Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Sosial siyasətin iqtisadi və hüquqi əsasları



Yüklə 121,59 Kb.
səhifə12/26
tarix25.12.2016
ölçüsü121,59 Kb.
#3258
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
1.3 Sosial siyasətin iqtisadi və hüquqi əsasları

Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial-iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatı şəraitində cəmiyyət üzvlərinin gəlirlər və mülkiyyət sahəsində fərqlərinin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasındaa ziddiyətlərin yumşaldılmasına və cəmiyyətdə sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial prinsipləri reallaşır.

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa və dolayısı yolla sosial siyasətdə cəmləşir. Aydındır ki, iqtisadi fəaliyyət cəmiyyətin bütün üzvləri üçün əlverişli yaşayış şəraitinin yaradılması naminə həyata keçirilir. İkincisi, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onları reallaşdırması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, insanların istehsal fəaliyyəti ilə məşğul olmasına, iş qüvvəsinin keyfiyyətinin artırılmasına maraq azalmış olur, cəmiyyətdə sosial gərginlik artır.

Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa ayırmaq olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensasiyalaşdırıcı (bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.

İkinci qrup - institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial-demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.

Hər iki qrup arasındakı fərq bu və ya digər amillərin hansının olub-olmamağında deyil, onlar arasında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.

Bütün bazar iqtisadiyyatı ölkələrində sosial siyasət bu iki qrup arasında yerləşir. Skandinaviya ölkələrinin sosial siyasəti əsasən sosial-demokratik modeli olsa da, bu ölkələrdə dövlətin sosial siyasətində liberal elementlərdən də istifadə edilir. Bütün Avropa ölkələrində sosial yönümlü bazar iqtisadiyyatı həm liberal, həm də sosial-demokratik elementlərin təsiri əsasında inkişaf edir.

Bir çox ölkələrdə, o cümlədən də Azərbaycan Respublikasında yeni iqtisadi, sosial və siyasi şəraitə uyğun sosial sistemi yaratmadan müxtəlif mülkiyyət formalarının və iqtisadi strukturların normal fəaliyyətini, böhransız sosial inkişafı və cəmiyyətin stabilliyini təmin etmək mümkün deyil. Sosial təminatın iqtisadi mahiyyəti dövlətin təşəkkülündə iştirak edən bütün komponentlərin birgə təzahürüdür. Əmək haqqının əldə olunmuş səviyyəsi və əmək bazarının vəziyyəti, cəmiyyətin öz yaşlı üzvlərinə münasibətini əks etdirən mədəni və milli ənənələr və vətəndaş cəmiyyətinin sosial-iqtisadi əsaslarını təşkil edən fundamental komponentlərə toxunmadan sosial siyasətdən danışmaq olmaz. Sosial siyasətin əsas məqsədi əhalinin sosial müdafiəsinin layiqincə təminatına şəraitin yaradılmasıdır.

Sosial siyasət keçid dövründə Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyasının tərkibi olub, əhalinin rifahı və onun tələbatının ödənilməsi mənbələrinin tənzimlənməsinə və idarə olunmasına yönəldilməlidir. Sosial inkişafa hər bir iqtisadi tədbirin effekti kimi və öz növbəsində sosial təminatın iqtisadi artımına dayanıqlı, yüksək iqtisadi artım konsepsiyasının amili kimi baxılır. Sosial inkişaf, sosial problemlər, sosial tədbirlər və proqramlar sosial siyasətin əsas ideyası olub, respublikanın iqtisadi inkişafı, onun mövcud islahatlar şəraitində tələbatının ödənilməsi və sosial müdafiəsininn konkret yolları ilə reallaşır. Respublikanın iqtisadi inkişafının sosial nəticələri, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, yeni iş yerlərinin açılması və sosial ehtiyacların konkret ödənilməsi yolları ilə müəyyən olunur. Ona görə də biz iqtisadi inkişaf meyllərinə sosial tələbatla və onun odənilməsində baş verən meyllərlə vəhdətdə baxmaqla sosial inkişafın konsepsiyasına makroiqtisadi, makrotarazlıq və idarəetmənin tərkib hissəsi və meyarı kimi baxırıq. Sosial tədbirlər mikrosəviyyədə tələbatın ödənilməsi imkanları, onların amilləri və təşkilati idarəetmə tədbirlərin məcmusu kimi formalaşır. Mikroiqtisadi sosial araşdırmalar, sosial siyasətin reallaşma obyektləri, sosial idarəetmə orqanlarının strukturu, həmçinin ərazi, sahə və özünü idarəetmə metodlarının sistemi ilə təmin olunur. Sosial siyasətin hüquqi bazası mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial nəticələrini tənzimləməklə idarə olunur. Sosial siyasətin tənzimlənməsi , iqtisadi, təşkilati və hüquqi əsasların təminatı sosial sahələrin ümumi cəhətlərini özündə əks etdirən qanunlar sistemi, xüsusi qanunlar və normativ aktlar vasitəsi ilə həll olunur. Sosial sahələrin qanunları həmin sahələrin hüquqi və iqtisadi təminatı sistemində münasibətlərin tənzimlənməsinə yönəlir. Hər bir sosial sahənin maliyyə əsasları dövlət büdcəsinin təsdiqi ilə həyata keçirilir. Sosial inkişaf, həmçinin bazar iqtisadiyyatı şəraitində xüsusi vəsaitlər, yerli (bələdiyyə) büdcələri və əhalinin vəsaitləri hesabına da təmin olur. Dövlət büdcəsinin sosial yönlülüyü onun xərclərindəki sosial sahələrə ayrılan vəsaitlə müəyyən olunur.

