III.4.2. Süni təsir üsullarla işlənilmə Kollektorlarda toplanılmış neftin quyu ətrafı zonaya hərəkətini təmin etmək üçün laya kompleks təsir üsulları tətbiq olunur; su və müxtəlif fiziki-kimyəvi məhlulların, reagentlərin, istilik daşıyıcılarının yatağa vurulması, burada hidrodinamik durumu yaxşılaşdırır, işlənilmə prosesinin effektivliyini xeyli yüksəldir.
1) Suvurma üsulları 1950-ci illərdən başlayaraq tətbiq olunan bu üsul neft mədənlərinin ehtiyatlarının mənimsənilməsində olduqca müsbət rol oynamışdır. Bu üsullar demək olar ki, dünyanın bütün hövzələrində istifadə edilir. Onların texniki tərəfdən istifadəsi sadə olmaqla, yalnız su resurslarının (çay, göl, dəniz) mövcudluğunu tələb edir. Laya su vurulduqda onun təzyiqinin düşmə tempi azalır, bəzən hətta onun sabitliyinə gətirir. Nəticədə işlənilən lay aktiv dinamika ilə səciyyələnir. Məhz belə şəraitlərdə bu dinamik sistemi tənzimləmək də olur ki, bu da yataqda neft yığımlarının istənilən istiqamətlərə sıxışdırılaraq hərəkət etdirilməsinə imkan verir.
Suvurmanın uzun müddət müxtəlif geoloji şəraitlərdə tədbiqi onun müxtəlif modifikasiyalarının yaradılmasına gətirmişdir. Onlar aşağıdakılardır:
kontur arxası suvurma.Bu üsulla su, yatağın su-neft konturunun arxasına vurulur (şək.III.6.a. ). Bu üsulla laya vurulan su yatağın hidrodinamik şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji-müxtəliflik dərəcəsi az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.
Şəkil III.6. Yatağa müxtəlif modifikasiyalarla suvurma sistemləri
konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək. III.6.b.).
kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma” modifikasiyası deyilir (şək. III.6.c.). Adından göründüyü kimi bu üsul vurucu quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.
Suvurmanın yuxarıda göstərilən üsulları ümumi halda verilmişdir. Bu bölgünün fonunda suvurma geoloji quruluşdan asılı olaraq müxtəlif qoyuluşlarla həyata keçirilir: yatağın tağ hissəsinə suvurma, neftli sahəni kəsən suvurma, strukturun oxu istiqamətində suvurma və s.