikdə müəyyən olunmuş dövr üçün).
Nəzərə almaq lazımdır ki, məcburi dövlət sosial sığortası qanunda göstərilən bütün hadisələr üzrə, könüllü(əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödənişinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir.
Sosial sığorta hadisələrinin baş verməsindən asılı olaraq vətəndaşlara sosial sığorta fondundan aşağıdakı növdə sığorta ödəmələri verilir:
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən edilmiş dövr üçün);
- hamiləliyə və doğuma görə müavinət;
- uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət;
- dəfn üçün müavinət;
- sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
Bunlardan başqa, qanunvericiliyə əsasən, sosial sığorta üzrə təminatın başqa növləri də müəyyən edilə bilər.
Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin dairəsi sosial sığorta haqqında qanunla müəyyən edilir.
Məcburi dövlət sosial sığortası ilə əhatə olunanlara aiddir:
- Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktlı) ilə işləyən Azərbaycan respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqında cəlb olunun digər gəlirləri əldə edən əcnəbilər;
- seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri; prokurorluğun müstəntiqləri; vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək qabiliyyəti ilə məşğul olan şəxslər.
Məcburi dövlət sığortası ilə nəzərdə tutulan ödənişləri tam və vaxtında yerinə yetirmək üçün qanunla vəsait mənbələri müəyən edilmişdir.
Məcburi dövlət sosial sığortasının vəsait mənbələri aşağıdakılardır:
- məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;
- dövlət büdcəsindən ayırmalar;
- maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər;
- sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəs aitlər;
- bank kreditləri;
- qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.
Sosial sığorta fonduna daxil olan vəsaitin tərkibində məcburi sosial sığorta haqqı (sığorta tədiyələri) əsas hissəni təşkil edir. Sosial sığorta haqqı sığorta etdirənlərin (sığortalamaya görə sığortaçı təşkilata ödədiyi pul vəsaitidir.
Məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı əməyin ödəniş fonduna (gəlirə) nisbətən qanunla təyin edilmiş faizlə müəyyən edilir və sığorta etdirənlərin (sığorta olunanın) vəsaiti hesabına ödənilir.
Sosial sığorta haqqlarının normaları fəaliyyət növləri, iş şəraiti nəzərə alınmaqla əmək haqqı fonduna nisbətən müxtəlifdir.
Mövcud qanunvericiliyə əsasən məcburi dövlət social sığorta haqları aşağıdakı dərəcələrlə müəyyən edilmişdir.
Seçkili orqanlar və bütün işəgötürənlər üçün hesablanmış əməyin ödənişi
fondunun 22 faizi miqdarında;
-mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə müəyyən olunmuş minimum aylıq əmək haqqının:
torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi;
torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi;
torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi;
torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında;
- ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün - hesablanmış əmək haqqının 20 faizi miqdarında;
- Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar; prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular üçün hesablanmış əmək haqqının 3 faizi miqdarında;
- vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün - gəlirlərin 20 faizi miqdarında;
-müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
- mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla - ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında;
- xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün - ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında ödənilir.
- ticarət, nəqliyyat və tikinti sahələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 70 faizi məbləğinin , digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə 40 faizi məbləğinin:
Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.
Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı 15-dək ödənilir.
Məcburi dövlət sosial sığortası üzrə vəsaitlərin tam və vaxtında ödənilməsini təmin etmək üçün sığorta olunanlar uçota alınır. Mövcud qaydaya görə işəgöturənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, təsərrüfat subyekti olmayan işəgötürənlər fərdi əmək müqaviləsi bağlandıqan sonra bir aydan gec olmayaraq işçilərin sayı barədə məlumatı sığortaçı təşkilata təqdim etməlidirlər. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar isə şəxsən, məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar.
Sığortaçı təşkilatlar bu sahədə müəyyən hüquqlara malikdir: bütün işəgötürənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta etdirənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığorta etdirənlər tərəfindən əməl edilməsinə nəzarət etməl; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Qanunvericiliyə müvafiq olaraq sığortaçı təşkilatların vəzifələri aşağıdakılardan ibarətdir;
-Özünün ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;
-Sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;
-Könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəlikləri vaxtında və tam həcmdə icra etmək;
-Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunu ilə sığorta etdirənlərin də müəyyən hüquq və vəzifələri müəyyən edilmişdir. Sığorta etdirənlərin hüquqları aşağıdakılardır: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına əməl edilməsini tələb etmək.
Sığorta etdirənlərin vəzifələri bunlardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçotda durmaq; müəyyən edilmiş müddətdə sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortacıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; sıgorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyən olunmuş qaydada sığorta olunanlara vermək; sosial sığorta vəsaitinin uçotunu aparmaq və s.
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunları və digər normativ-hüquqi aktları ilə müəyyən edilir.
Sosial sığorta fondunun vəsaiti pensiya və müavinətlərin tam ödənilməsi üçün kifayət etmədiyinə görə bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılır. Dövlət büdcəsindən sosial müdafiə və sosial təminata ayrılan vəsaiti n məbləği hər il Azərbaycan Respuğlikası dövlət büdcəsi haqqında qanunla təsdiq edilir.
Sosial sığorta və sosial təminat ölkənin sosial müdafiə fondunun tərkib hissəsi olmaqla bu məqsədə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır ki, bu da büdcənin sosial yönümünün güclənməsini artırır.
Azərbaycan Respublikasının sosial təminat fondunun formalaşmasına dövlət büdcəsinin rolunu aşağıdakı cədvəldən görmək olar.