Sosial qanunlar həmçinin hüquqi münasibətlərin nəticəsi və maddi əsası kimi ədalət prinsiplərini tənzimləmək üçün istifadə olunur. Belə ki, Mülki Məcəllə, Cinayət Məcəlləsi, hüquqi, fiziki şəxslərin sahibkarlıq fəaliyyətini qorumaq üçün iqtisadi və sosial inkişaf meyllərində və proqnozlarında istifadə olunur. Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial sığorta, dövlət büdcəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə büdcəsi, minimum yaşayış səviyyəsi və ayrı-ayrı sosial sahələrin, təhsil, mədəniyyət və səhiyyənin, ekoloji mühitin tənzimlənməsi qanunları sosial inkişafın qanunvericilik bazasıdır. Bu qanunlar sosial inkişafın konsepsiyası, metodologiyası və proqnozlaşdırılması zamanı dövlət, əhali və sahibkarlıq münasibətlərini tənzimləyir. Sosial sahələrin tənzimlənməsi dövlət sosial siyasətin və iqtisadiyyatın əsas istiqamətləri üzrə həyata keçirilir.

Sosial dövlət haqqında maddələr daxil edilmiş Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan, layiqli həyatın və insanların azad inkişafı üçün şəraitin formalaşmasına istiqamətlənmiş siyasətli, sosial dövlət elan edilmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda da, sosial yönümlü bazar iqtisadiyyatlı dövlətlər - Almaniya, Fransa, Avstriya, İsveçrə, bütün Avropa Birliyi və Beynəlxalq Əmək Təşkilatı üçün səciyyəvi olan müasir dövlətçiliik fəlsəfəsi qəbul edilmişdir. İnsan hüquqlarına və ləyaqətinə hörmət, məqbul həyat və əlverişli əmək şəraitinin təmin edilməsi, iqtisadi sabitliyin yüksəldilməsi, sosial ədalətin əsas elementlərini təşkil edirlər. Mədəni, sivilizasiya dünyası çoxdan dərk edib ki, sosial ədalət olmadan, nə hər hansı bir ölkədə, nə də planet üzərində bütövlükdə, dinclik və əmin-amanlıq mümkün deyil.

İndi bir çox beynəlxalq insan hüquqları və sosial hüquqlar Konstitusiyanın tərkib hissəsi olduğu zaman, Azərbaycanda, hakimiyyətin və idarəetmənin bütün səviyyələrində, insanların sosial yönümlü davranışının həvəsləndirilməsi istiqamətində mentalitetin müvafiq şəkildə dəyişdirilməsi üçün əsas yaradılmışdır. Sosial dövlətin ayrılmaz funksiyaları aşağıdakılardır:

- cəmiyyətin sosial inkişafının konsepsiyasının və strateji sosial siyasətin hazırlanması;

- çoxukladlı iqtisadiyyatın sosial cəhətdən əsaslandırılmış zəminlərin yaradılması;

- müvafiq maliyyə və maddi təminatı ilə, sosial proqramların prioritetlərinin müəyyənləşdirilməsi;

- sosial siyasətin və sosial proqramların ideoloji və informasiya təminatı;

- sosial problemlərin həlli ilə məşğul olan dövlətin sosial idarələrinin ictimai və dini təşkilatlarla, siyasi partiyalarla əməkdaşlığını əhatə edən sosial idarəetmə sisteminin həm mərkəzi, həm də regional səviyyədə formalaşdırılması;

- dövlətin sosial vəzifələri toplumunun sistemli hüquqi təminatı.

