Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın tipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Planlaşdırma sahibkarlıq fəaliyyətinin mühüm tərkib hissəsidir. Planlaşdırmanın vacibliyi “planlaşdır, yaxud planlaşdıracaqsan” məşhur aforizmdə ifadə edilmişdir. Bu fikrin mənası ondan ibarətdir ki, öz fəaliyyətini planlaşdırmağı bacarmayan, yaxud planlaşdırmanı lazım bilməyən firma başqa məqsədlərə çatmaq üçün özü planlaşdırma obyektinə çevrilir. Planlaşdırmanın mənasını düzgün dərk edib ona ciddi yanaşılma firmanın dayanaqlı və səmərəli fəaliyyəti üçün zəmin yaradır.
“Firmanın fəaliyyətinin planlaşdırılması” anlayışının iki mənası vardır.
Birincisi, ümumiqtisadi, ümumi firma nəzəriyyəsi və onun təbiəti nöqteyi-nəzərindən məna kəsb edir.
İkincisi, konkret-idarəedici mənası vardır. Burada menecmentin funksiyalarından biri olan planlaşdırmanı firmanın gələcək fəaliyyətini qabaqcadan görməyi bacarmaq və bu uzaqgörənlikdən istifadə etmək mənasında qiymətləndirmək lazımdır.
Planlaşdırmanın hər iki mənası öz aralarında sıx əlaqəlidir. Konkret fəaliyyət növü kimi planlaşdırmanın mümkünlüyü firmanın təbiətindən irəli gəlir, bilavasitə təsərrüfatçılığın ümumi şəraitilə müəyyən edilir.
Ümumiqtisadi baxımdan planlaşdırma qiyməti və bazarı əvəz edən mexanizmdir. Aydındır ki, bazar iqtisadiyyatında iştirakçıların hərəkəti əsasən qiymət mexanizmilə tənzimlənir. Əmtəənin satıcı və alıcılar üçün nə dərəcədə faydalı olmasını məhz qiymət müəyyənləşdirir. Bazar sisteminin iştirakçısı kimi firma qiymət mexanizminə, tələb və təklif qanununa tabe olmaq məcburiyyətində qalır, çünki onların fəaliyyətini dəyişdirmək imkanına malik deyil.
Lakin hər bir təsərrüfat subyektinin daxili mühitində sahibkarların və menecerlərin düşünülmüş hərəkətləri və düzgün qərarları vasitəsilə qiymət mexanizmi sıxışdırılır. Sahibkarlar firmadaxili fəaliyyətin əsas istiqamətlərini öz bildikləri kimi müəyyənləşdirirlər. Deməli, firmanın daxili fəaliyyəti planlaşdırma sahəsində qəbul edilmiş qərarlar əsasında təşkil olunur.
Planlaşdırma firmanın daxili fəaliyyətində baş verən hərəkətlərə nəzarət etməyə, bazar mühitinin qeyri-müəyyənliyini və onun neqativ nəticələrini minimuma endirməyə imkan verir. Planlaşdırmanı tətbiq etməklə firma alqı-satqı sövdələşmələri əsasında firmadaxili hərəkətlərin həyata keçirilməsi zamanı yaranan xərcləri aradan qaldırır.
Menecmentin əsas funksiyalarından biri olan planlaşdırmanın vasitəsilə müəssisənin məqsədini və ona nail olmaq üçün zəruri fəaliyyətin və resursların nəticələrini qabaqcadan müəyyənləşdirmək mümkündür. Planlaşdırma menecment prosesinin birinci və ən əhəmiyyətli mərhələsi sayılır. Planlar sistemi əsasında hər bir müəssisə öz maliyyə-təsərrüfat fəaliyyətini səmərəli təşkil edir, plan göstəricilərinin yerinə yetirilməsini qiymətləndirir. Qeyd etmək lazımdır ki, firma öz fəaliyyətində riskləri tam aradan qaldırmaq imkanına malik deyil, ancaq qabaqlayıcı effektiv tədbirlərin köməyilə onları idarə edə bilər.
Müəssisədə planların olmaması səhv manevrlərlə, kənarlaşmalarla, oriyentasiyanın vaxtsız dəyişilməsi ilə müşayiət olunur ki, bu işin pis təşkilinin əsas səbəbi hesab edilir. Təcrübə göstərir ki, planlaşdırmanın tətbiqi aşağıdakı üstünlüklərin əldə edilməsinə imkan verir:
gələcək əlverişli şəraitdən istifadəyə mümkün hazırlığı təmin edir;
yarana biləcək problemlərə aydınlıq gətirir;
öz qərarlarını reallaşdırmağa menecerləri stimullaşdırır;
menecerlərin təhsilini artırmaq üçün zəmin yaradır;
firmanın zəruri informasiyalarla təmin edilməsi imkanlarını artırır;
resursların daha rasional bölgüsünə səbəb olur;
müəssisənin fəaliyyətinə nəzarəti gücləndirir.
Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyini yalnız planlaşdırma ilə əlaqələndirmək düzgün olmazdı. Təcrübə göstərir ki, firmanın fəaliyyətində əldə edilən uğurların əsas səbəbi sahibkarlıq davranışı və yüksək keyfiyyətli rəhbərlik qabiliyyəti ilə izah olunur.
Müasir bazar iqtisadiyyatı şəraitində firmadaxili planlaşdırmanın rolu və əhəmiyyətinin kəskin artmasını şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir:
firmanın fəaliyyət miqyasının artması və mürəkkəbləşməsi;
xarici mühitin daim dəyişikliyə məruz qalması;
heyətə yeni rəhbərlik stili;
iqtisadi təşkilatda mərkəzdənqaçma qüvvəsinin güclənməsi.
Kiçik və orta biznesin yaranmasına və sürətlə inkişaf etməsinə baxmayaraq müasir bazarda liderliyi iri firmalar təşkil edir. Buna görə də demək olar ki, biznesin miqyas xarakteristikası müasir bazar iqtisadiyyatının ümumi əlaməti hesab edilir. İri biznes subyektlərinin fəaliyyət strukturu mürəkkəb olur ki, bu iqtisadi artıma cəhd edilməsi, risklərin yenidən bölüşdürülməsinin zəruriliyi, yeni biznes sferasının investisiyalaşdırılması ilə əlaqədardır.
Firmanın fəaliyyətinin miqyası, mürəkkəbliyi və istiqamətinin rəngarəngliyi buraxılan məhsul növlərinin, maliyyələşdirmə mənbələrinin, texnoloji resursların müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməsini tələb edir.
Biznesin müasir xarici mühiti yüksək sürətlə dəyişilməsilə səciyyələnir. Xarici mühitin dəyişkənliyi ilk növbədə istehlak tələbinin böyüklüyü, onun sürətlə dəyişilməsi və müxtəlif xarakterli olması ilə izah edilir. Tələbin daim dəyişilməsi xarici mühitin digər amillərinin: texnologiya, rabitə vasitələri və sairənin dəyişilməsini tələb edir.
Keçmiş nisbətən stabil iqtisadi sistem şəraitində firmanın bütün təsərrüfat tsikli iqtisadi inkişafın bir fazası çərçivəsində yerləşirdi. Bu gün yalnız bir təsərrüfat tsikli xarici mühitin bir sıra dəyişikliyini tuta bilər. Belə bir şəraitdə qərar qəbul edilən zaman xarici mühit haqqında məlumatların daim təzələnməsinə, onların təhlilinə, yeni strategiyanın və taktiki yanaşmaların axtarılmasına əsaslanmaq gərəkdir. Deməli, planlaşdırma əvvəlkilərə nisbətən təsərrüfat tsiklinin böyük hissəsini əhatə etməlidir. Bu xarici mühitin dəyişilməsinə, adekvat qərar qəbuluna imkan verərdi.
Sənayeləşmə dövrünün firması işçiyə sadə icraçı, idarəetmənin ümumi mexanizminin elementi kimi yanaşırdı. Belə rəhbərlik stili nəzərdə tuturdu ki, qısa vaxt kəsiyində hesablanmış genişləndirilmiş, detallaşdırılmış formada fəaliyyət instruksiya alırdı. Yeni idarəetmə stili işçiyə daha geniş hərəkət azadlığı verir, onun təşəbbüskarlıq və yaradıcılıq imkanlarını artırır. İndi instruksiya əvvəlkinə nisbətən daha ümumi xarakter daşıyır, tapşırıqlar daha uzun dövrə hesablanır. İşçi vəzifələrinin müəyyənləşdirilməsinə belə yanaşma idarəedicidən gələcək haqqında tam və dəqiq təsəvvürün olmasını, təsərrüfat fəaliyyətinin məqsədini aydınlaşdırmağı tələb edir ki, bu da planlaşdırmanın əhəmiyyətini artırır.
Xarici mühitin mürəkkəbliyinə, qeyri-müəyyənliyinə daha yaxşı uyğunlaşmaqdan ötrü firmaya xidmət edən bazarın ayrı-ayrı sektorlarının sifarişlərinə yaxşı reaksiya verilməlidir, yeni gəlirli fəaliyyət növləri mənimsənilməlidir, iqtisadi təşkilat özünün ayrı-ayrı bölmələrinə və firmanın menecerlərinə yüksək dərəcədə müstəqillik verməlidir. Fəaliyyətin belə təşkili bölmələrin çevikliyini və sahibkarlıq aktivliyini artırır.
Müəssisədə planlaşdırmanın imkanları bir sıra obyektiv və subyektiv səbəblərlə məhduddur. Onlardan ən mühümlərini nəzərdən keçirək.
İstənilən təsərrüfat subyekti fəaliyyət göstərən zaman mütləq qeyri-müəyyənliklə üzləşir. Firma xarici mühitdə baş verə biləcək bütün dəyişiklikləri əvvəlcədən görmək imkanına malik deyil. Planlaşdırma fəaliyyətin daxili və xarici şəraiti aydınlaşdırmağın mühüm üsullarından biridir. Daha doğrusu, planlaşdırma qeyri-müəyyənliyin aradan qaldırılması alətidir. Planlaşdırmanın köməyilə qeyri-müəyyənliyi əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Qeyri-müəyyənliyi aradan qaldırmaq bazarın özünü, bazar subyektlərinin maraqlarında və fəaliyyətlərində olan uyğunsuzluqları aradan qaldırmaq deməkdir. Əlbəttə firma öz fəaliyyətinə bazarın təsirini azaltmaq yolu ilə xarici münasibətlərini sahmana salmağa cəhd edir ki, bu da ona müəyyən uğurlar gətirir.