Sosial siyasət dövlət siyasətinin bərabər hüquqlu və sərbəst bir hissəsi kimi çıxış edir. Eyni zamanda, sosial siyasət, sosial bazar iqtisadiyyatının komponentinə çevrilir, çünki, həyata keçirilən iqtisadi siyasət, bununla yanaşı ən yaxşı sosial siyasətdir. Sosial dövlət anlayışının belə qavranması nəticəsində, sosial gərginliyin qarşısının alınmasının zəmini yaradılır, gərginlik azaldıqda isə - ictimai strukturların stabilləşməsi baş verir.

Sosial sferada və sosial siyasətdə islahatların aparılması, onların ciddi hüquqi təminatının mövcudluğunu nəzərdə tutur. İcimai münasibətlərin tənzimlənməsi hüququn əsas funksiyalarından biridir. Hüququn hər bir sahəsi, müəyyən ictimai münasibətlər dairəsini tənzimləyir. Sosial hüquq normalarının köməyi ilə sosial sferanın və insanların sosial müdafiəsinin hüquqi tənzimlənməsi həyata keçirilir. Sosial sferada islahatların aparılması, sosial hüquqa istinad edən və bu sferanın inkişafının konseptual istiqamətlərini həyata keçirən, inkişaf etmiş qanunvericilik bazasının yaradılmasını tələb edir. Bu baza, istehlakçıların azad seçimini, xidmətlərin müvafiq keyfiyyətini və onlara mali olmaq imkanlarını, səmərəli təşkilini, sosial sferanın bütün fəaliyyət sahələrini inhisarlaşdırmaq ideyasından dövlətin imtina etməsini təmin etməlidir. Sosial sferanın milli hüquqi bazasının formalaşdırılmasında, zamanın süzgəcindən keçmiş beynəlxalq normaların əsas müddəaları da nəzərə alınmalıdır. İnsan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş beynəlxalq norma və standartlar, İnsan hüquqları Ümumi Bəyannaməsində, Beynəlxalq vətəndaş və siyasi hüquqlar Paktında, Beynəlxalq iqtisadi, sosial və mədəni hüquqlar Paktında, Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının aradan qaldırılması Konvensiyasında, Uşaq hüquqları Konvensiyasında və Uşaqların sağ qalmasını, müdafiəsini və inkişafını təmin edən Ümumdünya Bəyannaməsində, İnsan hüquqları üzrə ümumdünya Konfransında (Vyana 1993-cü il) qəbul edilmiş Vyana Bəyannaməsində və Fəaliyyət proqramında, Əlillərə bərabər imkanların yaradılmasının Standart Qaydalarında, Qocalıq problemlərinə dair Beynəlxalq Fəaliyyət Planında və bir sıra digər sənədlərdə şərh edilmişdir.

Məhz bu beynəlxalq sənədlər, keçid iqtisadiyyatlı ölkələrdə sosial sferanın milli hüquqi rejiminin yaradılmasının və təkmilləşdirilməsinin əsasını təşkil edir.

Sosial hüquqların tənzimlənməsinin əsas aspektləri, qəbul edilmiş və qəbul edilməyə hazır olan Vətəndaşların sağlamlığının mühafizəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi Əsaslarında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Nigah və ailə Məcəlləsində, "Təhsil haqqında", "Əhalinin məşğulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Yaşayış minimumu haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Qaçqın və məcburi köçkünlərin statusu haqqında" və bir sıra digər qanunlarda təsbit edilmişdir. Bununla yanaşı, yalnız sosial sferanın iri sahələrinin fəaliyyətini tənzimləyən qlobal aktlar deyil, eyni zamanda, sferanın fəaliyyətini reqlamentləşdirən xüsusi qanunlar və ya qanuna əlavə aktlar da lazımdır.

Milli Məclisdə sosial siyasət daimi komissiyası yaradılmışdır ki, sosial siyasət daimi komissiyası dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır.

Sosial siyasət daimi komissiyası:

- sosial inkişaf, əmək, məşğulluq, insanların, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial problemləri, ailə, qadın və uşaq məsələləri, gənclər, bədən tərbiyəsi və idman, turizm, səhiyyə, sanitariya, sosial təminat və sığorta sahələri üzrə, sağlamlığın mühafizəsi sahəsində dövlət siyasətinin formalaşdırılmasına aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

- Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində sosial müdafiə məsələlərinə dair rəy verir.




Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin